Məhkəmə qərarları › İş №e-2-2(115)-21/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-21/2023

31.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-21/2023 31.03.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi ilə İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Bank Olmayan Kredit Təkilatı İddiaçı MMC-nin xeyrinə 04 iyul 2016-cı il tarixli 14/16 №-li kredit müqaviləsi üzrə əsas borcundan 39400 manat, faiz borcundan 6503.34 manat, cərimə borcundan 5642.42 manat, ipoteka bildirişlərinin qeydə alınması üçün ödənilmiş 41 manat dövlət rüsumunun, 400 manat mediasiya prosesi üçün ödənilmiş rüsumun, ümumilikdə cəmi 51968.76 manat məbləğində pul vəsaitinin tutulması, bu tutulmanın ilkin satış qiyməti 75000 manat müəyyən edilməklə 03 avqust 2016-cı il tarixli ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş Bərdə rayonu, Mehdili kəndində 0.20 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 157.3 kv.m, yaşayış sahəsi 52.1 kv.m, yardımçı sahəsi 105.2 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin (0.20 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, həmin əmlakın açıq bazarda və ya hərracda satılması, satışından əldə edilmiş məbləğin borcun ödənilməsi üçün Bank Olmayan Kredit Təkilatı İddiaçı MMC-nin hesabına keçirilməsi, əmlakın satışından əldə edilən pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh2 tutulması, Bərdə rayonu, Bərdə rayonu, Mehdili kəndində 0.20 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 157.3 kv.m, yaşayış sahəsi 52.1 kv.m, yardımçı sahəsi 105.2 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin (0.20 ha torpaq sahəsi ilə birlikdə) satıldıqdan sonra orada yaşayan RzayevƏsgər Müseyib oğlu, Cavabdeh1 və onların ailə üzvləri və digər şəxslər, mənzili 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslər mənzildən məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı (kreditor) Bank Olmayan Kredit Təkilatı İddiaçı MMC (bundan sonra BOKT) ilə Cavabdeh2 (borc alan) arasında bağlanmış 04 iyul 2016-cı il tarixli 14/16 №-li kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən borc alana 60 ay müddətinə, kreditdən istifadəyə görə illik 7 % ödənilməsi şərti ilə, 50000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı Bank Olmayan Kredit Təkilatıİddiaçı MMC ilə Cavabdeh2 arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus Bərdə rayonu, Mehdili kəndində 0.20 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 157.3 kv.m, yaşayış sahəsi 52.1 kv.m, yardımçı sahəsi 105.2 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin (0.20 ha torpaq sahəsi ilə birlikdə) ipoteka qoyulması barədə 03 avqust 2016-cı il tarixli ipoteka müqaviləsi bağlanmışdır. BOKT-un yuxarıda qeyd edilən ipoteka predmetinə 03 avqust 2016-cı il tarixli ipoteka müqaviləsi üzrə ipoteka hüququnun qeydiyyata alınmasına dair İddiaçı MMC-nə AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2017-ci il tarixli RX seriyalı ******* №-li çıxarış verilmişdir. Beləliklə, xx.xx.2021-ci il tarixinə Cavabdeh2 kreditor qarşısında əsas borcundan 39400 manat, faiz borcundan 6503.34 manat, cərimə borcundan 5642.42 manat olmaqla ümumilikdə 51527.76 manat məbləğində borcu var. İddiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdeh hazırkı məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Cavabdeh2 əvvəlki məhkəmə iclasında iştirak etmiş iddia tələbinə etirazını bildirmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək iddianı müdafiə etdiyini bildirmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: 04 iyul 2016-cı il tarixli 14/16 nömrəli kredit müqaviləsindən görünür ki, borcverən- İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyəti tərəfindən borcalan- Cavabdeh2 50 000 manat məbləğində illik 7 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan Cavabdeh2 isə 60 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür. xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsindən görünür ki, 04 iyul 2016-cı il tarixli 14/16 nömrəli kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 məxsus Bərdə rayonu, Mehdili kəndində 0.20 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 157.3 kv.m, yaşayış sahəsi 52.1 kv.m, yardımçı sahəsi 105.2 kv.m olan 2 otaqlı fərdi yaşayış evi (0.20 ha torpaq sahəsi ilə birlikdə) ipoteka predmeti kimi yüklü edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh2 məxsus Bərdə rayonu, Mehdili kəndində 0.20 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 157.3 kv.m, yaşayış sahəsi 52.1 kv.m, yardımçı sahəsi 105.2 kv.m olan 2 otaqlı fərdi yaşayış evi (0.20 ha torpaq sahəsi ilə birlikdə) İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinin xeyrinə yüklü edilmişdir. xx.xx.2020-ci il tarixli GF-005/07/21 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh2 Bank Olmayan Kredit X3” MMC-nə olan borcu xx.xx.2021-ci il tarixə 39400 manat əsas borc, 6503.34 manat faiz borcu, 5642.42 manat cərimə olmaqla cəmi 51527.76 manat təşkil edir. İş üzrə təyin edilmiş əmlakın qiymətləndirilməsinə dair xx.xx.2022-ci il tarixli, ƏQ- 203/2022 nömrəli ekspertiza rəyində "xxxx" MMC tərəfindən Cavabdeh2 məxsus Bərdə rayonu, Mehdili kəndində yerləşən 0.20 ha torpaq sahəsində inşa edilmiş, 157.3 kv.m ümumi sahədən, 52.1 kv.m yaşayış sahəsindən, 105.2 kv.m yardımçı sahədən ibarət, 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evnin 0.20 ha torpaq sahəsi ilə birlikdə xx.xx.2022-ci il tarixə likvid dəyəri 78 000 manat, bazar dəyəri 84500 manat qeyd edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasına dair xx.xx.2023-cü il tarixli 9/780 nömrəli ekspertiza rəyində qeyd edilmişdir ki, Cavabdeh2 tərəfindən banka 04 iyul 2016cı il tarixli, 14/16 saylı kredit müqaviləsi üzrə ümumilikdə 01 noyabr 2022-ci il tarixədək 19925,89 manat məbləğində ödəniş aparılmışdır ki, həmin məbləğin 9979.45 manat əsas borca, 9946.44 manat isə faiz borcuna silinməsi müəyyən edilmişdir. Cavabdeh2 banka olan borcu xx.xx.2020-ci il tarixə 40020,55 manat əsas borc, 2894.82 manat faiz borcu, xx.xx.2021ci il tarixə 40020,55 manat əsas borc, 5719.60 manat faiz borcu qeyd edilmişdir. xx.xx.2020-ci il tarixli, GF-008/07 nömrəli xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh yaranmış borcla bağlı xəbərdar edilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli, 11172 nömrəli arayışın surətindən görünür ki, ilkin mediasiya zamanı 400 manat xərc çəkilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış 04 iyul 2016-cı il tarixli 14/16 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 50 000 manat məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıqlar göndərilsə də, cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Dövlət Rüsumu haqqında Qanunun 9.1-1-ci maddəsinə əsasən “mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər (AR MM-in 449.1-ci maddəsi). Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər (AR MM-in 449.3-cü maddəsi). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud, onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana tələbin ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki:

1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya

2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə iddia tələbinin ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh2 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsinə münasibət olaraq qeyd edir ki, cavabdehdən ümumilikdə nə qədər pulun tutulmalı olması iddia tələbində və qətnamədə göstərilibdir. Tələbin bu hissəsi əvvəlki hissəni təkrarlayır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 04 iyul 2016-cı il tarixli 14/16 nömrəli kredit müqaviləsi üzrə 39400(otuz doqquz min dörd yüz) manat əsas borc, 5719.60(beş min yeddi yüz on doqquz manat altmış qəpik) faiz borcu, 642.42(altı yüz qırx iki manat qırx iki qəpik) manat cərimə olmaqla, cəmi 45762.02(qırx beş min yeddi yüz altmış iki manat iki qəpik) manat borc və 400(dörd yüz) manat mediasiya xərci tutularaq tutularaq İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinin xeyrinə ödənilməlidir. Borc tələbi ipoteka qoyulmuş likvid dəyəri 78 000 manat olan Cavabdeh2 məxsus Bərdə rayonu, Bərdə rayonu, Mehdili kəndində 0.20 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 157.3 kv.m, yaşayış sahəsi 52.1 kv.m, yardımçı sahəsi 105.2 kv.m olan 2 otaqlı fərdi yaşayış evinə və 0.20 ha torpaq sahəsinə yönəldilməli, həmin fərdi yaşayış evi və torpaq sahəsi açıq hərrac yolu ilə satılmalı və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilməlidir. İpoteka qoyulmuş fərdi yaşayış evinə və torpaq sahəsinə tutma yönəldikdən və satıldıqdan sonra cavabdehlər Cavabdeh2 və Cavabdeh1 fərdi yaşayış evini ailə üzvləri ilə birlikdə 1 ay ərzində tərk etmədikləri halda, cavabdehlər çıxarılmaqla həmin fərdi yaşayış evi boşaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

q ə t e t d i:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 04 iyul 2016-cı il tarixli 14/16 nömrəli kredit müqaviləsi üzrə 39400 (otuz doqquz min dörd yüz) manat əsas borc, 5719.60 (beş min yeddi yüz on doqquz manat altmış qəpik) faiz borcu, 642.42(altı yüz qırx iki manat qırx iki qəpik) manat cərimə olmaqla, cəmi 45762.02(qırx beş min yeddi yüz altmış iki manat iki qəpik) manat borc və 400(dörd yüz) manat mediasiya xərci tutularaq tutularaq İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinin xeyrinə ödənilsin. Borc tələbi ipoteka qoyulmuş likvid dəyəri 78 000 manat olan Cavabdeh2 məxsus Bərdə rayonu, Bərdə rayonu, Mehdili kəndində 0.20 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 157.3 kv.m, yaşayış sahəsi 52.1 kv.m, yardımçı sahəsi 105.2 kv.m olan 2 otaqlı fərdi yaşayış evinə və 0.20 ha torpaq sahəsinə yönəldilsin, həmin fərdi yaşayış evi və torpaq sahəsi açıq hərrac yolu ilə satılsın və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilsin. İpoteka qoyulmuş fərdi yaşayış evinə və torpaq sahəsinə tutma yönəldikdən və satıldıqdan sonra cavabdehlər Cavabdeh2 və Cavabdeh1 fərdi yaşayış evini ailə üzvləri ilə birlikdə 1 ay ərzində tərk etmədikləri halda, cavabdehlər çıxarılmaqla həmin fərdi yaşayış evi boşaldılsın. Cavabdeh2 227.29 (iki yüz iyirmi yeddi manat iyirmi doqquz qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə 200 (iki yüz) manat ekspertiza xərci Cavabdeh2 tutularaq „Əmlakın Qiymətləndirilməsi“ MMC, Yevlax şəhəri, VÖEN **********, „Bank Respublika“ ASC Yevlax filalı, Kod: 509299, VÖEN **********, H/h AZ61BRES********************, M/h AZ80NABZ********************, SWİFT BRESAZ7722 saylı hesaba ödənilsin. İş üzrə 150 (bir yüz əlli) manat ekspertiza xərci Cavabdeh2 tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22 saylı hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar