Məhkəmə qərarları › İş №e-2-2(115)-263/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-263/2025

08.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-263/2025 08.04.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi ilə. İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ödənilməmiş nisyə aldığı ərzaq məhsullarının dəyəri olan 3339 manat pulun və ödədiyi dövlət rüsumu kimi 54 manat pulun alınıb onun xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə olan cavabdeh olan Cavabdeh ilə qonşu olmuşlar və onu bir qonşu kimi tanıyır. Gəncə şəhərində Qənnadı sexi var və həmin sexdə qənd və müxtəlif şirniyyatlar hazırlayıb satırlar. Təxminən 3-4 il bundan əvvəl Cavabdeh gəlib iddiaçıdan xahiş etmişdir ki, ona nisyə qənd və digər şirniyyatlar satsın və o da, həmin nisyə aldığı malları satıb pullarını gətirib ödəyəcəkdir. İddiaçı onu qonşu kimi tanıdığına görə onunla razılaşıb ona qənd və digər şirniyyat məhsullarını nisyə satmağa razılaşmışdır. Bundan sonra Cavabdeh iddiaçıdan nisyə qənd və digər şirniyyat məhsulları götürüb az-az pullarını ödəyirmiş. Cavabdehin nisyə götürdüyü malların və ödədiyi pulların məbləği barədə rəsmi sənəd tərtib edilməklə qeydiyyatı aparılmışdır. Ancaq, son 3 (üç) aydır ki, Cavabdeh nisyə aldığı malların pulunu ödəməkdən imtina etmiş və onun nisyə aldığı mallardan 3339 manat ödəməmiş borcu qalmışdır. O, bu borcu ondan tələb etsə də, cavabdeh qısa bir müddətdə borcunu qaytarmağa söz versə də, ancaq, qaytarmamışdır. O, bu barədə Gəncə BPİ-nin 2-ci Polis Şöbəsinə də, müraciət etmişdir. Gəncə BPİ-nin 2-ci Polis Şöbəsində Cavabdeh izahatı alınmış və o, izahatında da, nisyə aldığı mallardan 3300 manat borcu olmasını etiraf edərək həmin borcu xırda-xırda ödəyəcəyinə söz vermişdir. Ancaq, yenə də, o, borcunu ödəməmişdir. Onun nisyə aldığı mallardan borcu özünün etiraf etdiyi kimi 3300 manat deyil, rəsmi sənədlər üzrə 3339 manatdır. Cavabdeh nisyə aldığı malların (ərzaq məhsullarının) pullarını ödəmədiyinə görə, o, ona qarşı məhkəmədə mülki iddia qaldırmaq məcburiyyətindədir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və cavabdeh bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: malların satışı ilə bağlı cədvəl, izahat və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı və Cavabdeh arasında qənd və digər şirniyyat məhsullarının alğı-satqısı ilə bağlı şifahi formada müqavilə münasibətləri yaranmışdır. İddiaçı həm iddia ərizəsində, həm də məhkəmə iclaslarında verdiyi izahatlarında bildirmişdir ki, cavabdehə müxtəlif vaxtlarda yuxarıda adı qeyd olunan məhsullar verilmişdir. Əvvəllər verdiyi məhsulların dəyərini cavabdeh vaxtıvaxtında qaytarmış, daha sonra isə iddia ərizəsində göstərilən məhsulların dəyərini isə ödəməmişdir. Cavabdehə məhkəmə hazırlıq iclaslarının və məhkəmə baxış iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmişdir. Lakin o nə məhkəmə hazırlıq iclaslarında, nə də məhkəmə baxış iclasında iştirak etməmiş və iddia tələbinə dair hər hansı etirazını məhkəməyə təqdim etməmişdir. Bundan başqa Cavabdeh Gəncə BPİ-nin 2-ci polis şöbəsinə vermiş olduğu xx.xx.2024-cü il tarixli izahatında bildirmişdir ki, İddiaçı nisyə qida məhsulları alaraq satmış və aldığı məhsulların dəyərini ödəmişdir. Onun İddiaçı aldığı məhsullara görə 5800 manat borcu qalmışdır. Həmin borcu hissə-hissə ödəmiş və hal-hazırda onun 3300 manat borcu qalıb. Qalan borcu hissə-hissə ödəyəcəyinə söz vermişdir. Cavabdehin polis şöbəsində vermiş olduğu izahatından da görünür ki, o həmin məhsulları aldığını və 3300 manat borcunun olduğunu etiraf etmişdir. İddiaçı öz tələbində 3339 manat borcun tutulmasını tələb etsə də, həmin məbləği təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş malların satışı ilə bağlı cədvəl isə iddiaçı tərəfindən birtərəfli qaydada tərtib olunmuş sənəddir. Məhkəmə cavabdehin polis şöbəsində verdiyi izahatını mötəbər sübut hesab edərək izahatında 3300 manat borcunun olmasını etiraf etdiyindən həmin borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək 3300 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən 53 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 2 manat ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3300 manat əsas borc və 53 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3300 manat əsas borc və 53 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 2 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar