Məhkəmə qərarları › İş №e-2-2(115)-223/2021

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-223/2021

05.05.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-223/2021 05.05.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi,İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Şəmkir rayonu, Bayramlı Bələdiyyəsinə qarşı pul tələbinə dair iqtisadi mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Şəmkir rayonu, Bayramlı Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, 2006-cı ildən 2020-ci ilədək olan müddətdə bələdiyyənin hesabına artıq ödədiyi 5296 (beş min iki yüz doxsan altı) manat pul məbləğinin və sonradan ərizə verərək cavabdehin hesabına ödədiyi 2480 (iki min dörd yüz səksən) manat borc məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı, 19 aprel 2021-ci ildə məhkəmə baxışı zamanı yazılı ərizə ilə müraciət edərək, məhkəməyə təqdim olunan pul qəbzlərindən əlavə Bayramlı Bələdiyyəsi ona əlavə olaraq 2480 (iki min dörd yüz səksən manat) ödətdirmişdir.Odur ki,ərizəni əvvəlki ərizəyə əlavə kimi qəbul edib, artıq ödənilmiş 5296 (beş min iki yüz doxsan altı) manat artıq puldan əlavə ödənilmiş 2480 (iki min dörd yüz səksən manat) pulun da geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasında aparılan özəlləşdirmə proqramına uyğun olaraq 1999-cu ildə Bayramlı kəndinə aid M.F.Axundov adına savxozun qoyun yatağını iddiaçı tərəfindən özəlləşdirmişdir. O, qohumlarla birlikdə qoyunçuluq təsərrüfatı yaradaraq heyvan saxlamağa başlamışlar .Həmin vaxtdan yatağın ətrafındakı örüş torpaqlarından təyinatı üzrə istifadə edilərək 2000- ci ildə 3 il müddətinə Şəmkir Rayon İcra Hakimiyyəti ilə icarə müqaviləsi bağlanılıb. Həmin icarə müqaviləsi başa çatdıqdan sonra, eyni zamanda Azərbaycanda bələdiyyə qurumları yarandığına görə , həmin torpaq sahələri bələdiyyənin sərəncamına verildiyi üçün qanunvericiliyin tələbinə uyğun olaraq 2004-cü ildə iddiaçı Bayramlı Bələdiyyəsi ilə icarə müqaviləsi bağlamışdır. İcarə müqaviləsi üçün əsas, bələdiyyənin 12 yanvar 2004-cü il tarixli 1 nömrəli protokol qərarı olmuşdur. Həmin protokol qərarına əsasən, bələdiyyənin mülkiyyətində olan, eyni zamanda özəlləşdirdiyi qoyun fermalarının əhatəsində olan 160 hektar torpaq sahəsi 15 il müddətinə ona icarəyə verilmişdir. Həmin icarə müqaviləsinin 3.2 və 3.3 maddəsinə əsasən, icarə haqqının 01 yanvar 2004-cü il tarixindən hesablanması və hər il üçün köhnə Azərbaycan manatı ilə 960000 (doqquz yüz altmış min) manat icarə haqqı ödənilməsi nəzərdə tutulmuşdu. Sonrakı iki il müddətində o həmin məbləğdə icarə haqqı ödəyib. 2006-cı ildən başlayaraq, Azərbaycan Respublikasında milli valyutanın denominasiyası həyata keçirilmişdir.Bununla bağlı Azərbaycan Respublikasının Prezidentinin fərmanı olmuşdur.Həmin fərmana əsasən, yeni manata keçid zamanı l(bir) yeni manat 5000 ( beş min) köhnə manata bərabər tutulmuşdur. Cavabdeh tərəfindən İcarə müqaviləsinin icarə haqqı barədə tələbləri pozulmuşdur Onlar ondan qanunsuz olaraq müqavilədə göstərilən məbləğdən artıq 5296 (beş min iki yüz doxsan altı) manat artıq pul alınmışdırlar. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, bələdiyyə orqanı onun tələb etdiyi haqqı ödəməyəcəyi təqdirdə torpaq sahəsini ondan geri alacağını bildirərək ondan əlavə ödənişlər tələb etmişdir. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, 12 yanvar 2004-cü il tarixdə İddiaçı ilə Şəmkir rayonu, Bayramlı Bələdiyyəsi arasında torpaq icarə müqaviləsi bağlanmışdır. İcrarə müqaviləsinə əsasən 160 ha (yüz altmış) torpaq sahəsi 15 il müddətinə İddiaçı icrəsinə verilmişdir.İcarə müqaviləsinin 3.2-ci bəndinə əsasən İcarə haqqı 01 yanvar 2004-cü il tarixdən hesablanır və 3.3-cü bəndinə əsasən isə icarəçi hər il torpaq vergisi nəzərə alınmaqla 960.000 manat (köhnə pul vahidi ilə) icarə haqqı ödəməyi öhdəsinə götürür. İddiaçı Şəmkir rayonu, Bayramlı Bələdiyyəsinə pretenziya məktubu ilə müraciət edərək 5296 manat pulun əsasız ödənilməsi səbəbindən ona qaytarılmasın xahiş etmiş, əks halda qanunun tələblərinə uyğun olaraq Gəncə Kommersiya Məhkəməsinə Şəmkir rayonu, Bayramlı Bələdiyyəsindən pul tələbinə dair iddia qaldıracağını bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli, «Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında » Fərmanının 1-ci hissəsinə uyğun olaraq yeni manata keçid zamanı 1 (bir) yeni manat 5000( beş min) köhnə manata bərabər tutulmuşdur. Tərəflər arasında bağlanılan icarə müqaviləsinin icarə haqqı köhnə manat ilə 960.000 müəyyən edilmişdir ki, həmin məbləğ yeni manatla 192 (yüz doxsan iki manat) təşkil edir. İş materiallarına əlavə edilən qəbzlərin sürətindən görünür ki, iddiaçı tərəfindən 2004-2006-ci illər ərzində köhnə pul vahidi ilə 1,480,700 manat, yəni 296,14 AZN Şəmkir rayonu, Bayramlı Bələdiyəsinin hesabına ödənilmişdir. İş materiallarına əlavə edilən qəbzlərin sürətindən görünür ki, 2006-ci ildən 2017-ci illədək iddiaçı tərəfindən 7156 manat Şəmkir rayonu, Bayramlı Bələdiyəsinin hesabına ödənilmişdir. Şəmkir rayonu, Bayramlı Bələdiyyəsindən 16.03.2020-ci il tarixdə İddiaçı ünvanlanan məktubdan görünür ki, 15.02.2019-cu il ********* nömrəli qəbzə əsasən Bayramlı Bələdiyyəsi hesabına ödənilən 1700 manat pulun 820 manatı 2016-ci il üçün icarə haqqına, 880 manatı isə 2017 -ci il üçün icarə haqqına köçürülmüşdür. Göründüyü kimi ödəniş 2020-ci ildə olsa da 2016 və 2017-ci illərə aid edilmişdir. Şəmkir rayon Bayramlı Bələdiyyəsindən 23 fevral 2020-ci il tarixində İddiaçı Naib oğluna göndərilən bildirişin məzmunundan görünür ki, illik icarə haqqı 1120 manatdır və kənd sakini İddiaçı Naib oğlunun 2480 manat icarə borcu vardır. Beləliklə, ödəniş sənədlərinin qəbzlərin sürətindən məlum olur ki, iddiaçı tərəfindən 2004-cü ildən 2019-cu ilədək 9152,14 (doqquz min yüz əllli iki manat on dörd qəpik) manat pul Şəmkir rayonu, Bayramlı Bələdiyəsinin hesabına ödənilmişdir. Müqavilə münasibətlərinin davam etdiyi 2021-ci ildə 2489 manat ümumilikdə 11.632 manat ödəniş edilmişdir. Halbuki, iddiaçı və cavabdeh arasında bağlanan müqavilənin şərtlərinə əsasən illik icarə haqqı 192 manat olduğunundan müqavilə müddətinin 15 il olduğunu nəzərə alaraq iddiaçı tərəfindən 2004-cü ildən 2019-cu ilədək ödənilməli olan məbləğ 2880 manat təşkil etməli idi. Hətta gecikmə faizləri hesablandıqda belə 5296 manatdan artıq ödəniş edilmişdir. Məhkəmə iddia tələbindən kənara çıxmağa haqlı olmadığından mübahisəyə iddia tələbi həcmində baxır. Göründüyü kimi Şəmkir rayonu Bayramlı Bələdiyəsi heç bir müqavilə və ya hüquqi əsas olmadan icarəyə götürən şəxsdən müqavilədən müəyyən olunmuş məbləğdən artıq pul vəsaiti tələb edərək almışdır. 10.03.2021-ci il tarixli Azərbaycan Respublikası Mərkəzi Bankı- Hökümət ödəniş Portalının 10.03.2021-ci il tarixli ********* nömrəli qəbzindən görünür ki, 2480 manat məbləğində pul İddiaçı Naib oğlu tərəfindən, Şəmkir rayon Bayramlı Bələdiyyəsinin hesabına köçürülmüşdür. İddiaçının ödəmiş olduğu 2480 manat ödəniş müqavilə müddəti başa çatdıqdan sonra ödənildiyindən və 2019-cu ildən sonrakı dövrə aid edildiyindən müqavilənin şərtlərindən kənara çıxılma kimi qiymətləndirilmir. Odur ki, iddia tələbinə sonradan əlavə edilmiş həmin məbləğ üzrə tələb təmin edilməməlidir. Məhkəmə onu da qeyd edir ki, məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh tərəf ona qarşı sürülən iddianı nə etiraf, nə də təkzib etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddia tələbinə heç bir münasibət bildirməməsi faktiki halın mübahisələndirmək istəyində olmaması kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 417.1-ci maddəsinə müvafiq olaraq,müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. 423.1 -ci maddəsinə müvafiq olaraq, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 421.1-ci maddəsinə müvafiq olaraq, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 560-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 706.1-ci maddəsinə əsasən,torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 710.1-ci maddəsinə əsasən, torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. 719.1-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh Şəmkir rayonu Bayramlı Bələdiyyəsindən 5296 (beş min iki yüz doxsan altı) manat məbləğində pul tutularaq İddiaçı qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar