Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-2086/2025 20.11.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2nə və Cavabdeh1 qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək DC00510060-01 saylı kredit müqaviləsinə əsasən 25456,49 manat əsas borc, 1950,95 manat faiz borcu, 2315,06 cərimə borcu olmaqla, cəmi 29722,50 manat məbləğində borc, DC00510060-02 saylı kredit müqaviləsinə əsasən 13984,38 manat əsas borc, 1611,31 manat faiz borcu, 240,79 manat cərimə borcu olmaqla, cəmi 15836,48 manat məbləğində borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 226,68 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə “Fateh Construction MMC” arasında xx.xx.2024-cü il tarixdə bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2023-cü il tarixli 1.0.6 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-00510060LE/2019 saylı razılaşma imzalanmışdır. Həmin razılıq ərizələrini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş ümumi şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində aşağıda qeyd olunan ərizələr imzalanmışdır: xx.xx.2024-cü il tarixli DC00510060- 01 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2025-ci il tarixədək illik faiz dərəcəsi 15.5%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 30.5% olmaqla, 49023 manat əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə birdəfəlik kredit verilmişdir. xx.xx.2024-cü il tarixli DC00510060-02 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2026-cı il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 17083 manat əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə birdəfəlik kredit verilmişdir. Kreditlərin irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə bank ilə Cavabdeh1 Rauf oğlu arasında DG**********381 nömrəli və DG**********134 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Borcalan öz üzərinə düşən öhdəlikləri icra etməyərək, kreditlər üzrə gecikmələrə yol vermişdir. Buna görə də bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək borcalan və zaminə xəbərdarlıq məktubları göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. İddiaçı iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair ərizə verərək cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 birgə qaydada: DC00510060-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 13984,38 manat əsas borc, 1862,26 manat faiz borcu, 330,48 manat cərimə borcu olmaqla, cəmi 16177,12 manat, DC00510060-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 25456,49 manat əsas borc, 1950,95 manat faiz borcu, 3134,61 manat cərimə borcu, xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinə qədər Mərkəzi Bankın uçot faiz dərəcəsinə uyğun olaraq illik faiz borcu 553,53 manat olmaqla, cəmi 31095,58 manat məbləğində borcun, 231,83 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına uyğun olaraq əldən çıxmış fayda tələb edilmişdir. Qərarda qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik 5 faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Məhkəməyə təqdim edilmiş ərizə üzrə əldən çıxmış fayda müvafiq qərara uyğun tələb edilmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında hüquqi şəxs nümayəndəsinin iştirakını təmin etməmiş, fiziki şəxs isə gəlməmişdir, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2023cü il tarixli “Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2023-cü il tarixli 1.0.6 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə” OnGTC-00510060LE/2019 saylı razılaşmadan görünür ki, Cavabdeh2 MMC bu razılaşmanı imzalamaqla, bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun bankın rəsmi internet səhifəsində yerləşdirilən xx.xx.2023-cü il tarixli 1.0.6 nömrəli versiyasının şərtlərini diqqətlə oxuyub, onun bütün müddəalarını başa düşdüyünü, müqavilə üzrə müəyyən edilən xidmətlərin istifadəsinə dair öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına görə məsuliyyət daşıdığını və əks halda yaranan hər hansı maddi zərər və ya məsuliyyəti birbaşa olaraq öz hesabına daşıdığını qəbul etmişdir. İş materiallarında olan İddiaçı ASC ilə “Fateh Construction MMC” arasında bağlanmış 29 may 2024-cü il tarixli DC00510060-01 saylı maliyyələşdirmə üçün ərizədən görünür ki, İddiaçı ASC tərəfindən “Fateh Construction MMC”-yə xx.xx.2025-ci il tarixədək illik faiz dərəcəsi 15,5%, illik cərimə faizi 15.5% olmaqla 49023 manat birdəfəlik kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan İddiaçı ASC ilə “Fateh Construction MMC” arasında bağlanmış 03 iyul 2024-cü il tarixli DC00510060-02 saylı maliyyələşdirmə üçün ərizədən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 MMC-yə xx.xx.2026-cı il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 17% olmaqla 17083 manat birdəfəlik kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan DG**********381 nömrəli və DG**********134 nömrəli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh1 tərəflər arasında bağlanmış maliyyələşdirmə üçün ərizələr üzrə borclunun öhdəliklərin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 MMC-nin xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə DC00510060-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 13984,38 manat əsas borc, 1862,26 manat faiz borcu, 330,48 manat cərimə borcu olmaqla, cəmi 16177,12 manat borc, DC00510060-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 25456,49 manat əsas borc, 1950,95 manat faiz borcu, 3134,61 manat cərimə borcu, xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinə qədər Mərkəzi Bankın uçot faiz dərəcəsinə uyğun olaraq illik faiz borcu 553,53 manat olmaqla, cəmi 31095,58 manat məbləğində borcu var. İş materiallarında olan xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, borcluya yaranmış borcu barədə məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 01 oktyabr 2023-cü il tarixdən qüvvədə olan Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 01 oktyabr 2023-cü il tarixdən qüvvədə olan Mülki Məcəlləsinin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış DC00510060-01 saylı kredit müqaviləsinə əsasən borcalana xx.xx.2025-ci il tarixədək illik faiz dərəcəsi 15,5% olmaqla 49023 manat, DC00510060-02 saylı kredit müqaviləsinə əsasən borcalana xx.xx.2026-cı il tarixədək illik faiz dərəcəsi 17% olmaqla 17083 manat birdəfəlik kredit verilməsi nəzərdə tutulmuşdur. İddiaçı kredit müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmiş, pul məbləğlərini cavabdehə vermiş, cavabdeh isə götürdüyü öhdəlikləri lazimi qaydada icra etməmişdir. Onun DC00510060-01 saylı kredit müqaviləsinə əsasən 25456 manat 49 qəpik əsas borcu, 1950 manat 95 qəpik faiz borcu, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək illik 5%-lə hesablanmış 553 manat 53 qəpik faiz borcu, DC00510060-02 saylı kredit müqaviləsinə əsasən 13984 manat 38 qəpik əsas borcu, 330 manat 48 qəpik cərimə borcu vardır. İddiaçı iddia tələbində DC00510060-02 saylı kredit müqaviləsinə əsasən 1611,31 manat faiz borcunun tutulmasını tələb etmiş, iddia tələbinin artırılması ilə bağlı ərizə verərək həmin müqavilə üzrə 1862,26 faiz borcunun tutulmasını tələb etmişdir. Məhkəmə bildirir ki, Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. İş materiallarından görünür ki, iddiaçı həmin müqavilə üzrə əsas borc məbləğinin, habelə faiz borcunun və cərimənin ödənilməsi ilə bağlı iradə ifadəsini cavabdehə iddia ərizəsini cavabdehlərə göndərərkən ifadə etmişdir. İddia ərizəsində faiz borcu 1611,31 manat qeyd edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, 1611,31 manat məbləğdə faiz borcunun tutulması qanuni və əsaslıdır. Məhkəmə, eyni zamanda iddianın DC00510060-01 saylı kredit müqaviləsinə əsasən cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, DC00510060-01 saylı kredit müqaviləsinə əsasən 3134,61 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə azaldılaraq 1300 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə eyni zamanda digər Cavabdeh1 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, o kredit müqavilələri üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən kredit məbləğlərinin, həmin məbləğlərə hesablanmış faiz və cərimə borclarının ödənilməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 MMC kredit müqavilələri üzrə iddiaçıya olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh2 MMC zaminliklə təmin edilmiş pul öhdəliklərini icra etmədiyindən Cavabdeh1 onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyır. Odur ki, tərəflər arasında imzalanmış DC00510060-01 saylı kredit müqaviləsinə əsasən 25456 manat 49 qəpik əsas borc, 1950 manat 95 qəpik faiz borcu, 1300 cərimə borcu, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək illik 5%-lə hesablanmış 553 manat 53 qəpik faiz borcu olmaqla, cəmi 29260 manat 97 məbləğində borc, DC00510060-02 saylı kredit müqaviləsinə əsasən 13984 manat 38 qəpik əsas borc, 1611 manat 31 faiz borcu, 330 manat 48 qəpik cərimə borcu olmaqla, cəmi 15926 manat 17 qəpik məbləğində borc, hər iki müqavilə üzrə 45487 manat 14 qəpik borc cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ********** nömrəli qəbzlərə əsasən iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 226,68 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə mütanasib olaraq 225 manat 56 qəpik dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış DC00510060-01 saylı kredit müqaviləsinə əsasən 25456 manat 49 qəpik əsas borc, 1950 manat 95 qəpik faiz borcu, 1300 cərimə borcu, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək illik 5%-lə hesablanmış 553 manat 53 qəpik faiz borcu olmaqla, cəmi 29260 manat 97 məbləğində borc, DC00510060-02 saylı kredit müqaviləsinə əsasən 13984 manat 38 qəpik əsas borc, 1611 manat 31 faiz borcu, 330 manat 48 qəpik cərimə borcu olmaqla, cəmi 15926 manat 17 qəpik məbləğində borc, hər iki müqavilə üzrə 45487 (qırx beş min dörd yüz səksən yeddi) manat 14 (on dörd) qəpik borc, ödənilmiş 225 (iki yüz iyirmi beş) manat 56 (əlli altı) qəpik dövlət rüsumu müştərək qaydada cavabdehlər Cavabdeh2ndən və Cavabdeh1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-2086/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-2086/2025
20.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver