Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-2082/2022 17.11.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4959,99 manat əsas, 5301,21 manat faiz, 4241,61 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 711,39 manat faiz borcu olmaqla cəmi 15214,20 manat məbləğində borcun və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat məbləğində mediasiyaya dair xərcin müştərək qaydada cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Qazax filialı ilə Cavabdeh3 arasında xx.xx.2017-ci il tarixdə 018T08170054 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə dövriyyə vəsaitinin artırılması məqsədi ilə Cavabdeh3 24 ay müddətinə illik 27% dərəcəsi ilə 5500 manat məbləğində kredit verilmişdir. Cavabdeh3 kredit verilərkən Cavabdeh1 və Cavabdeh2 ilə Bank arasında xx.xx.2017-ci il tarixdə 018T08170054ZM nömrəli zaminlik müqavilələri bağlanmışdır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına və bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. İş üzrə Cavabdeh3 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın tam olaraq rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsində əsas borca münasibətdə 4959,99 manat, həmçinin faiz və cərimə məbləği olduqca yüksək göstərilmişdir. Belə ki, iddia ərizəsində tələb olunan faiz və cərimə məbləğlərinin əsas məbləğdən 3 dəfədən artıq olması müəyyən olunur. Eyni zamanda cərimə mülki qanunvericiliklə müəyyən olunmuş tənasüblük prinsipinə ziddir. Bundan başqa hazırki iddia tələbi məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanan xx.xx.2017-ci il tarixli 018T08170054 saylı kredit müqaviləsi 28 fevral 2019-cu il tarixli «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 551 nömrəli Fərmanının təsir dairəsinə düşür və həmin fərmandan irəli gələrək ona əsas kredit borcunun 4959,99 manat ödənilməsi məqsədilə güzəştli kreditinin verilməsi (yəni restrukturizasiya) şamil olunur. Bununla bağlı olaraq iddiaçıya dəfələrlə müraciətlər olunmuş, sonuncu rəsmi müraciət isə xx.xx.2020-ci il tarixdə iddiaçıya ünvanlanmış ərizə olmuşdur. Lakin iddiaçı tərəfindən müraciətə cavab verilməmişdir. Nəticədə qeyd olunan fərmanda göstərilən güzəştlərdən yararlana bilmədiyi üçün əsas borca münasibətdə bu günədək əsassız faiz və cərimə məbləğləri iddiaçı tərəfindən ona tətbiq edilmişdir. Həmçinin ona münasibətdə qeyd edilən fərmandan irəli gələn güzəştli şərtlərlə yenidən qrafik üzrə kreditin ödənilməsinə şərait yaradılmalı, faiz və cərimələrin silinməli olduğu halda bunlar edilməmişdir. Bu səbəbdən iddiaçı tərəfindən hazırki iddianın qeyd olunan fərmanın tələblərindən irəli gələrək geri götürlüməsi, faiz və cərimənin silinməsi və ona münasibətdə əsas məbləğin 5 il müddətində illik 1% restrukturizasiya edilməsi şərtdir. Ona görə də hesab edir ki, hazırki iddia tələbi tamamilə qanunsuz və əsasız olduğundan rədd edilməlidir. Həmçinin iş üzrə digər Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə onun arasında bağlanmış xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o Cavabdeh3 ilə birlikdə xx.xx.2017-ci il tarixində İddiaçı ASC-dən 27%, 24 ay müddətinə 5500 manat məbləğində kredit götürüblər. Həmin kredit müqaviləsi üzrə onunla bank arasında xx.xx.2017-ci il tarixində zaminlik müqaviləsi bağlanıb. Bankla bağlanmış kredit müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixində bitmiş, Bank isə borcun tutulması ilə bağlı məhkəməyə 2022-ci ildə müraciət etmişdir. Göründüyü kimi bank məhkəməyə zaminlik müqaviləsinin müddətinin bitdikdən sonra müraciət edib. Bu səbəbdən zaminlik müqaviləsinə xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Qazax filialı ilə Cavabdeh3 arasında kredit müqaviləsi bağlanmışdır. Cavabdeh3 5500 manat məbləğində kredit verilmişdir. Cavabdeh3 kredit verilərkən Cavabdeh1 və Cavabdeh2 ilə Bank arasında zaminlik müqavilələri bağlanmışdır. Bu müqaviləyə əsasən zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Cavabdehlər müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdirlər. Ona görə də, iddianın təmin edilməsini məhkəmədən xahiş edir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərdi ki, Cavabdeh3 tərəfindən götürülmüş kredit «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının təsir dairəsinə düşmüş, kreditin məbləği 4959 manat 99 qəpik müəyyən edilmişdir. Lakin kreditin illik faiz dərəcəsi 1% olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə restrukturizasiya olunması üçün borclu 2019-cu ilin 31 dekabırına qədər müraciət etməli olduğu halda müraciət etməmiş, müraciəti isə həmin müddətdən sonra xx.xx.2020-ci il tarixdə etmişdiir. Ona görə də kreditin illik faiz dərəcəsi 1% olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə restrukturizasiya olunmasından imtina edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək izahatında göstərdi ki, hüquqlarını müdafiə etdiyi şəxsin Banka olan əsas borc məbləği ilə razıdır, lakin cərimə borcu və faiz borcu ilə razı deyillər. Belə ki, kredit «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının təsir dairəsinə düşürdü, faiz və cərimə borcu silinməklə yanaşı əsas kredit məbləği illik faiz dərəcəsi 1% olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə restrukturizasiya olunmalı idi. Bankın üzərinə Fərmandan irəli gələn məsələri həll etmək vəzifəsi qoyulmuşdur. Bank vətəndaşa müraciət, təklif göndərməli idi ki, kreditin məbləği üzrə yenidən qrafik tərtib edilsin və Fərmandan irəli gələn güzəştlər tətbiq edilsin. X4 irəli gələn üzərinə düşən vəzifələri yerinə yetirməmişdir. Vətəndaşın isə Fərmandan məlumatı olduğu vaxtdan restrukturizasiya üçün müraciət etmişdir. Vətəndaşın müraciətlərinə isə hazırkı vaxtadək heç bir cavab verilməmişdir. Ona görə də hesab edir ki, iddia məhkəmədə baxılmalı deyildir. İddianın təmin edilməməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehlərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli 018T08170054 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Qazax filialı ilə Cavabdeh3 arasında kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən illik faiz dərəcəsi 27% оlmaqla 24 ay müddətinə, dövriyyə vəsaitinin artırılması məqsədilə kredit müqaviləsi ilə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə Cavabdeh3 5500 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 2.5-ci maddəsinə əsasən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün cərimə kimi illik 54% dəbbə pulu hesablanması müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2017-ci il tarixli ZM1/018T08170054 saylı və ZM2/018T08170054 saylı zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2 və Cavabdeh1 borclunun öhdəliklənin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşdürlər. İş materiallarında olan xx.xx.2020-ci il tarixli problemli kreditlərin kompensasiyasına dair elektron portalından əldə olunmuş çıxarışdan görünür ki, Cavabdeh3 ləğv prosesində olan İddiaçı ASC-yə 4959,99 manat məbləğində əsas kredit borcunun restrukturizasiya olunması təklif olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli **********504 saylı bildirişin sürətindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişlər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 xx.xx.2017-ci il tarixli 018T08170054 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə banka 4959,99 manat məbləğində krеdit bоrcu, 5301,21 manat məbləğində faiz bоrcu, 4241,61 manat məbləğində cərimə borcu və 711,39 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, ümumilikdə cəmi 15214,20 manat məbləğində bоrcunun olması göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, xx.xx.2017-ci il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Qazax filialı ilə Cavabdeh3 arasında kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən illik faiz dərəcəsi 27% оlmaqla 24 ay müddətinə hissə-hissə qaytarmaq şərti ilə Cavabdeh3 5500 manat məbləğində kredit verilmişdir. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etmiş, kredit məbləğini cavabdehə vermiş, cavabdeh isə kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Həmçinin problemli kreditlərin kompensasiyasına dair elektron portalından əldə olunmuş çıxarışda da Cavabdeh3 ləğv prosesində olan İddiaçı ASC-yə 4959,99 manat məbləğində kredit borcunun olması qeyd edilmiş və həmin məbləğin restrukturizasiya olunması təklif olunmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh3 iddiaçıya 4959,99 manat kredit borcu vardır. İddiaçı verdiyi kredit məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Məhkəmə, eyni zamanda iddianın faiz və cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Cavabdeh3 krediti “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşmüş və 01 mart 2019-cu il tarixə ləğv prosesində olan İddiaçı ASC-yə olan 4959,99 manat məbləğində əsas kredit borcunun restrukturizasiya olunması təklif olunmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbinin restrukturizasiya olunması təklif olunmuş əsas kredit borcundan başqa, müqavilə müddətinə hesablanmış faiz borcu, cərimə borcu və gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu hissəsi təmin edilə bilməz. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülki məsuliyyətini diqqətə çatdırır ki, Mülki Məcəllənin zaminliyə xitam verilməsi əsaslarının müəyyən olunduğu 477-ci maddəsinin Məcəllənin 24-cü fəslində, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 477-ci maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması zaminliyə müqavilədə göstərilmiş onun verilmə müddəti bitdikdən sonra, kreditor tərəfindən zaminə qarşı iddianın irəli sürülmədiyi halda öhdəliyin icrası vaxtının çatdığı tarixdən bir il ərzində, əsas öhdəliyin icrası müddəti bəlli olmadıqda isə zaminlik müqaviləsinin bağlandığı tarixdən iki il ərzində xitam verilməsini nəzərdə tutmuşdur. Zaminliyə göstərilən müddətlər ərzində xitam verilməsi isə onu göstərir ki, həmin müddət keçdikdən sonra kreditor zaminə qarşı iddia qaldırmaq hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2020-ci il 12 mart tarixli Qərarına əsasən, iddia müddətindən fərqli olaraq kəsici müddətin tətbiqi tərəflərin iradəsinin asılı olmamaqla birbaşa məhkəmənin səlahiyyətinə aiddir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə qeyd edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Qazax filialı ilə Cavabdeh3 arasında kredit müqaviləsi və Bankla zaminlər Cavabdeh1 və Cavabdeh2 zaminlik müqavilələri xx.xx.2017-ci il tarixdə bağlanmışdır. Kredit müqaviləsinin müddəti 24 ay, yəni xx.xx.2019-cu il tarixə kimi müəyyən edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyin icra vaxtı isə xx.xx.2017-ci il tarixdən başlamışdır. Müqavilə üzrə öhdəliyin icra müddətindən və son icra tarixindən bir ildən artıq vaxt keçdikdən sonra, yəni xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə müraciət etdiyindən məhkəmə hesab edir ki, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit borcunun tutulması qanuni və əsaslı sayıla bilməz. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Qazax filalı ilə Cavabdeh3 arasında bağlanmış 28 avqust 2017-ci il tarixli 018T08170054 saylı kredit müqaviləsi üzrə yaranmış 4959,99 kredit borcu Cavabdeh3 tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan Gəncə şəhəri 1 saylı Mediasiya Təşkilatı tərəfindən Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ilkin mediasiya sessiyasında iştirak etmədikləri və İddiaçı ASC tərəfindən 200 manat məbləğində mediasiyaya dair ödəniş edildiyi barədə arayış verilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 200 manat mediasiya xərci də Cavabdeh3 tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə qeyd edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Qazax filialı ilə Cavabdeh3 arasında bağlanmış 28 avqust 2017-ci il tarixli 018T08170054 saylı kredit müqaviləsi üzrə yaranmış 4959,99 (dörd min doqquz yüz əlli doqquz manat doxsan doqquz qəpik) kredit borcu və ödənilmiş 200 (iki yüz) manat mediasiya xərci Cavabdeh3 tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-2082/2022
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-2082/2022
17.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver