Məhkəmə qərarları › İş №e-2-2(115)-2382/2024

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-2382/2024

27.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-2382/2024 27.12.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əmiraslanova Nigar Çingiz qızının katibliyi ilə İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı hərrac xərcinin tutulması tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı hərrac xərcinin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh bank qarşısında götürdükləri kredit öhdəliklərini pozduqları üçün 0.0476 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, yaşayış sahəsi 111.5 kv.m, köməkçi sahəsi 71.3 kv.m-dən ibarət, Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi, Əriklik yaşayış ərazisi sahə B-12 ünvanında yerləşən bağ evinin bankın mülkiyyətinə keçirilməsi ilə bağlı hərrac xərci daxil ümumilikdə 8061 manat 94 qəpik məbləğində vəsaitin (banka vurulmuş maddi ziyanın) və 100 manat 62 qəpik dövlət rüsumunun tutularaq «X1 Azərbaycan» QSC-nin хeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 20 may 2015-ci il tarixində "xxxx" QSC ilə Cavabdeh arasında 41531/01 saylı kredit müqaviləsi bağlanmışdır. Müvafiq kredit xətti müqaviləsinin şərtlərinə görə Cavabdeh 20 iyun 2019-cu il tarixinədək, 49 ay müddətinə 562 352 USD 90 sent məbləğində kredit xətti ayrılmışdır. 27 may 2015-ci il tarixdə "xxxx" QSC ilə Cavabdeh arasında 41531/01 kredit müqaviləsinə (kredit xəttinin açıması barədə müqavilə) dair 1 №-li kredit sazişi bağlanmışdır. Kredit sazişinin şərtlərinə görə Cavabdeh 27 may 2019-cu il tarixədək, kreditdən istifadəyə görə illik 12.50% olmaqla 562 352 USD 90 sent məbləğində kredit verilmişdir. Bоrcalanın 41531/01 №-li kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin еdilməsi məqsədilə 20 may 2015-ci il tariхində bank ilə ipoteka qoyan Cavabdeh arasında ipoteka müqaviləsi (sonrakı ipoteka) bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan 0.0476 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, yaşayış sahəsi 111.5 kv.m., köməkçi sahəsi 71.3 kv.m.-dən ibarət Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi, Əriklik yaşayış ərazisi sahə B-12 ünvanında yerləşən bağ evi "xxxx" QSC-nin хеyrinə ipоtеka ilə yüklü еdilmişdir. Lakin cavabdeh kredit müqaviləsi üzə öhtəliklərini vaxtında və lazımınca icra etməmiş, Bank məhkəməyə müraciət etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-9/2023 saylı qətnaməsi ilə Bankın iddiası qismən təmin edilmiş, cəmi 380.399 ABŞ dolları 48 sent və 106 manat 50 qəpik məbləğində pulun Banka ödənilməsi, tutmanın mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi, Əriklik yaşayış ərazisi sahə B-12 ünvanında yerləşən bağ evinə yönəldilməsi, əlmakın açıq hərracdan satılaraq, satış hesabına əldə edilmiş pulun "xxxx" QSC-yə ödənilməsi qət olunmuşdur. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün aidiyyatı İcra İdarəsinə yönəlmiş və prosessual ardıcıllığa əsasən əmlak satılması üçün hərraca çıxarılmışdır. Keçirilən hərrac proseslərində həmin əmlak satılmadığı üçün yekun olaraq banka (girov saxlayana) təklif edilmiş və həmin əmlak "xxxx" MMC-nin Hərrac Yekunları barədə 30 iyul 2024-cü il tarixli, 74/24 nömrəli protokola əsasən 66.937 manat 50 qəpik məbləğində “X1 Azərbaycan” QSC tərəfindən əldə edilmişdir. Tərəflərə məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə hazırlıq iclasına gəlməmiş, iddiaçının nümayəndəsi gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, cavabdeh isə məhkəməyə ərizə göndərərək iddiaya etirazın əsası kimi sübutlar toplayıb məhkəməyə təqdim edəcəyini bildirmiş və məhkəmə hazırlıq iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 74.1-ci maddəsinə əsasən icra məmuru tərəfindən borcludan tutulmuş, o cümlədən borclunun əmlakının satılmasından əldə olunmuş pul məbləğindən əvvəlcə tələbkarın (tələbkarların) tələblərinin təmin olunması üçün istifadə edilir. Həmin Qanunun 74.2-ci maddəsinə əsasən bütün tələblər təmin olunduqdan sonra qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa, qalan pul məbləği borcluya qaytarılır. Həmin Qanunun 74.3-cü maddəsinə əsasən ipoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldikdə, ipoteka predmetinin satılmasından əldə olunan gəlir “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada bölüşdürülür. Həmin Qanunun 79.1-ci maddəsinə əsasən icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. Həmin Qanunun 79.2.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə borclunun əmlakının daşınmasına, saxlanmasına və satılmasına sərf edilən vəsaitlər aiddir. Həmin Qanunun 81.4-cü maddəsinə əsasən icra hərəkətləri ilə bağlı xərclərin tutulması, habelə bu Qanunla müəyyən edilmiş hallarda həmin xərclərin dövlət büdcəsi hesabına ödənilməsi icra məmurunun qərarına əsasən həyata keçirilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə göndərilir. Bu halda iddiaçının tələbi “İcra haqqında” Qanunda qeyd olunan icra mərhələsində həll olunan məsələlərə aiddir. İcra hərəkətləri ilə bağlı xərclərin tutulması, habelə Qanunla müəyyən edilmiş hallarda həmin xərclərin dövlət büdcəsi hesabına ödənilməsi icra məmurunun qərarına əsasən həyata keçirilir. İddiaçı həmin işlə bağlı qəbul edilmiş qətnamənin icrasını həyata keçirən icra məmuruna müraciət edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş məhkəmədə baxılmalı olmadığından, iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı hərrac xərcinin tutulması tələbinə dair iş üzrə icraata xitam verilməli, iddiaçıya qətnamənin icrasını həyata keçirən icra məmuruna müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Mülki Prosessual Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Mülki Prosessual Məcəllənin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261, 263, 264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı hərrac xərcinin tutulması tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, iddia tələbi icra mərhələsində həll olunan məsələ olduğuna görə istinad etdiyi icra sənədini icra edən icra məmuruna müraciət edə bilər. Ödənilmiş 100 manat 62 qəpik məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar