Məhkəmə qərarları › İş №e-2-2(115)-227/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-227/2025

05.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-227/2025 05.02.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının хеyrinə 016R********** saylı krеdit razılaşması üzrə 1828,74 manat krеdit bоrcu, 161,13 manat faiz bоrcu və 39,87 manat cərimə borcu, 016R********** saylı krеdit razılaşması üzrə 8886,24 manat krеdit bоrcu, 842,95 manat faiz bоrcu və 243,48 manat cərimə borcu olmaqla, ümumilikdə 12002,41 manat məbləğində bоrcun, ödənilmiş 126,01 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 016L**********90 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə 150000 manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2023-cü il tarixli 016R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2400 manat kredit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 571,26 manat ödəmiş, onun 1828,74 manat kredit borcu qalmışdır. Kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 109 gün üçün hesablanmış faiz borcu 161,13 manat, cərimə 39,87 manat təşkil edir. Bundan başqa, uzunmüddətli kredit və təminat müqaviləsi Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixli 016R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə,aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 12000 manat kredit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 3113,76 manat ödəmiş, onun 8886,24 manat kredit borcu qalmışdır. Kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 165 gün üçün hesablanmış faiz borcu 842,95 manat, cərimə 243,48 manat təşkil edir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçının nümayəndəsi isə məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 016L**********90 saylı uzunmüddətli kredit və təminat müqaviləsindən görünür ki, ona sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə kreditin faiz dərəcəsinin yuxarı həddi 28% olmaqla, 120 ay müddətinə 150000 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh2 tərəflər arasında bağlanmış uzunmüddətli kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 016R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmadan görünür ki, ona illik faiz dərəcəsi 23% оlmaqla 36 ay müddətinə 12000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 016R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmadan görünür ki, ona illik faiz dərəcəsi 25% оlmaqla 24 ay müddətinə 2400 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan maliyyə arayışlarından görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə banka 8886,24 manat əsas, 842,95 manat faiz və 243,48 manat cərimə borcu olmaqla, ümumilikdə 9972,67 manat, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə isə xx.xx.2024-cü il tarixə banka 1828,74 manat əsas, 161,13 manat faiz və 39,87 manat cərimə borcu olmaqla, ümumilikdə 2029,74 manat borcu vardır. İş materiallarında olan xəbərdarlıq məktublarının surətlərindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, "xxxx" QSC ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli uzunmüddətli kredit və təminat müqaviləsi bağlanmış, müqaviləyə əsasən ona sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə kreditin faiz dərəcəsinin yuxarı həddi 28% olmaqla, 120 ay müddətinə 150000 manat məbləğində kredit xətti açılmışdır. Daha sonra "xxxx" QSC ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma bağlanmış, razılaşmaya əsasən ona illik faiz dərəcəsi 23% оlmaqla 36 ay müddətinə 12000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. Həmçinin "xxxx" QSC ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma bağlanmış, razılaşmaya əsasən ona illik faiz dərəcəsi 25% оlmaqla 24 ay müddətinə 2400 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İddiaçı kredit müqavilələri ilə üzərinə götürdüyü öhdəlikləri icra etmiş, kredit məbləğlərini cavabdehə vermiş, cavabdeh isə kredit müqavilələri ilə üzərinə götürdüyü öhdəlikləri lazimi qaydada icra etməmiş, onun iddiaçıya 16 mart 2023-cü il tarixli krеdit razılaşması üzrə 8886 manat 24 qəpik krеdit bоrcu, 842 manat 95 qəpik faiz bоrcu, 243 manat 48 qəpik cərimə borcu olmaqla cəmi 9972 manat 67 qəpik borc, 29 sentyabr 2023-cü il tarixli krеdit razılaşması üzrə 1828 manat 74 qəpik krеdit bоrcu, 161 manat 13 qəpik faiz bоrcu, 39 manat 87 qəpik cərimə borcu olmaqla cəmi 2029 manat 74 qəpik borc, hər iki müqavilə üzrə 12002 manat 41 qəpik məbləğində borcu vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit məbləğlərini, kreditə hesablanmış faizləri və cəriməni cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda digər Cavabdeh2 mülki məsuliyyətlərini araşdıraraq hesab edir ki, onlar uzunmüddətli kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduqlarından, qeyd edilən kredit məbləğlərinin, həmin məbləğlərə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit razılaşmaları üzrə iddiaçıya olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh1 zaminliklə təmin edilmiş pul öhdəliklərini icra etmədiyindən Cavabdeh2 birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Odur ki, 16 mart 2023-cü il tarixli krеdit razılaşması üzrə 8886 manat 24 qəpik krеdit bоrcu, 842 manat 95 qəpik faiz bоrcu, 243 manat 48 qəpik cərimə borcu olmaqla cəmi 9972 manat 67 qəpik borc, 29 sentyabr 2023-cü il tarixli krеdit razılaşması üzrə 1828 manat 74 qəpik krеdit bоrcu, 161 manat 13 qəpik faiz bоrcu, 39 manat 87 qəpik cərimə borcu olmaqla cəmi 2029 manat 74 qəpik borc, hər iki müqavilə üzrə 12002 manat 41 qəpik məbləğində bоrc cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi üçün 126,01 manat dövlət rüsumu ödənmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 126,01 manat dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 16 mart 2023-cü il tarixli 016R********** saylı krеdit razılaşması üzrə 8886 manat 24 qəpik krеdit bоrcu, 842 manat 95 qəpik faiz bоrcu, 243 manat 48 qəpik cərimə borcu olmaqla cəmi 9972 manat 67 qəpik borc, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 29 sentyabr 2023cü il tarixli 016R********** saylı krеdit razılaşması üzrə 1828 manat 74 qəpik krеdit bоrcu, 161 manat 13 qəpik faiz bоrcu, 39 manat 87 qəpik cərimə borcu olmaqla cəmi 2029 manat 74 qəpik borc, hər iki müqavilə üzrə 12002 (on iki min iki) manat 41 (qırx bir) qəpik məbləğində bоrc və ödənilmiş 126 (bir yüz iyirmi altı) manat 01 (bir) qəpik dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar