Məhkəmə qərarları › İş №e-2-2(115)-2405/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-2405/2022

21.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-2405/2022 21.12.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 15351 manat 87 qəpik əsas borc, 2451 manat faiz borcu və 389 manat 16 qəpik cərimə borcu olmaqla, ümumilikdə cəmi 18192 manat 03 qəpik borcun, 200 manat ödənilmiş dövlət rüsumunun (mediasiya ödənişinin) tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə İddiaçı ASC arasında xx.xx.2021-ci il tarixli kredit limitinin ayrılmasına dair müqavilə bağlanmış və borcluya 120 ay müddətinə illik 30 faiz olmaqla 100000 manat məbləğində kredit limiti ayrılmışdır. Borcun təminatı olaraq Cavabdeh1 və Cavabdeh3 ilə xx.xx.2021-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 İddiaçı ASC-dən illik 23%-lə 36 ay müddətinə 15000 manat məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2022-ci il oktyabrın 26-dək Cavabdeh2 banka xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 15351.87 manat əsas borc, 2451 manat faiz borcu və 389.16 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 18192.03 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçı ASC cavabadehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, lakin tərəflər arasında razılıq əldə olunmamışdır. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, məhkəməyə müraciət olduqdan sonra borcdan ödəniş olunmamışdır və mövcud sübutlar məhkəməyə təqdim edilmişdir. Məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə hazırlıq iclasında iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, 15000 manat nağd şəklində biznes fəaliyyətini həyata keçirmək üçün kredit götürmüşdür. Pandemiyanın olmasına görə, bundan əlavə ailəvi avtoqəza keçirdikləri üçün borcdan ödəniş edə bilməmişdir. Hal-hazırda işsizdir və himayəsində dörd azyaşlı körpə olduğu üçün borcunu yalnız hissə-hissə, hər ay 200 manat ödəniş etməklə ödəyə bilər. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh2 izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli 10-MCR-1-1163-21 saylı krеdit limitinin ayrılmasına dair razılaşmadan görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 illik 30% dərəcəsi ilə, 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 10-MCR-1-1163-21/1 saylı krеdit verilməsinə dair razılaşmadan görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 aylıq 23% kreditdən istifadəyə görə haqq ödəmək şərtilə, 36 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 10-MCR-1-1163-21/1 saylı krеdit verilməsinə dair razılaşmaya əlavədən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 verilmiş kreditin qalıq borc məbləği 15646 manat 25 qəpik təşkil etmiş və kreditin müddəti xx.xx.2025-ci il tarixədək uzadılmışdır. Maliyyə arayışından görünür ki, Cavabdeh2 3xx.xx.2021-ci il tarixli 10-MCR-1-1163- 21/1 saylı krеdit verilməsinə dair razılaşma üzrə banka 15351 manat 87 qəpik əsas borc, 2451 manat faiz borcu və 389 manat 16 qəpik cərimə borcu olmaqla, ümumilikdə cəmi 18192 manat 03 qəpik məbləğində bоrcunun olması göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh2 iddiaçıdan kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. xx.xx.2021-ci il tarixli, Z/08154/21 nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli, Z/08155/21 nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 kredit müqaviləsi üzrə Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 19 sentyabr 2022-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosessin davam etdirilə bilməməsi barədə arayışdan göründüyü kimi Cavabdeh2 ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 və Cavabdeh2 ilkin mediasiya sessiyasında iştirak etmiş ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat mediasiya xərcini İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi ödəmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat mediasiya xərcini ödədiyi üçün dövlət rüsumunun ödənilməsindən azad edildiyinə görə iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq ödənilməli olan 143 manat 71 qəpik məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddia qismən təmin edilməli, 15351 manat 87 qəpik əsas borc, 2451 manat faiz borcu, 100 manat cərimə borcu olmaqla, cəmi 17902 manat 87 qəpik məbləğində borc və ödənilmiş 200 manat mediasiya xərci müştərək qaydada cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, ödənilməli olan 143 manat 71 qəpik məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 100 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 15351 manat 87 qəpik əsas borc, 2451 manat faiz borcu, 100 manat cərimə borcu olmaqla, cəmi 17902 manat 87 qəpik məbləğində borc və ödənilmiş 200 manat mediasiya xərci müştərək qaydada cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Ödənilməli olan 143 manat 71 qəpik məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tutularaq dövlət büdcəsinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar