Məhkəmə qərarları › İş №e-2-2(115)-2247/2024

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-2247/2024

18.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-2247/2024 18.11.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızı, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsinə əsasən əsas borcu üzrə 314,30 manat, faiz borcu üzrə 43,98 manat, dəbbə pulu 155,21 manat olmaqla, cəmi 513,49 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tariхli 2023/00001EQ-4999 nömrəli istehlak krеditi müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə illik 30% hesablanmaq şərti ilə 1200 manat məbləğində krеdit vеrilmişdir. Kredit məbləği cavabdehin bank hesabına köçürülmüşdür. Krеdit müqaviləsi üzrə öhdəliklərin təminatı оlaraq İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tariхli 2023/00001EQ-Z4999 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Ödəniş cədvəli, hesabdan çıxarış və borc haqqında arayışdan da göründüyü kimi cavabdehlər tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan onun tərəfindən kredit müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. İddiaçı BOKT ASC cavabdehlərə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişdir. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 31.1.-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Qeyd olunan normaların müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti, hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir və məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 11-ci bəndində qeyd olunmuşdur ki, MPM-nin 1ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Həmin Qərarının 12-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndində qeyd edilir ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır, birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar. Məhkəmə qeyd edir ki, mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman kommersiya mübahisəsinin subyekti qismində hüquqi şəxslər, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər çıxış edə bilər. Hüquq münasibətlərinin xarakteri baxımından isə kommersiya mübahisəsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmalıdır. İş materiallarında olan İddiaçı BOKT ASC tərəfindən təsdiq edilmiş əsasnamə əsasında fəaliyyət göstərən “Ekspress Qazax” filialı ilə Cavabdeh1 arasında bağlanmış 07 fevral 2023cü il tarixli 2023/00001EQ-4999 saylı kredit müqaviləsindən görünür ki, ona şəxsi məqsədlər üçün illik faiz dərəcəsi 30% olmaqla, 18 ay müddətinə 1200 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə tərəflər sahibkarlıq fəaliyyətini həyata keçirən subyektlər olsalar da, tərəflər arasındakı hüquq münasibətinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı deyildir. Belə ki, Cavabdeh1 krediti sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı deyil, şəxsi məqsədlər üçün götürmüşdür. Ona görə də iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya aidiyyatı üzrə ümumi məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin məhkəmə qeyd edir ki, məhkəmənin qərardadından şikayət verildiyi təqdirdə şikayətə vəkilin orderi əlavə edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 407.4-cü maddəsinə əsasən şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Yuxarıda qeyd edilən Plenum qərarının 9-cu bəndinə əsasən digər qərardadlardan fərqli olaraq Azərbaycan Respublikası MPM-nin 403-1.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsi əsasında şikayətə baxarkən öz qərardadının ləğv edilməməsi barədə qənaətə gəldikdən sonrakı 7 gün ərzində şikayəti xəbərnaməli bildirişlə işdə iştirak edən şəxslərə göndərməli, habelə hər birinə şikayəti aldıqdan sonra 5 gün müddətində kassasiya instansiyası məhkəməsinə etiraz və yaxud izahatlarını göndərmək hüquqlarını izah etməlidir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə müvafiq izah elektron qaydada işdə iştirak edən şəxslərə təqdim olunmalıdır. Yalnız bundan sonra iş kassasiya instansiyası məhkəməsinə göndərilməlidir ki, sonuncunun işə məhkəmə iclası keçirmədən qısaldılmış 10 günlük müddətdə baxma imkanı olsun. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 26, 32, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya aidiyyəti üzrə Qazax Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Hökumət ödəniş portalı vasitəsilə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə (qəbzin nömrəsi:**********) geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar