Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-2147/2025 17.10.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1,Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik, müqavilədən imtina, iradə ifadəsinin üsulları, dəbbə pulu, gecikdirilmiş faiz borcu) Hakim Məmmədli Əbülfəz Namiq oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra mətndə İddiaçı ASC) cavabdehlər Cavabdeh1,Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, sadələşdirilmiş məhkəmə icraatı qaydasında baxaraq müəyyən etdi. İ. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC cavabdehlər Cavabdeh1,Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 925,67 manat əsas borc, 57,49 manat faiz borcu, 41,5 manat cərimə borcu və xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 10,95 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 1035,61 manat, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 1084,85 manat əsas borc və 23,6 manat faiz borcu, 2,84 manat cərimə borcu və xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 16,5 manat məbləğində əldən çıxmış fayda olmaqla, olmaqla, ümumilikdə cəmi 1127,79 manat məbləğində borcun və 41,63 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnaməqətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli Kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh1 İddiaçı ASC-dən 120 ay müddətinə 50000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2022-ci il tarixli kredit limitinin ayrılmasına dair müqavilənin təminatı olaraq xx.xx.2022-ci il tarixdə Cavabdeh3, xx.xx.2023-cü il tarixdə Cavabdeh4 və xx.xx.2023-cü il tarixdə Cavabdeh2Sarvan oğlu ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 20% faizlə 18 ay müddətinə 30000 AZN kredit götürmüşdür. Cavabdeh1 xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 25% faizlə 24 ay müddətinə 5000 AZN kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2025-ci ilin mayın 23-dək Cavabdeh1 banka xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 925,67 manat əsas borc, 57,49 manat faiz borcu, 82,99 manat cərimə borcu və xx.xx.2025-ci il tarixdən xx.xx.2025ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 10,95 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 1077,1 manat borcu vardır. Cavabdeh1xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 82,99 AZN təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 41,5 AZN məbləğində tələb olunur. 2025-ci ilin mayın 23-dək Cavabdeh1 banka xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 1084,85 manat əsas borc və 23,6 manat faiz borcu, 2,84 manat cərimə borcu və xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 16,5 manat məbləğində əldən çıxmış fayda olmaqla, olmaqla, ümumilikdə cəmi 1127,79 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.
3. Məhkəmə tərəfindən cavabdehlərə iddia ərizəsinə dair yazılı etirazın və etiraza dair sübutların 10 iş günü ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Sübutların tədqiqi
5. Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 28 sentyabr 2022-ci il tarixli 11- MCR-1-1076-22 saylı kredit limitinin ayrılmasına dair razılaşmadan görünür ki, bank tərəfindən Cavabdeh1 120 ay müddətinə, aylıq faiz dərəcəsi 2,50% olmaqla 50.000 manat məbləğində kredit limiti açılmışdır.
6. 28 sentyabr 2022-ci il tarixli kartın təhvil-təslim aktından görünür ki, 4308-xxxxxx- 9998 nömrəli plastik kart bank tərəfindən Cavabdeh1 təhvil verilmişdir.
7. Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 08 sentyabr 2023-cü il tarixli 11- MCR-1-1076-22/4 saylı kredit verilməsinə dair razılaşmadan görünür ki, bank tərəfindən Cavabdeh1 biznes məqsədilə 18 ay müddətinə, faktiki aylıq faiz dərəcəsi 1.67% olmaqla, 30000 manat məbləğində kredit verilmişdir. Müqavilənin 12-ci bəndində əsasən bu müqavilə tərəflər arasında bağlanmış 28 sentyabr 2022-ci il tarixli 11-MCR-1-1076-22 saylı kredit müqavilə əsasında rəsmiləşdirilir və onun ayrılmaz tərkib hissəsi hesab olunur.
8. 08 sentyabr 2023-cü il tarixli kassa məxaric qəbzindən görünür ki, 14564 manat məbləğində pul Cavabdeh1 tərəfindən bankın kassasından təhvil alınmışdır.
9. 08 sentyabr 2023-cü il tarixli 11-MCR-1-1076-22/4 saylı kredit verilməsinə dair razılaşmanın ödəniş planından görünür ki, ilk ödəniş 21 oktyabr 2023-cü il, son ödəniş tarixi isə 08 mart 2025-ci il olmaqla 30000 manat kredit məbləği və 5174,99 manat faiz məbləğinin iddiaçıya hissələrlə ödənilməsi razılaşdırılmışdır.
10. 23 may 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2023cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə banka 925,67 manat əsas, 57,49 manat faiz, 82,99 manat cərimə borcu, ələdən çıxmış fayda (əsas borca hesablanmış 5 faiz) 10,95 olmaqla, cəmi 1077,10 manat borcu vardır.
11. Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 03 fevral 2023-cü il tarixli 11- MCR-1-1076-22/2 saylı kredit verilməsinə dair razılaşmadan görünür ki, bank tərəfindən Cavabdeh1 biznes məqsədilə 24 ay müddətinə, faiz dərəcəsi 25% olmaqla, 5000 manat məbləğində kredit verilmişdir.
12. 23 may 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2023cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə banka 1084,85 manat əsas, 23,60 manat faiz, 2,84 manat cərimə borcu, ələdən çıxmış fayda (əsas borca hesablanmış 5 faiz) 16,50 olmaqla, cəmi 1127,79 manat borcu vardır.
13. Cavabdeh4 ilə İddiaçı ASC arasında bağlanmış 27 mart 2023-cü il tarixli Z/04647/23 saylı zaminlik müqaviləsindən görünür ki, bu müqavilənin predmeti 28 sentyabr 2022-ci il tarixli 11-MCR-1-1076-22 saylı kredit limitinin ayrılmasına dair müqavilə bankdan kredit götürmüş Borcalan tərəfindən Kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir (1.1). Zaminliklə təmin edilmiş kreditləşmənin mənbəyi İddiaçı ASC tərəfindən ayırıldığı vəsaitdir (1.2). Bu Müqavilə ilə aşağıdakı öhdəliklər təmin edilir: 50000 AZN (və ya müvafiq valyuta ekvivalentində) təşkil edən kredit limiti məbləği (qeyd edilən məbləğ Müqavilənin 1.1-ci bəndində qeyd edilmiş Kredit limitinin ayrılmasına dair müqavilə və onun əsasında bağlanan razılaşmalara əsasən Borcalanın Kreditordan aldığı kredit məbləğindən ibarətdir) (2.1.1); 120 (bir yüz iyirmi) ay təşkil edən kredit limitini qaytarılma müddəti (2.1.2); Kredit limiti üzrə aylıq 2.50 (iki tam yüzdə əlli) faizdən çox olmamaqla hesablanacaq məbləğ (2.1.3); Kredit limiti üzrə ödənişlər gecikdirildiyi halda gündəlik 0.20 (sıfır tam yüzdə iyirmi) faizdən çox olmayan gecikdirilmiş ödənişin borc məbləğinə cərimə kimi hesablanacaq məbləğ (2.1.4).
14. Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış 28 sentyabr 2022-ci il tarixli Z/15911/22 saylı zaminlik müqaviləsindən görünür ki, bu müqavilənin predmeti 28 sentyabr 2022-ci il tarixli 11-MCR-1-1076-22 saylı kredit limitinin ayrılmasına dair müqavilə bankdan kredit götürmüş Borcalan tərəfindən Kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir (1.1). Zaminliklə təmin edilmiş kreditləşmənin mənbəyi İddiaçı ASC tərəfindən ayırıldığı vəsaitdir (1.2). Bu Müqavilə ilə aşağıdakı öhdəliklər təmin edilir: 50000 AZN (və ya müvafiq valyuta ekvivalentində) təşkil edən kredit limiti məbləği (qeyd edilən məbləğ Müqavilənin 1.1-ci bəndində qeyd edilmiş Kredit limitinin ayrılmasına dair müqavilə və onun əsasında bağlanan razılaşmalara əsasən Borcalanın Kreditordan aldığı kredit məbləğindən ibarətdir) (2.1.1); 120 (bir yüz iyirmi) ay təşkil edən kredit limitini qaytarılma müddəti (2.1.2); Kredit limiti üzrə aylıq 2.50 (iki tam yüzdə əlli) faizdən çox olmamaqla hesablanacaq məbləğ (2.1.3); Kredit limiti üzrə ödənişlər gecikdirildiyi halda gündəlik 0.20 (sıfır tam yüzdə iyirmi) faizdən çox olmayan gecikdirilmiş ödənişin borc məbləğinə cərimə kimi hesablanacaq məbləğ (2.1.4).
15. Cavabdeh2 Sərvan oğlu ilə İddiaçı ASC arasında bağlanmış 08 sentyabr 2023cü il tarixli Z/15160/22 saylı zaminlik müqaviləsindən görünür ki, bu müqavilənin predmeti 28 sentyabr 2022-ci il tarixli 11-MCR-1-1076-22 saylı kredit limitinin ayrılmasına dair müqavilə bankdan kredit götürmüş Borcalan tərəfindən Kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir (1.1). Zaminliklə təmin edilmiş kreditləşmənin mənbəyi İddiaçı ASC tərəfindən ayırıldığı vəsaitdir (1.2). Bu Müqavilə ilə aşağıdakı öhdəliklər təmin edilir: 50000 AZN (və ya müvafiq valyuta ekvivalentində) təşkil edən kredit limiti məbləği (qeyd edilən məbləğ Müqavilənin 1.1-ci bəndində qeyd edilmiş Kredit limitinin ayrılmasına dair müqavilə və onun əsasında bağlanan razılaşmalara əsasən Borcalanın Kreditordan aldığı kredit məbləğindən ibarətdir) (2.1.1); 120 (bir yüz iyirmi) ay təşkil edən kredit limitini qaytarılma müddəti (2.1.2); Kredit limiti üzrə aylıq 2.50 (iki tam yüzdə əlli) faizdən çox olmamaqla hesablanacaq məbləğ (2.1.3); Kredit limiti üzrə ödənişlər gecikdirildiyi halda gündəlik 0.20 (sıfır tam yüzdə iyirmi) faizdən çox olmayan gecikdirilmiş ödənişin borc məbləğinə cərimə kimi hesablanacaq məbləğ (2.1.4).
16. 23 may 2025-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, borclulara yaranmış borcun 5 gün müddətində tam ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
III. Məhkəmə baxışının hədləri
17. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi
Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 739. Borc müqaviləsi (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada) 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Maddə 743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada)
743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada). Maddə 447. İkitərəfli müqavilələrdə öhdəliklərin icra edilməməsi 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.2. Aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 471. Zaminlik müqaviləsinin forması Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
19. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli Qərarı
Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
20. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018ci il tarixli Qərarı
... tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır... Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Plenumunun Qərarı
Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
V. Məhkəmənin mövqeyi
a) Kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı
22. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
23. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
24. Göründüyü kimi Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.
25. İş materiallarından görünür ki, iddiaçı kredit müqaviləsi üzrə verilmiş qalıq borc məbləğinin (bütünlükdə) geri tələb edilməsini ilk dəfə pretenziya məktubunda ifadə etmiş və həmin məktub Cavabdeh1 23 may 2025-ci il tarixdə göndərilmişdir.
26. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri zamanı həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Mülki hüquqda daxili iradənin ifadə üsulları üç qrupa bölünür: düzünə iradə ifadəsi (şifahi və ya yazılı qaydada); dolayı iradə ifadəsi (konklyudent hərəkətlər) və susmaq nəticəsində iradə ifadəsi. Göründüyü kimi, iradə yalnız verbal nitqlə və ya yazılı qaydada deyil, həmçinin konklyudent hərəkətlərdə də ifadə oluna bilir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 329.3cü maddəsində təsbit edilmişdir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Bu isə onu göstərir ki, kredit münasibətlərində borc verənin kredit müqaviləsi üzrə bütün əsas borc məbləğinin ödənilməsi tələbi barədə iddia ilə məhkəməyə müraciət etməsi müvafiq hallar olduqda (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması) özü-özlüyündə konklyudent hərəkətdə ifadə olunan, borc verənin müqavilənin ləğvinə yönəlik iradə ifadəsidir (şifahi əqd).
27. İş materiallarından görünür ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 08 sentyabr 2023-cü il tarixli kredit razılaşmasının müddəti xx.xx.2025-ci il tarixdə, 03 fevral 2023-cü il tarixli kredit razılaşmasının müddəti isə xx.xx.2025-ci il tarixdə bitmişdir. Belə olan halda iddiaçı yalnız müqavilələrin bitmə tarixinə olan əsas və faiz borclarını tələb edə bilər.
28. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet ödənişlərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
29. 23 may 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2023cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə banka 925,67 manat əsas, 57,49 manat faiz, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə banka 1084,85 manat əsas, 23,60 manat faiz borcu vardır.
30. Belə olan halda məhkəmə hesab edir ki, 08 sentyabr 2023-cü il tarixli kredit verilməsinə dair razılaşma üzrə tutulmalı əsas borc 925,67 manat, faiz borcu isə 57,49 manat, xx.xx.2023-cü il tarixli kredit verilməsinə dair razılaşma üzrə tutulmalı əsas borc 1084,85 manat, faiz borcu isə 23,60 manat müəyyən edilməlidir.
31. Məhkəmə zaminlərə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, onlar kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən kredit məbləğinin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməsi üçün məsuliyyət daşıyır.
b) Kredit müqaviləsi üzrə gecikdirilmiş faiz borcunun tutulması tələbi ilə bağlı
32. İddiaçı, həmçinin, gecikdirilmiş dövr üçün xx.xx.2023-cü il tarixli kredit razılaşması üzrə 10,95 manat, xx.xx.2023-cü il tarixli kredit razılaşması üzrə isə 16,50 manat məbləğində pulun da tutulmasını da xahiş etmiş və qeyd etmişdir ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur.
33. İş materiallarından görünür ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 08 sentyabr 2023-cü il tarixli kredit razılaşmasının müddəti xx.xx.2025-ci il tarixdə, 03 fevral 2023-cü il tarixli kredit razılaşmasının müddəti isə xx.xx.2025-ci il tarixdə bitmişdir.
34. İddiaçı hazırda xx.xx.2023-cü il tarixli kredit razılaşması üzrə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 10,95 manat məbləğində əldən çıxmış faydanın və xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 16,5 manat məbləğində əldən çıxmış faydanın tutulmasını xahiş edir.
35. Belə ki, hazırkı iddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddənin tələbinə görə (zamana görə qüvvədə olan redaksiyasına əsasən) borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi imkanının qarşısının alınmasına yönəlmişdir.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
37. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında göstərilmişdir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər.
38. Məhkəmə yuxarıda istinad olunan normaları və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərini qarşılıqlı təhlil edərək belə qənaətə gəlir ki, hazırki halda iddiaçı xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək deyil, məhz müqaviləyə xitam verildiyi xx.xx.2025-ci il tarixdən pretenziya məktubunun göndərildiyi xx.xx.2025-ci il tarixədək olan faiz borcunu tələb edə bilər.
39. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli kredit razılaşması üzrə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan 2 ay 15 gün üçün faiz məbləği ((illik – 925,67 manat x 5%)=46,28 manat, aylıq – 46,28/12=3,86 manat, günlük – 46,28 manat/365 gün=0,13 manat, cəmi 3,86 manat x 2 ay + 0,13 manat x 15 gün=) 9,67 manat, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan 3 ay 20 gün üçün faiz məbləği ((illik – 1084,85 manat x 5%)=54,24 manat, aylıq – 54,24/12=4,52 manat, günlük – 54,24 manat/365 gün=0,15 manat, cəmi 4,52 manat x 3 ay + 0,15 manat x 20 gün=) 16,56 manat təşkil edəcəkdir.
40. İddiaçı xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 16,5 manat məbləğində əldən çıxmış faydanın tutulmasını xahiş etdiyi üçün məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən iddia tələbindən kənara çıxmayaraq və iddiaçının verdiyi tələb üzrə hesab edir ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış əldən çıxmış fayda 16,5 manat müəyyən edilməlidir.
41. Məhkəmə zaminlərə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, onlar kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış əldən çıxmış faydanın ödənilməsi üçün də məsuliyyət daşıyırlar.
c) Kredit müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı
42. İddia ərizəsində iddiaçı 08 sentyabr 2023-cü il tarixli kreditin verilməsinə dair müqavilə üzrə 41,50 manat, 03 fevral 2023-cü il tarixli kreditin verilməsinə dair müqavilə üzrə isə 2,84 manat cərimənin də cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir.
43. Məhkəmə hesab edir ki, 08 sentyabr 2023-cü il tarixli kreditin verilməsinə dair müqavilə üzrə 41,50 manat, 03 fevral 2023-cü il tarixli kreditin verilməsinə dair müqavilə üzrə isə 16,50 manat məbləğində dəbbə pulu (penya) ağlabatan və ədalətlidir və buna görə də cərimə olaraq 08 sentyabr 2023-cü il tarixli kreditin verilməsinə dair müqavilə üzrə 41,50 manat (əsas borcun 4,48% həcmində), 03 fevral 2023-cü il tarixli kreditin verilməsinə dair müqavilə üzrə isə 2,84 manat (əsas borcun 0,26% həcmində) məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
d) Məhkəmə xərcləri ilə bağlı
44. İddiaçı eləcə də 41,63 manat dövlət rüsumunun cavabdehlərdən tutulmasını xahiş etmişdir.
45. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzi ilə 41,63 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
46. İddia tələbi qismən təmin edildiyindən, lakin rüsum məbləğində heç bir fərq yaranmadığından məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 41,63 manat pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
VI. Məhkəmənin gəldiyi nəticə
47. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 08 sentyabr 2023-cü il tarixli 11-MCR-1-1076-22/4 saylı kredit verilməsinə dair razılaşma üzrə 925,67 manat əsas borc, 57,49 manat faiz borcu, 41,50 manat cərimə borcu və 08 mart 2025-ci il tarixdən 23 may 2025-ci il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 9,67 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 1034,33 manat, 03 fevral 2023-cü il tarixli 11-MCR-1-1076-22/2 saylı kredit verilməsinə dair razılaşma üzrə 1084,85 manat əsas borc, 23,60 manat faiz borcu, 2,84 manat cərimə borcu və 03 fevral 2025-ci il tarixdən 23 may 2025-ci il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 16,5 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 1127,79 manat, ümumilikdə isə 2162,12 manat pul cavabdеhlər Cavabdeh1,Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.
48. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-6 və 360-cı maddələrinə əsasən
QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 08 sentyabr 2023-cü il tarixli 11-MCR-1-1076-22/4 saylı kredit verilməsinə dair razılaşma üzrə 925,67 manat əsas borc, 57,49 manat faiz borcu, 41,50 manat cərimə borcu və 08 mart 2025-ci il tarixdən 23 may 2025-ci il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 9,67 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 1034,33 (bir min otuz dörd manat otuz üç qəpik) manat, 03 fevral 2023-cü il tarixli 11-MCR-1-1076-22/2 saylı kredit verilməsinə dair razılaşma üzrə 1084,85 manat əsas borc, 23,60 manat faiz borcu, 2,84 manat cərimə borcu və 03 fevral 2025-ci il tarixdən 23 may 2025-ci il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 16,5 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 1127,79 (bir min bir yüz iyirmi yeddi manat yetmiş doqquz qəpik) manat, ümumilikdə isə 2162,12 (iki min bir yüz altmış iki manat on iki qəpik) manat pul cavabdеhlər Cavabdeh1,Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 41,63 (qırx bir manat altmış üç qəpik) manat pul cavabdehlər Cavabdeh1,Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Əbülfəz Məmmədli