Məhkəmə qərarları › İş №e-2-2(115)-208/2021

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-208/2021

14.04.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-208/2021 14.04.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2, cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” Açıq Səhmadar Cəmiyyətinə qarşı borcun silinməsi və ödənilmiş pulun qaytarılması tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı məhkəməyə müraciət edərək cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdeh “xxxx” ASC-dən 1421 manat məbləğində pulun və idia qaldırılarkən ödənilmiş 30 manat dövlət rüsumunun alınıb iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək cavabdeh “xxxx” ASC-nin nümayəndəsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, NDQ 007412 nömrəliakt əsasında qanunsuz hesablanmış 1421 manat məbləğində borcun silinməsi və həmin akt əsasında cavabdeh “xxxx” ASC-nin əməkdaşlarının təkidi nəticəsində iddiaçının nümayəndəsi tərəfindən cavabdehin hesabına ödənilmiş 1421 manat məbləğində pulun və iddia qaldırılarkən ödənilmiş 30 manat dövlət rüsumunun geri alınıb iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Nümayəndə1 tərəfindən2002-ci ildə yaranmışdır, üzüm bağı və şərab zavodu kimi fəaliyyət göstərir.xx.xx.2020-ci il tarixdə cavabdeh müəssisənin əməkdaşları MMC-nin fəaliyyət göstərdiyi yerə gələrək elektrik sayğacına baxış keçirmiş, heç bir əsas olmadan NDQ 007412 nömrəli akt tərtib edərək MMC-nin hesabına 1412 manat borc hesablanmışdır.Dəfələrlə cavabdeh idarəyə qanunsuz yazılmış borcun silinməsi tələb olunsa da heç bir nəticəsi olmamış, NDQ 007412 nömrəli aktdan da görünür ki, heç bir hüquqi əsası yoxdur, cavabdehin əməkdaşları həmin aktı güman və ehtimallara əsaslanaraq tərtib etmişlər. Cavabdeh müəssisənin əməkdaşları tərəfindən elektrik enerjisi borcu ödənilmədiyi təqdirdə enerjini dayandıracaqlarıı bildirilmiş, bu da zavoda küllü miqdarda ziyan vurulması demək idi. Odur ki qanunsuz yazılmış borc ödənilmişdir. İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin olunmasını xahiş etdi. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək iddia tələbini əsassız olduğundan rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx xxxxxx 2020-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, mübahisə ilə bağlı cavabdeh xəbərdar olunmuşdur. AREN Enerji məsələlərini tənzimləmə agentliyinin Tovuz filialının xx xxxxxxxx 2020-ci il tarixli, EERA-27-361/20 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı MMC-nin enerji sərfiyatına görə hesablanmış borc məbləğinin yenidən hesablanması barədə ərizəsinə baxılacağı qeyd edilmişdir. Abunə haqqında ödəniş cədvəlinin surətindən görünür ki, abonet İddiaçı MMC-yə xx.xx.22020-ci il tarixi üçün 1212,81 manat borc qeyd edilmişdir. NDQ 007412 nömrəli aktında qeyd olunmuşdur ki, İddiaçı şərab zavoduna quraşdırılmış sayğaca baxış keçirilərkən “A” fazası üzərində quraşdırılmış cərəyan transformatorun ikinci tərəf kommunikasiya naqilinin bağlandığı boltların üzərinə vurulmuş kapron krişkanın bağlandığı bolt yoxdur, belə ki, “A” fazanın cərəyan kommunikasiya naqillərini istənilən vaxt açmaq olar, belə olanda sayğac “A2 fazasından keçən yükü qeyd etməyəcək. İş üzrə sənədlərdən göründüyü kimi mübahisəli borc elektrik enerjisinin sayğac üzrə yaranan sərfiyyatından olan borc məbləği deyildir. Bu məbləğ sayğacın “A” fazası üzərində quraşdırılmış cərəyan transformatorun ikinci tərəf kommunikasiya naqilinin bağlandığı boltların üzərindəki kapron bağlığın boltunun olmamasından yaranmış ehtimal olunan sayğacın sərfiyyatının təqribi hesabı üzrə müəyyən olunmuşdur. Belə bir hesablama həmin itkinin istehlakçının təqsiri nəticəsində baş verdiyi hallarda aparılır. Yəni, sayğacdakı nasazlığın baş vermə səbəblərinin kökündə istehlakçının təqsininin olması sübutlarla təsdiqini tapmalıdır. Belə ki, “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.17-ci bəndinə görə istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihaz-larından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Məhkəmə qeyd edir ki, enerji itkisinin əvəzinin ödənilməsi ilə bağlı məsələlərdə ilk öncə itkinin mövcudluğu və həmin itkinin onun yaranmasına səbəb olan şəxsə aid edilməsi araşdırma predmeti olmalıdır. Enerji itkisinə görə əlavə hesablama, öz qanunazidd davranışı ilə itkinin yaranmasına səbəb olmuş şəxsə, yaxud şəxslərə aid edilir. Çünki baş vermiş zədələnmənin əsasında istehlakçının təqsirli hərəkəti və ya hərəkətsizliyi dayandığı halda, o, enerjinin əvəzini ödəmək öhdəliyini daşıyır. Güman və yaxud ehtimal edilən hadisə və hərəkətlər məsuliyyətin yaranması ilə nəticələnmir. Sübut hüququnun prinsiplərinə görə iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin hallarından göründüyü kimi abonentə məxsus sayğacda kapron bağlığın boltunun olmamasının səbəbi barədə “xxxx” ASC tərəfindən müəyyən araşdırma aparılmamış, bu hadisənin abonentin təqsiri üzündən və ya başqa səbəblərdən baş verməsi halı aşkar olunmamışdır. Güman və ehtimallara əsaslanaraq abonentə enerji itkisinə görə borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsiniin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. “Elektroenergetika haqqında” xx xxxxx 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə əsasən, enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə qaydaları”nın 1.2-ci bəndinə əsasən,Bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların: 5.1-ci bəndinə əsasən, dövlət elektroenergetika müəssisəsilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında, abonent ilə subabonent arasında elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə cavabdehlik sərhədi bu qurğuların balans mənsubiyyətilə müəyyənləşdirilir və elektrik enerjisinin alqı-satqı müqaviləsinə əlavə edilən elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktında qeyd olunur; 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. 7.13-cü bəndinə əsasən hesablaşma elektrik sayğacları elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadığı hallarda, sərhəddən elektrik sayğacının quraşdırıldığı yerə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat), şəbəkənin göstərilən hissəsi balansında olan təşkilatın hesabına aid edilir. 8.3-cü bəndinə uyğun olaraq dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla) əsasən aparılır. Hesablaşma elektrik sayğacı tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadıqda, hesablaşma elektrik sayğacı quraşdırıldığı yerdən balans mənsubiyyəti sərhədinə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyən edilir və həmin elektrik enerjisi itkisi (texnoloji sərfiyyat) hesablaşma elektrik sayğacının göstərişinə əlavə edilir, yaxud çıxılır. 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 36.9-cu maddəsinə əsasən, istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh “xxxx” ASC-nin əməkdaşları tərəfindən hesablanmış 1412 manat borc İddiaçı hesabından silinsin və cavabdeh “xxxx” ASC-nin hesabına ödənilmiş 1412 (min dörd yüz on iki) manat və 30(otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq İddiaçınə qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar