Məhkəmə qərarları › İş №e-2-2(115)-2456/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-2456/2025

04.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-2456/2025 04.12.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3241 manat 41 qəpik manat əsas, 16 manat 64 qəpik faiz borcu və 1 manat 68 qəpik cərimə borcu olmaqla, cəmi 3259 manat 73 qəpik borcunun, iş üzrə ödənilmiş 52 manat 60 qəpik dövlət rüsumunun və 0 manat 42 qəpik məbləğində bank xidmət haqqının tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında “Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli fərmanına əsasən 30 noyabr 2023-cü il tarixli, LM112300065 saylı restrukturizasiya müqaviləsi bağlanmışdır. xx.xx.2015-ci il tarixli 07 saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 3619 manat 51 qəpik restruktrizasiya olunmuş və cavabdeh bu müqavilə ilə müəyyən olunan şərtlərə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür (müqavilənin 2.1-ci bəndi). Faizlər restruktrizasiya olunan tarixdən borc məbləği banka tam məbləğdə faktiki qaytarılan günədək restruktrizasiya müddəti ərzində illik 1% olmaqla hesablanır (müqavilənin 3.3-cü bəndi). Restruktrizasiya müqaviləsi 60 ay müddətinə bağlanmış, borcun ödənilməli olduğu son tarix 30 noyabr 2028-ci il müəyyən olunmuşdur (müqavilənin 3.8-ci bəndi). Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 30 noyabr 2023-cü il tarixli LM112300065 saylı zaminlik müqaviləsi əsasında kredit müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Lakin cavabdehlər öz üzərlərinə götürdükləri kredit öhdəliklərini lazımınca icra etməmişlər və bunun nəticəsində cavabdehlərin 05 may 2025-ci il tarixinə 3241 manat 41 qəpik əsas, 16 manat 64 qəpik faiz borcu və 1 manat 68 qəpik cərimə borcu olmaqla, cəmi 3259 manat 73 qəpik məbləğində borcları qalmışdır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, ilkin müqavilə 28 yanvar 2015-ci il tarixdə bağlanılıb və həmin kredit müqaviləsinə əsasən cavabdehə 5000 manat məbləğində kredit verilmişdir. Kredit sahibkarlıq məqsədi ilə verilmişdir. 30 noyabr 2023-cü il tarixdə resturuktrizasiya müqaviləsi bağlanmışdır. Cavabdehin banka olan 3619 manat 51 qəpik borcu 60 ay müddətinə, illik 1 faiz dərəcəsi ilə restrukturizasiya edilmişdir. Cavabdeh 30 noyabr 2028-ci il tarixə qədər borcunu ödəməli idi. Məhkəməyə müraciət olunandan sonra borcdan heç bir ödəniş edilməmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən baxış iclasının cavabdehlərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli 07 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 heyvandarlığın inkişafı məqsədilə 18 aylıq güzəştlə, 36 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi üzrə restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə bağlanmış xx.xx.2023-cü il tarixli LM112300065 saylı restrukturizasiya müqaviləsindən görünür ki, cavabdehin banka olan 3619 manat 51 qəpik borcu 60 ay müddətinə, illik 1 faiz dərəcəsi ilə restrukturizasiya edilmişdir. Həmin müqavilənin 3.8-ci bəndinə əsasən borcun ödəməli olduğu son tarix 30 noyabr 2028-ci il müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 12-5/2-İ-21-7455/2025 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 LPO İddiaçı ASC-yə 05 may 2025-ci il tarixinə xx.xx.2023-cü il tarixli LM112300065 saylı restrukturizasiya müqaviləsi üzrə 3241 manat 41 qəpik əsas, 16 manat 64 qəpik faiz borcu və 1 manat 68 qəpik cərimə borcu olmaqla, cəmi 3259 manat 73 qəpik məbləğində borcunun olması göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh1 iddiaçıdan kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini tam icra etməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli LM112300065 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixli LM112300065 saylı restrukturizasiya müqaviləsindən irəli gələn öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zamin qismində bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 53 manat 02 qəpik məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 3241 manat 41 qəpik əsas borc, 13 manat 67 qəpik faiz borcu, 1 manat 68 qəpik cərimə borcu olmaqla, cəmi 3256 manat 76 qəpik məbləğində borc və ödənilmiş 53 manat 02 qəpik dövlət rüsumu müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, iddiaçı restrukturizasiya müqaviləsi üzrə əsas borc məbləğinin, habelə faiz borcunun ödənilməsi ilə bağlı iradə ifadəsini cavabdehə xx.xx.2025-ci il tarixli 12-5/2-İ-21- 55592025 nömrəli xəbərdarlıq məktubunda ifadə etmişdir. Həmin xəbərdarlıq məktubunda faiz borcunun məbləğinin 13 manat 67 qəpik təşkil etməsi qeyd edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, xəbərdarlıq məktubunda göstərilən məbləğdə faiz borcunun tutulması qanuni və əsaslıdır. Buna görə də, iddia tələbinin faiz borcuna dair qalan hissəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 3241 manat 41 qəpik əsas borc, 13 manat 67 qəpik faiz borcu, 1 manat 68 qəpik cərimə borcu olmaqla, cəmi 3256 manat 76 qəpik məbləğində borc və ödənilmiş 53 manat 02 qəpik dövlət rüsumu müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar