Məhkəmə qərarları › İş №e-2-2(115)-265/2022

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-265/2022

13.01.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-265/2022 13.01.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Məmmədov Rəşad Seylan oğlu İddiaçı “X1 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh İB-nə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı “X1 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh İB-nə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən 24.07.2021-ci il tarixli akt əsasında hesablanmış 29225 manat 40 qəpik və 30.04.2021-ci il tarixli akt əsasında hesablanmış 11862 manat 20 qəpik məbləğində borcun “X1 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə məhkəmə tərəfindən icraata götürülərək baxıla bilməz və ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Ərizəyə əlavə olunmuş 21.12.2021-ci il tarixli sifarişli poçt göndərişindən görünür ki, iddiaçı ərizənin surətinin cavabdehə göndərilməsi barədə poçt qəbzini ərizəyə əlavə etsə də, cavabdehə ünvanlanan sifarişli poçt göndərişində göndərişi qəbul edən şəxsin soyadı və imzası qrafasında yalnız “poçt qutusu” qeyd edilmişdir. “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.10-cu maddəsinə əsasən sifarişli poçt göndərişi dedikdə, göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişi başa düşülür. Sifarişli poçt xəbərnaməsindən də göründüyü kimi, cavabdehə ünvanlanan göndəriş o halda ona təqdim edilmiş sayıla bilər ki, xəbərnamədə göndərişi qəbul edən şəxsin soyadı və imzası qeyd olunsun. Bu halda, cavabdehə ünvanlanan sifarişli poçt göndərişində göndərişi qəbul edənin soyadı və imzası qrafasında yalnız tarix göstərildiyindən, bu hal iddia ərizəsinin cavabdeh tərəfindən alındığını təsdiq etmir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Bu halda, iddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə yəni, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçıların dövlət rüsumundan azad olmasına istinad edərək, dövlət rüsumu ödəmədən məhkəməyə iddia ərizəsi vermişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, iddiaçının istixana vasitəsilə təbii qazdan istifadə etməsi onun şəxsi təlabatını ödəmək məqsədi daşımadığından, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən dövlət rüsum ödəməkdən azad deyildir. İddianın ümumilikdə 41087 manat 60 qəpik məbləğində borcun silinməsi tələbi üzrə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.4-cü və 152.1.5-ci maddələrinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə, həmçinin müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən hesab edirəm ki, iddiaçı “X1 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh İB-nə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı “X1 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh İB-nə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar