Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-2174/2025 17.10.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3 Məmməd oğluna, Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik, müqavilədən imtina, iradə ifadəsinin üsulları, dəbbə pulu) Hakim Məmmədli Əbülfəz Namiq oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra mətndə İddiaçı ASC) cavabdehlər Cavabdeh3 Məmməd oğluna, Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, sadələşdirilmiş məhkəmə icraatı qaydasında baxaraq müəyyən etdi. İ. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC cavabdehlər Cavabdeh3 Məmməd oğluna, Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 31 may 2024-cü il tarixli kredit müqaviləsi üzrə 3778,09 manat əsas borc, 333,35 manat faiz borcu və 4,91 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 4116,35 manat borcun və 61,16 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 31 may 2024-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən illik 24 faizlə 24 ay müddətinə 5000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə 31 may 2024-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 19 may 2025-dək Cavabdeh1 banka 31 may 2024cü il tarixli kredit müqaviləsi üzrə 3778,09 manat əsas borc, 333,35 manat faiz borcu və 9.81 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 4121.25 manat borcu vardır. Cavabdeh1 31 may 2024-cü il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 9.81 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 %-ı miqdarında olmaqla, yəni 4.905 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.
3. Məhkəmə tərəfindən cavabdehlərə iddia ərizəsinə dair yazılı etirazın və etiraza dair sübutların 10 iş günü ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Sübutların tədqiqi
5. Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 31 may 2024-cü il tarixli 6-MCR- 1-432-24 saylı kredit limitinin ayrılmasına dair razılaşmadan görünür ki, bank tərəfindən Cavabdeh1 120 ay müddətinə, aylıq faiz dərəcəsi 2,50% olmaqla 20.000 manat məbləğində kredit limiti açılmışdır.
6. Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 31 may 2024-cü il tarixli 6-MCR- 1-432-24/1 saylı kredit verilməsinə dair razılaşmadan görünür ki, bank tərəfindən Cavabdeh1 əsas vəsaitlərin artırılması məqsədilə 24 ay müddətinə, faktiki aylıq faiz dərəcəsi 2% olmaqla, 5000 manat məbləğində kredit verilmişdir. Müqavilənin 4.4-cü bəndində əsasən bu müqavilə tərəflər arasında bağlanmış 31 may 2024-cü il tarixli 6- MCR-1-432-24 saylı kredit müqavilə əsasında rəsmiləşdirilir və onun ayrılmaz tərkib hissəsi hesab olunur.
7. 31 may 2024-cü il tarixli 6-MCR-1-432-24/1 saylı kredit verilməsinə dair razılaşmanın ödəniş planından görünür ki, ilk ödəniş 01 iyul 2024-cü il, son ödəniş tarixi isə 31 may 2026-cı il olmaqla 5000 manat kredit məbləği və 1313,80 manat faiz məbləğinin iddiaçıya hissələrlə ödənilməsi razılaşdırılmışdır.
8. 31.05.2024-cü il tarixli kassa məxaric orderindən görünür ki, 4890 manat məbləğində pul Cavabdeh1 tərəfindən bankın kassasından təhvil alınmışdır.
9. Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 31 may 2024 2024-cü il tarixli Z/09561/24 saylı zaminlik müqaviləsindən görünür ki, bu müqavilənin predmeti 1.2-ci bənddə göstərilən müqavilə üzrə borcalanın bank qarşısında götürdüyü öhdəliklərini tamamilə icra etməsi və ya lazımınca icra etməsi üçün borcalanla birgə qaydada məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürməsidir. (1.1). Bu Zaminlik müqaviləsi üzrə zaminliklə təmin edilən öhdəlik X1 ilə bank arasında bağlanmış 31 may 2024-cü il tarixli 6- MCR-1-432-24 saylı müqavilədən irəli gələn bütün pul tələbləridir (1.2). 20000 manat təşkil edən kredit limiti məbləği (qeyd edilən məbləğ bu Zaminlik müqaviləsinin 1.1-ci bəndində qeyd edilmiş müqavilə və onun əsasında bağlanan müqavilələrə əsasən borcalanın bankdan aldığı kredit məbləğindən ibarətdir) (1.3.1), Kredit limitinin qaytarılma tarixi 120 ay (1.3.2), Kredit limiti üzrə aylıq 2.50 (iki tam yüzdə əlli) faizdən çox olmamaqla hesablanacaq məbləğ (faiz dərəcəsi bank tərəfindən tələb edilə biləcək ən yuxarı faiz dərəcəsini ifadə edir. Bankın bu zaminlik müqaviləsi üzrə faiz borcunun tələbi isə bu zaminlik müqaviləsinin 1.2- ci bəndində qeyd edilmiş müqavilə və onun əsasında bağlanan müqavilələr üzrə razılaşdırılmış tələbdən ibarət olacaqdır) (1.3.3), Kredit limiti üzrə gecikdirmə faizləri: kredit ödənilməsinin gecikdirlməsi halında ödəmələrə Müqavilə nəzərdə tutlan faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanan məbləğdən çox olmayan həcmdə(1.3.4).
10. Cavabdeh3 Məmməd oğlu ilə İddiaçı ASC arasında bağlanmış 31 may 2024-cü il tarixli Z/09562/24 saylı zaminlik müqaviləsindən görünür ki, bu müqavilənin predmeti 1.2-ci bənddə göstərilən müqavilə üzrə borcalanın bank qarşısında götürdüyü öhdəliklərini tamamilə icra etməsi və ya lazımınca icra etməsi üçün borcalanla birgə qaydada məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürməsidir. (1.1). Bu Zaminlik müqaviləsi üzrə zaminliklə təmin edilən öhdəlik X1 ilə bank arasında bağlanmış 31 may 2024-cü il tarixli 6- MCR-1-432-24 saylı müqavilədən irəli gələn bütün pul tələbləridir (1.2). 20000 manat təşkil edən kredit limiti məbləği (qeyd edilən məbləğ bu Zaminlik müqaviləsinin 1.1-ci bəndində qeyd edilmiş müqavilə və onun əsasında bağlanan müqavilələrə əsasən borcalanın bankdan aldığı kredit məbləğindən ibarətdir) (1.3.1), Kredit limitinin qaytarılma tarixi 120 ay (1.3.2), Kredit limiti üzrə aylıq 2.50 (iki tam yüzdə əlli) faizdən çox olmamaqla hesablanacaq məbləğ (faiz dərəcəsi bank tərəfindən tələb edilə biləcək ən yuxarı faiz dərəcəsini ifadə edir. Bankın bu zaminlik müqaviləsi üzrə faiz borcunun tələbi isə bu zaminlik müqaviləsinin 1.2- ci bəndində qeyd edilmiş müqavilə və onun əsasında bağlanan müqavilələr üzrə razılaşdırılmış tələbdən ibarət olacaqdır) (1.3.3), Kredit limiti üzrə gecikdirmə faizləri: kredit ödənilməsinin gecikdirlməsi halında ödəmələrə Müqavilə nəzərdə tutlan faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanan məbləğdən çox olmayan həcmdə(1.3.4).
11. 19 may 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə 19 may 2025-ci il tarixə banka 3778,09 manat əsas, 333,35 manat faiz, 9,81 manat cərimə borcu olmaqla, cəmi 4121,25 manat borcu vardır.
12. 19 may 2025-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, borclulara yaranmış borcun 5 gün müddətində tam ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.
III. Məhkəmə baxışının hədləri
13. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi
Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. IV. Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 743. Kredit müqaviləsinin anlayışı (hazırda qüvvədə olan redaksiyada) 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Maddə 745. Kredit müqaviləsinin xüsusiyyətləri (hazırda qüvvədə olan redaksiyada) 745.5. Kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. Maddə 746. İstehlak krediti müqaviləsinin anlayışı (hazırda qüvvədə olan redaksiyada) 746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. 746.3. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə istehlak krediti müqaviləsinə bu Məcəllənin borc müqaviləsi və kredit müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 746-5.2. İstehlak krediti müqaviləsində ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) nəzərdə tutulduqda, həmin faizlərin məbləği istehlak krediti müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə beş faiz bəndi əlavə edilməklə hesablanan məbləğdən çox ola bilməz. Bu halda əlavə dəbbə pulu (cərimə, penya), komissiya və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. Gecikdirilmə faizlərinin hesablanması 180 gündən çox davam edə bilməz. Əgər borcverənə dəyən zərər gecikdirilmə faizlərinin məbləğindən çoxdursa, borcverən istehlakçıdan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Maddə 742. Borcun qaytarılması (hazırda qüvvədə olan redaksiyada) 742.5. Qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: 742.5.1. borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi (o cümlədən müqavilə bağlanılmazdan əvvəl baş vermiş və müqavilə bağlanılan anadək aradan qaldırılmamış pisləşmə borcverənə sonradan məlum olduqda) və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda; 742.5.2. borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla). Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 447. İkitərəfli müqavilələrdə öhdəliklərin icra edilməməsi 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.2. Aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 471. Zaminlik müqaviləsinin forması Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
15. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli Qərarı
Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
16. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018ci il tarixli Qərarı
... tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır... Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur.
V. Məhkəmənin mövqeyi
a) Kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı
17. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
18. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
19. Göründüyü kimi Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.
20. İş materiallarından görünür ki, iddiaçı kredit müqaviləsi üzrə verilmiş qalıq borc məbləğinin (bütünlükdə) geri tələb edilməsini ilk dəfə pretenziya məktubunda ifadə etmiş və həmin məktub Cavabdeh1 19 may 2025-ci il tarixdə göndərilmişdir.
21. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri zamanı həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Mülki hüquqda daxili iradənin ifadə üsulları üç qrupa bölünür: düzünə iradə ifadəsi (şifahi və ya yazılı qaydada); dolayı iradə ifadəsi (konklyudent hərəkətlər) və susmaq nəticəsində iradə ifadəsi. Göründüyü kimi, iradə yalnız verbal nitqlə və ya yazılı qaydada deyil, həmçinin konklyudent hərəkətlərdə də ifadə oluna bilir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 329.3cü maddəsində təsbit edilmişdir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Bu isə onu göstərir ki, kredit münasibətlərində borc verənin kredit müqaviləsi üzrə bütün əsas borc məbləğinin ödənilməsi tələbi barədə iddia ilə məhkəməyə müraciət etməsi müvafiq hallar olduqda (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması) özü-özlüyündə konklyudent hərəkətdə ifadə olunan, borc verənin müqavilənin ləğvinə yönəlik iradə ifadəsidir (şifahi əqd).
22. Belə olan halda, iddiaçının 19 may 2025-ci il tarixdə Cavabdeh1 pretenziya məktubu yollayaraq kredit müqaviləsi üzrə hesablanmış bütün borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və məktubun Cavabdeh1 tərəfindən qəbul edildiyi tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir. İddiaçı həmin tarixədək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Hazırda iddiaçı 19 may 2025-ci il tarixə olan borc məbləğini tələb edir.
23. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet ödənişlərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
24. 19 may 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə 19 may 2025-ci il tarixə banka 3778,09 manat əsas, 333,35 manat faiz, 9,81 manat cərimə borcu olmaqla, cəmi 4121,25 manat borcu vardır.
25. Belə olan halda məhkəmə hesab edir ki, 31 may 2024-cü il tarixli 6-MCR-1- 432-24 saylı kredit verilməsinə dair razılaşma üzrə xx.xx.2025-ci il tarixə tutulmalı əsas borc 3778,09 manat, faiz borcu isə 333,35 manat müəyyən edilməlidir.
26. Məhkəmə zaminlərə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, onlar kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən kredit məbləğinin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməsi üçün məsuliyyət daşıyır.
27. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, 31 may 2024-cü il tarixli kredit müqaviləsi üzrə 3778,09 manat əsas borc və 333,35 manat faiz borcu cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Məmməd oğlundan müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
b) Kredit müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı
28. İddia ərizəsində iddiaçı 4,91 manat cərimənin də cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir.
29. Məhkəmə hesab edir ki, 4,91 manat məbləğində dəbbə pulu (penya) ağlabatan və ədalətlidir və buna görə də cərimə olaraq 4,91 manat məbləğində pul cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Məmməd oğlundan müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
30. Məhkəmə zaminlərə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, onlar kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən kredit məbləğinə hesablanmış cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyır.
c) Məhkəmə xərcləri ilə bağlı
31. İddiaçı eləcə də 61,16 manat dövlət rüsumunun cavabdehlərdən tutulmasını xahiş etmişdir.
32. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzi ilə 61,16 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
33. İddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 61,16 manat pul cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Məmməd oğlundan müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
VI. Məhkəmənin gəldiyi nəticə
34. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh1 arasında 31 may 2024-cü il tarixli 6-MCR-1-432-24 saylı kredit limitinin ayrılmasına dair razılaşma çərçivəsində bağlanmış 31 may 2024-cü il tarixli 6-MCR-1-432- 24/1 saylı kredit verilməsinə dair razılaşma üzrə 3778,09 manat əsas borc, 333,35 manat faiz borcu və 4,91 manat cərimə borcu olmaqla, ümumilikdə 4116,35 manat borc cavabdеhlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Məmməd oğlundan müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
35. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-6 və 360-cı maddələrinə əsasən
QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Yelo Bank” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında 31 may 2024-cü il tarixli 6-MCR-1-432-24 saylı kredit limitinin ayrılmasına dair razılaşma çərçivəsində bağlanmış 31 may 2024-cü il tarixli 6-MCR-1-432-24/1 saylı kredit verilməsinə dair razılaşma üzrə 3778,09 manat əsas borc, 333,35 manat faiz borcu və 4,91 manat cərimə borcu olmaqla, ümumilikdə 4116,35 (dörd min bir yüz on altı manat otuz beş qəpik) manat pul cavabdеhlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Məmməd oğlundan müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 61,16 (altmış bir manat on altı qəpik) manat pul cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Məmməd oğlundan müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Əbülfəz Məmmədli