Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-2116/2022 15.11.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Firmasına qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cəmi 22320,38 manat, bundan 7460,71 manat əsas, 1630,24 manat faiz, 12122,87 manat cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1106,56 manat faiz borcunun və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat məbləğində mediasiyaya dair xərcin və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 135 manat rüsumun Cavabdeh2 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 firmasına məxsus olan Bərdə şəhəri, Nizami küçəsində yerləşən ümumi sahəsi 51.4 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış sahəsinə yönəldilməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin (likvid dəyərinin) müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin qeyri yaşayış sahəsinin boşaldılaraq, ləğv prosesində olan "xxxx" ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Bərdə filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 30/34-SKMF saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 15000 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2011-ci il tarixli MA seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 firmasına məxsus Bərdə şəhəri Nizami küçəsində yerləşən ümumi sahəsi 51.4 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış sahəsi ipotekaya qoyulmuşdur. Qeyri-yaşayış sahəsinin ipoteka qoyulması barədə Bank ilə Cavabdeh1 firması arasında 02 iyun 2015-ci il tarixli 22/34- SME nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə Dövlət notariat kontoru tərəfindən təsdiq edildikdən sonra qeyriyaşayış sahəsinin ipoteka ilə yüklü edilməsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən çıxarış verilmişdir. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********989 saylı 15 iyul 2021-ci il tarixli bidirişin göndərilməsinə baxmayaraq, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. İş üzrə Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı ASC Cavabdeh2 xx.xx.2015-ci il tarixli, 30/34-SKMF saylı kredit müqaviləsinə əsasən 36 ay müddətində verilmiş 15000 manat kredit öhdəliyi üzrə yaranmış cəmi 22320,38 manat borcun, mediasiya və digər xidmətlərlə bağlı ödənilmiş rusümların Cavabdeh2 tutulması, tutmanın ipotekaya yönəldilməsi haqda iddia tələbi müddətin ötürülməsi ilə verilmişdir. Belə ki, iş üzrə mübahisələndirilən kredit müqaviləsi xx.xx.2015-ci ildə bağlanmaqla xx.xx.2018-ci ildə kredit müqaviləsinin qüvvədə olma müddəti başa çatmışdır. İşdə olan sənədlərdən də görünür ki, sonuncu ödəniş cavabdeh tərəfindən 2018-ci ilin avqust ayında edilmişdir. Qanunuvericliklə iddiaçının məhkəməyə kredit müqaviləsi üzrə iddia qaldırmaq üçün nəzərdə tutulmuş 3 illik iddia müddəti 2021-ci ilin avqust ayında başa çatmışdır. İddia müddətinin tətbiqi isə tərəfin məhkəməyə təqdim etdiyi ərizə əsasında tətbiq edilir. Odur ki, İddiaçı ASC Cavabdeh2 qarşı xx.xx.2015-ci il tarixli, 30/34-SKMF saylı kredit müqaviləsinə əsasən yaranmış cəmi 22320,38 manat borcun, mediasiya və digər xidmətlərlə bağlı ödənilmiş rusümların Cavabdeh2 tutulması, tutmanın ipotekaya yönəldilməsi haqda iddia tələbi iddia müddətinin ötürülməsi ilə verildiyindən iddia müddətinin tətbiq edilməsini və bu əsasla iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh1 Firması ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətinin tətbiq edilməklə iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia müddətinin tətbiqi ilə bağlı ərizələrə etiraz verərək ərizələrin təmin edilməməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehin iddiaçı tərəfindən hazırkı işlə bağlı iddia ərizəsi ilə aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi müddətin keçməsi əsasına görə iddia müddətinin tətbiq edilməsi barədə dəlilləri qanunsuz və əsassız olmaqla yanaşı məhkəmə tərəfindən mülki işin tam, hərtərəfli və obyektiv araşdırılmasına süni şəkildə maneə yaratmaq məqsədi daşıyır. Bundan əlavə hətta iddia ərizəsinə əlavə edilmiş hesabdan çıxarışda cavabdeh tərəfindən kredit ödənişləri edildiyi də öz əksini tapmışdır. Qeyd edilən hallar cavabdehin həqiqətən öz iradəsi ilə kredit müqaviləsi bağlamasına, müqavilə üzrə öhdəlikləri qəbul etməsinə və iddia ərizəsində qeyd edilən dəlillərin əsaslı olmasına dəlalət edir. Göründüyü kimi Cavabdeh2 kredit ödənişləri etməklə dolayı yolla iddiaçı Banka borcunun olmasını etiraf etmişdir. Müqavilə tələbi üzrə 3 illik iddia müddəti ötürülməmişdir. İddia müddətinin tətbiqi ilə bağlı ərizə cavabdehin mülki məsuliyyətdən, yəni kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin icrasından yayınmaq məqsədi daşıyır. Ona görə də iddia müddətini tətbiqinə dair ərizələr təmin edilməməlidir. Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddianı müdafiə edərək həmin məzmunda izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Hər iki cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq iş yükünün çox olması ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 30/34-SKMF saylı kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Bərdə filialı ilə Cavabdeh2 arasında kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən 110 baş XBM alışı məqsədilə illik faiz dərəcəsi 6% olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan qrafiklə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə Cavabdeh2 15000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 22/34-SME nömrəli ipoteka müqaviləsindən görünür ki, İddiaçı ASC-nin Bərdə filialı ilə Cavabdeh1 firması arasında bağlanmış ipoteka müqaviləsinə əsasən Cavabdeh1 firmasına məxsus Bərdə şəhəri, Nizami küçəsində yerləşən ümumi sahəsi 51.4 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış sahəsi borcalan/ipoteka qoyan tərəfindən kredit müqaviləsinin təminatı kimi kreditora/ipoteka saxlayana ipotekaya vermişdir. İş materiallarında olan xx.xx.2011-ci il tarixli MA seriyalı ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, tam mülkiyyət hüququ Cavabdeh1 firmasına məxsus Bərdə şəhəri, Nizami küçəsində yerləşən torpaq sahəsi 0,0616 hektar olan, ümumi sahəsi isə 51.4 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış sahəsi tərəflər arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi ipotekaya qoyulması qeyd edilən çıxarışla təsdiqlənmişdir. İş materiallarında olan hesabdan çıxarış vərəqindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Bərdə filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 30/34- SKMF saylı kredit müqaviləsi üzrə yaranmış borcundan Cavabdeh2 sonuncu dəfə xx.xx.2018-ci il tarixinində ödəniş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişindən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 135 manat rüsum ödənilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli **********989 nömrəli və xx.xx.2022-ci il tarixli **********480 nömrəli bildirişlərdən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişlər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 9798 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, cavabdehlər ilkin mediasiya sessiyasında iştirak etməmişdir, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması fondu ilkin mediasiya sessiyasında iştirak etmiş və 200 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 379.4-cü maddəsinə əsasən müddətin dayandırılmasına əsas vermiş halın sona çatdığı gündən müddətin axımı davam edir. Müddətin qalan hissəsi altı aya qədər uzadılır, iddia müddəti altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddətinə qədər uzadılır. Həmin Məcəllənin 379.4-1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Həmin Qanunun 32.4.2-ci maddəsinə əsasən bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir. Məhkəmə qeyd edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Bərdə filialı ilə Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış, illik faiz dərəcəsi 6% olmaqla 36 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi İddiaçı ASC-nin Bərdə filialı ilə Cavabdeh1 firması arasında ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixdə başa çatmışdır. Cavabdeh2 sonuncu dəfə xx.xx.2018-ci il tarixində ödəniş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu mediasiya prosesinin tətbiqi barədə xx.xx.2021-ci il tarixdə cavabdehlərə bildiriş göndərmiş, xx.xx.2021-ci il tarixdə isə mediasiya üçün müraciət etmişdir. Mediator tərəfindən xx.xx.2022-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi ilə bağlı arayış verilmişdir. İddia isə xx.xx.2022-ci il tarixdə verilmişdir. Göründüyü kimi, iddiaçı müqavilə tələbləri üzrə 3 illik iddia müddəti ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Belə ki, müqavilə müddəti bitdikdən sonra cavabdeh tərəfindən kredit müqaviləsi üzrə ödəniş xx.xx.2018-ci il tarixdə edilmiş, həmin tarixdən iddia müddətinin axımı başlamış, xx.xx.2021-ci il tarixdə başa çatmışdır. İddiaçı isə iki ay sonra xx.xx.2021-ci il tarixdə mediasiya prosesinin tətbiqi barədə cavabdehlərə bildiriş göndərmiş, xx.xx.2021-ci il tarixdə mediasiya üçün müraciət etmişdir. Mediator tərəfindən xx.xx.2022-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi ilə bağlı arayış verilmişdir. Həmin tarixdən iddia müddətinin axımı davam etmişdir. Buna baxmayaraq iddiaçı mediasiya arayışını aldıqdan səkkiz aydan artıq vaxt keçdikdən sonra məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulan iddia müddəti ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, 3 illik iddia müddətini üzürsüz səbəbdən ötürmüşdür. Cavabdehlər tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı ərizələr verildiyindən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini əsasən QƏT ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Firmasına qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim : Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-2116/2022
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-2116/2022
15.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver