Məhkəmə qərarları › İş №e-2-2(115)-2514/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-2514/2025

10.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-2514/2025 10.02.2026 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 034R********** saylı krеdit razılaşması üzrə 1764,92 manat krеdit bоrcu, 111,65 manat faiz bоrcu və 40,95 manat cərimə borcu, cəmi 1917,52 manat borc, 034R********** saylı krеdit razılaşması üzrə 19446,76 manat krеdit bоrcu, 1537,34 manat faiz bоrcu və 517,28 manat cərimə borcu, cəmi 21501,38 manat borc, ümumilikdə 23418,90 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 160,26 manat məbləğində dövlət rüsumunun cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçının хеyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh2 və zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 034L**********80 saylı uzunmüddətli kredit və təminat müqaviləsi əsasən Cavabdeh2 120 ay müddətinə 500000 manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh2 İddiaçı QSC ilə xx.xx.2024-cü il tarixli 034R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7000 manat kredit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Krеdit bоrcundan 5235,08 manat ödəmiş, onun 1764,92 manat kredit borcu qalmışdır. Kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 116 gün üçün hesablanmış faiz borcu 111,65 manat, cərimə 40,95 manat təşkil edir. Bundan başqa, uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh2 İddiaçı QSC ilə xx.xx.2024-cü il tarixli 034R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 29 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 23000 manat kredit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Krеdit bоrcundan 3553,24 manat ödəmiş, onun 19446,76 manat kredit borcu qalmışdır. Kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 133 gün üçün hesablanmış faiz borcu 1537,34 manat, cərimə borcu 517,28 manat təşkil edir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh1 izahatında gösrədi ki, Cavabdeh2 tanıyır. O şirkətdə işləyəndə Cavabdeh2 mağazasına mal vermişdir. Onun kredit götürdüyünü bilmir. O Cavabdeh2 zamin durmamışdır. Cavabdeh2 onu zaminlikdən çıxardığını bildirmişdir. Belə ki, 3 il qabaq Cavabdeh2 zamin durmuş, birinci zaminlik müqaviləsinə özü imza çəkmişdir. Həmin kredit borcunu o ödəyib bitirmişdir. Cavabdeh2 gedib özü üçün krediti yeniləmişdir. Həmçinin Cavabdeh2 ona qarşı Şəmkir Rayon Məhkəməsinə müraciət etmiş, ona qarşı iddia qaldırmışdır ki, onun 23000 manat borcu var. Şəmkir Rayon Məhkəməsi onun iddiasını təmin etmişdir. 10000 manat onun Cavabdeh2 verəcəyi olmuşdur. Belə ki, 5000 manat ona əlbəəl vermiş, 5000 manat isə mal ilə bağlı olmuşdur. Pulu hardan aldığını soruşmuş, o isə krediti yenilədiyini, pulu hissəhissə ödəməli olduğunu bildirmişdir. Sonradan o bilmişdir ki, Cavabdeh2 ona pulu onun satdıq torpağı olduğunu bildiyinə görə vermişdir. Sonradan ona zəng etmişdir ki, ona verəcəyi pul əvəzinə torpağı versin, o da torpağı satdığını bildirmişdir. Onun barəsində polisə şikayət etmiş, sonra məhkəməyə müraciət etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh2 izahatında göstərdi ki, Cavabdeh1 həmişə o kredit götürəndə ona zamin olmuşdur. Sonuncu dəfə ondan xahiş etmişdir ki, kredit götürüb ona versin, çünki ona yüksək məbləğdə kredit vermirlər. O da 23000 manat kredit götürüb Cavabdeh1 vermiş, Cavabdeh1 bir müddət kreditin aylıq ödənişlərini etmiş, sonradan ödəməmişdir. 7000 manatı özü üçün götürmüşdür. 23000 manatı məcbur özü ödəməli olmuşdur. 23000 manatın 11 ayı ödənilmiş, 11 aydan sonra yenidən 10000 manat kredit götürmüş, borc yenidən 23000 manat olmuş, bir müddət ödəniş etmiş, borc 19000 manat qalmışdır. Şəmkir Rayon Məhkəməsinin qərarı ilə 23000 manatı Cavabdeh1 verməyi təsdiq edilmişdir. Borc məbləğinə etiraz etmir. Şəmkir Rayon Məhkəməsinin qərarı ilə ondan pulunu ala bilsə borcunu bağlayacaq. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Nümayəndə2 izahatında faiz və cərimə borclarının silinməsini və maddi vəziyyətlərinin nəzərə alınaraq ödəniləcək məbləğin minimuma endirilməsini xahiş etdi. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmiş, məhkəmə baxışının nümayəndənin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Digər cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 034L**********80 saylı uzunmüddətli kredit və təminat müqaviləsindən görünür ki, ona sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə kreditin faiz dərəcəsinin yuxarı həddi 28% olmaqla 120 ay müddətinə 500000 manat məbləğində krеdit xətti açılmışdır. Cavabdeh1 tərəflər arasında bağlanmış uzunmüddətli kredit müqaviləsi üzrə borclunun öhdəliklərin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşlər. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli 034R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmadan görünür ki, ona 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% 7000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli 034R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmadan görünür ki, ona 29 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% 23000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli arayışda qeyd edilmişdir ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixli 034R********** saylı kredit razılaşması üzrə 1764,92 manat krеdit bоrcu, 111,65 manat faiz bоrcu və 40,95 manat cərimə borcu olmaqla, cəmi 1917,52 manat məbləğində borcu var. İş materiallarında olan xx.xx.2025-ci il tarixli arayışda qeyd edilmişdir ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixli 034R********** saylı kredit razılaşması üzrə 19446,76 manat krеdit bоrcu, 1537,34 manat faiz bоrcu və 517,28 manat cərimə borcu olmaqla, cəmi 21501,38 manat məbləğində borcu var. İş materiallarında olan xəbərdarlıq məktubunun surətlərindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 01 oktyabr 2023-cü il tarixdən qüvvədə olan Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 01 oktyabr 2023-cü il tarixdən qüvvədə olan Mülki Məcəlləsinin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Məhkəmə qeyd edir ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən ona sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə kreditin faiz dərəcəsinin yuxarı həddi 28% olmaqla 120 ay müddətinə 500000 manat məbləğində kredit xətti açılmışdır. İddiaçı QSC ilə Cavabdeh2 arasında xx.xx.2024-cü il tarixdə bağlanmış kredit razılaşmasına əsasən ona 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% 7000 manat, xx.xx.2024-cü il tarixdə bağlanmış kredit razılaşmasına əsasən 29 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% 23000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İddiaçı kredit razılaşmaları üzrə üzərinə götürdüyü öhdəliyi icra etmiş, kredit məbləğlərini cavabdehə vermiş, cavabdeh isə kredit razılaşmaları ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəllərini pozmuşdur. Onun iddiaçıya xx.xx.2024-cü il tarixli krеdit razılaşması üzrə 1764,92 manat krеdit bоrcu, 111,65 manat faiz bоrcu və 40,95 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli krеdit razılaşması üzrə 19446,76 manat krеdit bоrcu, 1537,34 manat faiz bоrcu və 517,28 manat cərimə borcu vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kreditləri, kreditlərə hesablanmış faizləri və cəriməni cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda digər Cavabdeh1 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, o uzunmüddətli kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən kredit məbləğinin, həmin məbləğə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 kredit razılaşmaları üzrə iddiaçıya olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh2 zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən, Cavabdeh1 onunla birlikdə iddiaçı qarşısında məsuliyyət daşıyır. Odur ki, xx.xx.2024-cü il tarixli krеdit razılaşması üzrə 1764,92 manat krеdit bоrcu, 111,65 manat faiz bоrcu, 40,95 manat cərimə borcu olmaqla, cəmi 1917,52 manat məbləğində bоrc və xx.xx.2024-cü il tarixli krеdit razılaşması üzrə 19446,76 manat krеdit bоrcu, 1537,34 manat faiz bоrcu, 517,28 manat cərimə borcu olmaqla, cəmi 21501,38 manat məbləğində bоrc cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi üçün 160,26 manat dövlət rüsumu ödənmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 160 manat 26 qəpik dövlət rüsumu da cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 23 fevral 2024-cü il tarixli 034R********** saylı krеdit razılaşması üzrə 1764 manat 92 qəpik krеdit bоrcu, 111 manat 65 qəpik faiz bоrcu və 40 manat 95 qəpik cərimə borcu, cəmi 1917 manat 52 qəpik borc, 06 noyabr 2024-cü il tarixli 034R********** saylı krеdit razılaşması üzrə 19446 manat 76 qəpik krеdit bоrcu, 1537 manat 34 qəpik faiz bоrcu və 517 manat 28 qəpik cərimə borcu, cəmi 21501 manat 38 qəpik borc olmaqla, ümumilikdə 23418 (iyirmi üç min dörd yüz on səkkiz) manat 90 (doxsan) qəpik məbləğində bоrc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 160 (bir yüz altmış) manat 26 (iyirmi altı) manat məbləğində dövlət rüsum cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar