Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-2369/2024 10.12.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Məmmədli Əbülfəz Namiq oğlu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “pul” tələbinə dair məhkəməyə daxil olmuş iddia ərizəsinin (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq, müəyyən etdi. İddia tələbi
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
Tətbiq edilən hüquq
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 284-4. İşə baxılmasının sadələşdirilmiş qaydasının yolverilməzliyi 284-4.1. Məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından aşağıdakı hallarda imtina edir: 284-4.1.1. bu Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmişdirsə. 284-4.2. Bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. 284-4.3. Ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Maddə 153. İddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa.
Məhkəmənin mövqeyi
3. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1-ci maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina edilməlidir.
4. Belə ki, iddia ərizəsindən və iş materiallarına məhkəmə tərəfindən əlavə edilmiş qərardaddan müəyyən olunur ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərardadı, yəni yekun məhkəmə aktı olmuşdur.
5. Belə ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə (kiçik mübahisələr üzrə iddia ərizəsi) məhkəməyə müraciət etmiş və Gəncə Kommersiya Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli, e-2-2(115)-2325/2024 saylı qərardadı ilə iddia ərizəsinin (kiçik mübahisələr üzrə iddia ərizəsi) icraata qəbulundan imtina edilməsi qərara alınmış və iddiaçıya izah olunmuşdur ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Əlavə olaraq, ödənilmiş 71,81 (yetmiş bir manat səksən bir qəpik) manat məbləğində dövlət rüsumunun da İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə tam qaytarılması qərara alınmış və həmin tarixdə icra olunması üçün Gəncə şəhəri üzrə Maliyyə İdarəsinə göndərilmişdir.
6. İş materiallarından görünür ki, iddiaçı həmin dövlət rüsumlarından istifadə edərək, yenidən məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, qərardad dövlət rüsumuna aid hissədə icra olunduğu halda iddiaçının yenidən həmin qəbzlərlə məhkəməyə müraciət etməsi yolverilməzdir və iddaçının əsassız varlanmasına səbəb ola bilər. Odur ki, iddiaçı ödədiyi dövlət rüsumunu geri aldıqdan sonra sadələşdirilmiş qaydada iddia ərizəsi ilə deyil, iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququna malikdir.
Məhkəmənin gəldiyi nəticə
7. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “pul” tələbinə tələbinə dair iddia ərizəsinin (sadələşdirilmiş icraat) icraata qəbul edilməsindən imtina edilməlidir.
8. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1-ci və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə,
qərara aldı :
İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “pul” tələbinə iddia ərizəsinin (sadələşdirilmiş icraat) icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah edilsin ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz.