Məhkəmə qərarları › İş №e-2-2(115)-21/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-21/2025

11.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-21/2025 11.02.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, İddiaçı "Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC BOKT ilə Cavabdeh arasında bağlanmış 30 aprel 2019-cu il tarixli 25/19-ky saylı kredit müqaviləsi üzrə 8000 manat əsas borcun, 6988,87 manat faiz borcunun, cəmi 14988,87 manat borc məbləğinin cavabdehdən tutulması, Cavabdeh mülkiyyətində olan Bərdə rayonu, Qazaxlar kəndində yerləşən fərdi yaşayış evinin 0,22 ha həyətyanı torpaq sahəsi ilə birlikdə ilkin satış qiymətinin 22000 manat dəyərində müəyyən edilməsi, borc tələbinin ipoteka qoyulmuş Bərdə rayonu, Qazaxlar kəndində yerləşən 0,22 ha həyətyanı torpaq sahəsi ilə birlikdə ümumi sahəsi 118,3 kv.m olan fərdi yaşayış evinə yönəltməklə həmin əmlakın açıq hərraca çıxarılaraq satılması hesabına 14988,87 manat məbləğin və ödənilmiş 205 manat mediasiya xərcinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC BOKT-un Bərdə filialı ilə Cavabdeh arasında bağlanmış 30 aprel 2019-cu il tarixli 25/19-ky saylı kredit müqaviləsinə əsasən Cavabdeh illik 20%-lə 30 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Müqavilə üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh məxsus olan Bərdə rayonu, Qazaxlar kəndində yerləşən ümumi sahəsi 118,3 kv.m olan fərdi yaşayış evi 0,22 ha həyətyanı torpaq sahəsi ilə birlikdə ipoteka qoyulmuş və bununla bağlı İddiaçı QSC BOKT-un Bərdə filialı ilə ipoteka qoyan arasında 02 may 2019-cu il tarixli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiqlənmiş və dövlət qeydiyyatına alınmışdır. Cavabdeh ilə bağlanmış kredit müqaviləsinə əsasən, borcalan krediti və ona hesablanmış faizləri həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəmə cədvəlinə müvafiq olaraq ödənilməsini öhdəsinə götürür. İpoteka müqaviləsinin 2.3-cü bəndinə əsasən tərəflər arasında ipoteka əmlakının razılaşdırılmış dəyəri 22000 manat müəyyən edilir. Cavabdeh kredit müqaviləsi üzrə əsas borcu 8000 manat, faiz borcu 6988,87 manat olmaqla, cəmi borcu 14988,87 manat təşkil edir. Məhkəmənin hazırlıq iclasında iştirak edən İddiaçı QSC BOKT-un nümayəndəsi X2 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, iddiaçı ilə kredit müqaviləsi bağlamışdır. Müqavilə üzrə 2000 manat əsas borcdan ödəmiş, 6 ay da faiz borcunu ödəmişdir. Maddi vəziyyəti ilə bağlı borcunu ödəyə bilməmişdir. İş üzrə mühasibatlıq ekspertizasının rəyi ilə razıdır, habelə qiymətləndirmə rəyi ilə bağlı etirazı yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya və cavabdehə məlumat verilmiş, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı da məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh ilə İddiaçı Səhmdar Kredit Təşkilatı arasında bağlanan 30 aprel 2019-cu il tarixli 25/19-ky saylı kredit müqaviləsindən görünür ki, ona ətlik maldarlığın inkişafı məqsədi ilə illik faiz dərəcəsi 20% olmaqla 30 ay müddətinə 10000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 12 may 2019-cu il tarixli sonrakı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh mülkiyyətində olan Bərdə rayonu, Qazaxlar kəndində yerləşən ümumi sahəsi 118,3 kv.m olan fərdi yaşayış evinin 0,22 ha həyətyanı torpaq sahəsi ilə birlikdə iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir və tərəflərin razılığına əsasən ipoteka predmetinin dəyəri 22000 manat müəyyən edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh mülkiyyətində olan Bərdə rayonu, Qazaxlar kəndində yerləşən fərdi yaşayış evi 0,22 ha həyətyanı torpaq sahəsi ilə birlikdə bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan xəbərdarlıq məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 06 dekabr 2024-cü il tarixli rəyindən görünür ki, Cavabdeh mülkiyyətində olan Bərdə rayonu, Qazaxlar kəndində yerləşən fərdi yaşayış evinin 0,22 ha həyətyanı torpaq sahəsi ilə birlikdə bazar dəyəri 35000 manat, likvid dəyəri 25000 manat müəyyən edilmişdir. Tədqiqatın dəyəri isə 300 manat təşkil etmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 22 iyul 2024-cü il tarixli 9/2572 saylı rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 30 aprel 2019-cu il tarixli 25/19-ky saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh İddiaçı ASC-yə xx.xx.2021-ci il tarixə borcu 10921,15 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 7992,40 manat, faiz borcu üzrə 2928,75 manat müəyyən edilmişdir. Xidmət haqqı 100 manat qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin xx.xx.2023-cü il tarixədək qüvvədə olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin xx.xx.2023-cü il tarixədək qüvvədə olan 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, Cavabdeh ilə İddiaçı Səhmdar Kredit Təşkilatı arasında 30 aprel 2019-cu il tarixli kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən ona ətlik maldarlığın inkişafı məqsədi ilə illik faiz dərəcəsi 20% olmaqla 30 ay müddətinə 10000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İddiaçı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, cavabdeh isə kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. İddiaçı iddia tələbində 8000 manat əsas borcun, 6988,87 manat faiz borcunun cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin rəyi ilə əsas borc məbləğinin 7992,40 manat, faiz borc məbləğinin 2928,75 manat təşkil etməsi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə ekspert rəyi ilə müəyyən edilmiş əsas borc və faiz borcun tutulmasını qanuni və əsaslı hesab edir. Ona görə də tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən 7992,40 manat əsas borc, 2928,75 manat faiz borcu olmaqla 10921,15 manat borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1 maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. İş materiallarında olan bildiriş məktubundan görünür ki, iddiaçı cavabdehə kredit müqavilələri üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan fərdi yaşayış evinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, tələb üzrə tutma cavabdehin mülkiyyətində olan Bərdə rayonu, Qazaxlar kəndində yerləşən 0,22 ha həyətyanı torpaq sahəsi ilə birlikdə ümumi sahəsi 118,3 kv.m olan fərdi yaşayış evinə yönəldilməli, həmin fərdi yaşayış evi açıq hərracdan satılmalı, fərdi yaşayış evinin ilkin satış qiyməti 25000 manat həddində müəyyən edilməli, açıq hərrac keçirildikdən və əmlak satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçıya ödənilməli, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ cavabdehə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan mediasiya sessiyasında iştirak edilməməsi ilə bağlı arayışdan görünür ki, iddiaçı tərəfindən 205 manat mediasiya ödənişi edilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 205 manat mediasiya ödənişi da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı mediasiya ödənişi etdiyindən dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Ona görə də cavabdehdən 122,76 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa iş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 300 manat ekspertiza xərci cavabdehdən tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 100 manat ekspertiza xərci cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Səhmdar Kredit Təşkilatı ilə Cavabdeh arasında bağlanmış 30 aprel 2019-cu il tarixli 25/19-ky saylı kredit müqaviləsinə əsasən 7992 manat 40 qəpik əsas borc, 2928 manat 75 qəpik faiz borcu olmaqla, cəmi 10921 (on min doqquz yüz iyirmi bir) manat 15 (on beş) qəpik borc və 205 (iki yüz beş) manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilsin. Tələb üzrə tutma Cavabdeh mülkiyyətində olan Bərdə rayonu, Qazaxlar kəndində yerləşən 0,22 ha həyətyanı torpaq sahəsi ilə birlikdə ümumi sahəsi 118,3 kv.m olan fərdi yaşayış evinə yönəldilsin. Həmin fərdi yaşayış evi açıq hərracdan satılsın və fərdi yaşayış evinin ilkin satış qiyməti 25000 (iyirmi beş min) manat həddində müəyyən edilsin. Açıq hərrac keçirildikdən və əmlak satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı Qapalı Səhimdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılsın. İş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 300 (üç yüz) manat ekspertiza xərci Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına (M/h:AZ03NABZ********************, "xxxx" ASC-nin Abşeron filialı, Kod:805539, VÖEN: **********, S.W.İ.F.T.BİC:İBAZAZ2X, H/h: AZ52İBAZ********************) ödənilsin. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilsin. Cavabdeh 122 (bir yüz iyirmi iki) manat 76 (yetmiş altı) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar