Məhkəmə qərarları › İş №e-2-2(115)-218/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-218/2023

01.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-218/2023 01.06.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 04 avqust 2015-ci il tarixli 135/15 saylı kredit müqaviləsi üzrə 3705,32 manat əsas borcun, 2116,24 manat faiz borcunun, cəmi 5821,56 manat borc məbləğinin tutularaq iddiaçının xeyrinə ödənilməsi, borc tələbinin Cavabdeh məxsus olan Bərdə rayonu, Bəcirəvan kəndində yerləşən 0,24 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 16000 manat dəyərində müəyyən edilməsi və açıq hərraca çıxarılaraq satılması hesabına borcun və ödənilmiş 100 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Bərdə filialı ilə Cavabdeh arasında bağlanmış 04 avqust 2015-ci il tarixli 135/15 saylı kredit müqaviləsinə əsasən ona heyvandarlığın inkişafı məqsədi ilə illik 6%lə 36 ay müddətinə 8000 manat məbləğində kredit verilmişdir. Müqavilə üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh məxsus olan Bərdə rayonu, Bəcirəvan kəndində yerləşən 0,24 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evi ipoteka qoyulmuş və dövlət qeydiyyatına alınmışdır. İpoteka müqaviləsinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin razılığına əsasən 16000 manat müəyyən edilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, onun kredit təşkilatına 3705,32 əsas borcu, 2116,24 manat faiz borcu yaranmışdır. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı iddia tələbinin həcminin artırılmasına dair xx.xx.2023-cü il tarixdə ərizə verərək, Cavabdeh 3705,32 manat əsas və 2261,16 manat faiz borcu olmaqla, cəmi 5966,48 manat məbləğində borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X3 iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı Səhmdar Kredit Təşkilatının Bərdə filialı ilə Cavabdeh arasında bağlanmış 04 avqust 2015-ci il tarixli 135/15 saylı kredit müqaviləsindən görünür ki, ona heyvandarlığın inkişafı məqsədilə illik faiz dərəcəsi 6% olmaqla, 36 ay müddətinə 8000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 05 avqust 2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə mülkiyyətində olan Bərdə rayonu, Bəcirəvan kəndində 0,24 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 134 kv/m, yaşayış sahəsi 65,5 kv/m, yardımçı sahəsi 68,5 kv/m olan 3 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh mülkiyyətində olan Bərdə rayonu, Bəcirəvan kəndində yerləşən fərdi yaşayış evi 0,24 ha torpaq sahəsi ilə birlikdə İddiaçı Səhmdar Kredit Təşkilatının Bərdə filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bərdə rayonu, Bəcirəvan kəndində yerləşən fərdi yaşayış evi 0,24 ha torpaq sahəsi ilə birlikdə tam mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur. İş materiallarında olan Cavabdeh İddiaçı QSC BOKT-a 08 fevral 2023-cü il tarixə olan əsas və faiz borcunun vəziyyəti barədə məlumat sənədindən görünür ki, onun İddiaçı QSC BOKT-a kredit müqaviləsi üzrə 3705,32 manat əsas borcu, 2261,16 manat faiz borcu olmaqla, cəmi 5966,48 manat məbləğində borcu var. İş materiallarında olan "xxxx" MMC-nin 17 mart 2023-cü il tarixli 02-32/23 nömrəli rəyindən görünür ki, Cavabdeh tam mülkiyyətində olan Bərdə rayonu, Bəcirəvan kəndində yerləşən 0,24 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin hazırkı bazar dəyəri 33000 manat, likvid dəyəri isə 28000 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 mart 2023-cü il tarixli 9/1512 nömrəli rəyindən görünür ki, Cavabdeh 04 avqust 2018-ci il tarixli 135/15 saylı kredit müqaviləsi üzrə banka xx.xx.2018-ci il tarixə 4728,25 manat əsas, 85,11 manat faiz borcu, xx.xx.2019-cu il tarixə isə 3539,90 manat əsas borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, İddiaçı Səhmdar Kredit Təşkilatının Bərdə filialı ilə Cavabdeh arasında 04 avqust 2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən ona heyvandarlığın inkişafı məqsədilə illik 6% olmaqla, 36 ay müddətinə 8000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh mülkiyyətində olan Bərdə rayonu, Bəcirəvan kəndində yerləşən 0,24 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, cavabdeh isə kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. İddiaçı iddia tələbində cavabdehdən 3705,32 manat əsas borc və 2261,16 manat faiz borcunun tutulmasını tələb etmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 mart 2023-cü il tarixli 9/1512 nömrəli məhkəməmühasibatlıq ekspertizası rəyi ilə Cavabdeh 04 avqust 2018-ci il tarixli 135/15 saylı kredit müqaviləsi üzrə banka xx.xx.2018-ci il tarixə 4728,25 manat əsas borc, 85,11 manat faiz borcunun olması müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdehdən iddia tələbində qeyd edilən məbləğdə əsas borc və ekspertiza rəyi ilə müəyyən edilmiş məbləğdə faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1 maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. İş materiallarında olan bildiriş məktubundan görünür ki, iddiaçı cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan yaşayış evinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, tələb üzrə tutma Cavabdeh məxsus Bərdə rayonu, Bəcirəvan kəndində yerləşən 0,24 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə yönəldilməli, həmin fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə açıq hərracdan satılmalı, fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti 28000 manat həddində müəyyən edilməli, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan Gəncə 1 saylı Mediasiya təşkilatı tərəfindən mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmiş, iddiaçının nümayəndəsi tərəfindən 100 manat məbləğində mediasiya xərci ödənildiyi qeyd edilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 100 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumu ödəməkdən azad edilmiş, ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 57 manat 90 qəpik dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 250 manat ekspertiza xərci Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına, məhkəmə-mühasibat ekspertizasının keçirilməsi ilə bağlı 145 manat ekspertiza xərci Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Səhmdar Kredit Təşkilatının Bərdə filialı ilə Cavabdeh arasında bağlanmış 04 avqust 2015-ci il tariхli, 135/15 nömrəli kredit müqaviləsi üzrə 3705 manat 32 qəpik əsas borcu, 85 manat 11 qəpik faiz borcu olmaqla, cəmi 3790 (üç min yeddi yüz doxsan manat) manat 43 (qırx üç) qəpik kredit borcu və ödənilmiş 100 (bir yüz) manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilsin. Tələb üzrə tutma Cavabdeh məxsus Bərdə rayonu, Bəcirəvan kəndində yerləşən 0,24 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə yönəldilsin. Həmin fərdi yaşayış evi 0,24 ha torpaq sahəsi ilə birlikdə açıq hərracdan satılsın. Cavabdeh məxsus olan Bərdə rayonu, Bəcirəvan kəndində yerləşən 0,24 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin ilkin satış qiyməti 28000 (iyirmi səkkiz min) manat həddində müəyyən edilsin. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilsin. İş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 250 (iki yüz əlli) manat ekspertiza xərci Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına ("xxxx" ASC Qara Qarayev filialı, kod 200145, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h: AZ37NABZ********************, VÖEN **********, hesab AZ90AİİB********************) ödənilsin. İş üzrə məhkəmə-mühasibat ekspertizasının keçirilməsi ilə bağlı 145 (yüz qırx beş) manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilsin. Cavabdeh 57 (əlli yeddi) manat 90 (doxsan) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar