Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-2216/2022 03.11.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızı, İddiaçı “X1 Olmayan Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, sadələşdirilmiş məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X1 Olmayan Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək kredit müqaviləsinə əsasən yaranmış əsas məbləğ üzrə 3000 manat, faiz üzrə 630,99 manat, cərimə üzrə 62.11 manat olmaqla, ümumilikdə 3963.10 manat borcun və 60 manat həcmində ödənilmiş mediasiya xərcinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, KM/103/5200861/101121 nömrəli kredit müqaviləsinə əsasən borcluya 18 ay müddətinə illik 25% dərəcəsi olmaqla 3000 manat məbləğində kredit verilmişdir. Kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilməli idi. Lakin borclu Cavabdeh3 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Onun iddiaçıya olan əsas borcu 3000 manat, faiz üzrə 630.99 manat, cərimə üzrə 62.11 manat olmaqla, ümumilikdə 3963.10 manat təşkil edir. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə xx.xx.2021-ci il tarixli, ZM/103/5200863/101121 nömrəli və Cavabdeh1 ilə xx.xx.2021-ci il tarixli, ZM/103/5200873/101121 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Cavabdehlərlə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmışdır, lakin cavabdehlər müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 04 oktyabr 2022-ci il tarixli e-2-2(115)- 2216/2022 nömrəli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli KM/103/5200861/101121 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən illik faiz dərəcəsi 25% оlmaqla 18 ay müddətinə 3000 manat məbləğində kredit verilməsi, Cavabdeh3 isə kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavə ilə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ZM/103/5200863/101121 saylı və ZM/103/5200873/101121 saylı zaminlik müqavilələrindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2021-ci il tarixli KM/103/5200861/101121 saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşlər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli PCM-22/0080-1 saylı maliyyə arayışından görünür ki, Cavabdeh3 xx.xx.2021-ci il tarixli KM/103/5200861/101121 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 3000 manat əsas borcu, 630,99 manat faiz borcu, 62,11 manat cərimə borcu olmaqla, cəmi 3963,10 manat borcunun olması qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli PCP-22/0026 nömrəli pretenziya məktubunun surətindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişlər. İş materiallarında olan Gəncə şəhəri 1 saylı Mediasiya Təşkilatı tərəfindən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilkin mediasiya sessiyasında iştirak etmədikləri və "xxxx" QSC-nin nümayəndəsi tərəfindən 60 manat məbləğində mediasiyaya dair ödəniş edildiyi barədə arayış verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Məhkəmə qeyd edir ki, "xxxx" QSC ilə Cavabdeh3 arasında xx.xx.2021-ci il tarixli KM/103/5200861/101121 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh3 illik faiz dərəcəsi 25% оlmaqla 18 ay müddətinə 3000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etmiş, kredit məbləğini cavabdehə vermiş, cavabdeh isə kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında əsas kredit borcu olaraq 3000 manat, faiz borcu olaraq 630,99 manat, cərimə borcu olaraq 62,11 manat məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti və kreditə hesablanmış faizləri və cəriməni cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, onlar kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduqlarından, qeyd edilən kredit məbləğinin və həmin məbləğə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh3 kredit müqaviləsi üzrə iddiaçıya olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh3 zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən, Cavabdeh1 və Cavabdeh2 onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Bundan başqa məhkəmə qeyd edir ki, iş materiallarından, habelə maliyyə arayışından görünür ki, Cavabdeh3 kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 3000 manat əsas borcu, 630,99 manat faiz borcu, 62,11 manat cərimə borcu vardır, lakin iddia ərizəsində qeyd edilən məbləğlərin cəmi 3963,10 manat göstərilmişdir. Halbuki əsas, faiz borcu və cərimənin cəmi 3693,10 təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli KM/103/5200861/101121 saylı kredit müqaviləsi üzrə 3000 manat əsas borc, 630 manat 99 qəpik məbləğində faiz borcu, 62 manat 11 qəpik cərimə borcu olmaqla, cəmi 3693 manat 10 qəpik məbləğində pul və 60 manat mediasiya xərci cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. “X1 Olmayan Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh3 arasında 10 noyabr 2021-ci il tarixdə bağlanmış KM/103/5200861/101121 saylı kredit müqaviləsi üzrə yaranmış 3000 manat əsas borc, 630 manat 99 qəpik məbləğində faiz borcu, 62 manat 11 qəpik cərimə borcu olmaqla, cəmi 3693 manat 10 qəpik məbləğində borc və ödənilmiş 60 manat mediasiya xərci müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq iddiaçı “X1 Olmayan Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-2216/2022
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-2216/2022
03.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver