Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-226/2023 16.05.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə İddiaçı 3 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 3 saylı Ərazi Vergilər İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət mülkiyyətində olan torpaq sahəsindən icarə qaydasında istifadə üzrə yaranmış 650 manat borcun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 və Bərpası Müəssisəsi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqaviləyə əsasən dövlət mülkiyyətində olan 0,5 hektar istirahət-rekrasiya üçün ayrılmış torpaq sahəsi icarə qaydasında Cavabdeh istifadəsinə verilmişdir. İcarə müqaviləsinə əsasən müqavilənin başlanma tarixi xx.xx.2018-ci il göstərilməklə illik icarə haqqının məbləği 0,5 hektar üçün 200 manat müəyyən edilmişdir. 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət qaydasında aparılan təhlillər zamanı müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən icarəyə götürülmüş torpaq sahələrinə görə ümumilikdə 650 manat icarə haqqı ödənilməlidir. Bununla bağlı Cavabdeh xəbərdarlıq məktubu göndərilmişdir. Lakin borclu xəbərdarlıq məktubu ilə tanış olmasına baxmayaraq, yaranmış borcu dövlət büdcəsinə ödəməmişdir. İş üzrə Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, 20 aprel 2018-ci ildə X2 və Bərpası Müəssisəsi ilə onun arasında “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə bağlanmış, müqaviləyə əsasən Qusar meşəbəyliyinin ərazisində olan 0,5 ha torpaq sahəsi ona icarəyə verilsə də, həmin torpaq sahəsi ona təhvil verilməmişdir. Buna görə də həmin torpaq sahəsində onun tərəfindən heç bir infrastruktur inşa edilməmiş və ya hər hansı məqsədlə istifadə olunmamışdır. Qeyd edilən müqavilənin pozulması məqsədilə onun tərəfindən notariat qaydasında təsdiq olunmuş ərizə xx.xx.2022-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim olunmuşdur. Gəncə Kommersiya Məhkəməsinin qərardadına əsasən X3 Təsərrüfatı Mərkəzi iş üzrə iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya və üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər, cavabdeh isə məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan 08 may 2018-ci il tarixli 68 nömrəli “Meşə Fondu sahələrinin elmi tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə edilməsi barədə” müqavilədən görünür ki, Cavabdeh ilə X2 və Bərpası Müəssisəsi arasında 20 aprel 2018-ci il tarixli 05 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh 15 mart 2018-ci il tarixli müraciəti nəzərə alınaraq X2 və X1 meşəbəyliyinin 95 kvartalının 16-cı bölməsindən meşəbərpa tədbirlərinin aparılması nəzərdə tutulmayan meşə ilə örtülü (meşə ilə örtülü olmayan) sahədən 0,5 ha torpaq sahəsi rekrasiya məqsədilə, illik 200 manat icarə haqqı ödənilməsi şərti ilə 10 il müddətinə ona icarəyə verilməsi müəyyən olunmuşdur. İş materiallarında olan şəxsi hesab vərəqəsindən çıxarışdan görünür ki, Cavabdeh dövlət torpaq sahələrinin icarəsi üzrə xx.xx.2022-ci il tarixə 650 manat borc hesablanmışdır. İş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X3 Təsərrüfatı Mərkəzinin 11 aprel 2023-cü il tarixli məktubundan görünür ki, Meşələrin İnkişafı Departamentinin X2 və Bərpası Müəssisəsi ilə Cavabdeh arasında bağlanmış 08 may 2018-ci il tarixli 68 nömrəli müqaviləyə əsasən icarəyə verilməsi nəzərdə tutulan 0,50 ha torpaq sahəsinin Cavabdeh istifadəsinə verilib-verilməməsi, onun tərəfindən müqavilə müddətində istifadə olunub-olunmaması barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə müraciət edilməsi məqsədəmüvafiq hesab edilir. İş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 25 aprel 2023-cü il tarixli 3-14-27/2-156/2023 saylı məktubundan görünür ki, keçmiş Qusar MMBM ilə Cavabdeh arasında turizm-rekreasiya məqsədilə 10 il müddətinə xx.xx.2018-ci il tarixli 68 qeydiyyat nömrəli istifadə müqaviləsi bağlanılmışdır və müqavilə halhazırda qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 18-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpağı icarəyə vermək hüququ mülkiyyətçilərə, onların vəkil etdiyi orqanlara, Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə məxsusdur. Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə torpaqlarını isə bələdiyyələr həyata keçirirlər. Xüsusi mülkiyyətdə olan torpaqların icarəyə verilməsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada mülkiyyətçilər həyata keçirirlər. Həmin Qanunun 20-ci maddəsinə əsasən icarəyə verilən torpaq sahəsini icarə müqaviləsi və torpaq qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada icarəçiyə təhvil vermək icarəyəverənin vəzifəsidir. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh ilə X2 və Bərpası Müəssisəsi arasında 20 aprel 2018-ci il tarixdə müqavilə bağlanmış, həmin müqaviləyə əsasən X2 və X1 meşəbəyliyinin 95 kvartalının 16-cı bölməsində 0,5 ha torpaq sahəsi rekreasiya məqsədilə illik 200 manat icarə haqqı ödənilməsi şərti ilə 10 il müddətinə icarəyə verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 dekabr 2018-ci il tarixli 548 nömrəli qərarı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı təsdiq edilmiş, həmin siyahıya X3 Təsərrüfatı Mərkəzi daxil edilmişdir. Məhkəmə bildirir ki, müqavilənin tərəfi olan X2 və Bərpası Müəssisəsi müqavilənin bağlanmasından bir müddət sonra ləğv edilsə də həmin müəssisənin hüquq və vəzifələri başqa müəssisəyə keçmişdir. Buna baxmayaraq icarəyə verən müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi, yəni icarəyə verilməsi nəzərdə tutulan torpaq sahəsinin ayrılmasına və icarəçinin istifadəsinə təhvil verilməsinə dair öhdəlikləri yerinə yetirməmişdir. Belə olan halda icarəçinin istifadəsində olmayan torpaq sahəsi üzrə icarə haqqının icarəçidən tutulması qanuni və əsaslı hesab edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddiaçı 3 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-226/2023
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-226/2023
16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver