Məhkəmə qərarları › İş №e-2-2(115)-2368/2024

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-2368/2024

10.12.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-2368/2024 10.12.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Məmmədli Əbülfəz Namiq oğlu İddiaçı Cavabdeh ASC-nin “X1 Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “elektrik dirəklərinin götürülməsi” tələbinə dair məhkəməyə daxil olmuş iddia ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq, müəyyən etdi. İddia tələbi

1. İddiaçı Cavabdeh ASC-nin “X1 Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “elektrik dirəklərinin götürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri A.Səhhət və Z.Hacıyev küçəsinin kəsişməsinin Şimal-Qərb hissəsində yerləşən obyektin üzərindən 35/6 kV-luq “Vağzalyanı-1” yarımstansiyasından çıxan 6kV-luq “2-ci Şəhər” hava xəttinin üzərində olan ******* saylı 1600 kVA TM-dən çıxan 0,4kV-luq SİP xətləri keçən elektrik dirəklərinin götürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 149. İddia ərizəsinin forması və məzmunu 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları). Maddə 150. İddia ərizəsinə əlavə edilən sənədlər 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.4. bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd. 150.2. Kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Maddə 151. İddia ərizəsinin mümkünlüyü 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152. İddia ərizəsinin qaytarılması 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.4. kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

Məhkəmənin mövqeyi

3. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır.

4. Məhkəmə qeyd edir ki, iş materiallarına iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin cavabdehə göndərilməsini təsdiq edən hər hansı sənəd əlavə edilməmişdir. Halbuki qanunvericiliyin tələbinə əsasən ərizə və ona əlavə olunmuş sənədlərin alınması haqqında sənəd ərizəyə əlavə olunmalıdır.

5. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş onlayn kargüzarlıqdan çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən cavabdehə yalnız “şikayət” göndərilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin cavabdehə qanunvericiliyin tələbinə uyğun qaydada çatdırılmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə olunmamış və ərizənin məzmunu ilə bağlı tələblər yerinə yetirilməmişdir.

6. Bundan əlavə, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin forma və məzmununa aid tələblər də pozulmuşdur.

7. Belə ki, iddia ərizəsinin 1-ci səhifəsində tərəflər qismində cavabdeh kimi Cavabdeh ASC-nin “X1 Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti qeyd edilsə də, 2-ci səhifədə cavabdeh kimi "xxxx" ASC göstərilmiş, iddia tələbi hissəsində isə qeyri-dəqiqliyə yol verilərək, elektrik dirəklərinin kimin tərəfindən götürülməsini istədiyini (yəni, iddiaçının cavabdeh kimi konkret olaraq kimi nəzərdə tutduğunu) qeyd etməmişdir.

Məhkəmənin gəldiyi nəticə

8. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh ASC-nin “X1 Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “elektrik dirəklərinin götürülməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır.

9. Məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra Mülki Prosessual Məcəllənin hazırda qüvvədə olan müddəalarının tələblərinə riayət etməklə yenidən ümumi qaydada məhkəməyə müraciət edə bilər.

10. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152-ci və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı :

İddiaçı Cavabdeh ASC-nin “X1 Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “elektrik dirəklərinin götürülməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçı təkrarən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar