Məhkəmə qərarları › İş №e-2-2(115)-2338/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-2338/2022

22.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-2338/2022 22.11.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Məmmədov Rəşad Seylan oğlu İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə elektron qaydada Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası, Şəmkir şəhəri, “Yastı Meşə” ərazisində yerləşən, ümumi sahəsi 1238.02 m2 təşkil edən qeyri-yaşayış binasının icarəyə verilməsi haqqında İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 01 iyun 2021-ci il tarixli, 21/219 №-li müqavilə üzrə əsas borc üzrə ƏDV daxil 2360 manat və dəbbə pulu üzrə 640 manat məbləğində pul vəsaitinin, habelə qanunvericiliklə müəyyən edilmiş dövlət rüsumunun da ehtiva olunduğu 60 manat məbləğində ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın, cəmi ƏDV daxil 3060.00 AZN (üç min altmış Azərbaycan manatı, 00 qəpik)məbləğinin Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra “İddiaçı”, VÖEN: **********) ilə Cavabdeh (bundan sonra C“ avabdeh”, VÖEN: **********) arasında Azərbaycan Respublikası, Şəmkir şəhəri, “Yastı Meşə” ərazisində yerləşən, ümumi sahəsi 1238.02 kv.m. təşkil edən qeyriyaşayış binasının (bundan sonra “İcarəyə Verilən Əmlak(lar)”) icarəyə verilməsi haqqında 01 iyun 2021-ci il tarixli, 21/219 №-li müqavilə (bundan sonra “İcarə Müqaviləsi”) bağlanmışdır. İcarə Müqaviləsinin 3.1-ci bəndinə uyğun olaraq 01 iyun 2021-ci il tarixindən başlayaraq İcarə Müqaviləsinin qüvvədə olduğu müddət ərzində İcarəyə Verilən Əmlak(lar) üçün ƏDV xaric 2,000.00 AZN (iki min Azərbaycan manatı, 00 qəpik) məbləğində aylıq icarə haqqı müəyyən edilmişdir. İcarə Müqaviləsinin 3.2-ci bəndinə əsasən İcarə Müqaviləsinin qüvvədə olduğu müddət ərzində Cavabdeh İcarəyə Verilən Əmlak(lar)da istifadə etdiyi su və çirkab sularının axıdılması, məişət tullantılarının daşınması, təbii qaz, elektrik enerjisi, telefon (beynəlxalq, mobil, şəhərlərarası telefon danışıqları və aylıq abunə haqları), internet xidmətləri və digər kommunal xidmətlərə görə xərclər də daxil olmaqla, bütün kommunal xidmət haqlarının ödənilməsi və ya kompensasiya olunması öhdəliyini daşıyacaq. İcarə Müqaviləsinin 3.5-ci bəndinə əsasən müqavilənin 3.2-ci bəndi ilə Cavabdehə aid edilən xərclər İcarə haqqına daxil deyil və onlar Cavabdeh tərəfindən təyinatı üzrə ayrıca ödənilməlidir. İcarə Müqaviləsinin 3.8-ci bəndinə əsasən icarə haqqını ödəmək öhdəliyi hər cari ayın ilk günündən etibarən yaranır və hansının daha gec baş verməsindən asılı olaraq ya hər cariayın ilk 10 (on) təqvim günü, ya da müvafiq hesab-faktura və/və ya elektron qaiməfaktura təqdim edildikdən sonra 2 (iki) iş günü ərzində həyata keçirilərək, Cavabdeh tərəfindən İddiaçının bank hesabına köçürmə yolu ilə ödənilməlidir. İcarə Müqaviləsinin 5.2.1-ci yarımbəndinə uyğun olaraq İcarə haqqı və Müqavilə üzrə digər ödənişləri hesabfaktura və digər təsdiqedici sənədlər əsasında vaxtında ödəmək Cavabdehin əsas öhdəliyi kimi nəzərdə tutulmuşdur. İcarə Müqaviləsinin 7.2-ci bəndinə əsasən Cavabdeh müqavilə üzrə ödəniş vaxtı çatmış icarə haqqının və ya müqavilədən irəli gələn digər ödənişlərin ödənilməsində yol verilmiş hər gecikmə gününə görə gecikdirilmiş ümumi ödəniş məbləğinin 0,1%-i (sıfır tam onda bir faizi) məbləğində İddiaçıya dəbbə pulu ödəmək öhdəliyini daşıyır. Bununla belə, İcarə Müqaviləsi üzrə ödənişlərin vaxtlı-vaxtında təmin edilməsi barədə Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə və möhlət verilməsinə baxmayaraq (17 noyabr 2021-ci il tarixində FMG-01/21/592 №-li pretenziya bildirişi təqdim edilib). Cavabdeh tərəfindən İcarə Müqaviləsi üzrə ödəniş öhdəliklərinə və şərtlərinə riayət edilməmiş və İddiaçının etibarından, yaxşı niyyətindən sui-istifadə edilərək ona xeyli miqdarda ziyan vurulmuşdur. İcarə Müqaviləsinin 8.6-cı bəndinə əsasən qarşılıqlı razılıq əsasında Tərəflər istənilən vaxt Müqaviləni ləğv edə bilərlər. Tərəflərin qarşılıqlı razılığı ilə İcarə Müqaviləsinə30 sentyabr 2021-ci il tarixində (bundan sonra “Xitam tarixi”) xitam verilmişdir. Tərəflər arasında imzalanmış 10 sentyabr 2021-ci il tarixli xitam razılaşmasının (bundan sonra “Xitam razılaşması”) 2-ci bəndinə əsasən Cavabdeh İcarə Müqaviləsinin şərtlərinə uyğun olaraq İcarəyə Verilən Əmlak(lar)ın İddiaçıya təhvil verildiyi Xitam tarixinədək yerinə yetirməli olduğu bütün öhdəlikləri, o cümlədən İcarə Haqqının və İcarə Müqaviləsində nəzərdə tutulmuş digər ödənişlərin həyata keçirilməsini təmin etməlidir. Xitam razılaşmasının 3-cü bəndinə əsasən Cavabdehin Xitam tarixinədək İcarə Müqaviləsi üzrə İddiaçıya ödəməli olduğu ümumi borcunun ƏDV daxil 2,360.00 AZN (iki min üç yüz altmış Azərbaycan manatı, 00 qəpik) təşkil etməsi təsbit olunmuşdur. Xitam razılaşmasının 4-cü bəndinə uyğun olaraq İcarə Müqaviləsinə xitam verilməsi Cavabdehi İcarə Müqaviləsi üzrə lazımınca yerinə yetirilməmiş öhdəliklərinin icrasından azad etmir. Lakin Cavabdeh xitam razılaşması ilə üzərinə qoyulmuş öhdəliklərin icrasından da yayınmışdır. Mübahisənin məhkəməyə qədər könüllü olaraq həll edilməsinə nail olmaq məqsədilə 17 noyabr 2021-ci il tarixində Cavabdehə yaranmış borc məbləğinin ödənilməsinin təmin edilməsi haqqında İddiaçı tərəfindən FMG-01/21/592 №-li pretenziya bildirişi göndərilmiş və sözügedən borc məbləğinin ödənişinin 5 (beş) iş günü ərzində həyata keçirilməyəcəyi təqdirdə İddiaçının pozulmuş hüquq, maraq və mənafelərinin bərpası hüququndan istifadə edərək, məhkəmə və hüquq-mühafizə orqanlarına müraciət edəcəyi və bu zaman yalnız borc məbləğinin deyil, həm də dəbbə pulu daxil olmaqla, Cavabdehin İddiaçıya vurduğu bütün zərərin əvəzinin ödənilməsinin tələb ediləcəyi bildirilmişdir. Lakin Cavabdeh sözügedən pretenziya bildirişinə də məhəl qoymamış və Xitam tarixindən 1 (bir) ildən artıq bir müddətin keçməsinə baxmayaraq müvafiq borc məbləğinin ödənilməsi istiqamətində heç bir addım atmamışdır. Bununla da, İddiaçı yuxarıda istinad edilən İcarə Müqaviləsinin 7.2-ci bəndində təsbit olunmuş dəbbə pulu tətbiq etmək hüququndan istifadə etməklə əsas borc məbləğindən əlavə 31 iyul 2022-ci il tarixinə kimi (həmin tarix daxil olmaqla) 640.00 AZN (altı yüz qırx Azərbaycan manatı, 00 qəpik) məbləğində dəbbə pulu hesablamışdır və Cavabdeh tərəfindən dəbbə pulu məbləğinin ödənişi əsas borc məbləğinə əlavə olaraq təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh 24 oktyabr 2022-ci il tarixli, e-2-2(115)-2338/2022 nömrəli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İş materillarını nəzərdən keçirdib hesab edirəm ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş icarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh arasında bağlanmış daşınmaz əmlakın icarəyə verilməsi haqqında 01 iyun 2021-ci il tarixli, 21/219 №-li müqavilədən görünür ki, icarəyə verən idarəetmə hüququ əsasında istifadəsində olan Azərbaycan Respublikası, Şəmkir şəhəri, “Yastı Meşə” ərazisində yerləşən, ümumi sahəsi 1238.02 kv.m. təşkil edən qeyri-yaşayış binasını icarəçiyə icarəyə verməyi, icarəçi isə icarəyə verilən əmlakı qəbul edib icarə haqqını bu müqavilə ilə müəyyən olunmuş şərtlərlə icrarəyə verənə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndindən görünür ki, icarə müqaviləsinin qüvvədə olduğu müddət ərzində icarəyə verilən əmlak üçün ƏDV xaric 2000 manat məbləğində aylıq icarə haqqı müəyyən edilmişdir. Həmin müqavilənin 7.2-ci bəndindən görünür ki, icarəçi müqavilə üzrə ödəniş vaxtı çatmış icarə haqqının və müqavilədən irəli gələn ödənişlərin ödənilməsində yol verilmiş hər gecikmə gününə görə gecikdirilmiş ümumi ödəniş məbləğinin 0,1 faizi məbləğində dəbbə pulu ödəyəcəkdir. İş materiallarına əlavə edilmiş elektron qaimələrdən görünür ki, Cavabdeh İddiaçınə ƏDV daxil 9440 manat məbləğində icarə haqqı borcu olmuşdur. İş materiallarına əlavə olunmuş tərəflər arasında bağlanılmış daşınmaz əmlakın icarəyə verilməsi haqqında 01 iyun 2021-ci il tarixli, 21/219 №-li müqaviləyə xitam verilməsi barədə 10 sentyabr 2021-ci il tarixli razılaşmadan görünür ki, icarəçinin xitam tarixinədək icarə müqaviləsi üzrə icarəyə verənə ödəməli olduğu ümumi borcu ƏDV daxil 2360 manat təşkil edir. İş materiallarına əlavə edilmiş xəbərdarlıq məktubundan görünür ki, iddiaçı borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir. İş materillarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan göründüyü kimi Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş və İddiaçı nümayəndəsi X1 ilkin mediasiya sessiyasında iştirak edərək 60 manat mediasiya xərcini ödəmişdir. Belə ki, iş materialları ilə təsdiq olunur ki, Cavabdeh 01 iyun 2021-ci il tarixli, 21/219 №-li daşınmaz əmlakın icarəsi müqaviləsi üzrə ƏDV daxil 2360 manat borcu yaranmış və həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Şərh olunanlara əsasən hesab edirəm ki, iddia qismən təmin edilməli, Cavabdeh 01 iyun 2021-ci il tarixli, 21/219 №-li müqavilə üzrə 2360 manat icarə haqqı və 50 manat məbləğində dəbbə pulu, 60 manat mediasiya xərci olmaqla, cəmi 2470 manat pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat mediasiya xərcini ödədiyi üçün dövlət rüsumunun ödənilməsindən azad edildiyinə görə iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilməli olan 44 manat 10 qəpik məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 50 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 01 iyun 2021-ci il tarixli, 21/219 №-li icarə müqaviləsi üzrə 2360 manat icarə haqqı və 50 manat məbləğində dəbbə pulu, 60 manat mediasiya xərci olmaqla, cəmi 2470 manat pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. 44 manat 10 qəpik məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar