Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-2062/2025 03.03.2026 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 4805,94 ABŞ dolları əsas, 2190,67 ABŞ dolları faiz, 6427,37 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 686,08 ABŞ dolları faiz borcu olmaqla 14110,06 ABŞ dolları borcun və iş üzrə ödənilmiş 161,96 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 88/34-FB saylı kredit müqaviləsi üzrə cavabdehə əsas vəsaitin artırılması (ot alışı) və dövriyyə vəsaitinin artırılması (XBM alışı) məqsədi ilə 24 ay müddətinə illik 30 faiz dərəcəsi ilə 10000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh3 və Cavabdeh1 ilə bank arasında xx.xx.2014-cü il tarixli ZM-88/34-FB saylı zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin müvafiq bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin kredit müqaviləsinə 04 may 2015-ci il tarixdə 02/34-FB-99 saylı əlavə saziş bağlanmışdır. Müqaviləyə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 8948,87 ABŞ dolları təşkil edir. Kreditin müddəti xx.xx.2017ci il tarixədək təyin olunur. Əlavə sazişə əsasən Cavabdeh3 və Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılır. Daha sonra həmin kredit müqaviləsinə 08 sentyabr 2017-ci il tarixdə 02 nömrəli əlavə saziş bağlanmışdır. Əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 13247,52 ABŞ dolları təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilir. Əlavə sazişə əsasən Cavabdeh3 və Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12-5/2-A-41-12122/2025 saylı xx.xx.2025-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, iddiaçı ilə müqavilə bağlamışdır. Əvvəllər borc məbləğini ödəmiş, sonradan dolların məzənnəsi qalxdığına görə ödənişi dayandırmışdır. Banka yaxınlaşmış, bankdan ona getməyini və özlərinin onu çağıracaqlarını bildirmişlər. Başqa banka da borcu olmuş, onun əvəzindən 2000 manatı ona demədən borcu olan banka köçürmüşlər. Restruktruzasiya müqaviləsini o bağlamamışdır, həmin müqavilədəki imza ona məxsus deyildir. İlk kredit müqaviləsindəki imza onun özünə məxsusdur. İlk kredit müqaviləsini özü bağlamışdır. İddiaçı ASC-yə nə qədər borcu qaldığını bilmir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 88/34-FB nömrəli kredit müqaviləsindən görünür ki, ona illik faiz dərəcəsi 30% оlmaqla 24 ay müddətinə, əsas vəsaitin artırılması məqsədilə kredit müqaviləsi ilə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 ABŞ dolları məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan ZM-88/34-FB saylı xx.xx.2014-cü il tarixli nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 və Cavabdeh1 borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşlər. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 88/34-FB saylı kredit müqaviləsi və xx.xx.2014-cü il tarixli ZM-88/34-FB saylı zaminlik müqaviləsi üzrə bağlanmış xx.xx.2017ci il tarixli 02 saylı əlavə sazişlərdən görünür ki, kredit müqaviləsi restrukturizasiya edilmiş, restrukturizasiya edilmiş kredit müqaviləsi üzrə borclunun kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 7412,55 ABŞ dolları əsas borc, 4140,89 ABŞ dolları faiz borcu, 1694,08 ABŞ dolları cərimə borcu təşkil etmiş və kreditin müddəti xx.xx.2022-ci ilədək uzadılmışdır. İş materiallarında olan 15 iyul 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2014-cü il tarixli 88/34-FB saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə banka 4805,94 ABŞ dolları əsas krеdit bоrcu, 2190,67 ABŞ dolları faiz bоrcu və 6427,37 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanmış 686 ABŞ dolları, ümumilikdə 14110,06 ABŞ dolları məbləğində bоrcunun olması göstərilmişdir. İş materiallarında olan 15 iyul 2025-ci il tarixli 12-5/2-V-41-12122/2025 nömrəli bildirişin surətindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişlər. İş materiallarında olan xx.xx.2025-ci il tarixli problemli kreditlərin kompensasiyasına dair elektron portalından əldə olunmuş çıxarışdan görünür ki, Cavabdeh2 ləğv prosesində olan İddiaçı ASC-yə borcunun restrukturizasiya olunması təklif olunmamışdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 dekabr 2025-ci il tarixli 9/4722 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan maliyyə arayışı məlumatlarında, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 88/34-FB saylı kredit müqaviləsi üzrə borcalanın banka ödəməli olan kredit borcu xx.xx.2022-ci il tarixə əsas borc üzrə 4760,57 ABŞ dolları, faiz borcu üzrə 1893,26 ABŞ dolları, illik 5 faiz hesablanmaqla faiz borcu 708,13 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Tədqiqatın dəyəri isə 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. xx.xx.2023-cü il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. xx.xx.2023-cü il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, Cavabdeh2 ilə "xxxx" ASC arasında xx.xx.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən ona dövriyyə vəsaiti məqsədilə illik faiz dərəcəsi 30% оlmaqla 24 ay müddətinə 10000 ABŞ dolları məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etmiş, kredit məbləğini cavabdehə vermiş, cavabdeh isə kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. İddiaçı iddia tələbində 4805,94 ABŞ dolları əsas, 2190,67 ABŞ dolları faiz, 6427,37 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra hesablanmış 686,08 ABŞ dolları faiz borcu, cəmi 14110,06 ABŞ dolları borcun tutulmasını xahiş etmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə kredit müqaviləsi üzrə əsas kredit borcu 4760,57 ABŞ dolları, faiz borcu üzrə 1893,26 ABŞ dolları, illik 5 faiz hesablanmaqla faiz borcu 708,13 ABŞ dolları təşkil etdiyi müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, ekspertiza rəyi ilə müəyyən edilmiş məbləğdə əsas kredit borcu, müqavilə müddətinə hesablanmış faiz borcu, iddia tələbində tələb edilən məbləğdə müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcu tutulmalıdır. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 6427,94 ABŞ dolları məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə azaldılaraq 150 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 mülki məsuliyyətini diqqətə çatdırır ki, Mülki Məcəllənin zaminliyə xitam verilməsi əsaslarının müəyyən olunduğu 477-ci maddəsinin Məcəllənin 24-cü fəslində, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 477-ci maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması zaminliyə müqavilədə göstərilmiş onun verilmə müddəti bitdikdən sonra, kreditor tərəfindən zaminə qarşı iddianın irəli sürülmədiyi halda öhdəliyin icrası vaxtının çatdığı tarixdən bir il ərzində, əsas öhdəliyin icrası müddəti bəlli olmadıqda isə zaminlik müqaviləsinin bağlandığı tarixdən iki il ərzində xitam verilməsini nəzərdə tutmuşdur. Zaminliyə göstərilən müddətlər ərzində xitam verilməsi isə onu göstərir ki, həmin müddət keçdikdən sonra kreditor zaminə qarşı iddia qaldırmaq hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2020-ci il 12 mart tarixli Qərarına əsasən, iddia müddətindən fərqli olaraq kəsici müddətin tətbiqi tərəflərin iradəsinin asılı olmamaqla birbaşa məhkəmənin səlahiyyətinə aiddir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında kredit müqaviləsi və zaminlik müqaviləsi xx.xx.2014-cü il tarixdə 24 ay müddətinə bağlanmışdır. Kredit müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixli 02 saylı sazişlə uzadılaraq 60 ay, yəni xx.xx.2022-ci il tarixə kimi müəyyən edilmişdir. Müqavilə üzrə öhdəliyin icra müddətindən və son icra tarixindən bir ildən artıq vaxt keçdikdən sonra, yəni xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə müraciət etdiyindən məhkəmə hesab edir ki, digər Cavabdeh1 və Cavabdeh3 kredit borcunun tutulması qanuni və əsaslı sayıla bilməz. Odur ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 4760,57 ABŞ dolları kredit borcu, 1893,26 ABŞ dolları faiz borcu, 150 ABŞ dolları cərimə borcu, müqavilə müddəti bitəndən sonra hesablanmış 686,08 ABŞ dolları faiz borcu olmaqla, cəmi 7479,91 ABŞ dolları pul ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə Cavabdeh2 tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi üçün 161,96 manat dövlət rüsumu ödənmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 128,15 manat dövlət rüsumu da Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 100 manat ekspertiza xərci Cavabdeh2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 88/34-FB nömrəli kredit müqaviləsi üzrə yaranmış 4760 ABŞ dolları 57 sent kredit borcu, 1893 ABŞ dolları 26 sent faiz borcu, 150 ABŞ dolları cərimə borcu, müqavilə müddəti bitəndən sonra hesablanmış 686 ABŞ dolları 08 sent faiz borcu olmaqla cəmi 7479 (yeddi min dörd yüz yetmiş doqquz) ABŞ dolları 91 (doxsan bir) sent pul ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə, ödənilmiş 128 (bir yüz iyirmi səkkiz) manat 15 (on beş) qəpik dövlət rüsumu Cavabdeh2 tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərci Cavabdeh2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-2062/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-2062/2025
03.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver