Məhkəmə qərarları › İş №e-2-2(115)-247/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-247/2025

18.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-247/2025 18.03.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 025A********** saylı krеdit müqaviləsi üzrə 7187,96 manat krеdit bоrcu, 785,54 manat faiz bоrcu və 230,02 manat cərimə borcu olmaqla, 025A********** saylı krеdit razılaşması üzrə 12841,4 manat krеdit bоrcu, 1346,06 manat faiz bоrcu və 436,6 manat cərimə borcu olmaqla, ümumilikdə 22827 manat 58 qəpik məbləğində bоrcun və ödənilmiş 158,48 manat məbləğində dövlət rüsumunun Cavabdeh3 və Cavabdeh1, Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh3 xx.xx.2022-ci il tarixdə bağladığı 025A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.9167% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 2812,04 manat ödəniş etmiş və оnun iddiaçıya 7187,96 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 160 gün üçün hesablanmış faiz borcu 785,54 manat, cərimə borcu 230.02 manat təşkil edir. Bundan başqa Cavabdeh3 İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı 025A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.9167% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 2158,6 manat ödəniş etmiş və оnun iddiaçıya 12841,4 manat kredit bоrcu qalmışdır. Kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 174 gün üçün hesablanmış faiz borcu 1346,06 manat, cərimə borcu 436,6 manat təşkil edir. Kredit müqavilələri üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh3 izahatında göstərdi ki, iddiaçı ilə kredit müqaviləsi bağlamış, aylıq ödənişlərini vaxtında etmişdir. Daha sonra işdə xəsarət aldığına görə iş qüvvəsini itirmiş, ona görə də ödənişlərini edə bilməmişdir. İndi hər ay 100 manat ödəniş edə bilər. Məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 izahatlarında göstərdi ki, Cavabdeh3 götürdüyü kredit müqaviləri üzrə zamin durmuşlar. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehlərə isə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci tarixli 025A********** saylı krеdit müqaviləsindən görünür ki, ona aylıq faiz dərəcəsi 1.9167% olmaqla 36 ay müddətinə 10000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 025A********** saylı kredit müqaviləsindən görünür ki, ona aylıq faiz dərəcəsi 1.9167% olmaqla 36 ay müddətinə 15000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 tərəflər arasında bağlanmış kredit müqavilələri üzrə borclunun öhdəliklərin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. İş materiallarında olan maliyyə arayışlarında qeyd edilmişdir ki, Cavabdeh3 xx.xx.2022ci tarixli 025A********** saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 7187,96 manat əsas borcu, 785,54 manat faiz borcu və 230,02 manat cərimə borcu olmaqla, cəmi 8203,52 manat məbləğində, xx.xx.2023-cü il tarixli 025A********** saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 12841,4 manat əsas borcu, 1346,06 manat faiz borcu və 436,6 manat cərimə borcu olmaqla, cəmi 14624,06 manat məbləğində borcu var. İş materiallarında olan xəbərdarlıq məktublarının surətlərindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin xx.xx.2023-cü il tarixədək qüvvədə olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin xx.xx.2023-cü il tarixədək qüvvədə olan 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, İddiaçı QSC ilə Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən ona aylıq faiz dərəcəsi 1.9167% olmaqla 36 ay müddətinə 10000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. Bundan başqa İddiaçı QSC ilə Cavabdeh3 arasında xx.xx.2023-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən ona aylıq faiz dərəcəsi 1.9167% olmaqla 36 ay müddətinə 15000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İddiaçı kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi icra etmiş, cavabdeh isə kredit müqavilələri ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəllərini pozmuşdur. Onun iddiaçıya xx.xx.2022-ci il tarixli krеdit müqaviləsi üzrə 7187 manat 96 qəpik əsas krеdit bоrcu, 785 manat 54 qəpik faiz bоrcu və 230 manat 02 qəpik cərimə borcu olmaqla cəmi 8203 manat 52 qəpik borcu, xx.xx.2023cü il tarixli krеdit müqaviləsi üzrə 12841 manat 40 qəpik əsas krеdit bоrcu, 1346 manat 06 qəpik faiz bоrcu və 436 manat 60 qəpik cərimə borcu olmaqla cəmi 14624 manat 06 qəpik borcu, hər iki müqavilə üzrə 22827 manat 58 qəpik məbləğində borcu vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kreditləri, kreditə hesablanmış faizləri və cəriməni cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülki məsuliyyətlərini araşdıraraq hesab edir ki, onlar kredit müqavilələri üzrə alınmış kreditə görə zamin olduqlarından, qeyd edilən kredit məbləğinin, həmin məbləğə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh3 kredit müqavilələri üzrə iddiaçıya olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh3 zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən, Cavabdeh1 və Cavabdeh2 onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Odur ki, xx.xx.2022-ci il tarixli 025A********** saylı krеdit razılaşması üzrə 7187 manat 96 qəpik əsas krеdit bоrcu, 785 manat 54 qəpik faiz bоrcu və 230 manat 02 qəpik cərimə borcu olmaqla cəmi 8203 manat 52 qəpik borc, xx.xx.2023-cü il tarixli 025A********** saylı krеdit müqaviləsi üzrə 12841 manat 40 qəpik əsas krеdit bоrcu, 1346 manat 06 qəpik faiz bоrcu və 436 manat 60 qəpik cərimə borcu olmaqla cəmi 14624 manat 06 qəpik borc, hər iki müqavilə üzrə 22827 manat 58 qəpik məbləğində borc cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi üçün 158,48 manat dövlət rüsumu ödənmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 158,48 manat dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 26 dekabr 2022ci il tarixli 025A********** saylı krеdit müqaviləsi üzrə 7187 manat 96 qəpik əsas krеdit bоrcu, 785 manat 54 qəpik faiz bоrcu və 230 manat 02 qəpik cərimə borcu olmaqla cəmi 8203 manat 52 qəpik borc, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 16 iyun 2023-cü il tarixli 025A********** saylı krеdit müqaviləsi üzrə 12841 manat 40 qəpik əsas krеdit bоrcu, 1346 manat 06 qəpik faiz bоrcu və 436 manat 60 qəpik cərimə borcu olmaqla cəmi 14624 manat 06 qəpik borc, hər iki müqavilə üzrə 22827 (iyirmi iki min səkkiz yüz iyirmi yeddi) manat 58 (əlli səkkiz) qəpik məbləğində bоrc və ödənilmiş 158 (bir yüz əlli səkkiz) manat 48 (qırx səkkiz) qəpik dövlət rüsumu Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar