Məhkəmə qərarları › İş №e-2-2(115)-2354/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-2354/2022

13.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-2354/2022 13.12.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh arasnda bağlanmış xx.xx.2021-ci il tarixli 006A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh iddiaçının xeyrinə 1635.92 manat məbləğində kredit bоrcu, 193.96 manat məbləğində faiz bоrcu və 157.4 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 1987 manat 28 qəpik məbləğində bоrcun və ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2021-ci il tarixdə bağladığı 006A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2.1667% оlmaqla 18 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1800 manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Götürdüyü kredit bоrcundan 164.08 manat ödəniş etmiş və оnun iddiaçıya 1635.92 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 166 gün üçün hesablanmış faiz borcu 193.96 manat, cərimə 157.4 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 23 noyabr 2021-ci il tarixli 006A********** saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış kredit müqaviləsinə əsasən 18 ay müddətinə aylıq faiz dərəcəsi 2.1667% olmaqla 1800 manat məbləğində krеdit verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh 23 noyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə banka 1635.92 manat məbləğində krеdit bоrcu, 193.96 manat məbləğində faiz bоrcu və 157.4 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 1987.28 manat məbləğində bоrcunun olması göstərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, Cavabdeh ilə İddiaçı QSC arasında xx.xx.2021-ci il tarixdə kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən 18 ay müddətinə aylıq faiz dərəcəsi 2.1667% olmaqla 1800 manat məbləğində krеdit verilmişdir. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etmiş, kredit məbləğini cavabdehə vermiş, cavabdeh isə kredit razılaşması ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçıya 1635.92 manat kredit borcu, 193.96 manat faiz borcu vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı ödənilməyən verdiyi məbləğini və kreditə hesablanmış faizləri cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 157 manat 40 qəpik məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə azaldılaraq 50 manat məbləğində müəyyən edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi ləğv edilməli, həmin müqavilə üzrə 1635 manat 92 qəpik kredit borcu, 193 manat 96 qəpik məbləğində faiz borcu, 50 manat cərimə borcu olmaqla, cəmi 1879 manat 88 qəpik məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan Gəncə şəhəri 1 saylı Mediasiya Təşkilatı tərəfindən cavabdehin ilkin mediasiya sessiyasında iştirak etmədiyi və iddiaçının nümayəndəsinin ilkin mediasiya sessiyasında iştirak etməsi və onun tərəfindən 60 manat məbləğində mediasiyaya dair ödəniş edildiyi barədə arayış verilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 60 manat mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 23 noyabr 2021-ci il tarixli 006A********** saylı kredit müqaviləsi ləğv edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 23 noyabr 2021-ci il tarixli 006A********** saylı kredit müqaviləsi üzrə yaranmış 1635 manat 92 qəpik kredit borcu, 193 manat 96 qəpik məbləğində faiz borcu, 50 manat cərimə borcu olmaqla, cəmi 1879 manat 88 qəpik məbləğində borc və ödənilmiş 60 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilə Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar