Məhkəmə qərarları › İş №e-2-2(115)-2785/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-2785/2025

11.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-2785/2025 11.03.2026 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 26 may 2014-cü il tarixli 014 saylı kredit müqaviləsi üzrə 4834,98 manat əsas borc, 613,04 manat məbləğində cərimə borcu, 2035,46 manat məbləğində Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış illik 5 faiz, ümumilikdə isə 7483,48 manat məbləğində pulun, 94,84 manat dövlət rüsumunun, 0,76 manat məbləğində bank xidmət haqqının və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30,80 manat rüsumunun Cavabdeh tutulması, tutmanın X6, X4 və X1 məxsus Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerləşən fərdi yaşayış evi və 0,10 ha torpaq sahəsinə yönəldilməsi və həmin fərdi yaşayış evinin açıq hərracdan satılması, fərdi yaşayış evinə tutma yönəldildikdən və satıldıqdan sonra ipoteka qoyan X9, X7 və X3 və onlarla birlikdə yaşayan ailə üzvlərinin Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerləşən fərdi yaşayış evi və 0,10 ha torpaq sahəsindən ən gec bir ay ərzində tərk etmədikdə, fərdi yaşayış evindən çıxmadıqda həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları və həmin fərdi yaşayış evinin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında 26 may 2014-cü il tarixində kredit verilməsi haqqında 014 saylı kredit müqaviləsi bağlanmış və kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə illik 18 ay güzəştlə 36 ay müddətinə illik 6 faiz ödənilməsi şərti ilə 15000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə X6, X4 və X1 məxsus Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerləşən fərdi yaşayış evi və 0,10 ha torpaq sahəsi 26 may 2014-cü il tarixdə 014İ saylı ipoteka müqaviləsi əsasında bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Lakin cavabdeh öz üzərinə götürdükləri kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində 7483,48 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə yazılı xəbərdarlıq edilmişdir, lakin bundan sonra da kredit müqaviləsi üzrə öhdəliklər onun tərəfindən lazımınca icra edilməmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 4834,98 manat məbləğində əsas borc, 613,04 manat məbləğində cərimə borcu, 2035,46 manat məbləğində Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış illik 5 faiz, ümumilikdə isə 7483,48 manat məbləğində pulun, 94,84 manat dövlət rüsumunun, 0,76 manat məbləğində bank xidmət haqqının Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia tələbinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 014 nömrəli kredit müqaviləsindən görünür ki, borcalana 18 ay güzəştlə 36 ay müddətinə 15000 manat kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə banka 4834,98 manat əsas bоrcu, 613,04 manat cərimə borcu, 2035,46 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 7483,48 manat məbləğində borcu var. İş materiallarında olan problemli kreditlərin kompensasiya sənədindən görünür ki, Cavabdeh krediti “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşmüş və 01 mart 2019-cu il tarixə ləğv prosesində olan İddiaçı ASC-yə olan 4834,98 manat məbləğində əsas kredit borcunun restrukturizasiya olunması təklif olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. xx.xx.2023-cü il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. xx.xx.2023-cü il tarixədək qüvvədə olan 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki İddiaçı ASC ilə 26 may 2014-cü il tarixdə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, borcalana illik 18 ay güzəştlə, 36 ay müddətinə illik 6 faiz ödənilməsi şərti ilə 15000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, kredit məbləğini cavabdehə vermiş, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Cavabdeh 4834,98 manat əsas borcunun olması iş materialları ilə təsdqi edilir. Həmçinin iddiaçı müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcunun tutulması ilə bağlı iddia tələbini əsaslı hesab edir və təmin edilməsi qənaətinə gəlir. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Cavabdeh krediti “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşmüş və 01 mart 2019-cu il tarixə ləğv prosesində olan İddiaçı ASC-yə olan 4834,98 manat məbləğində əsas kredit borcunun restrukturizasiya olunması təklif olunmuşdur. Ona görə də, iddia tələbinin cərimə borcunun tutulması hissəsi təmin edilməməlidir. Odur ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə 4834 manat 98 qəpik əsas, müqavilə müddəti bitdikdən sonra hesablanmış 2035 manat faiz borcu olmaqla cəmi 6870 manat 44 qəpik borc Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzlərdən görünür ki, iddiaçı tərəfindən iddia qaldırılması üçün 94,84 manat dövlət rüsumu, 0,76 manat xidmət haqqı ödəmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə mütanasib olaraq 88 manat 70 qəpik dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə qeyd edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 26 may 2014-cü il tarixli 014 saylı kredit müqaviləsi üzrə 4834 manat 98 qəpik əsas, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanan 2035 manat 46 qəpik faiz borcu olmaqla cəmi 6870 (altı min səkkiz yüz yetmiş) manat 44 (qırx dörd) qəpik borc və ödənilmiş 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik dövlət rüsumu Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar