Məhkəmə qərarları › İş №e-2-2(115)-2127/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-2127/2025

19.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-2127/2025 19.12.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, cavabdeh “X5 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “X5 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialına qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında, baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “X5 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialından xidmət müqaviləsinə əsasən 19685,23 manat əsas borc, 1968,52 manat dəbbə pulu və 155 manat dövlət rüsumu olmaqla, ümumilikdə 21808,75 manat məbləğin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X5 Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialı ilə İddiaçı ASC arasında bağlanmış 04 aprel 2024-cü tarixli TXM 04-24/03 saylı müqaviləyə əsasən İddiaçı ASC “X5 Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialı üçün qanuni əsaslarla ona məxsus olan texnika ilə xidmət göstərməyə, sonuncu isə müqavilə üzrə xidmətin müqabilində xidmət haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilədə göstərilən müddət ərzində öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırır və bu günə kimi müqavilə üzrə iddiaçıya 19685,23 manat pul borcludur. Dəfələrlə cavabdehlə razılığa gəlmək istəsələr də hər dəfə müxtəlif bəhanələr gətirərək öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırır. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin əsas borcun ödənilməsi hissəsində təmin edilməsi, dəbbə pulu və dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçıya ödənilməsi hissəsində əsassız olduğunu nəzərə alaraq həmin hissədə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, “X5 Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialı ilə İddiaçı ASC arasında 04 aprel 2024-cü il tarixdə xidmət müqaviləsi imzalanmış və qarşılıqlı əməkdaşlığa başlanılmışdır. Müqavilənin 1-ci bəndinə əsasən, icraçı müqavilə əlavələri ilə tənzimlənən şərtlər əsasında, özünə məxsus texnika ilə sifarişçi tərəfindən təqdim olunan layihəyə uyğun olaraq, Xudafərin-Qubadlı- Laçın və Xanlıq-Qubadlı ərazisində svay qazma işlərini icra etməyi, sifarişçi isə göstərilən xidmətin dəyərini müqavilə və müvafiq əlavəyə uyğun qaydada ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 5.2-ci yarımbəndinə əsasən, göstərilmiş xidmət və ya onun mərhələsi icraçı tərəfindən sifarişçiyə təqdim olunmuş müvafiq akt əsasında təhvil verilir. Həmin müqavilənin 5.3-cü yarım bəndinə əsasən, icra aktı qarşılıqlı imzalandığı tarixdən 5 iş günü ərzində aktda göstərilmiş məbləğ sifarişçi tərəfindən icraçının hesab fakturasına qarşı bank köçürülməsi yolu ilə ödənilir. İddiaçı ərizəsində müqavilə üzrə yaranan öhdəliklərindən boyun qaçırdıqlarını, müxtəlik bəhanələr gətirərək borcu ödəməkdən yayındıqlarını iddia edir. Bu iddia həqiqətə uyğun deyil. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında dövlət Vergi xidmətinin tələbinə əsasən, ödənişi həyata keçirə bilmələri üçün müvafiq ödəniş sənədlərini əldə etməkləri mütləqdir. Bu sənədlər Vergi ödəyicisi kimi onlardan tələb edilir. Ödəniş edə bilməkləri üçün icraçıdan dəfələrlə, xx.xx.2024-cü il tarixdə sürətli poçt vasitəsilə göndərmiş olduqları, tərəflərindən təsdiq edilmiş 7 nömrəli “X2-Ara Hakedişi” sənədini imzalayıb onlara geri qaytarmaqlarını xahiş etsələr də, icraçı xahişlərinə məhəl qoymamış, təsdiqlənmiş sənədi onalara qaytarmadığı halda, ödəniş etmələrini tələb etmişdir. Sübut qismində əlavə etdikləri əvvəlki 6 ədəd “X2- Ara Hakedişi” sənədlərinə nəzər yetirilsə müvafiq sənədin imzalanmış versiyası onlara çatdırılmadığı halda ödəniş etmədikləri görülər. Ödənişin icra edilməməsinə səbəb iddiaçının hərəkətsizliyidir. “X2-Ara Hakedişi” sənədi təsdiqlənib göndərilmədiyi üçün ödənişi həyata keçirə bilməmişlər. İddiaçının iddia etdiyi kimi, öhdəlilikdən məqsədli şəkildə yayınma halı mövcud deyil. Məhkəmə iclasında iştirak edən iddiaçınının nümayəndəsi Nümayəndə iddia tələbinə uyğun izahat verərək əlavə olaraq göstərdi ki, cavabdeh iddiaçının məlumatı olmadan müqaviləyə 2 saylı əlavə, yəni “Aralıq Haketiş”i əlavə etmişdir, lakin həmin əlavə iddiaçı tərəfindən imzalanmamışdır. İddiaçı cavabdehin təqdim etdiyi sənədi imzalamlı deyil, cavabdeh iddiaçının təqdim etdiyi aktı imzalamalıdır. Təhvil-təslim aktları “Aralıq haketiş”indən əvvəl imzalanmışdır. Sonradan mübahisə yaranmaması üçün iddiaçı təhviltəslim aktlarının imzalanmasını tələb edir. İddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 etiraza uyğun izahat verərək izahatında əlavə olaraq göstərdi ki, iddiaçıya cavabdehin borcu olduğuna etiraz etmir. İddia tələbini qismən qəbul edir, dövlət rüsümu və dəbbə pulunun alınması hissəsində iddianın rədd edilməsini xahiş edir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan texnika ilə xidmət müqaviləsindən görünür ki, “X5 Sanayi və Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı ilə İddiaçı ASC arasında 04 aprel 2024-cü il tarixdə TXM 04-24/03 saylı müqavilə bağlanmış, icraçı müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq əlavədə müəyyən edilən şərtlər əsasında özünə, yəni icraçıya məxsus xüsusi texnikanın vasitəçinin müraciəti əsasında sifarişçinin təqdim etdiyi layihəyə uyğun olaraq Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı ərazisində svay qazma işlərini icra etməyi, sifarişçi isə göstərilən xidmətin dəyərini müqavilə və müvafiq əlavəyə uyğun qaydada ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5.2-ci yarım bəndinə əsasən, göstərilmiş xidmət və ya onun mərhələsi icraçı tərəfindən sifarişçiyə təqdim olunmuş müvafiq akt əsasında təhvil verilir. Həmin müqavilənin 5.3-cü yarım bəndinə əsasən, icra aktı qarşılıqlı imzalandığı tarixdən 5 iş günü ərzində aktda göstərilmiş məbləğ sifarişçi tərəfindən icraçının hesab fakturasına qarşı bank köçürülməsi yolu ilə ödənilir. Həmin müqavilənin 6.5-ci bəndinə əsasən sifarişçi müqavilə üzrə ödənişi gecikdirdiyi halda, hər gecikmə günü üçün ödənişi gecikdirilmiş məbləğin 1 faizi civarında icraçıya cərimə ödəyir. Lakin bu cərimənin ümumi dəyəri ödənişi gecikdirilmiş məbləğin 10 faizindən artıq ola bilməz. İş materiallarında olan malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalardan görünür ki, xx.xx.2024-cü il tarixdə 6564 manat əsas, 1181,52 manat ƏDV olmaqla 7745,52 manat, xx.xx.2024-cü il tarixdə 42888 manat əsas, 7719,84 manat ƏDV olmaqla 50607,84 manat, xx.xx.2024-cü il tarixdə 26940 manat əsas, 4849,20 manat ƏDV olmaqla 31789,20 manat, xx.xx.2024-cü il tarixdə 31920 manat əsas, 5745,60 manat ƏDV olmaqla 37665,60 manat, xx.xx.2024-cü il tarixdə 14880 manat əsas, 2678,40 manat ƏDV olmaqla 17558,40 manat, xx.xx.2024-cü il tarixdə 17568 manat əsas, 3162,24 manat ƏDV olmaqla 20730,24 manat, xx.xx.2025-ci il tarixdə 16682,40 manat əsas, 3002,832 manat ƏDV olmaqla 19685,232 manat dəyərində qaimələr İddiaçı ASC tərəfindən “X5 Sanayi və Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialına göndərilmiş, qaimələr təsdiq edilmişdir. İş materiallarında olan bank köçürmələrinə dair qəbzlərdən görünür ki, “X5 Sanayi və Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı tərəfindən İddiaçı ASC-nin hesabına xx.xx.2024-cü il tarixdə 11764 manat, 2117,52 manat ƏDV, xx.xx.2024-cü il tarixdə 42888 manat, 7719,84 manat ƏDV, xx.xx.2024-cü il tarixdə 26940 manat, 4849,20 manat ƏDV, xx.xx.2024-cü il tarixdə 31920 manat, 5745,60 manat ƏDV, xx.xx.2025-ci il tarixdə 32448 manat, 5840,64 manat ƏDV məbləği köçürülmüşdür. İş materiallarında olan TXM 04-24/03 saylı müqaviləyə 1 saylı əlavələrdən görünür ki, 01 nömrəli “Aralık Hakedişi” sənədinə əsasən əvvəlki hesab 0 manat, aylıq hesab 7745,52 manat, indiyə qədərki hesab 7745,52 manat, 02 nömrəli “Aralık Hakedişi” sənədinə əsasən əvvəlki hesab 7745,52 manat, aylıq hesab 50607,84 manat, indiyə qədərki hesab 58353,36 manat, 03 nömrəli “Aralık Hakedişi” sənədinə əsasən əvvəlki hesab 58353,36 manat, aylıq hesab 31789,20 manat, indiyə qədərki hesab 90142,56 manat, 04 nömrəli “Aralık Hakedişi” sənədinə əsasən əvvəlki hesab 90142,56 manat, aylıq hesab 37665,60 manat, indiyə qədərki hesab 127808,16 manat, 05 nömrəli “Aralık Hakedişi” sənədinə əsasən əvvəlki hesab 127808,16 manat, aylıq hesab 17558,40 manat, indiyə qədərki hesab 145366,56 manat, 06 nömrəli “Aralık Hakedişi” sənədinə əsasən əvvəlki hesab 145366,56 manat, aylıq hesab 20730,24 manat, indiyə qədərki hesab 166096,80 manat, 07 nömrəli “Aralık Hakedişi” sənədinə əsasən əvvəlki hesab 166096,80 manat, aylıq hesab 19685,23 manat, indiyə qədərki hesab 185782,03 manat təşkil etməsi qeyd edilmiş, altı ədəd sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmiş, 07 nömrəli, yəni 19685,23 manat dəyərində olan sənəd imzalanmamış və möhürlənməmişdir. İş materiallarında olan poçt qəbzindən görünür ki, “X5 Sanayi və Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı tərəfindən İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixdə sənəd göndərilmiş, göndərilən sənəd xx.xx.2024-cü il tarxidə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Məhkəmə ilk əvvəl onu qeyd edir ki, tərəflər arasında texnika ilə xidmət müqaviləsi bağlanmış, icraçı sifarişçiyə müqavilədə nəzərdə tutulmuş qaydada xidmət göstərmiş, işlər görmüşdür. Tərəflər görülən işləri, onların həcmi, işlərin dəyərini mübahisələndirməmişlər. Müqavilə üzrə aylıq görülən işin məbləği, əvvəlki və ümumi hesab məbləğinin göstərildiyi “Aralık Hakedişi” sənədləri tərtib edilmişdir. 7 ədəd “Aralık Hakedişi” sənədlərindən 6 ədədi hər iki tərəf, həm icraçı, həm də sifarişçi tərəfindən təsdiq edilmiş, göndərilən elektron qaimələr təsdiq edilərək ödənilmişdir. 1 ədəd sənəd, aylıq hesab 19685,23 manat qeyd edilən 07 nömrəli “Aralık Hakedişi” sənədi təsdiq edilməmişdir. Həmin məbləğlə bağlı icraçı tərəfindən sifarişçiyə xx.xx.2025-ci il tarixdə elektron qaimə göndərilmişdir. İddia tələbində də iddiaçı cavabdehdən əsas borc olaraq 19685,23 manatı tələb edir. Cavabdeh həmin məbləğdə borcu etiraf edir. Tərəflər arasında yaranan mübahisə 07 nömrəli “Aralık Hakedişi” sənədi və xx.xx.2025-ci il tarixli elektron qaimə üzrə cavabdeh tərəfindən ödəniş edilməməsi ilə bağlıdır. Belə ki, 07 nömrəli “Aralık Hakedişi” sənədi poçt vasitəsi ilə iddiaçıya göndərilmiş, lakin iddiaçı tərəfindən təsdiq edilməmişdir. Cavabdeh həmin sənədi iddiaçının təsdiq edib cavabdehə qaytarmadığı üçün pulu köçürə bilmədiklərini bildirmişdir. İddiaçı isə həmin sənədə müqaviləyə əlavə olaraq ikinci sənəd əlavə etdiklərini, iddiaçının isə həmin əlavəni imzalamalı olmadığını, cavabdeh isə 07 nömrəli “Aralık Hakedişi” sənədini əlavə etdikləri əlavə ilə imzalanmalı olduğunu, buna görə ödəniş edə bilmədiklərini bildirmişdir. Məhkəmə qeyd edir ki, tərəflərin izahatları, iş materiallarında olan sübutlarla cavabdehin iddiaçıya 19685,23 manat borcu olması təsdiq edilir. Ona görə də iddiaçı müqavilə üzrə borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır, 19685,23 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidr. Məhkəmə, eyni zamanda iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması icraçının əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, icraçı dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, tərəflərin arasında yaranan mübahisənin məhz sənədləşmə işləri ilə bağlı yaranmasını, ödənişlərin edilməsində cavabdehin qərəzli olmamasını nəzərə alaraq hesab edir ki, 1968,52 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə azaldılaraq 500 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, tərəflər arasında bağlanmış müqavilə üzrə 19685,23 manat əsas borc, 500 manat cərimə borcu olmaqla cəmi 20185,23 manat borc cavabdehdən alınaraq iddiaçıya verilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 155 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 150 manat 56 qəpik dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə “X5 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı arasında bağlanmış 04 aprel 2024-cü il tarixli TXM 04-24/03 saylı texnika ilə xidmət müqaviləsinə əsasən 19685 manat 23 qəpik əsas borc, 500 manat cərimə borcu olmaqla cəmi 20185 (iyirmi min yüz səksən beş) manat 23 (iyirmi üç) qəpik borc, 150 (bir yüz əlli) manat 56 (əlli altı) qəpik dövlət rüsumu, cavabdeh “X5 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialından tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar