Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-210/2021 03.06.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, iddiaçı X4 nümayəndəsi Nümayəndə, cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X2 iştirakları ilə İddiaçı X4 cavabdeh “xxxx” ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “xxxx” ASC-nin Nəzarət Departamenti Satışa Nəzarət İdarəsinin 08 dekabr 2020-ci il tarixli, 008371 nömrəli aktına əsasən iddiaçı barədə hesablanmış 8007 manat borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan İddiaçı məhkəməyə ərizə verərək iş üzrə iddiaçının əsl iddiaçı olan X7 ilə əvəz edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 08.12.2020-ci il tarixdə obyektində “xxxx” ASC-nin əməkdaşları tərəfindən yoxlama aparılmışdır. Yoxlamaya əsasən akt tərtib edilmişdir.Aktda göstərilir ki, EEİQ-na uyğun olaraq baxış keçirilən zaman məlum oldu ki, obyektə kənar faz xətti daxil olur. Kənar faz xətti ******* nömrəli transformatordan çıxan “SİB” kabel xəttinin üzərinə bərkidilmiş zajim (sıxac) vasitəsilə yer altına salınaraq çəkilmişdir.Akta əsasən ona 337 gün üçün 12 saatlıq iş rejiminə əsasən 8007 manat cərimə kəsilmiş və mülkiyyətində olan kafeyə elektrik verilişi dayandırılmışdır.Düzdür, kənar xətt olmuşdur. Ancaq,kənar xəttə görə bu qədər borcun hesablanması qeyrimümkündür.Kənar xətt 2020-ci il oktyabr ayının əvvəlində çəkilmişdir.Həmin xətlə yalnız 1 ədəd kondinsioner, 2 ədəd soyuducu və 10 ədəd kiçik həcmli elektrik lampaları işləyirdi. Həmin xəttin 2020-ci ilin oktyabr ayında çəkilməsinə dair əyani sübutu 2020-ci il üçün istehlak etdiyi elektrik enerjisinə görə ödədiyi məbləğlərlə bağlı ödəniş qrafikidir.Həmin qrafikdə 2020-ci ilin yanvar ayı üçün aylıq sərfiyyat- 666.45, Fevral ayı üçün- 1261.01, Mart ayı üçün - 670.44 , May ayı üçün - 234.24, İyun ayı üçün -465.97, Avqust ayı üçün - 144.02, Sentyabr ayı üçün- 729.93, Oktyabr ayı üçün-319.86, Noyabr ayı üçün 204.55 manat olmuşdur. Odur ki, cavabdeh “xxxx” ASC tərəfindən əsassız hesablanmış 8007 manat məbləğində borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, kənar xətt mövcud olmuşdur, lakin akta əsasən 337 gün üçün 12 saatlıq iş rejiminə əsasən 8007 manat borc hesablanmış və bu məbləğ əsassızdır. Odur ki,iddia tələbənin təmin edilməsini xahiş etmişdir. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, “xxxx” ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus olan obyektə quraşdırılmış sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, sayğaca sxemdən kənar xətt vardır, bu barədə akt tərtib edilərək hesabat aparılmış və 8007 manat borc hesablanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək bildirmişdir ki, o, “xxxx” ASC-nin Nəzarət Departamenti Satışa Nəzarət İdarəsinin mühəndisidir. Transformatora baxış zamanı kənar xəttin olduğunu aşkarlayaraq, həmin xətti qazaraq adı çəkilən obyektə gedib çıxıblar.Obyekt sahibi kənar xəttin olduğunu etiraf etmişdir. Məhkəmə işin hallarını, iddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən hesab edir ki,iddia tələbi qismən təmin edilməlidir. İş materialalrında olan: 08 dekabr 2020-ci il tarixli, 008371 nömrəli aktın surətindən görünür ki, X6 məxsus obyektdə olan sayğaca baxış keçirən zaman sayğac sxemində əlavə xəttin olması qeyd edilmişdir. 08 dekabr 2020-ci il tarixli texniki sahə üzrə tələblərə dair icra vərəqəsinin qərar hissəsindən görünür ki, sərfiyyat olaraq 22 kvt x 12 saat x 337 gün= 88968 kvts qeyd edilmiş və tarif 0.09 manat olmaqla 8007 manat borc hesablanmışdır. Mübahisənin qanuni həlli üçün ən mühüm məsələlərdən biri də odur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı 02.02.2005-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «X1 Qaydalarının» 8.17-ci maddəsinə əsasən, istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Yuxarıda qeyd edildiyi kimi Gəncə şəhərində yerləşən “Göygöl” şənlik evinə dair cavabdehin tərtib etdiyi 08 dekabr 2020-ci il tarixli texniki sahə üzrə tələblərə dair icra vərəqəsinin qərar hissəsindən göstərilir ki, sərfiyyat olaraq 22kvt x 12 saat x 337 gün= 88968 kvts qeyd edilmiş və tarif 0.09 manat olmaqla 8007 manat borc hesablanmışdır. Məhkəmə bu hesablamanı obyektiv və ədalətli hesab etmir. Ən başlıcası odur ki, Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 22 mart 2020-ci ildən etibarən Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən kafe, restoran, çay evi, İnternet klub və digər ictimai iaşə müəssisələrinin iş saatları 09:00-dan 15:00-a qədər müəyyən edilmişdir. 4 may 2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində və Naxçıvan Muxtar Respublikasında restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər bərpa olunmuşdur. 15 may tarixində verilən qərara görə 18 may 2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə: restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 18:00-dək bərpa olunmuşdur. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə saat 18:00-dan 08:00dək yerində xidmətin dayandırılması qərara alınmışdır. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 22:00-dək həyata keçirilməsi qərara alınmışdır. Həmçinin toy şənliklərinin və digər kütləvi məclislərin keçirilməsinə pandemiya səbəbindən hal-hazıra qədər də icazə verilmir. Bütün bunları bilə-bilə “xxxx” ASC-nin əməkdaşları tərəfindən Gəncə şəhərində yerləşən “Göygöl” şənlik evinə 08 dekabr 2020-ci il tarixə hesablama aparılarkən 337 gün və 12 saatlıq iş vaxtı əsas götürülmüşdür. Bu cür hesablama qanunçuluq, ədalətlilik, obyektivlik məqsəd və prinsiplərinə ziddir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunu 4.2.1-ci maddəsinə əsasən qanunçuluq, ədalətlilik, obyektivlik, aşkarlıq və hesabatlılıq yoxlamaların məqsəd və prinsipləridir. Cavabdeh tərəfindən yoxlama həyata keçirilən zaman qanunvericiliyin bu prinsiplərinə əməl edilməmişdir. Həmçinin, hüquqdan sui-istifadə yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə mövcud pozuntunu, sahibkarın fəaliyyət göstərmək imkanını nəzərə alaraq belə nəticəyə gəlir ki, mövcud pozuntuya əsasən obyektin real iş vaxtı maksimum 8 saat, iş günü isə 60 gün olaraq müəyyənləşdirilməsi və aylıq sərfiyyatlara uyğun qaydada 950,40 manat borcun hesablanması ədalətli və obyektiv sayılır. Həmin məbləğdən artıq olan 7056,60 (yeddi min əlli altı manat altmış qəpik) manat hesablama mövcud vəziyyətə, həmçinin qanunvericiliyin norma və prinsiplərinə uyğun sayılmır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 36.9-cu maddəsinə əsasən, istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. 54.1-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh “xxxx” ASC-nin 08 dekabr 2020-ci il tarixli 008371 nömrəli aktına əsasən hesablanmış 7056,60 (yeddi min əlli altı manat altmış qəpik) manat borc X4 (“Göygöl” şənlik evinin )abonent hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-210/2021
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-210/2021
03.06.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver