Məhkəmə qərarları › İş №e-2-2(115)-2065/2024

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-2065/2024

20.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-2065/2024 20.11.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, Məmmədova Türkan Dilavər qızının katibliyi ilə. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı icarə müqaviləsinin ləğv olunması və cavabdehin qeyri-yaşayış sahəsindən əmlakları ilə birlikdə çıxarılması tələbinə dair ərizəsi üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı icarə müqaviləsinin ləğv olunması və cavabdehin qeyri-yaşayış sahəsindən əmlakları ilə birlikdə çıxarılması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə "xxxx" MMC arasında olan 18 may 2021-ci il tarixli, ZE001 saylı icarə müqaviləsinin ləğv olunması və cavabdeh "xxxx" MMC-nin, 18 may 2021-ci il tarixli, ZE001 saylı icarə müqaviləsində qeyd olunmuş icarə obyektindən əmlakları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onlarla cavabdeh arasında 18 may 2021-ci il tarixli, ZE001 saylı icarə müqaviləsi imzalanmışdır. Həmin icarə müqaviləsinə və həmin müqaviləyə olunmuş xx.xx.2023-cü il tarixli 1 saylı əlavəyə əsasən, Gəncə şəhəri, H.Əliyev prospekti 64 ünvanında yerləşən icarə obyekti, tərəflərindən cavabdehə icarəyə verilmişdir. Lakin cavabdeh təşkilat, bu yaxınlarda icarə obyektinin fəaliyyətini dayandırmış və özünə məxsus olan bir sıra avadanlıqları oradan götürmüşdür. Lakin cavabdehə məxsus olan bəzi avadanlıqlar hələ də onlara məxsus olan obyektdə saxlanılır. Bununla yanaşı cavabdehin bizə əvvəlki aylardan 4 ay icarə haqqı borcu var. Bu da 10000 manat təşkil edir. Həmçinin qeyd edirlər ki, cavabdeh tərəfindən digər avadanlıqlar icarə obyektindən çıxardılarkən, obyektin infrastrukturuna 5000 manat dəyərində ziyan vurulmuşdur. Hələdə obyektə cavabdehə məxsus olan avadanlıqıların qalması onların mülkiyyət hüquqlarından doğan istifadə hüquqlarını məhdudlaşdırır. Qeyd olunanlar barədə cavabdehə rəsmi xəbərdarlıq göndərməklərinə baxmayaraq cavabdeh bu günə qədər hərəkətsizlik nümayiş etdirir. İddiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi isə məhkəmə iclasında iştirak etməmiş və etməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.4cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndələrinin iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatdan da göründüyü kimi iş üzrə Cavabdeh ünvanı Bakı Şəhəri Yasamal Rayonu, Hüseyn Cavid, Ev 79, Mənzil 61-dir. Bu səbəbdən də hazırki tələbə cavabdeh hüquqi şəxsin ünvanının olduğu yer üzrə səlahiyyətli məhkəmə tərəfindən baxılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, hazırki iddia tələbi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39-cu maddəsində nəzərdə tutulmuş müstəsna aidiyyətin təsir dairəsinə düşmür. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Hazırki iş üzrə mübahisə daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsini və ya mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasından irəli gəlmir. Mübahisənin mahiyyətindən müəyyən olunan hal ondan ibarətdir ki, tərəflər arasında qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə icarə müqaviləsi bağlanmış və hazırki vəziyyətdə icarə müqaviləsi qüvvədədir ki, bu halda da qaldırılmış iddia tələbi daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi kimi qiymətləndirilmir. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırki iddia tələbinə cavabdeh hüquqi şəxsin ünvanının olduğu yer üzrə səlahiyyətli məhkəmə tərəfindən baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 45.2-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarının 20.12-ci bəndinə əsasən Bakı şəhəri, Yasamal rayonu Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Cavabdeh hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Hüseyn Cavid, Ev 79, Mənzil 61 olduğundan və həmin ərazi Gəncə Kommersiya Məhkəməsinin ərazi yurisdiksiyasına aid olmadığından hesab edirəm ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı icarə müqaviləsinin ləğv olunması və cavabdehin qeyri-yaşayış sahəsindən əmlakları ilə birlikdə çıxarılması tələbinə dair kommersiya işi ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24-26, 32, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı icarə müqaviləsinin ləğv olunması və cavabdehin qeyri-yaşayış sahəsindən əmlakları ilə birlikdə çıxarılması tələbinə dair kommersiya işi ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar