Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-2779/2025 16.12.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Gəncə Kommersiya Məhkəməsinin hakimi Qələndərzadə Ramiq Ramis oğlu İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1827,49 manat - bundan 1597,37 manat əsas, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 230,12 manat faiz borcu və iş üzrə ödənilmiş 38,28 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış ********* saylı xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi üzrə cavabdehə “əsas vəsaitin artırılması” məqsədi ilə 18 (on səkkiz) ay müddətinə illik 32 (otuz iki) faiz dərəcəsi ilə 3050 ABŞ dolları məbləğində kredit verilmişdir. Daha sonra həmin Kredit müqaviləsinə 07 aprel 2015-ci il tarixdə 01 saylı Əlavə Saziş bağlanmışdır. Bu Müqaviləyə əsasən Kreditorun Borcalana 3050 ABŞ dolları məbləğdə verdiyi kreditin qalıq məbləği 2633,82 ABŞ dolları təşkil etmişdir. Kreditin müddəti xx.xx.2017-ci il tarixədək təyin olunmuşdur. Daha sonra LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında LM111900997 nömrəli xx.xx.2019-cu il tarixli Restrukturizasiya müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə tərəflər arasında bağlanmış ********* saylı xx.xx.2014-cü il tarixli Kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 2055,40 manat məbləği restrukturizasiya olunmuş və Borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Restrukturizasiya müqaviləsi 36 ay müddətinə bağlanılmışdır. Borcun ödənilməli olduğu son tarix xx.xx.2022-ci il müəyyən edilmişdir. Cavabdeh2 ilə Bank arasında LM111900997 nömrəli xx.xx.2019-cu il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12-5/2-Ə-41-17230/2025 saylı xx.xx.2025-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 12 noyabr 2025-ci il tarixli, e-2-2(115)- 2779/2025 nömrəli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldıqları gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etirazlarını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdehlər məhkəmə bildirişini rəsmi qaydada xx.xx.2025-ci il tarixdə almasına baxmayaraq iddiaçının tələbinə dair etirazını məhkəməyə təqdim etməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: kredit müqaviləsi, zaminlik müqaviləsi, kassa məxaric orderi, kredit müqaviləsi üzrə Əlavə sazişlər, restrukturizasiya müqaviləsi, ödəniş cədvəli, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiya) borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Belə ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış ********* saylı xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi üzrə cavabdehə “əsas vəsaitin artırılması” məqsədi ilə 18 (on səkkiz) ay müddətinə illik 32 (otuz iki) faiz dərəcəsi ilə 3050 (üç min əlli) ABŞ dolları məbləğində kredit verilmişdir. Daha sonra həmin Kredit müqaviləsinə 07 aprel 2015-ci il tarixdə 01 saylı Əlavə Saziş bağlanmışdır. Bu Müqaviləyə əsasən Kreditorun Borcalana 3.050 (üç min əlli) ABŞ dolları məbləğdə verdiyi kreditin qalıq məbləği 2.633,82 (iki min altı yüz otuz üç ABŞ dolları 82 sent) ABŞ dolları təşkil etmiş, kreditin müddəti xx.xx.2017-ci il tarixədək təyin olunmuşdur. Daha sonra LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında LM111900997 nömrəli xx.xx.2019-cu il tarixli Restrukturizasiya müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə tərəflər arasında bağlanmış ********* saylı xx.xx.2014-cü il tarixli Kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 2055,40 (iki min əlli beş manat 40 qəpik) manat məbləği restrukturizasiya olunmuş və Borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Restrukturizasiya müqaviləsi 36 ay müddətinə bağlanılmış, borcun ödənilməli olduğu son tarix xx.xx.2022-ci il müəyyən edilmişdir. Lakin cavabdeh Restrukturizasiya müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, ödəniş cədvəlinə əsasən aylıq ödənilməli kredit məbləğini vaxtı-vaxtında və tam həcmdə ödəməmişdir. İş materiallarına əlavə olunmuş sübutlarla Cavabdeh1 1597,37 manat əsas borcunun olduğu təsdiq edilir. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 230,12 manat məbləğində faiz borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiya) borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə görə, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə görə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Məhkəmə yuxarıda istinad olunan MM-in normalarının və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərini qarşılıqlı təhlil edərək belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti (borc və faizləri) tam həcmdə kreditora qaytarılanadək və ya ipoteka predmeti kreditora təhvil verilənədək borclu kreditor qarşısında məsuliyyət daşıyır və kreditor hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 230,12 manat faiz borcunun tutulması hissəsində əsaslıdır. Məhkəmə iddia tələbi üzrə borcun digər cavabdehdən, yəni zamindən də tutularaq ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsassızdır və rədd edilməlidir. xx.xx.2019-cu il tarixli, LM111900997 nömrəli zaminlik müqaviləsindən görünür ki, borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməsi üçün zamin Cavabdeh2 bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Lakin hazırki iddia tələbi üzrə iddiaçı əsas borcludan borcun tutulması hissəsində haqlı olsa da, digər cavabdeh olan zamindən borcun tutulmasını tələb etməkdə haqlı deyildir. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsində nəzərdə tutulan kəsici müddətin keçməsi ilə bağlı müddəa tətbiq edilməlidir. Həmin maddəyə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilir ki, kəsici müddət iddia müddətindən fərqli olaraq şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən qərarından və Mülki Məcəllənin normalarının məzmunundan başa düşüldüyü kimi, kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir (Mülki Məcəllənin 372.2-ci maddəsi). Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə hüquq ümumiyyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır. Hazırkı mübahisənin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 22 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə kreditin müddəti xx.xx.2022-ci il tarixədək təyin edilmişdir. Göründüyü kimi, tərəflər arasında əsas borc üzrə öhdəliyin bitmə tarixi xx.xx.2022-ci il olaraq müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə əsas öhdəliyin icra müddəti bitdiyindən və bu müddət ərzində zaminə qarşı iddia irəli sürülmədiyindən zaminliyə xitam verilməlidir. Bundan başqa məhkəmə onu da qeyd edir ki, xx.xx.2019-cu il tarixli müqavilədə zaminliyə münasibətdə müddət göstərilməsə belə, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Hazırkı mübahisə üzrə əsas öhdəliyin icrası müddəti xx.xx.2022-ci il tarixdə bitmiş və qanunvericiliyin tələbi baxımından zaminlik müqavilələrində konkret müddət nəzərdə tutulmadığından əsas öhdəliyin icrası müddətinin bitməsindən ötən bir il keçdikdən sonra zaminlik müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixdə bitmişdir. İddiaçı hazırki iddia tələbi ilə xx.xx.2025-ci il tarixdə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək iddia tələbi irəli sürmüşdür ki, bununla da zaminə münasibətdə qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüşdür. Ona görə də iddia tələbi borcun Cavabdeh2 müştərək qaydada tutulması hissəsində rədd edilməlidir. İddiaçı tərəfindən 38,28 dövlət rüsumu ödənildiyindən və həmin məbləğ iddiaçı tərəfindən tələb edildiyindən 38,28 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-3.1-ci maddəsinə əsasən ərizə məhkəməyə ümumi qaydada verilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə həmin sistemdə qeydiyyatdan keçmiş mülki işlər üzrə işdə iştirak edən şəxslər, habelə kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 bundan 1597,37 manat əsas, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 230,12 manat faiz borcu olmaqla ümumilikdə, 1827,49 manat borc və iş üzrə ödənilmiş 38,28 manat dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №e-2-2(115)-2779/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-2779/2025
16.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver