Məhkəmə qərarları › İş №e-2-2(115)-253/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-253/2025

03.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-253/2025 03.03.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, müqavilədən imtina, iradə ifadəsinin üsulları, dəbbə pulu, ipoteka) Hakim Məmmədli Əbülfəz Namiq oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra mətndə İddiaçı ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İ. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC cavabdehlər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASCnin xeyrinə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 27169,87 manat əsas, 4707,81 manat faiz, 277,05 manat cərimə borcu olmaqla, ümumilikdə, cəmi 32154,73 manat məbləğində borcun, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 18318,79 manat əsas, 2695,41 manat faiz, 166,91 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 21181,11 manat məbləğində borcun və 250,01 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutulmalı olan məbləğin İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmiş və Cavabdeh1 mülkiyyətindəki **-XE-*** dövlət qeydiyyat nişanlı, gümüşü metallik rəngli, KİA PRİDE minik markalı (ban: № KNADG414BAS779002) avtomobilə, Cavabdeh1 mülkiyyətindəki **-XE-*** dövlət qeydiyyat nişanlı, gümüşü metallik rəngli, KİA PRİDE minik markalı (ban: № KNADE22439S566419) avtomobilin açıq hərrac vasitəsilə satılması və borcun həmin əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-nə yönəldilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən Cavabdeh1 İddiaçı ASC-dən 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC-dən illik 21%-lə 36 ay müddətinə 30000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki **-XE-*** dövlət qeydiyyat nişanlı, gümüşü metallik rəngli, KİA PRİDE minik markalı (ban: № KNADG414BAS779002) avtomobilə, Cavabdeh1 mülkiyyətindəki **-XE-*** dövlət qeydiyyat nişanlı, gümüşü metallik rəngli, KİA PRİDE minik markalı (ban: № KNADE22439S566419) avtomobilə xx.xx.2023-cü il tarixli ipoteka müqavilələri bağlanmışdır. İpoteka ilə yüklülük dövlət qeydiyyatına alınmışdır. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 23 sentyabr 2024-cü il tarixədək Cavabdeh1 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka 27169,87 manat əsas, 4707,81 manat faiz, 1108,21 manat cərimə borcu olmaqla, ümumilikdə 32985,89 AZN borcu vardır. Cavabdeh1 banka xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 1108,21 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 277,05 manat məbləğində tələb olunur. xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASCdən illik 20 %-lə 36 ay müddətinə 20000 manat məbləğində kredit götürmüşdür. 23 sentyabr 2024-cü il tarixədək Cavabdeh1 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka 18318,79 manat əsas, 2695,41 manat faiz, 667,63 manat cərimə borcu olmaqla, ümumilikdə 21681,83 AZN borcu vardır. Cavabdeh1 banka xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 667,63 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 166,91 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq borclu borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir.

II. Tərəflərin mövqeyi

3. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

4. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək və iddia tələbini müdafiə edərək bildirdi ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC-dən illik 21%-lə 36 ay müddətinə 30000 manat, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən illik 20%-lə 36 ay müddətinə 20000 manat məbləğində kredit götürmüşdür. Kredit müqavilələrinin təminatı olaraq Cavabdeh1 ilə ipoteka müqavilələri bağlanılmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən yayınırlar. Buna görə də qeyd olunanların nəzərə alınaraq, iddanın təmin edilməsini məhkəmədən xahiş etdi.

II. Sübutların tədqiqi

5. Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 20 iyul 2023-cü il tarixli 23-MCR- 1-702-23 saylı kredit limitinin ayrılmasına dair razılaşmadan görünür ki, bank tərəfindən Cavabdeh1 120 ay müddətinə, aylıq faiz dərəcəsi 2,50% olmaqla 100.000 manat məbləğində kredit limiti açılmışdır.

6. Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 21 iyul 2023-cü il tarixli 23-MCR- 1-703-23/1 saylı kredit verilməsinə dair razılaşmadan görünür ki, bank tərəfindən Cavabdeh1 biznes məqsədilə 36 ay müddətinə, faktiki aylıq faiz dərəcəsi 1.75% olmaqla, 30000 manat məbləğində kredit verilmişdir. Müqavilənin 12-ci bəndində əsasən bu Razılaşma 20 iyul 2023-cü il tarixli 23-MCR-1-702-23 saylı kredit limitinin ayrılması üzrə Razılaşma əsasında rəsmiləşdirilir və onun ayrılmaz tərkib hissəsi hesab olunur.

7. 21 iyul 2023-cü il tarixli kassa məxaric orderindən görünür ki, 15000 manat məbləğində pul Cavabdeh1 tərəfindən bankın kassasından təhvil alınmışdır.

8. 21 iyul 2023-cü il tarixli hesabdan çıxarışdan görünür ki, 30000 manat məbləğində pul 180 manat komissiya və 182 manat xidmət haqqı çıxılmaqla, Cavabdeh1 hesabına köçürülmüşdür.

9. Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 21 iyul 2023-cü il tarixli 23-MCR- 1-703-23/1 saylı kredit verilməsinə dair razılaşmaya əlavə olan ödəniş cədvəlindən görünür ki, ilk ödəniş xx.xx.2023-cü il, son ödəniş tarixi isə xx.xx.2026-cı il olmaqla 30000 manat kredit məbləği və 10689,11 manat faiz məbləğinin iddiaçıya hissələrlə ödənilməsi razılaşdırılmışdır.

10. Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 22 avqust 2023-cü il tarixli 23- MCR-1-702-23/2 saylı kredit verilməsinə dair razılaşmadan görünür ki, bank tərəfindən Cavabdeh1 dövriyyə vəsaitlərinin artırılması məqsədilə 36 ay müddətinə, faktiki aylıq faiz dərəcəsi 1.67% olmaqla, 20000 manat məbləğində kredit verilmişdir. Müqavilənin 12-ci bəndində əsasən bu Razılaşma 20 iyul 2023-cü il tarixli 23-MCR-1-702-23 saylı kredit limitinin ayrılması üzrə Razılaşma əsasında rəsmiləşdirilir və onun ayrılmaz tərkib hissəsi hesab olunur.

11. 22 avqust 2023-cü il tarixli kassa məxaric orderindən görünür ki, 15000 manat məbləğində pul Cavabdeh1 tərəfindən bankın kassasından təhvil alınmışdır.

12. 22 avqust 2023-cü il tarixli hesabdan çıxarışdan görünür ki, 20000 manat məbləğində pul 140 manat komissiya çıxılmaqla, Cavabdeh1 hesabına köçürülmüşdür.

13. Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 22 avqust 2023-cü il tarixli 23- MCR-1-702-23/2 saylı kredit verilməsinə dair razılaşmaya əlavə olan ödəniş cədvəlindən görünür ki, ilk ödəniş xx.xx.2023-cü il, son ödəniş tarixi isə xx.xx.2026-cı il olmaqla 20000 manat kredit məbləği və 6757,79 manat faiz məbləğinin iddiaçıya hissələrlə ödənilməsi razılaşdırılmışdır.

14. Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 20 iyul 2023-cü il tarixli Z/12051/23 saylı zaminlik müqaviləsindən görünür ki, bu müqavilənin predmeti 20 iyul 2023-cü il tarixli 23-MCR-1-702-23 saylı kredit limitinin ayrılmasına dair müqavilə bankdan kredit götürmüş Borcalan tərəfindən Kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir (1.1). Zaminliklə təmin edilmiş kreditləşmənin mənbəyi İddiaçı ASC tərəfindən ayırıldığı vəsaitdir (1.2). Bu Müqavilə ilə aşağıdakı öhdəliklər təmin edilir: 100000 AZN (və ya müvafiq valyuta ekvivalentində) təşkil edən kredit limiti məbləği (qeyd edilən məbləğ Müqavilənin 1.1-ci bəndində qeyd edilmiş Kredit limitinin ayrılmasına dair müqavilə və onun əsasında bağlanan razılaşmalara əsasən Borcalanın Kreditordan aldığı kredit məbləğindən ibarətdir) (2.1.1); 120 (bir yüz iyirmi) ay təşkil edən kredit limitini qaytarılma müddəti (2.1.2); Kredit limiti üzrə aylıq 2.50 (iki tam yüzdə əlli) faizdən çox olmamaqla hesablanacaq məbləğ (2.1.3); Kredit limiti üzrə ödənişlər gecikdirildiyi halda gündəlik 0.20 (sıfır tam yüzdə iyirmi) faizdən çox olmayan gecikdirilmiş ödənişin borc məbləğinə cərimə kimi hesablanacaq məbləğ (2.1.4).

15. xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-XE-*** dövlət qeydiyyat nişanlı, gümüşü metallik rəngli, KİA PRİDE minik markalı (ban: № KNADG414BAS779002) avtomobil Cavabdeh1 mülkiyyətindədir.

16. 22 iyul 2023-cü il tarixli, A/00522/23 saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 2.1-ci bəndində göstərilən aşağıdakı tərəflər arasında Bakı şəhərində bağlanmış xx.xx.2023 tarixli, 23- MCR-1-702-23 saylı kredit limiti ayrılmasına dair müqaviləyə əsasən yaranmış öhdəliyin təminatı kimi İpoteka Saxlayana (ipoteka saxlayan həm də Kreditordur) ipotekaya verir(1.1). İpotekaya verilən əmlakın təsviri: Cavabdeh1 məxsus olan Avtomobil ipotekası. Texniki göstəricilər: KİAPRİDE MİNİK GÜMÜŞÜ METALLİK rəngli, yürüş: 254075 km, ban KNADG414BAS779002, mühərrik № D4FAAH386333, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobil. İpoteka Qoyanın bu Müqaviləyə əsasən ipoteka ilə yüklü edilmiş əmlak üzərində mülkiyyət hüququ AR DİN BDY Qİİ tərəfindən verilən Daşınar Əmlakın Rəsmi Reyestrindən xx.xx.2023-cü il tarixli, BA258008 saylı Qeydiyyat Şəhadətnaməsi ilə təsdiq edilir. (2.1). Kredit müqaviləsi üzrə kreditin verilməsi məqsədilə müvafiq ölçmələrin və təminatın səviyyəsinin müəyyən edilməsi üçün əmlakın bazar dəyəri 14000 (on dörd min manat) AZN dəyərində müəyyən edilmişdir. Tərəflər razılığa gəlirlər ki, qeyd edilən dəyər ilkin satış qiyməti deyildir və yalnız kreditin verilməsi və onunla bağlı müvafiq ölçmələrin həyata keçirilməsi üçün istifadə edilməsi üçün nəzərdə tutulmuşdur.(2.2).

17. xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-XE-*** dövlət qeydiyyat nişanlı, gümüşü metallik rəngli, KİA PRİDE minik markalı (ban: № KNADE22439S566419) avtomobil Cavabdeh1 mülkiyyətindədir.

18. 22 iyul 2023-cü il tarixli, A/00521/23 saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka Qoyan mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 2.1-ci bəndində göstərilən aşağıdakı tərəflər arasında Bakı şəhərində bağlanmış xx.xx.2023 tarixli, 23- MCR-1-702-23 saylı kredit limiti ayrılmasına dair müqaviləyə əsasən yaranmış öhdəliyin təminatı kimi İpoteka Saxlayana (ipoteka saxlayan həm də Kreditordur) ipotekaya verir(1.1). İpotekaya verilən əmlakın təsviri:Cavabdeh1 məxsus olan Avtomobil ipotekası. Texniki göstəricilər: KİA PRİDE MİNİK GÜMÜŞÜ METALLİK rəngli, yürüş: 210608 km, ban KNADE22439S566419, mühərrik № D4FA9H373597, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobil. İpoteka Qoyanın bu Müqaviləyə əsasən ipoteka ilə yüklü edilmiş əmlak üzərində mülkiyyət hüququ AR DİN BDY Qİİ tərəfindən verilən Daşınar Əmlakın Rəsmi Reyestrindən xx.xx.2023-cü il tarixli, BA258009 saylı Qeydiyyat Şəhadətnaməsi ilə təsdiq edilir.(2.1). Kredit müqaviləsi üzrə kreditin verilməsi məqsədilə müvafiq ölçmələrin və təminatın səviyyəsinin müəyyən edilməsi üçün əmlakın bazar dəyəri 13000 (on üç min manat) AZN dəyərində müəyyən edilmişdir. Tərəflər razılığa gəlirlər ki, qeyd edilən dəyər ilkin satış qiyməti deyildir və yalnız kreditin verilməsi və onunla ölçmələrin həyata keçirilməsi üçün istifadə edilməsi üçün nəzərdə tutulmuşdur.(2.2).

19. 23 sentyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, X1 21 iyul 2023-cü il tarixli 23 kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə banka 27169,87 manat əsas, 4707,81 manat faiz, 1108,21 manat cərimə borcu olmaqla, cəmi 32985,89 manat borcu vardır.

20. 23 sentyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, X1 22 avqust 2023cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə banka 18318,79 manat əsas, 2695,41 manat faiz, 667,63 manat cərimə borcu olmaqla, cəmi 21681,83 manat borcu vardır.

21. 23 sentyabr 2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, borclulara yaranmış borcun 5 gün müddətində tam ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

III. Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 739. Borc müqaviləsi (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada) 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Maddə 743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada)

743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Maddə 743. Kredit müqaviləsinin anlayışı (hazırda qüvvədə olan redaksiyada) 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Maddə 745. Kredit müqaviləsinin xüsusiyyətləri (hazırda qüvvədə olan redaksiyada) 745.5. Kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. Maddə 746. İstehlak krediti müqaviləsinin anlayışı (hazırda qüvvədə olan redaksiyada) 746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. 746.3. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə istehlak krediti müqaviləsinə bu Məcəllənin borc müqaviləsi və kredit müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 746-5.2. İstehlak krediti müqaviləsində ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) nəzərdə tutulduqda, həmin faizlərin məbləği istehlak krediti müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə beş faiz bəndi əlavə edilməklə hesablanan məbləğdən çox ola bilməz. Bu halda əlavə dəbbə pulu (cərimə, penya), komissiya və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. Gecikdirilmə faizlərinin hesablanması 180 gündən çox davam edə bilməz. Əgər borcverənə dəyən zərər gecikdirilmə faizlərinin məbləğindən çoxdursa, borcverən istehlakçıdan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Maddə 742. Borcun qaytarılması (hazırda qüvvədə olan redaksiyada) 742.5. Qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: 742.5.1. borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi (o cümlədən müqavilə bağlanılmazdan əvvəl baş vermiş və müqavilə bağlanılan anadək aradan qaldırılmamış pisləşmə borcverənə sonradan məlum olduqda) və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda; 742.5.2. borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla). Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 447. İkitərəfli müqavilələrdə öhdəliklərin icra edilməməsi 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.2. Aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 471. Zaminlik müqaviləsinin forması Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 269. Girov və ipoteka hüququ anlayışı 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 279. Girovla təmin edilən tələb Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərçləri və tutma xərcləri daxildir. Maddə 295. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi əsasları Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Maddə 296. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi qaydası 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Maddə 319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti acıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.

17. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu

1.0.1. İpoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 1.0.6. İpoteka hüququ - borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 1.0.9. İpoteka predmetinin ilkin satış qiyməti – bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 26.1. İpoteka saxlayanın aşağıdakı hüquqları vardır: 26.1.1. ipoteka predmetinin mövcudluğunu, vəziyyətini və saxlanma şəraitini sənədlər üzrə və faktik surətdə yoxlamaq; 26.1.2. ipoteka qoyandan ipoteka predmetinin lazımi vəziyyətdə saxlanılması üçün zəruri tədbirlər görməyi tələb etmək; 26.1.3. ipoteka qoyanın öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa, məhkəmə qaydasında ipoteka predmetinin ona verilməsini tələb etmək; 26.1.4. ipoteka predmetinin salamatlığına ziyan vuran və ya pisləşməsinə səbəb olan hərəkətlərə son qoyulmasını həmin hərəkətlərə yol verən şəxslərdən tələb etmək; 26.1.5. əsas öhdəlik üzrə tələbi başqa şəxsə güzəşt etmək və ya satmaq; 26.1.6. ipoteka hüququnu girov qoymaq.

33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

20. İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı Əlavə Protokol

Maddə 1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

23. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli Qərarı

Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir.

24. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018ci il tarixli Qərarı

... tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır... Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur

IV. Məhkəmənin mövqeyi

a) Kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı

25. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

26. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

27. Göründüyü kimi Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.

28. İş materiallarından görünür ki, iddiaçı kredit müqaviləsi üzrə verilmiş qalıq borc məbləğinin (bütünlükdə) geri tələb edilməsini ilk dəfə pretenziya məktubunda ifadə etmiş və həmin məktub Cavabdeh1 23 sentyabr 2024-cü il tarixdə göndərilmişdir.

29. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri zamanı həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Mülki hüquqda daxili iradənin ifadə üsulları üç qrupa bölünür: düzünə iradə ifadəsi (şifahi və ya yazılı qaydada); dolayı iradə ifadəsi (konklyudent hərəkətlər) və susmaq nəticəsində iradə ifadəsi. Göründüyü kimi, iradə yalnız verbal nitqlə və ya yazılı qaydada deyil, həmçinin konklyudent hərəkətlərdə də ifadə oluna bilir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 329.3cü maddəsində təsbit edilmişdir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Bu isə onu göstərir ki, kredit münasibətlərində borc verənin kredit müqaviləsi üzrə bütün əsas borc məbləğinin ödənilməsi tələbi barədə iddia ilə məhkəməyə müraciət etməsi müvafiq hallar olduqda (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması) özü-özlüyündə konklyudent hərəkətdə ifadə olunan, borc verənin müqavilənin ləğvinə yönəlik iradə ifadəsidir (şifahi əqd). Belə olan halda, iddiaçının 23 sentyabr 2024-cü il tarixdə Cavabdeh1 pretenziya məktubu yollayaraq kredit müqaviləsi üzrə hesablanmış bütün borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və məktubun Cavabdeh1 tərəfindən qəbul edildiyi tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir. İddiaçı həmin tarixədək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Hazırda iddiaçı 23 sentyabr 2024-cü il tarixə olan borc məbləğini tələb edir.

30. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet ödənişlərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

31. 23 sentyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, X1 21 iyul 2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə banka 27169,87 manat əsas, 4707,81 manat faiz borcu vardır.

32. 23 sentyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, X1 22 avqust 2023cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə banka 18318,79 manat əsas, 2695,41 manat faiz borcu vardır.

33. Belə olan halda məhkəmə hesab edir ki, 23 sentyabr 2024-cü il tarixə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə tutulmalı olan əsas borc 27169,87 manat, faiz borcu 4707,81 manat, xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə isə əsas borc 18318,79 manat, faiz borcu isə 2695,41 manat müəyyən edilməlidir.

34. 23.09.2023-cü il tarixli bildirişlərdən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 borcun ipoteka predmetinə yönəldilməsi barədə lazımi qaydada xəbərdarlıq edilmiş, adı çəkilən bildiriş qeydə alınması üçün xx.xx.2024-cü il tarixli ərizə ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə göndərilmiş bildirişlər qeydə alınmışdır.

35. Kredit müqaviləsi üzrə Cavabdeh1 üzərinə düşən öhdəliklərin icrasının təmini məqsədilə Cavabdeh1 mülkiyyətindəki **-XE-*** dövlət qeydiyyat nişanlı və **-XE-*** dövlət qeydiyyat nişanlı KİA PRİDE minik markalı avtomobilər iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş avtomobillərə yönəldilməsi barədə tələb Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317 və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur.

36. Məhkəmə qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin qanunun 1.0.9-cu maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti – bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

37. Məhkəmə hesab edir ki, qanunda birbaşa imperativ tələb kimi nəzərdə tutulduğu üçün iddia tələbində bu barədə tələb olmasa belə, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka müqavilələrindən görünür ki, KİA PRİDE minik markalı, **- XE-*** dövlət qeydiyyat nişanlı avtomobilin bazar dəyəri 13000 manat dəyərində, KİA PRİDE minik markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri isə 14000 manat dəyərində müəyyən edilmişdir.

38. Cavabdeh1 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada (cavabdehin həmçinin whatsapp nömrəsinə də iddia ərizəsinin surəti və bildirişlər göndərilmişdir) məlumatlandırılsa da cavabdeh məhkəmə iclaslarında iştirak etmədiyindən, həmçinin iddia ərizəsinə etiraz bildirmədiyindən və ipoteka predmetinin məbləğini mübahisələndirmədiyindən məhkəmə tərəfindən avtomobillərin qiymətləri ilə bağlı qiymətləndirilmə keçirilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, həmin qiymətlər ipoteka predmetinin ilkin satış qiyməti kimi göstərilməlidir.

39. Məhkəmə, iddiaçının satışdan əldə olunacaq vəsaitin iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin ümumi qaydada cavabdehlərdən tutulması barədə iddiası ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə qeyri-müəyyən olduğundan təmin oluna bilməz.

40. Məhkəmə zaminə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, o, kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən kredit məbləğinin və həmin məbləğə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyır.

b) Kredit müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı

41. İddia ərizəsində iddiaçı xx.xx.2023-cü il tarixli kredit müqaviləsi 277,05 manat və xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə isə 166,91 manat cərimənin də cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir.

42. Məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 277,05 manat və xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə isə 166,91 manat məbləğində dəbbə pulu (penya) ağlabatan və ədalətlidir və buna görə də cərimə olaraq xx.xx.2023-cü il tarixli kredit müqaviləsi 277,05 manat (əsas borcun 1%-i həddində) və xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə isə 166,91 manat (əsas borcun 0.9%-i həddində) məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

c) Məhkəmə xərcləri ilə bağlı

43. İddiaçı eləcə də 250,01 manat dövlət rüsumunun cavabdehlərdən tutulmasını xahiş etmişdir.

44. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 250,01 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

45. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

46. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

47. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 250,01 manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

V. Məhkəmənin gəldiyi nəticə

48. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 27169,87 manat əsas, 4707,81 manat faiz, 277,05 manat cərimə borcu olmaqla, ümumilikdə, cəmi 32154,73 manat və xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 18318,79 manat əsas, 2695,41 manat faiz, 166,91 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 21181,11 manat borc cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməli, tələb Cavabdeh1 mülkiyyətindəki **-XE-*** dövlət qeydiyyat nişanlı, gümüşü metallik rəngli, KİA PRİDE minik markalı (ban: № KNADG414BAS779002) və **- XE-*** dövlət qeydiyyat nişanlı, gümüşü metallik rəngli, KİA PRİDE minik markalı (ban: № KNADE22439S566419) avtomobillərə yönəldilməli, KİA PRİDE minik markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 14000 manat, KİA PRİDE minik markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 13000 manat müəyyən edilməli, ipotekaya qoyulmuş avtomobillər açıq hərrac vasitəsi ilə satılmalı və satışdan əldə olunan məbləğdən ümumilikdə 53335,84 manat məbləğində borc İddiaçı ASC-nin xeyrinə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.

49. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-6 və 360-cı maddələrinə əsasən

QƏT ETDİ:

İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 23-MCR-1-703-23/1 saylı kredit müqaviləsi üzrə 27169,87 manat əsas, 4707,81 manat faiz, 277,05 manat cərimə borcu olmaqla, cəmi 32154,73 (otuz iki min bir yüz əlli dörd manat yetmiş üç qəpik) manat və xx.xx.2024-cü il tarixli 23-MCR-1-703-23/2 saylı kredit müqaviləsi üzrə 18318,79 manat əsas, 2695,41 manat faiz, 166,91 manat cərimə borcu olmaqla, cəmi 21181,11 (iyirmi bir min bir yüz səksən bir manat on bir qəpik) manat, ümumilikdə 53335,84 (əlli üç min üç yüz otuz beş manat səksən dörd qəpik) manat borc cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb Cavabdeh1 mülkiyyətindəki **-XE-*** dövlət qeydiyyat nişanlı, gümüşü metallik rəngli, KİA PRİDE minik markalı (ban: № KNADG414BAS779002) və **-XE-*** dövlət qeydiyyat nişanlı, gümüşü metallik rəngli, KİA PRİDE minik markalı (ban: № KNADE22439S566419) avtomobillərə yönəldilsin. KİA PRİDE minik markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 14000 (on dörd min) manat, KİA PRİDE minik markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 13000 (on üç min) manat müəyyən edilsin. İpotekaya qoyulmuş avtomobillər açıq hərrac vasitəsi ilə satılsın və satışdan əldə olunan məbləğdən 53335,84 (əlli üç manat üç yüz otuz beş manat səksən dörd qəpik) manat məbləğində borc İddiaçıAçıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin, qalan məbləğ Cavabdeh1 qaytarılsın. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 250,01 (iki yüz əlli manat bir qəpik) manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Əbülfəz Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar