Məhkəmə qərarları › İş №e-2-2(115)-261/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-261/2023

17.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-261/2023 17.03.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh X4 qarşı borcun qaytarılması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 2374.08 manat bundan 909.80 manat əsas, 631.52 manat faiz, 702.63 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 130.13 manat faiz borcu və iş üzrə mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 manat məbləğində mediasiyaya dair xərcin cavabdeh X2 tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Qazax filialı ilə cavabdeh X6 arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehə 18 ay müddətinə illik 21.2 faiz dərəcəsi ilə 1500 manat kredit verilmişdir. Daha sonra kredit müqaviləsi üzrə tərəflər arasında 02 nömrəli xx.xx.2016-cı il tarixli əlavə saziş bağlanmışdır. Həmin əlavə saziş üzrə borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 1406.84 manat təşkil etmişdir. Kreditin müddəti bu əlavə saziş imzalandığı tarixdən xx.xx.2018ci il tarixədək uzadılmışdır. Kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 21.2% ödənilməli idi. Daha sonra kredit müqaviləsi üzrə tərəflər arasında 01 nömrəli xx.xx.2017-ci il tarixli əlavə saziş bağlanmışdır. Həmin əlavə saziş üzrə borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin əsas borc üzrə qalığı 1493.25 manat təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2019-cu il tarixədək uzadılmışdır. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 15% ödənilməli idi. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Cavabdeh X4 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdeh X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Qazax filialı ilə cavabdeh X6 arasında kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən illik faiz dərəcəsi 21,2% оlmaqla 18 ay müddətinə, əsas vəsaitin artırılması məqsədilə kredit müqaviləsi ilə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə X4 1500 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 2.5-ci maddəsinə əsasən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün cərimə kimi illik 42,4% dəbbə pulu hesablanması müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2016-cı il tarixli 02 nömrəli əlavə sazişin 1.1-ci bəndinə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (əsas borc, hesablanmış və əsas borcun üzərinə kapitallaşdırılmış faiz və cərimə məbləği ilə birlikdə) 1406,84 manat təşkil edir. Həmin sazişin 1.2-ci bəndinə əsasən kreditin müddəti əlavə saziş imzalandığı tarixdən xx.xx.2018-dək uzadılır. İş materiallarına əlavə olunmuş xx.xx.2017-ci il tarixli 01 nömrəli əlavə sazişə əsasən əsas borc üzrə qalıq 1493.25 manat müəyyən edilmiş, restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2019-cu il tarixədək uzadılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, X3 xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə banka 909,80 manat krеdit bоrcu, 631,52 manat faiz bоrcu, 702,63 manat cərimə borcu və 130,13 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 2374,08 manat bоrcunun olması göstərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli problemli kreditlərin kompensasiyasına dair elektron portalından əldə olunmuş çıxarışdan görünür ki, X3 ləğv prosesində olan İddiaçı ASCyə 909 manat 80 qəpik məbləğində əsas kredit borcunun restrukturizasiya olunması təklif olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, xx.xx.2015-ci il tarixdə İddiaçı ASC-nin Qazax filialı ilə cavabdeh X6 arasında kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən illik faiz dərəcəsi 21,2% оlmaqla 18 ay müddətinə hissə-hissə qaytarmaq şərti ilə X4 1500 manat kredit verilmişdir. Kredit müqaviləsinə xx.xx.2016-cı il tarixdə və xx.xx.2017-ci il tarixdə əlavə saziş bağlanılmış, kreditin məbləği müəyyən edilmiş və müddəti uzadılmışdır. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etmiş, kredit məbləğini cavabdehə vermiş, cavabdeh isə kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Həmçinin problemli kreditlərin kompensasiyasına dair elektron portalından əldə olunmuş çıxarışda da X3 ləğv prosesində olan İddiaçı ASC-yə 909,80 manat məbləğində kredit borcunun olması qeyd edilmiş və həmin məbləğin restrukturizasiya olunması təklif olunmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh X3 iddiaçıya 909,80 manat kredit borcu vardır. İddiaçı verdiyi kredit məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Məhkəmə, eyni zamanda iddianın faiz və cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, X3 krediti “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşmüş və 01 mart 2019-cu il tarixə ləğv prosesində olan İddiaçı ASC-yə olan 909,80 manat məbləğində əsas kredit borcunun restrukturizasiya olunması təklif olunmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbinin restrukturizasiya olunması təklif olunmuş əsas kredit borcundan başqa, müqavilə müddətinə hesablanmış faiz borcu, cərimə borcu və gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu hissəsi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan Gəncə şəhəri 1 saylı Mediasiya Təşkilatı tərəfindən tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdikləri və İddiaçı ASC-nin nümayəndəsi tərəfindən 60 manat məbləğində mediasiyaya dair ödəniş edildiyi barədə arayış verilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 60 manat mediasiya xərci cavabdeh X2 tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumu ödəməkdən azad edilmiş, ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 30 manat dövlət rüsumu cavabdeh X2 alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə qeyd edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Qazax filialı ilə X6 arasında bağlanmış 03 noyabr 2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə yaranmış 909 manat 80 qəpik kredit borcu və ödənilmiş 60 manat mediasiya xərci X2 tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh X2 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar