Məhkəmə qərarları › İş №e-2-2(115)-2152/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-2152/2022

21.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-2152/2022 21.11.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ X5 Seylan oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında imzalanmış 24 fevral 2022-ci il tarixli İ02/22 nömrəli icarə müqaviləsi üzrə yaranmış 776,79 manat icarə haqqı borcu, 38 manat icarə haqqının ödənilməmiş günlərinə görə hesablanmış cərimə və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə 40 manat məbləğində haqqın Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC (bundan sonra - iddiaçı) ilə Cavabdeh (bundan sonra - cavabdeh) arasında 24 fevral 2022-ci il tarixli İ02/22 nömrəli icarə müqaviləsi (bundan sonra - Müqavilə) bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh iddiaçının törəmə müəssisəsi olan “X3 Kompleksi” MMC-nin Tərtər pambıq istehsalı və tədarükü məntəqəsi filialında istehsal sahəsindən kənarda yerləşən sahəsi 24 kv.m. olan qeyri-yaşayış sahəsini 11 ay müddətinə icarəyə götürməyi və aylıq 150 (yüz əlli) manat icarə haqqını İddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə, cavabdeh tərəfindən icarə haqqı ödənilməmiş və nəticədə 776,79 manat icarə haqqı borcu, 38 manat icarə haqqının ödənilməmiş günlərinə görə hesablanmış cərimə olmaqla, ümumilikdə 814,79 manat borc yaranmışdır. cavabdehə 6 iyul 2022-ci il tarixli xx-xx-2022-0312 nömrəli pretenziya məktubu ünvanlanaraq Müqaviləyə 10 iyul 2022-ci il tarixindən birtərəfli qaydada xitam verilmiş və Müqavilə üzrə 30 iyun 2022-ci il tarixə yaranmış 665,19 manat borc məbləğinin ödənilməsi tələb olunmuş, lakin cavabdeh bu günə kimi ödəniş etməmişdir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 24 fevral 2022-ci il tarixli, İ02/22 nömrəli icarə müqaviləsindən görünür ki, icarəyə verən “X3 Kompleksi” MMC-nin Tərtər pambıq istehsalı və tədarükü məntəqəsi filialında istehsal sahəsindən kənarda yerləşən sahəsi 24 kv.m. olan qeyri-yaşayış sahəsini 11 ay müddətinə icarəçiyə icarəyə verir, icarəçi Cavabdeh isə icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci bəndindən görsənir ki, aylıq icarə haqqı 150 manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, icarəyə verən “X3 Kompleksi” MMC-nin Tərtər pambıq istehsalı və tədarükü məntəqəsi filialında istehsal sahəsindən kənarda yerləşən sahəsi 24 kv.m. olan qeyri-yaşayış sahəsini icarəçiyə təhvil verir, icarəçi isə həmin sahəni icarəyə qəbul edir. xx.xx.2022-ci il tarixli 067776 nömrəli elektron qaimədən görünür ki, 24 fevral 2022ci il tarixli icarə müqaviləsinə əsasən fevral ayı üzrə icarə haqqı 26.79 manat, xx.xx.2022ci il tarxli 350632 nömrəli elektron qaiməyə əsasən mart ayı üzrə icarə haqqı 150 manat, xx.xx.2022-ci il tarixli 534976 nömrəli elektron qaiməyə əsasən aprel ayı üzrə icarə haqqı 150 manat, xx.xx.2022-ci il tarixli 186904 nömrəli elektron qaiməyə əsasən may ayı üzrə icarə haqqı 150 manat, xx.xx.2022-ci il tarixli 837728 nömrəli elektron qaiməyə əsasən iyun ayı üzrə icarə haqqı 150 manat, xx.xx.2022-ci il tarixli, 477712 nömrəli elektron qaiməyə əsasən iyul ayı üzrə 150 manat olmaqla cəmi 776.79 manat icarə haqqı və xx.xx.2022-ci il tarixli 480344 nömrəli elektron qaiməyə əsasən ilkin mediasiya xidməti 40 manat təşkil edir. 03 may 2021-ci il tarixli tapşırıq müqaviləsindən görünür ki, müqavilə üzrə vəkalət alan-"xxxx" MMC vəkalət verənin tapşırığı əsasında vəkalət verənin mülkiyyətində olan və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli əlavədə göstərilmiş əmlaklara dair müqavilənin 1.2-ci bəndində nəzərdə tutulmuş xidmətləri göstərməyi, vəkalət verən isə göstərilən xidmətlərin müqabilində vəkalət alana-"xxxx" MMC-yə bu müqavilədə nəzərdə tutulmuş qaydada xidmət haqqını ödəməyi öhdəsinə götürür. İşin faktiki hallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında 24 fevral 2022-ci il tarixli İ02/22 nömrəli icarə müqaviləsinə əsasən 776.79 manat borc yaranmışdır. Cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıqlar göndərilsə də, cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 24 fevral 2022-ci il tarixli, İ02/22 nömrəli icarə müqaviləsi üzrə yaranmış 776.79 (yeddi yüz yetmiş altı manat yetmiş doqquz qəpik) manat icarə haqqı, 10 (on) manat cərimə borcu olmaqla, cəmi 786.79 (yeddi yüz səksən altı manat yetmiş doqquz qəpik) manat məbləğində borc və ödənilmiş 40 (qırx) manat mediasiya xərci Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 24 fevral 2022-ci il tarixli, İ02/22 nömrəli icarə müqaviləsi üzrə yaranmış 776.79 (yeddi yüz yetmiş altı manat yetmiş doqquz qəpik) manat icarə haqqı, 10 (on) manat cərimə borcu olmaqla, cəmi 786.79 (yeddi yüz səksən altı manat yetmiş doqquz qəpik) manat məbləğində borc və ödənilmiş 40 (qırx) manat mediasiya xərci Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar