Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-2479/2025 25.11.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi üzrə pul tələbi) Hakim Məmmədli Əbülfəz Namiq oğlu iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, sadələşdirilmiş məhkəmə icraatı qaydasında baxaraq müəyyən etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 723,25 manat məbləğində icarə haqqı üzrə borcun alınıb dövlət büdcəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 saylı Fərmanı ilə təsdiq edilmiş“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməs”inin 3.0.9-cu yarımbəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarəti həyata keçirmək Xidmətin vəzifələrinə aid edilmişdir. Həmin Əsasnamənin 4.0.27-ci yarımbəndinə əsasən nəzarəti Xidmətə həvalə edilmiş dövlət mülkiyyətində olan torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq Xidmətin hüquqlarına aid edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən bildiririk ki, Azərbaycan Respublikası Tovuz Rayonu İcra Hakimiyyətinin başçısı ilə Cavabdeh (VÖEN: **********) arasında bağlanmış “Torpaq icarəsi müqaviləsi”nə əsasən beş illik icarə haqqı hər ilinə 725 manat təşkil etməklə 725 hektar torpaq sahəsi cavabdehə icarəyə verilmişdir. İcarəyə götürülən torpaq sahəsinə görə cavabdehin ümumilikdə xx.xx.2025-ci il tarixə torpaq icarə haqqı üzrə 723,25 manat borcu ödənilməmiş qalmışdır. Qeyd olunan icarə haqqı üzrə borcun 7 (yeddi) gün müddətində dövlət büdcəsinə ödənilməsinin təmin olunmasının tələb edilməsi barədə cavabdehə xx.xx.2025-ci il tarixli xəbərdarlıq göndərilmişdir. Cavabdeh tərəfindən xəbərdarlığın alınmasına baxmayaraq, icarə haqqı üzrə borc ödənilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, 723,25 manat məbləğində icarə haqqı üzrə borcun dövlət büdcəsinə ödənilməsi təmin olunmalıdır.
3. Məhkəmə tərəfindən cavabdehə iddia ərizəsinə dair yazılı etirazın və etiraza dair sübutların 10 iş günü ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Sübutların tədqiqi
5. Tovuz rayon İcra Hakimiyyəti başçısının 07 dekabr 2021-ci il tarixli 139 №-li sərəncamından görünür ki, Ceyrançöl qış otlağının 48h nömrəli sahəsindən 662 başlıq 307.40 ha və 52h nömrəli sahəsindən 731 başlıq 417.60 ha olmaqla, cəmi 725 ha torpaq sahəsinin xırdabuynuzlu davarların saxlanılması məqsədilə 15 il müddətinə Cavabdeh icarəyə verilməsi qərara alınmışdır.
6. 07 dekabr 2021-ci il tarixli 07 nömrəli torpaq icarə müqaviləsindən görünür ki, Ceyrançöl qış otlağının 48h nömrəli sahəsindən 662 başlıq 307.40 ha və 52h nömrəli sahəsindən 731 başlıq 417.60 ha olmaqla, cəmi 725 ha torpaq sahəsi 5 il müddətinə Cavabdeh icarəyə verilmiş, icarə haqqı hər il üçün 725 manat müəyyən edilmişdir.
7. Cavabdeh məxsus şəxsi hesab vərəqəsindən görünür ki, Cavabdeh xx.xx.2025ci il tarixə 723,25 manat borcu mövcuddur.
8. xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh icarə haqqı üzrə borcun 7 gün müddətində ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdalıq edilmişdir.
III. Məhkəmə baxışının hədləri
9. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi
Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
IV. Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Maddə 706. Torpaq icarəsi müqaviləsinin məzmunu 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 706.4. Torpaq icarəsi haqqında müqavilələrə bu Məcəllənin 700.1, 701, 702 və 703cü maddələri, habelə bu paraqrafın müddəaları tətbiq edilir.
V. Məhkəmənin mövqeyi
a) müqavilə üzrə icarə haqqının ödənilməsi tələbi ilə bağlı
11. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
12. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
13. İş materialları ilə müəyyən olunur ki, Tovuz rayon İcra Hakimiyyəti başçısının 07 dekabr 2021-ci il tarixli 139 №-li sərəncamına əsasən Ceyrançöl qış otlağının 48h nömrəli sahəsindən 662 başlıq 307.40 ha və 52h nömrəli sahəsindən 731 başlıq 417.60 ha olmaqla, cəmi 725 ha torpaq sahəsinin xırdabuynuzlu davarların saxlanılması məqsədilə 15 il müddətinə Cavabdeh icarəyə verilməsi qərara alınmış, 07 dekabr 2021-ci il tarixli 07 nömrəli torpaq icarə müqaviləsinə əsasən Ceyrançöl qış otlağının 48h nömrəli sahəsindən 662 başlıq 307.40 ha və 52h nömrəli sahəsindən 731 başlıq 417.60 ha olmaqla, cəmi 725 ha torpaq sahəsi 5 il müddətinə Cavabdeh icarəyə verilmiş, icarə haqqı hər il üçün 725 manat müəyyən edilmişdir. Cavabdeh məxsus şəxsi hesab vərəqəsindən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixə 723,25 manat borcu mövcuddur.
14. Göründüyü kimi hazırki iş üzrə iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi üzrə obyekti cavabdehə icrayə vermək öhdəliyini icra etsə də, cavabdeh müqavilə üzrə icarəyə götürdüyü obyektdən istifadə müqabilində müəyyənləşdirilmiş icarə haqqını ödəmək öhdəliyini icra etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı icarə haqqının ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır.
b) Məhkəmə xərcləri ilə bağlı
15. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
16. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
17. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
18. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü maddəsinə görə məhkəmələrə verilən iddia ərizələrivə bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumunu ödəməkdən azad olunurlar.
19. Məhkəmə qeyd edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir, ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 30 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir.
VI. Məhkəmənin gəldiyi nəticə
20. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Tovuz rayon İcra Hakimiyyəti ilə Cavabdeh arasında bağlanmış 07 dekabr 2021-ci il tarixli 07 nömrəli müqavilə üzrə yaranmış 723,25 manat məbləğində pul Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir.
21. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-6 və 360-cı maddələrinə əsasən
QƏT ETDİ:
İddia təmin edilsin. Tovuz rayon İcra Hakimiyyəti ilə Cavabdeh arasında bağlanmış 07 dekabr 2021-ci il tarixli 07 nömrəli müqavilə üzrə yaranmış 723,25 (yeddi yüz iyirmi üç manat iyirmi beş qəpik) manat məbləğində pul Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Əbülfəz Məmmədli