Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-2077/2025 01.12.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, müqavilədən imtina, iradə ifadəsinin üsulları, dəbbə pulu, girov) Hakim Məmmədli Əbülfəz Namiq oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İ. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC Cavabdeh qarşı “borc tələbi və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2025-ci il tarixə əsas borc üzrə 5279,72 AZN, faiz borcu üzrə 1066,88 AZN, cərimə qalıq 7,75 AZN cəmi 6354,35 AZN məbləğində kredit borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 84 AZN İddiaçı ASC-nin xeyrinə tutulması; 17 aprel 2024-cü il tarixli, № 001/GM/112/5275331/170424 saylı Girov müqaviləsinə əsasən yüklülük predmetini İddiaçı ASC-nin sahibliyinə verilməsi, girov müqaviləsinə əsasən Cavabdeh məxsus ünvan 1i ünvanında yerləşən müqaviləyə əlavə olunmuş 1 №-li akta əsasən ev əşyaları olan daşınar əmlaka tutma yönəldilməsi, qeyd olunan girov obyketi açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına cavabdehin iddiaçıya olan borcunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-cü il tarixli, 5275331-K №-li Kredit müqaviləsinə əsasən ona illik 26 faiz dərəcəsi ilə 6000 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1-ci bəndinə əsasənCavabdeh məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə faizlər ödənilmək şərti ilə kredit verilir, Borcalan isə istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində Banka qaytarmağı öhdəsinə götürür. Müqaviləsinin 4-cü bəndinə əsasən kredit 12 aymüddətinə verilir və həmin müqavilənin 5-ci bəndinə əsasən kreditin qaytarılması bu Müqaviləyə 1 saylıƏlavədə göstərilmiş cədvəl üzrə həyata keçirilir. Müqaviləsinin 4-cü bəndində göstərilən faiz dərəcəsinin iki qat həcmi məbləğində dəbbə pulu hesablanır. xx.xx.2024-cü il tarixli “xx.xx.2022-cü il tarixli, 5275331-K saylı Kredit Müqaviləsinə Əlavə 1” saylı razılaşmaya əsasən Kredit müqaviləsinin 2.1-ci bəndinə dəyişiklik edilərək kreditin müddəti 36 ay, kreditin məbləği 5474,57 AZN olmaqla yeni ödəniş qrafiki tərtib edilmişdir. Cavabdeh xx.xx.2022-cü il tarixli, 5275331-K №-liKredit müqaviləsinin və xx.xx.2024-cü il tarixli “xx.xx.2022-cü il tarixli, 5275331-K saylı Kredit Müqaviləsinə Əlavə 1” saylı razılaşmanın şərtlərini icra etməyərək öhdəliklərindən yayınmışdır. xx.xx.2025-ci il tarixə CavabdehBanka əsas borc üzrə 5279,72 AZN, faiz borcu üzrə 1066,88 AZN cərimə qalıq 7,75 AZN cəmi 6354,35 AZN məbləğində borcu yaranmışdır. Kreditin təminatı olaraq 17 aprel 2024-cü il tarixli, № 001/GM/112/5275331/170424 saylı Girov müqaviləsinə əsasən Cavabdeh məxsus ünvan 1i ünvanında yerləşən müqaviləyə əlavə olunmuş 1 №-li akta əsasən ev əşyaları olan daşınar əmlaklar yüklü edilmişdir.
II. Tərəflərin mövqeyi
3. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə ərizə təqdim edərək, baxış iclasının onların iştirakı olmadan keçirilərək, iddianın təmin edilməsini xahiş etmişdir.
4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər.
5. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
II. Sübutların tədqiqi
6. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 5275331-K saylı krеdit müqaviləsi saylı kredit müqaviləsindən görünür ki, ona 12 ay müddətinə, illik faiz dərəcəsi 22%, dəbbə pulu (cərimə) üzrə illik faiz dərəcəsi 44% olmaqla, 1 saylı əlavədə göstərilmiş cədvəl üzrə qaytarmaq şərti ilə 60000 manat məbləğində krеdit verilməsi nəzərdə tutulmuşdur.
7. xx.xx.2022-ci il tarixli 5275331-K saylı krеdit müqaviləsinin ödəniş cədvəlindən görünür ki, ilk ödəniş 31 yanvar 2023-cü il, son ödəniş tarixi isə 29 dekabr 2023-cü il olmaqla 60000 manat kredit məbləği və 1320,01 manat faiz məbləğinin iddiaçıya hissələrlə ödənilməsi razılaşdırılmışdır.
8. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli “xx.xx.2022-ci il tarixli, 5275331-K saylı kredit müqaviləsinə Əlavə 1” saylı razılaşmanın şərtlərindən görünür ki, kredit müqaviləsinin 2.1-ci bəndinə dəyişiklik edilərək kreditin müddəti 36 ay, kreditin məbləği 5474,57 AZN olmaqla yeni ödəniş qrafiki tərtib edilmişdir.
9. xx.xx.2024-cü il tarixli “xx.xx.2022-cü il tarixli, 5275331-K saylı kredit müqaviləsinə Əlavə 1” saylı razılaşmanın ödəniş cədvəlindən görünür ki, ilk ödəniş 17 may 2024-cü il, son ödəniş tarixi isə 17 aprel 2027-ci il olmaqla 5474,57 manat kredit məbləği və 2468,18 manat faiz məbləğinin iddiaçıya hissələrlə ödənilməsi razılaşdırılmışdır.
10. 13 avqust 2025-ci il tarixli kredit borcu haqqında arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli 5275331-K saylı krеdit müqaviləsinə əlavə üzrə xx.xx.2025-ci il tarixə banka 5279,72 manat əsas borcu, 1066,88 manat məbləğində faiz bоrcu və 7,75 manat cərimə borcu olmaqla, cəmi 6354,35 manat məbləğində borcu var.
11. xx.xx.2025-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, borcluya kredit müqviləsi üzrə hesablanmış borcun 5 gün ərzində tam ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
12. 17 aprel 2024-cü il tarixli, 001/GM/112/5275331/170424 saylı girov müqaviləsindən görünür ki, Girov qoyan Cavabdeh özünə məxsus və bu müqavilənin 2-ci bəndində göstərilən əmlakını girov saxlayan qarşısında pul öhdəliyinin icrasının təmin edilməsi üçün girovla yüklü edir. (1.1). Girov predmetinin adı, təsviri və olduğu yer: ünvan 2i ünvanında yerləşən Cavabdeh məxsus evdə, bu müqaviləyə əlavə olunmuş 1 nömrəli akta əsasən ev əşyaları. (2.1) Girov predmeti (pul vəsaiti istisna olmaqla) peşəkar qiymətləndirmə fəaliyyəti ilə məşğul olan qiymətləndirici tərəfindən və ya tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı kimi qiymətləndirilir. Bazar dəyəri - 6000 (altı min) manat. Öhdəliyin yaranma əsası: Gəncə şəhərində bağlanmış xx.xx.2024-cü il tarixli ***-******* nömrəli kredit müqaviləsi.(3.1)
13. 17 aprel 2024-cü il tarixli, 001/GM/112/5275331/170424 saylı girov müqaviləsinə əlavədən görünür ki, Girov predmeti 1 ədəd bazar dəyəri 6000 manat, likvid dəyəri 4000 manat olan Cavabdeh məxsus ev əşyaları təşkil edir.
III. Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 739. Borc müqaviləsi (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada) 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Maddə 743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada)
743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 447. İkitərəfli müqavilələrdə öhdəliklərin icra edilməməsi 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.2. Aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 269. Girov və ipoteka hüququ anlayışı 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 279. Girovla təmin edilən tələb Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərçləri və tutma xərcləri daxildir. Maddə 295. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi əsasları Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Maddə 296. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi qaydası 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Maddə 319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti acıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.
20. İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı Əlavə Protokol
Maddə 1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
15. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli Qərarı
Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir.
16. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018ci il tarixli Qərarı ... tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır... Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur.
IV. Məhkəmənin mövqeyi
a) Kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı
17. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
18. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
19. Göründüyü kimi Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.
20. İş materiallarından görünür ki, iddiaçı kredit müqaviləsi üzrə verilmiş qalıq borc məbləğinin (bütünlükdə) geri tələb edilməsini ilk dəfə pretenziya məktubunda ifadə etmiş və həmin məktub Cavabdeh xx.xx.2025-ci il tarixdə göndərilmişdir.
21. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri zamanı həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Mülki hüquqda daxili iradənin ifadə üsulları üç qrupa bölünür: düzünə iradə ifadəsi (şifahi və ya yazılı qaydada); dolayı iradə ifadəsi (konklyudent hərəkətlər) və susmaq nəticəsində iradə ifadəsi. Göründüyü kimi, iradə yalnız verbal nitqlə və ya yazılı qaydada deyil, həmçinin konklyudent hərəkətlərdə də ifadə oluna bilir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 329.3cü maddəsində təsbit edilmişdir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Bu isə onu göstərir ki, kredit münasibətlərində borc verənin kredit müqaviləsi üzrə bütün əsas borc məbləğinin ödənilməsi tələbi barədə iddia ilə məhkəməyə müraciət etməsi müvafiq hallar olduqda (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması) özü-özlüyündə konklyudent hərəkətdə ifadə olunan, borc verənin müqavilənin ləğvinə yönəlik iradə ifadəsidir (şifahi əqd).
22. Belə olan halda, iddiaçının xx.xx.2025-ci il tarixdə Cavabdeh pretenziya məktubu yollayaraq kredit müqaviləsi üzrə hesablanmış bütün borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və xx.xx.2025-ci il tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir. İddiaçı həmin tarixədək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Hazırda iddiaçı xx.xx.2025-ci il tarixə olan borc məbləğini tələb edir.
23. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet ödənişlərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
24. Məhkəməyə təqdim edilən xx.xx.2022-ci il tarixli müqavilə üzrə Cavabdeh məxsus AZ17AZFİ41040AZ**********001 nömrəli bank hesabından xx.xx.2022-xx.xx.2025ci il tarixlərini əhatə edən çıxarışdan görünür ki, cavabdeh tərəfindən müxtəlif vaxtlarda ödənişlər edilmiş, lakin xx.xx.2025-ci il tarixdən sonra (iddia irəli sürülərkən istinad olunan maliyyə arayışının tarixi) ödənişlər olmamışdır.
25. 13 avqust 2025-ci il tarixli kredit borcu haqqında arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli 5275331-K saylı krеdit müqaviləsinə əlavə üzrə xx.xx.2025-ci il tarixə banka 5279,72 manat əsas borcu, 1066,88 manat məbləğində faiz bоrcu və 7,75 manat cərimə borcu olmaqla, cəmi 6354,35 manat məbləğində borcu var.
26. İddiaçı kredit razılaşması üzrə əsas və faiz borcunun ödənilməsi ilə bağlı iradə ifadəsini 05 avqust 2025-ci il tarixli bildirişdə ifadə etmiş və əsas borcun 5279,72 manat, faiz borcunun isə 1066,88 manat təşkil etməsi qeyd edilmişdir. Tərəflər arasında olan müqavilə xx.xx.2025-ci il tarixdən xitam edilmiş hesab edildiyi üçün iddiaçı məhz həmin tarixədək hesablanmış əsas və faiz borclarını tələb edə bilər.
27. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixə xx.xx.2022-ci il tarixli, 5275331-K nömrəli kredit müqaviləsi üzrə (17 aprel 2024-cü il tarixli kredit müqaviləsinə əlavə nəzərə alınmaqla) tutulmalı olan əsas borc 5279,72 manat, faiz borcu 1066,88 manat müəyyən edilməlidir.
28. Kredit müqaviləsi üzrə Cavabdeh üzərinə düşən öhdəliklərin icrasının təmini məqsədilə ünvan 2i ünvanında yerləşən Cavabdeh məxsus ev əşyaları yüklü edilmişdir. Tutmanın girov ilə yüklü edilmiş ev əşyalarına yönəldilməsi barədə tələb Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 295 və 296-cı maddələrinin tələblərinə uyğundur.
29. Məhkəmə qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin qanunun 1.0.9-cu maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti – bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
30. Məhkəmə hesab edir ki, qanunda birbaşa imperativ tələb kimi nəzərdə tutulduğu üçün iddia tələbində bu barədə tələb olmasa belə, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir.
31. 17 aprel 2024-cü il tarixli, 001/GM/112/5275331/170424 saylı girov müqaviləsinə əlavədən görünür ki, Girov predmeti 1 ədəd bazar dəyəri 6000 manat, likvid dəyəri 4000 manat olan Cavabdeh məxsus ev əşyaları təşkil edir.
32. Məhkəmə hesab edir ki, girov predmetinin qiyməti girov müqaviləsində 6000 manat müəyyən edilsə də, 17 aprel 2024-cü il tarixli, 001/GM/112/5275331/170424 saylı girov müqaviləsinə əlavədə likvid dəyəri 4000 manat müəyyən edildiyindən, girov predmetinin ilkin satış qiyməti 4000 manat müəyyən edilməlidir.
33. Məhkəmə iddia tələbinin girov əmlakın İddiaçı ASC-nin sahibliyinə verilməsi barədə hissəsində qeyd edir ki, həmin hissədə iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, ünvan 2i ünvanında yerləşən müqaviləyə əlavə olunmuş 1 №-li akta əsasən ev əşyaları olan daşınar əmlak Cavabdeh məxsusdur və mülkiyyətçi Cavabdeh olduğu halda, həmin əmlakların bankın sahibliyinə verilməsi yolverilməzdir. Bankın sadəcə olaraq həmin girov predmetinə tutma yönəltmək hüququ vardır.
b) Kredit müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı
34. İddia ərizəsində iddiaçı 7,75 manat cərimənin də cavabdehdən tutulmasını xahiş etmişdir.
35. Məhkəmə hesab edir ki, 7,75 manat məbləğində dəbbə pulu (penya) ağlabatan və ədalətlidir və buna görə də cərimə olaraq 7,75 manat məbləğində pul (əsas borcun 0,15 % həddində) Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
c) Məhkəmə xərcləri ilə bağlı
36. İddiaçı eləcə də 84 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.
37. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 84 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
38. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
39. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
40. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 84 manat pul Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
V. Məhkəmənin gəldiyi nəticə
41. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 5275331-K nömrəli kredit müqaviləsi üzrə (17 aprel 2024-cü il tarixli kredit müqaviləsinə əlavə nəzərə alınmaqla) 5279,72 manat əsas borc, 1066,88 manat faiz borcu, 7,75 manat cərimə borcu olmaqla, cəmi 6354,35 manat məbləğində pul cavabdеh Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməli, tələb 17 aprel 2024-cü il tarixli, № 001/GM/112/5275331/170424 saylı Girov müqaviləsinə əsasən Cavabdeh məxsus ünvan 2i ünvanında yerləşən müqaviləyə əlavə olunmuş 1 №-li akta əsasən ev əşyaları olan daşınar əmlaka yönəldilməli, girov predmetinin ilkin satış qiyməti 4000 (dörd min) manat müəyyən edilməli, girov qoyulmuş əşyalar açıq hərrac vasitəsi ilə satılsın və satışdan əldə olunan məbləğdən 6354,35 manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə ödənilməli, satışdan qalan məbləğ isə Cavabdeh qaytarılmalı və iddia qalan hissədə rədd edilməlidir.
42. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233 və 360-cı maddələrinə əsasən
QƏT ETDİ:
İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 5275331-K nömrəli kredit müqaviləsi üzrə (17 aprel 2024-cü il tarixli kredit müqaviləsinə əlavə nəzərə alınmaqla) 5279,72 manat əsas borc, 1066,88 manat faiz borcu, 7,75 manat cərimə borcu olmaqla, cəmi 6354,35 (altı min üç yüz əlli dörd manat otuz beş qəpik) manat məbləğində pul cavabdеh Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb 17 aprel 2024-cü il tarixli, № 001/GM/112/5275331/170424 saylı Girov müqaviləsinə əsasən Cavabdeh məxsus ünvan 2i ünvanında yerləşən müqaviləyə əlavə olunmuş 1 №-li akta əsasən ev əşyaları olan daşınar əmlaka yönəldilsin. Girov predmetinin ilkin satış qiyməti 4000 (dörd min) manat müəyyən edilsin. Girov qoyulmuş əşyalar açıq hərrac vasitəsi ilə satılsın və satışdan əldə olunan məbləğdən 6354,35 (altı min üç yüz əlli dörd manat otuz beş qəpik) manat məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin, satışdan qalan məbləğ isə Cavabdeh qaytarılsın. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 84 (səksən dörd) manat pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Əbülfəz Məmmədli