Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-26/2023 16.03.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh2 iştirakları ilə İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh2, Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 4251.63 manat məbləğində kredit bоrcu, 859.02 manat məbləğində faiz bоrcu və 1717.66 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 6828 manat 31 qəpik məbləğində bоrcun və ödənilmiş 100 manat məbləğində mediasiya xərcininin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli, e-2-2(115)-26/2023 nömrəli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı QSC Gəncə Kommersiya Məhkəməsinin həmin qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı QSC-nin şikayət təmin edilməmiş, şikayət baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli 2- 2(104)-95/2023 saylı qərardadı ilə İddiaçı QSC-nin şikayəti təmin edilərək, Gəncə Kommersiya Məhkəməsinin 09 yanvar və 23 yanvar 2023-cü il tarixli qərardadları ləğv edilmiş və iş yenidən baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə qaytarılmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə İddiaçı QSC ilə xx.xx.2020-ci il tarixdə bağladığı 025A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2% оlmaqla 12 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtiilə 5000 (beş min) manat məbləğində kredit götürmüşdür. O, götürdüyü kredit bоrcundan 748.37 manat ödəniş etmiş və оnun iddiaçıya 4251.63 manat məbləğində kredit bоrcu qalmışdır. O, kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2022-ciiltarixə 404 gün üçün hesablanmış faiz borcu 859.02 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 404 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 1717.66 manat təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliyinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 zaminlik müqaviləsi əsasında bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İddiaçı QSC-nin nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi. Həmçinin qeyd etdi ki, Cavabdeh2 vergi orqanında sahibkar kimi qeydiyyatda olduğundan pul vəsaiti ona mikro kredit kimi verilmişdir. Mikro kreditlər yalnız sahibkarlığın inkişafı üçün güzəştli şərtlərlə verilir. Borcun 75 % hissəsi tam ödənilərsə əsas borc məbləğinin 25 % həcmində güzəşt tətbiq edilə bilər. Əks halda borc iddia ərizəsində göstərilən həcmdə cavabdehlərdən tələb edilir. Cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirdi ki, borcu ödəmək imkanına malik deyildir. Həmçinin həmin kredit müqaviləsi üzrə zaminlərdən biri, onun oğlu Sabirli Əjdər 44 günlük Vətən müharibəsində şəhid olmuşdur. Ona görə də borc onlardan tələb olunmalı deyil. X4 Əjdərin şəhid olmasını nəzərə almır. Digər Cavabdeh1 xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak etmiş və izahat verərək iddia tələbini qəbul etmədiyini və təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2020-ci il tarixli 025A********** saylı kredit müqaviləsindən görünür ki, borcverən İddiaçı QSC borcalan Cavabdeh2 (VÖEN **********2) 5 000 manat məbləğində aylıq 2 % ödəmək şərti ilə kredit verməyi, borcalan - Cavabdeh2 isə 12 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən kredit alana aşağıda göstərilən məqsəd üçün verilir və kredit alan ondan yanlız bu məqsəd üçün istifadə etməyi öz öhdəsinə götürür: Fərdi mikro kredit. Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan görünür ki, Cavabdeh2 (VÖEN **********2) 11 saylı Ərazi Vergilər Baş İdarəsində vergi uçotuna alınmışdır. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2020-ci il tarixli 025A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh2 banka olan borcu 4251.63 manat əsas, 859.02 manat faiz, 1717.66 manat cərimə olmaqla, cəmi 6828.31 manat təşkil edir. xx.xx.2020-ci il tarixli 025G**********03 saylı zaminlik müqaviləsindən görünür ki, xx.xx.2020-ci il tarixli 025A********** saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, borc məbləğinin ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İlkin mediasiya sessiyası barədə xx.xx.2022-ci il tarixli 534 nömrəli arayış iş materiallarına əlavə olunmuşdur. Gəncə Kommersiya Məhkəməsinin 3.09.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. Ekspert qarşısında borcun düzgün hesablanmış olması barədə sual qoyulmuşdur. xx.xx.2022-ci il tarixli, 9/7630 nömrəli ekspert rəyində Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən xx.xx.2020-ci il tarixli 025A********** saylı kredit müqaviləsi üzrə 4242.88 manat əsas borc, 1210.64 manat faiz borcunun olması qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (AR MM-in 465.2-ci maddəsi). Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, dəbbə pulu borclunun kredit müqaviləsi üzrə kreditor qarşısında üzərinə götürdüyü öhdəliklərin təmini üsullarından biri olmaqla kreditorun mümkün zərərdən qorunmasına təminat verir və dəbbə pulu borclunun icra etməli olduğu öhdəliyi icra etmədikdə alınır. Həmçinin qanunverici imperativ qaydada müəyyən etmişdir ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləği olduğundan bu barədə razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Əks təqdirdə həmin razılaşma etibarsız sayılır. Ona görə də tərəflər dəbbə pulunun miqdarını müəyyənləşdirməkdə sərbəstdirlər. Lakin qanunvericilik mülki hüquq məsuliyyətinin həcmini nəzərə alaraq bununla bağlı da konkret nizamlayıcı normalar müəyyən etmişdir. Mülki qanunvericiliyə görə mülki hüquq məsuliyyətinin iki növü vardır: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi təbiətə malik məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etməməklə hüquq pozuntusuna yol verdikdə, o, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin, qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər. Belə halda məsuliyyətin həcmi dəbbə pulunun zərərin əvəzinin ödənilməsi kimi universal məsuliyyət formasına uyğunlaşdırılması imkanından asılı olaraq müəyyən ediləcəkdir. Məhz bu uyğunlaşdırma formasından asılı olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 466-cı maddəsi dəbbə pulunun dörd növünü fərqləndirir: Birincisi, əvəzləşdirmə qaydasında ödənilən dəbbə pulu. Bu, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzinin ödənilməsini nəzərdə tutur. İkincisi, alternativ ödənilən dəbbə pulu, yəni borclu kreditorun istəyindən asılı olaraq ya dəbbə pulunu, ya da zərərin əvəzini ödəyir. Üçüncüsü, müstəsna dəbbə pulu, yəni borclu zərərin əvəzini ödəmir, o, təkcə dəbbə pulunu verir. Həmin Məcəllənin 462.3-cü maddəsi dəbbə pulunun məhz bu növünün tətbiqi zamanı dəbbə pulunun miqdarının mümkün zərərdən çox ola bilməsini müəyyən etmişdir. Dördüncüsü, cərimə dəbbə pulu. Bu zaman borclu öhdəliyin pozulmasına görə kreditora həm dəbbə pulunu, həm də zərərin əvəzini ödəyir. Hazırki iş üzrə dəbbə pulunun məhz bu növü tətbiq edilmişdir. Lakin, yuxarıda qeyd edildiyi kimi hesablanmış dəbbə pulu (cərimə) dəyən zərərin - faiz borcunun - həddini aşmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.1-ci maddəsinin mənasına görə əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı cavabdehdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə desək, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələbinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, iş üzrə sübutlarlarla müəyyən olunur ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 5 000 manat məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh1 ilə xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Ödənişlər olmadığından 4251.63 manat əsas, 859.02 manat faiz borcu yaranmışdır. Həmçinin, bank tərəfindən 1717.66 manat cərimə hesablanaraq iddianın bir hissəsi kimi tələb olunur. Məhkəmə Cavabdeh2 həm əmlak mənafelərini, həm də digər mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə tutulmamalıdır. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4242,88 (dörd min iki yüz qırx iki manat səksən səkkiz qəpik) manat kredit borcu, 859,02 (səkkiz yüz əlli doqquz manat iki qəpik) manat faiz borcu olmaqla, cəmi 5101,90 (beş min yüz bir manat doxsan qəpik) manat borc tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Məhkəmə qeyd edir ki, iş üzrə məhkəmə xərcləri Cavabdeh2 aid edilməli deyildir, belə ki, həmin şəxs şəhid ailəsi olduğundan qanunvericiliklə müəyyən olunmuş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 108.2.-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. Dövlət Rüsumu haqqında Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4242,88 (dörd min iki yüz qırx iki manat səksən səkkiz qəpik) manat kredit borcu, 859,02 (səkkiz yüz əlli doqquz manat iki qəpik) manat faiz borcu olmaqla, cəmi 5101,90 (beş min yüz bir manat doxsan qəpik) manat borc tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-26/2023
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-26/2023
16.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver