Məhkəmə qərarları › İş №e-2-2(115)-2631/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-2631/2025

12.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-2631/2025 12.02.2026 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Alyarova (İsmayılova) Zenfira İlyas qızına, Cavabdeh4 və Cavabdeh3 qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli 006R********** saylı krеdit razılaşması üzrə 5450,77 manat krеdit bоrcu, 1011,99 manat faiz bоrcu və 446,93 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli 006R********** saylı krеdit razılaşması üzrə 1471,73 manat krеdit bоrcu, 312,51 manat faiz bоrcu və 127,30 manat cərimə borcu olmaqla, ümumilikdə 8821,23 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 108.21 manat məbləğində dövlət rüsumunun cavabdеhlər Cavabdeh1, Alyarova (İsmayılova) Zenfira İlyas qızından, Cavabdeh4, Cavabdeh3 (qanuni nümayəndə qismində Cavabdeh1) müştərək qaydada iddiaçının хеyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 006L**********30 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə 500000 manat məbləğində krеdit хətti açılmışdır. xx.xx.2023-cü il tarixli 006S**********01 saylı qoşulma barədə sazişlə uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh Alyarov Asif Kərəm oğlu zamin qismində bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşdür. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2023-cü il tarixli 006R********** saylı krеdit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 9000 manat məbləğində krеdit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Krеdit bоrcundan 3549,23 manat ödəmiş, onun 5450,77 manat məbləğində kredit borcu qalmışdır. Kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 424 gün üçün hesablanmış faiz borcu 1011,99 manat, cərimə 446,93 manat təşkil edir. Bundan başqa, uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2023-cü il tarixli 006R********** saylı krеdit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2000 manat məbləğində krеdit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Krеdit bоrcundan 528,27 manat ödəmiş, onun 1471,73 manat məbləğində kredit borcu qalmışdır. Kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 421 gün üçün hesablanmış faiz borcu 312,51 manat, 127,30 manat cərimə təşkil edir. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsindən alınmış arayışdan cavabdeh zamin Alyarov Asif Kərəm oğlunun vəfat etdiyi İddiaçı QSC-yə məlum olmuşdur. Bununla bağlı vəkil sorğularına verilən cavab məktublarına əsasən vərəsəlik işinin açılmaması, eləcə də vərəsəlik hüququ haqqında şəhadətnamənin verilmədiyi məlum olmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi Dairəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli 3-21-3-30/2- 16628/**********716628 saylı cavab məktubundan məlum olur ki, Alyarov Asif Kərəm oğlunun adına hazırda qeydiyyatdan keçmiş və mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Əliyev pr, ev 4, 13 saylı mənzil aşkar edilmişdir. Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən təqdim edilən cavab məktubuna əsasən həmin mənzildə Alyarova (İsmayılova) Zenfira İlyas qızının, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 faktiki olaraq yaşadıqları məlum olmuşdur. Həmçinin DİN BDYPİ tərəfindən verilən xx.xx.2025-ci il tarixli 3-13-16/2-62494/2025 saylı məktubdan Alyarov Asif Kərəm oğlunun adında hər hansı nəqliyyat vasitəsinin olmadığıməlum olmuşdur. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehlərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 006L**********30 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə və qoşulma barədə sazişlərə əsasən 120 ay müddətinə kreditin faiz dərəcəsini yuxarı həddi 28% olmaqla 500000 manat məbləğində krеdit хətti açılmışdır. Alyarov Asif Kərəm oğlu və Cavabdeh2 tərəflər arasında bağlanmış uzunmüddətli kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşlər. İş materiallarında olan "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 006R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmadan görünür ki, ona 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 9000 manat kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 006R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmadan görünür ki, ona 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2000 manat kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 006R********** saylı xx.xx.2023-cü il tarixli kredit razılaşması üzrə xx.xx.2025-ci il tarixə banka 5450,77 manat əsas, 1011,99 manat faiz və 446,93 manat cərimə borcu olmaqla, ümumilikdə 6909,69 manat borcu vardır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 006R********** saylı xx.xx.2023-cü il tarixli kredit razılaşması üzrə xx.xx.2025-ci il tarixə banka 1471,73 manat əsas, 312,51 manat faiz və 127,30 manat cərimə borcu olmaqla, ümumilikdə 1911,54 manat borcu vardır. İş materiallarında olan AR DİN-in BPQMİ-nin Maps şöbəsinin arayışdan görünür ki, borclu zamin Alyarov Asif Kərəm oğlu xx.xx.2023-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Gəncə şəhəri 5 saylı Notariat ofisindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.2023-cü ildə vəfat etmiş Alyarov Asif Kərəm oğlunun elektron norariat avtomatlaşdırılmış informasiya sistemində axtarış zamanı Gəncə şəhəri 5 saylı norariat ofisində vərəsəlik işi aşkar edilməmişdir. İş materiallarında olan Gəncə şəhəri 1 saylı Notariat ofisindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Alyarov Asif Kərəm oğlunun miras qalmış hər hansı bir əmlakına Gəncə şəhəri 1 saylı norariat ofisində vərəsəlik işi aşkar edilməmişdir. İş materiallarında olan Gəncə şəhəri 2 saylı Notariat ofisindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Alyarov Asif Kərəm oğlunun miras qalmış hər hansı bir əmlakına Gəncə şəhəri 2 saylı norariat ofisində vərəsəlik işi aşkar edilməmişdir. İş materiallarında olan Gəncə şəhəri 6 saylı Notariat ofisindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Alyarov Asif Kərəm oğlunun adına Gəncə şəhəri 6 saylı norariat ofisində heç bir norariat hərəkəti aparılmamışdır. İş materiallarında olan 2 saylı Gəncə regional “Asan Xidmət” Mərkəzindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Alyarov Asif Kərəm oğlunun adına 2 saylı Gəncə regional “Asan Xidmət” Mərkəzində notariat ofisində vərəsəlik işi açılmamışdır və bu barədə qanun və ya vəsiyyətnamə üzrə vərəsələrdən müraciət edən olmamışdır. İş materiallarında olan 1 saylı Gəncə regional “Asan Xidmət” Mərkəzindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Alyarov Asif Kərəm oğlunun adına 1 saylı Gəncə regional “Asan Xidmət” Mərkəzində notariat ofisində vərəsəlik işi açılmamışdır və vərəsəlik şəhadətnaməsi verilməmişdir. İş materiallarında olan Gəncə şəhər İcra Hakimiyyətinin 18 iyun 2025-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanda X3, Cavabdeh1, X4 və Cavabdeh3 yaşadıqları müəyyən edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi Dairəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli məktubundan məlum olur ki, Alyarov Asif Kərəm oğlunun adına hazırda qeydiyyatdan keçmiş və mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Əliyev pr, ev 4, 13 saylı mənzil aşkar edilmişdir. İş materiallarında olan Gəncə şəhər İcra Hakimiyyətinin 18 iyun 2025-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanda X3, Cavabdeh1, X4 və Cavabdeh3 yaşadıqları müəyyən edilmişdir. İş materiallarında olan xəbərdarlıq məktublarının surətlərindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin xx.xx.2023-cü il tarixədək qüvvədə olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin xx.xx.2023-cü il tarixədək qüvvədə olan 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 01 oktyabr 2023-cü il tarixdən qüvvədə olan Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 01 oktyabr 2023-cü il tarixdən qüvvədə olan Mülki Məcəlləsinin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Məhkəmə qeyd edir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış uzunmüddətli kredit və təminat müqaviləsindən görünür ki, ona sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə kreditin faiz dərəcəsinin yuxarı həddi 28% olmaqla 120 ay müddətinə 500000 manat məbləğində kredit xətti açılmışdır. Daha sonra İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış kredit razılaşmasına əsasən ona aylıq faiz dərəcəsi 2.1667% olmaqla 24 ay müddətinə 9000 manat, xx.xx.2023-cü il tarixdə bağlanmış kredit razılaşmasına əsasən aylıq faiz dərəcəsi 2.1667% olmaqla 24 ay müddətinə 2000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İddiaçı kredit razılaşmaları üzrə üzərinə götürdüyü öhdəliyi icra etmiş, kredit məbləğlərini cavabdehə vermiş, cavabdeh isə kredit razılaşmaları ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçıya xx.xx.2023-cü il tarixli krеdit razılaşması üzrə 5450,77 manat əsas, 1011,99 manat faiz borcu, xx.xx.2023-cü il tarixli kredit razılaşması üzrə 1471,73 manat əsas, 312,51 manat faiz borcu vardır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti və kreditə hesablanmış faizləri cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, xx.xx.2023-cü il tarixli krеdit razılaşması üzrə 446,93 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 200 manat, xx.xx.2023-cü il tarixli kredit razılaşması üzrə 127,30 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 50 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə, eyni zamanda digər cavabdeh Alyarova (İsmayılova) Zenfira İlyas qızının mülki məsuliyyətini araşdıraraq hesab edir ki, o uzunmüddətli kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən kredit razılaşmaları üzrə kredit məbləğinin, həmin məbləğə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit razılaşmaları üzrə iddiaçıya olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh1 zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən, Alyarova (İsmayılova) Zenfira İlyas qızı onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyır. Odur ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 006R********** saylı krеdit razılaşması üzrə 5450,77 manat əsas bоrc, 1011,99 manat faiz bоrcu və 200 manat cərimə borcu olmaqla 6662,76 manat borc, xx.xx.2023-cü il tarixli 006R********** saylı krеdit razılaşması üzrə 1471,73 manat əsas bоrc, 312,51 manat faiz bоrcu və 50 manat cərimə borcu olmaqla 1834,24 manat borc, hər iki kredit razılaşması üzrə cəmi 8497 manat məbləğində bоrc cavabdehlər Cavabdeh1 və Alyarova (İsmayılova) Zenfira İlyas qızından müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı zaminlərdən olan Alyarov Asif Kərəm oğlunun xx.xx.2023-cü il tarixdə öldüyünü, Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Əliyev prospekti ev 4, 13 saylı mənzilin onun mülkiyyətində olduğunu, faktiki olaraq həmin ünvanda X3, Cavabdeh1, X4 və Cavabdeh3 yaşadıqlarını qeyd etməklə kredit razılaşmaları üzrə borcun həmçinin X1 və Cavabdeh3 da müştərək qaydada tutulmasını xahiş etmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Alyarov Asif Kərəm oğluna münasibətdə hər hansı vərəsəlik işi açılmamış, vərəsəlik şəhadətnaməsi verilməmişdir. Cavabdehlər X2 və Cavabdeh3 mərhum zamin Alyarov Asif Kərəm oğlunun mülkiyyətində olan evdə yaşaması həmin şəxslərin mərhum zaminin vərəsəsi olması anlamına gəlmir. Ona görə də borc məbləğinin cavabdehlər X1 və Cavabdeh3 tutulması hissəsində iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi üçün 108,21 manat dövlət rüsumu ödənmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 104,97 manat dövlət rüsumu da cavabdehlər Cavabdeh1 və Alyarova (İsmayılova) Zenfira İlyas qızından müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 006R********** saylı krеdit razılaşması üzrə 5450 manat 77 manat qəpik əsas bоrc, 1011 manat 99 qəpik faiz bоrcu və 200 manat cərimə borcu olmaqla 6662 manat 76 qəpik borc, xx.xx.2023-cü il tarixli 006R********** saylı krеdit razılaşması üzrə 1471 manat 73 qəpik əsas bоrc, 312 manat 51 qəpik faiz bоrcu və 50 manat cərimə borcu olmaqla 1834 manat 24 qəpik borc, hər iki kredit razılaşması üzrə cəmi 8497 (səkkiz min dörd yüz doxsan yeddi) manat məbləğində bоrc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 104 (bir yüz dörd) manat 97 (doxsan yeddi) qəpik məbləğində dövlət rüsumu cavabdеhlər Cavabdeh1, Alyarova (İsmayılova) Zenfira İlyas qızından müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar