Məhkəmə qərarları › İş №e-2-2(115)-2199/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-2199/2022

01.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-2199/2022 01.12.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, Cavabdeh2 (o, həm də "X1 Fermer Təsərrüfati" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisidir) iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "X1 Fermer Təsərrüfati" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı kredit müqaviləsinin, restruktizasiya razılaşmasının ləğv olunması və borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020 il tarixli 5210***- *******01 nömrəli kredit müqaviləsinin və həmin müqaviləyə xx.xx.2021-ci il tarixli 5290***- *******01R nömrəli restrukturizasiya razılaşmasının ləğv olunması; cavabdehlərdən İddiaçı ASC-nin xeyrinə həmin kredit müqaviləsi üzrə 9403.42 manat əsas borcun, 1161.13 manat faiz borcunun, 322.11 manat cərimənin və ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş 200 manat xərcin müştərək qaydada tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağladığı xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə və həmin müqaviləyə xx.xx.2021-ci il tarixli restrukturizasiya razılaşmasına əsasən cavabdeh “X1 Fermer Təsərrüfatı” MMC bankdan xx.xx.2023 ilədək qaytarmaq və illik 25% ödəmək şərti ilə aldığı 15000 manat krediti və ondan istifadəyə görə faizləri müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hər təqvim ayının müvafiq günündə hissəhissə Banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 9403.42 manat əsas, 1161.13 manat faiz, 322.11 manat cərimə borcu vardır. Borcalana və zaminlik müqaviləsinə əsasən onun öhdəliyinə görə bank qarşısında birgə məsuliyyət daşıyan zaminlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 pretenziya göndərilib, lakin cavabdehlər tələbi yerinə yetirməyiblər. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında göstərdi ki, bankdan kredit götürmüş, vaxtlı-vaxtında ödəniş etmişdir. Belə ki, kredit müqaviləsi üzrə 100000 manat pul ödəmişdir. Səhhətində yaranan problemlərlə bağlı ödənişləri etmək üçün maddi imkanı olmamışdır. Dəfələrlə banka müraciət edərək ona köməklik göstərilməsini xahiş etmiş, lakin müraciətlərinin nəticəsi olmamışdır. Ona görə də məhkəmədən ona köməklik göstərilməsini xahiş edir. Digər cavabdehlər Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehlər Cavabdeh3 və Cavabdeh4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 5210***-*******01 saylı kredit müqaviləsindən görünür ki, “X1 Fermer Təsərrüfatı” MMC-nin İddiaçı ASC ilə xx.xx.2020-ci il tarixdə bağladığı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 25% оlmaqla, xx.xx.2022-ci il tarixədək ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 manat məbləğində krеdit götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 5FİZAM177327901, 5FİZAM177328601, 5FİZAM177328901 saylı zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 5290921-**********R saylı restrukturizasiya razılaşmasından görünür ki, kredit borcunun 9403,42 manat olması, faiz borcunun olmaması göstərilmiş, kredit müqaviləsi üzrə faiz dərəcəsi 25%, kreditin son icra müddəti xx.xx.2023-cü il müəyyən edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, “X1 Fermer Təsərrüfatı” MMC xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə banka 9403,42 manat məbləğində krеdit bоrcu, 1161,13 manat məbləğində faiz bоrcu və 322,11 manat məbləğində cərimə borcu olmaqla, cəmi 10886,66 manat məbləğində bоrcunun olması göstərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktublarının surətlərindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, “X1 Fermer Təsərrüfatı” MMC ilə İddiaçı ASC arasında xx.xx.2020-ci il tarixdə kredit müqaviləsi bağlanmış, illik faiz dərəcəsi 25% оlmaqla xx.xx.2022ci il tarixədək ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 manat məbləğində krеdit verilmişdir. xx.xx.2021-ci il tarixli restrukturizasiya razılaşması ilə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə kreditin son icra müddəti xx.xx.2023-cü il müəyyən edilmişdir. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etmiş, kredit məbləğini cavabdehə vermiş, cavabdeh isə kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçıya 9403 manat 42 qəpik kredit borcu, 1161 manat 13 qəpik faiz borcu vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit məbləğini və kreditə hesablanmış faizləri cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehlərin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehlərin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 322 manat 11 qəpik məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə azaldılaraq 100 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, onlar kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən kredit məbləğinin və həmin məbləğə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh "X1 Fermer Təsərrüfati" MMC kredit razılaşması üzrə iddiaçıya olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. "X1 Fermer Təsərrüfati" MMC zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyır. Odur ki, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 29 sentyabr 2021-ci il tarixli restrukturizasiya razılaşması ləğv edilməli, tərəflər arasında bağlanmış 21 avqust 2020-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 9403 manat 42 qəpik kredit borcu, 1161 manat 13 qəpik məbləğində faiz borcu, 100 manat cərimə borcu olmaqla, cəmi 10664 manat 55 qəpik məbləğində borc cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə bildirir ki, İddiaçı ASC ilə "X1 Fermer Təsərrüfati" MMC arasında bağlanmış 21 avqust 2020-ci il tarixli saylı kredit müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. Ona görə də kredit müqaviləsinin ləğv edilməsi ilə bağlı iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan Gəncə şəhəri 1 saylı Mediasiya Təşkilatı tərəfindən "X1 Fermer Təsərrüfati" MMC-nin nümayəndəsinin, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ilkin mediasiya sessiyasında iştirak etmədikləri və İddiaçı ASC-nin nümayəndəsinin ilkin mediasiya sessiyasında iştirak etməsi və onun tərəfindən 200 manat məbləğində mediasiyaya dair ödəniş edildiyi barədə arayış verilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 200 manat mediasiya xərci də cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmnə qeyd edir ki, iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumu ödəməkdən azad edilmiş, ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 122 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə "X1 Fermer Təsərrüfati" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 29 sentyabr 2021-ci il tarixli 5290***-*******01R restrukturizasiya razılaşması ləğv edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə "X1 Fermer Təsərrüfati" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 21 avqust 2020-ci il tarixli 5210***-*******01 saylı kredit müqaviləsi üzrə yaranmış 9403 manat 42 qəpik kredit borcu, 1161 manat 13 qəpik məbləğində faiz borcu, 100 manat cərimə borcu olmaqla, cəmi 10664 manat 55 qəpik məbləğində borc və ödənilmiş 200 manat mediasiya xərci müştərək qaydada cavabdehlər "X1 Fermer Təsərrüfati" Məhdud Məsuliyyətli Cəmiyyətindən, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdehlər "X1 Fermer Təsərrüfati" Məhdud Məsuliyyətli Cəmiyyətindən, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada 122 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar