Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-254/2025 12.03.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, müqavilədən imtina, iradə ifadəsinin üsulları, dəbbə pulu) Hakim Məmmədli Əbülfəz Namiq oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra mətndə İddiaçı ASC) Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İ. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh DC00422081-01 saylı (hesab № 003DGAAAZN75884) maliyyələşdirmə üçün ərizəyə əsasən 21.677,79 manat əsas borc, 1516,39 manat faiz borcu, 105,94 manat cərimə borcu olmaqla, cəmi 23.300,12 manat məbləğində borcun; DCL00422081-02 saylı (hesab № 003DRLSAZN48514) maliyyələşdirmə üçün ərizəyə əsasən 4980,60 manat əsas borc, 327,81 manat cərimə borcu olmaqla, cəmi 5308,41 manat məbləğində borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 175,81 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh (bundan sonra “Borcalan”) arasında xx.xx.2024-cü il tarixdə onGTC-SE/422081 saylı Bank xidmətlərinin göstərilməsinə dair X2 xx.xx.2023-cü il tarixli 1.0.6 versiyası imzalanmışdır. Borc alan həmin Razılaşmanı imzalayaraq www.pashabank.az saytında yerləşdirilmiş X3 qeyd edilmiş şərtlərini (müvafiq redaksiyada) qəbul etmişdir. Sonradan tərəflər arasında X5 çərçivəsində: - xx.xx.2024-cü il tarixli DC00422081-01 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış, Bank tərəfindən Borcalana xx.xx.2026-cı il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 26.626 manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmiş; - xx.xx.2024-cü il tarixli DCL00422081-02 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış, Bank tərəfindən Borcalana kredit xəttindən istifadə müddəti xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 13%, illik cərimə faizi 15%, kredit xəttinin maksimal limit həddi 250,000 manat olmaqla, dövriyyə vəsaitlərinin artırılması məqsədilə kredit xətti açılmışdır. Qeyd edilən kredit xətti müqaviləsi çərçivəsində tərəflər arasında xx.xx.2024-cü il tarixli DCL00422081-02 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış, Bank tərəfindən Borcalana kredit xəttindən istifadə müddəti xx.xx.2024-cü il tarixədək kreditin müddəti xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 13%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 28% olmaqla, 5000 manat məbləğində mal dövriyyə vəsaitinin artırılması məqsədi ilə cari kredit verilmişdir. Lakin borcalan həmin kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icrа еtməmişdir. Krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyindən Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalan Cavabdeh xx.xx.2024-cü il tarixə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri aşağıdakı kimidir: - DC00422081-01 saylı (hesab № 003DGAAAZN75884) maliyyələşdirmə üçün ərizəyə əsasən 21.677,79 manat əsas borc, 1516,39 manat faiz borcu, 105,94 manat cərimə borcu olmaqla, cəmi 23.300,12 manat təşkil edir, gecikmə günü: 144 - DCL00422081-02 saylı (hesab № 003DRLSAZN48514) maliyyələşdirmə üçün ərizəyə əsasən 4980,60 manat əsas borc, 327.81 manat cərimə borcu olmaqla, cəmi 5308,41 manat təşkil edir, gecikmə günü: 162 İddiaçı ASC iddia ərizəsinin məhkəməyə verilməsi üçün 175,81 manat dövlət rüsumu ödəmişdir. Belə ki, tərəflər arasında imzalanmış X2 4-cü bölməsinin 5.2.1-ci bəndinə əsasən Bu Müqavilə çərçivəsində kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 aydan artıq müddətə gecikdirildikdə Bank Müştəriyə verilən Krediti vaxtından əvvəl ləğv edə və ya Kredit məbləğini vaxtından əvvəl Müştəridən tələb edə bilər. Bank xidmətlərinin göstərilməsinə dair X2 4-cü bölümünün 3.8-ci bəndinə əsasən müştərinin Bank qarşısında mövcud pul öhdəlikləri ilə bağlı Banka edilən hər hansı bir ödəniş ilkin olaraq cərimə(peniya) faizlərinin, sonra kredit faizlərinin və son olaraq əsas borc öhdəliyinin silinməsinə yönəldilir. Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır.
II. Tərəflərin mövqeyi
3. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.
4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbi barədə məlumat verməmişdir.
5. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
II. Sübutların tədqiqi
6. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 31 iyul 2023-cü il tarixli “Bank xidmətlərinin göstərilməsinə dair X2 xx.xx.2020-ci il tarixli 1.0.6 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə” OnGTC/SE/00422081 saylı razılaşmadan görünür ki, Cavabdeh bu razılaşmanı imzalamaqla, bank xidmətlərinin göstərilməsinə dair X2 bankın rəsmi internet səhifəsində yerləşdirilən xx.xx.2023-cü il tarixli 1.0.6 nömrəli versiyasının şərtlərini diqqətlə oxuyub, onun bütün müddəalarını başa düşdüyünü, müqavilə üzrə müəyyən edilən xidmətlərin istifadəsinə dair öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına görə məsuliyyət daşıdığını və əks halda yaranan hər hansı maddi zərər və ya məsuliyyəti birbaşa olaraq öz hesabına daşıdığını qəbul etmişdir.
7. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 06 mart 2024-cü il tarixli DCLP00422081-02 saylı maliyyələşdirmə üçün ərizədən (Kredit Limiti üzrə) görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2034-cü il tarixinədək kreditin nominal illik faiz dərəcəsi 25%-dək, kreditin cərimə faizi dərəcəsi 34%-dək olmaqla, bərpaolunan 250 000 manat məbləğində kredit limiti verilməsi nəzərdə tutulmuşdur.
8. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 24 yanvar 2024-cü il tarixli DC00422081-01 saylı maliyyələşdirmə üçün ərizədən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2026-cı il tarixinədək kreditin nominal illik faiz dərəcəsi 17%, kreditin illik/gündəlik cərimə faizi dərəcəsi 15% (gündəlik 0,0416%), kreditin illik/gündəlik cərimə faizi dərəcəsi (kreditin müddəti bitdikdən sonra) 32% (gündəlik 0.0889%) olmaqla, mal alışı məqsədi ilə birdəfəlik 26,626 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur.
9. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 06 mart 2024-cü il tarixli DCL00422081-02 saylı maliyyələşdirmə üçün ərizədən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixinədək kreditin nominal illik faiz dərəcəsi 13%, kreditin illik/gündəlik cərimə faizi dərəcəsi 15% (gündəlik 0,0416%), kreditin illik/gündəlik cərimə faizi dərəcəsi (kreditin müddəti bitdikdən sonra) 28% (gündəlik 0.0778%) olmaqla, dövriyyə vəsaitinin artırılması məqsədi ilə birdəfəlik 5 000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur.
10. 26.11.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri DC00422081-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 21677,79 manat əsas borc, 1516,39 manat faiz borcu, 105,94 manat cərimə borcu olmaqla, cəmi 23300,12 manat borc, gecikmə gününün sayı isə 144 gün müəyyən edilmişdir. DCL00422081-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 4980,60 manat əsas borc, 327,81 manat manat cərimə borcu olmaqla, cəmi 5308,41 manat borc, gecikmə gününün sayı isə 162 gün müəyyən edilmişdir.
11. 22 oktyabr 2024-cü il tarixli bildirişlə müəyyən olunur ki, cavabdehə 24 yanvar 2024-cü il tarixli DC00422081-01 saylı və 06 mart 2024-cü il tarixli DCL00422081-02 saylı maliyyələşdirmə üçün ərizələrə əsasən xx.xx.2024-cü il tarixinədək gecikdirilmiş ödəniş məbləğinin banka qaytarılması təklif edilmiş, əks təqdirdə banka olan borcun (DC00422081-01 saylı müqavilə üzrə 17815,80 manat əsas borc, 235,56 manat məbləğində faiz bоrcu, 3861,99 manat gecikdirilmiş əsas borc, 969,23 manat məbləğində gecikdirilmiş faiz bоrcu və 124,06 manat cərimə faizi borcu, DCL00422081-02 saylı müqavilə üzrə 4980,60 manat gecikdirilmiş əsas borc və 234,84 manat cərimə faizi borcu) qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir.
III. Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 743. Kredit müqaviləsinin anlayışı (hazırda qüvvədə olan redaksiyada) 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Maddə 745. Kredit müqaviləsinin xüsusiyyətləri (hazırda qüvvədə olan redaksiyada) 745.5. Kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. Maddə 746. İstehlak krediti müqaviləsinin anlayışı (hazırda qüvvədə olan redaksiyada) 746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. 746.3. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə istehlak krediti müqaviləsinə bu Məcəllənin borc müqaviləsi və kredit müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 746-5.2. İstehlak krediti müqaviləsində ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) nəzərdə tutulduqda, həmin faizlərin məbləği istehlak krediti müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə beş faiz bəndi əlavə edilməklə hesablanan məbləğdən çox ola bilməz. Bu halda əlavə dəbbə pulu (cərimə, penya), komissiya və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. Gecikdirilmə faizlərinin hesablanması 180 gündən çox davam edə bilməz. Əgər borcverənə dəyən zərər gecikdirilmə faizlərinin məbləğindən çoxdursa, borcverən istehlakçıdan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Maddə 742. Borcun qaytarılması (hazırda qüvvədə olan redaksiyada) 742.5. Qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: 742.5.1. borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi (o cümlədən müqavilə bağlanılmazdan əvvəl baş vermiş və müqavilə bağlanılan anadək aradan qaldırılmamış pisləşmə borcverənə sonradan məlum olduqda) və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda; 742.5.2. borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla). Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 447. İkitərəfli müqavilələrdə öhdəliklərin icra edilməməsi 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.2. Aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
13. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli Qərarı
Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir.
14. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018ci il tarixli Qərarı
... tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır... Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur.
15. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 iyul 2021-ci il tarixli Qərarı
Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir. IV. Məhkəmənin mövqeyi
a) Kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı
16. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
17. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
18. Göründüyü kimi Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.
19. İş materiallarından görünür ki, iddiaçı kredit müqaviləsi üzrə verilmiş qalıq borc məbləğinin (bütünlükdə) geri tələb edilməsini ilk dəfə bildirşdə ifadə etmiş və həmin bildiriş Cavabdeh 22 oktyabr 2024-cü il tarixdə göndərilmişdir.
20. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri zamanı həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Mülki hüquqda daxili iradənin ifadə üsulları üç qrupa bölünür: düzünə iradə ifadəsi (şifahi və ya yazılı qaydada); dolayı iradə ifadəsi (konklyudent hərəkətlər) və susmaq nəticəsində iradə ifadəsi. Göründüyü kimi, iradə yalnız verbal nitqlə və ya yazılı qaydada deyil, həmçinin konklyudent hərəkətlərdə də ifadə oluna bilir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 329.3cü maddəsində təsbit edilmişdir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Bu isə onu göstərir ki, kredit münasibətlərində borc verənin kredit müqaviləsi üzrə bütün əsas borc məbləğinin ödənilməsi tələbi barədə iddia ilə məhkəməyə müraciət etməsi müvafiq hallar olduqda (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması) özü-özlüyündə konklyudent hərəkətdə ifadə olunan, borc verənin müqavilənin ləğvinə yönəlik iradə ifadəsidir (şifahi əqd). Belə olan halda, iddiaçının 22 oktyabr 2024-cü il tarixdə Cavabdeh pretenziya məktubu yollayaraq kredit müqaviləsi üzrə hesablanmış bütün borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və məktubun Cavabdeh tərəfindən qəbul edildiyi tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir. İddiaçı həmin tarixədək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Hazırda iddiaçı 26 noyabr 2024-cü il tarixə olan borc məbləğini tələb edir.
21. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet ödənişlərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
22. 26.11.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri DC00422081-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 21677,79 manat əsas borc, 1516,39 manat faiz borcu, DCL00422081-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 4980,60 manat əsas borcu vardır.
23. İddiaçı kredit razılaşması üzrə əsas və faiz borcunun ödənilməsi ilə bağlı iradə ifadəsini xx.xx.2024-cü il tarixli bildirşdə ifadə etmişdir. Həmin bildirşdə DC00422081-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə xx.xx.2024-cü il tarixə faiz borcunun 1204,79 manat təşkil etməsi qeyd edilmişdir. Tərəflər arasında olan müqavilə həmin tarixdən xitam edilmiş hesab edildiyi üçün iddiaçı məhz xx.xx.2024-cü il tarixədək hesablanmış faiz ödənişlərini tələb edə bilər.
24. Belə olan halda məhkəmə hesab edir ki, DC00422081-01 saylı (hesab № 003DGAAAZN75884) maliyyələşdirmə üçün ərizə üzrə tutulmalı əsas borc 21677,79 manat, faiz borcu isə 1204,79 manat, DCL00422081-02 saylı (hesab № 003DRLSAZN48514) maliyyələşdirmə üçün ərizə üzrə tutulmalı əsas borc 4980,60 manat müəyyən edilməlidir.
25. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, DC00422081-01 saylı (hesab № 003DGAAAZN75884) maliyyələşdirmə üçün ərizə üzrə 21677,79 manat əsas borc və 1204,79 manat məbləğində faiz bоrcu, DCL00422081-02 saylı (hesab № 003DRLSAZN48514) maliyyələşdirmə üçün ərizə üzrə 4980,60 manat əsas borc cavabdeh X1 tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
b) Kredit müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı
26. İddia ərizəsində iddiaçı DC00422081-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə 105,94 manat, DCL00422081-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə 327,81 manat cərimənin də cavabdehdən tutulmasını xahiş etmişdir.
27. Məhkəmə hesab edir ki, DC00422081-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə 105,94 manat məbləğində dəbbə pulu (penya) ağlabatan və ədalətlidir.
28. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq ödənilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onlun vəziyyətini daha da ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, DCL00422081-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə hesablanmış dəbbə pulu (cərimə,penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulunun (cərimə,penya) azaldılaraq 249,03 manat həddində (əsas borcun 5%-i həddində) müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir.
29. buna görə də cərimə olaraq DC00422081-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə 105,94 manat, DCL00422081-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə 249,03 manat pul cavabdeh X1 tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
c) Məhkəmə xərcləri ilə bağlı
30. İddiaçı eləcə də 175,81 manat dövlət rüsumunun cavabdehlərdən tutulmasını xahiş etmişdir.
31. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 175,81 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
32. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
33. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
34. İddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 174,65 manat pul cavabdeh X1 tutularaq İddiaçı ASC-yə ödənilməli, ödənilmiş dövlət rüsumun qalan 1,16 manat hissəsi isə İddiaçı ASC-nin özünə aid edilməlidir.
V. Məhkəmənin gəldiyi nəticə
35. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X4 arasında bağlanmış DC00422081-01 saylı (hesab № 003DGAAAZN75884) maliyyələşdirmə üçün ərizəyə əsasən 21.677,79 manat əsas borc, 1204,79 manat faiz borcu, 105,94 manat cərimə borcu olmaqla, cəmi 22988,52 manat məbləğində borc, DCL00422081-02 saylı (hesab № 003DRLSAZN48514) maliyyələşdirmə üçün ərizəyə əsasən 4980,60 manat əsas borc, 249,03 manat cərimə borcu olmaqla, cəmi 5229,63 manat məbləğində borc, ümumilikdə 28.218,15 manat borc cavabdeh X1 tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.
36. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-6 və 360-cı maddələrinə əsasən
QƏT ETDİ:
İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2024-cü il tarixli DC00422081-01 saylı (hesab № 003DGAAAZN75884) maliyyələşdirmə üçün ərizəyə əsasən 21.677,79 manat əsas borc, 1204,79 manat faiz borcu, 105,94 manat cərimə borcu olmaqla, cəmi 22.988,52 (iyirmi iki min doqquz yüz səksən səkkiz manat əlli iki qəpik) manat məbləğində pul, xx.xx.2024-cü il tarixli DCL00422081-02 saylı (hesab № 003DRLSAZN48514) maliyyələşdirmə üçün ərizəyə əsasən 4980,60 manat əsas borc, 249,03 manat cərimə borcu olmaqla, cəmi 5229,63 (beş min iki yüz iyirmi doqquz manat altmış üç qəpik) manat məbləğində pul olmaqla, ümumilikdə 28.218,15 (iyirmi səkkiz min iki yüz on səkkiz manat on beş qəpik) manat pul cavabdeh X1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 174,65 (bir yüz yetmiş dörd manat altmış beş qəpik) manat pul cavabdeh X1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan 1,16 (bir manat on altı qəpik) manat hissəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Əbülfəz Məmmədli