Məhkəmə qərarları › İş №e-2-2(115)-27/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-27/2022

25.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-27/2022 25.05.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1 qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 5053 manat 27 qəpik - bundan 3610 manat 49 qəpik əsas, 919 manat 28 qəpik cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Tovuz filialı ilə Cavabdeh1 arasında bağlanmış 11.02.2015-ci il tarixli 2836 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 14.500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən Cavabdeh1 müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. 25.12.2020-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 5053 manat 27 qəpik təşkil edir. Bundan 3610 manat 49 qəpik əsas, 919 manat 28 qəpik cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 523 manat 50 qəpik faiz borcu təşkil edir. Kredit müqaviləsinin 2-ci, 2.1-ci və 3-cü bəndlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********661 saylı 29.12.2020-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əwəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə verərək, cəmi 5053 manat 27 qəpik – bundan 3610 manat 49 qəpik əsas, 919 manat 28 qəpik cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 oğlundan tutulması, - tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Tovuz rayonu, Əyyublu kəndində 0,26 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlak açıq hərracda satılması, - satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulması, -ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evi boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASCyə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə göndərərək, e-2-2(115)-27/2022 saylı kommersiya mübahisəsi üzrə iddia tələblərinin xahiş hissəsində məbləği qeyd olunmayan, ancaq cavabdehdən tutulması xahiş edilən AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 523 manat 50 qəpik vəsaitin texniki səhv olaraq yazılmamasını üzrlü sayaraq həmin vəsaitinin iddia tələblərinin xahiş hissəsində oxunmasını xahiş etmişdir. Əvvəl keçirilmiş məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin və ona əlavənin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Əvvəl keçirilmiş məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, bankdan kredit müqaviləsinə əsasən pul götürüb, lakin məhsuldarlıq zəif olduğu üçün maddi vəziyyətində yaranan çətinliklə əlaqədar olaraq ödənişləri edə bilməmişdir. Borcunu aylıq olaraq ödəmək fikrindədir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi isə məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini, işdə iştirakları zəruri olduğu halda iş üzrə məhkəmə prosessinin təxirə salınmasını xahiş etmişdir. Məhkəmə işə Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 11 fevral 2015-ci il tarixli 2836 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-nin Bərdə filialı tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 14500 manat məbləğində kredit verilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh1 17.12.2020-ci il tarixə 3610 manat 49 qəpik əsas borcu, 919 manat 28 qəpik cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 523 manat 50 qəpik manat faiz borcu olmaqla, cəmi 5053 manat 27 qəpik məbləğində borcun olması göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh1 iddiaçıdan kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. 11 fevral 2015-ci il tarixli 250 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Tovuz rayonu, Əyyublu kəndində 0,26 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini banka ipotekaya qoymuşdur. "xxxx" MMC-in 01.04.2022-ci il tarixli G-03/22-077 nömrəli rəyindən görünür ki, Tovuz rayonu, Əyyublu kəndində 0,26 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin real dəyəri 55000 manat, likvid qiyməti 50000 manat təşkil edir. Tədqiqatın dəyəri 300 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Bildiriş məktublarından görünür ki, Ləğv prosesində olan İddiaçı ASC əsas cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan yaşayış evinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə ona - ipoteka qoyana xəbərdarlıq etmişdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh1 icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilmələrini gecikdirmiş və ipoteka saxlayan Ləğv prosesində olan İddiaçı ASC ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evini açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 3610 manat 49 qəpik əsas borc, 150 manat cərimə borcu, 523 manat 50 qəpik gecikdirilmiş vaxt üçün faiz borcu olmaqla, cəmi 4283 manat 99 qəpik məbləğində borc ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat Cavabdeh1 iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Tələb üzrə tutma Cavabdeh2 mülkiyyətində olan Tovuz rayonu Əyyublu kəndində 0.26 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməlidir. Həmin fərdi yaşayış evi açıq hərracdan satılmalıdır. Fərdi yaşayış evinin ilkin satış qiyməti 50.000 manat həddində müəyyən edilməlidir. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh2 qaytarılmalıdır.Fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh1 tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Açıq hərrac keçirildikdən 1 ay sonra fərdi yaşayış evi boşaldılmalıdır. Cavabdeh1 300 manat məbləğində qiymətləndirmə haqqı tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, məhkəmə hesab edir ki, bank dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 150 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borc və faizin tutulması ilə yanaşı, 150 manat məbləğində dəbbə pulunun tutulması banka dəymiş real zərəri kompensasiya edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 3610 manat 49 qəpik əsas borc, 150 manat cərimə borcu, 523 manat 50 qəpik gecikdirilmiş vaxt üçün faiz borcu olmaqla, cəmi 4283 manat 99 qəpik məbləğində borc ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat Cavabdeh1 iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tələb üzrə tutma Cavabdeh2 mülkiyyətində olan Tovuz rayonu Əyyublu kəndində 0.26 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilsin. Həmin fərdi yaşayış evi açıq hərracdan satılsın. Fərdi yaşayış evinin ilkin satış qiyməti 50.000 manat həddində müəyyən edilsin. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh2 qaytarılsın. Fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh1 tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Açıq hərrac keçirildikdən 1 ay sonra fərdi yaşayış evi boşaldılsın. Cavabdeh2 300 manat məbləğində qiymətləndirmə haqqı tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar