Məhkəmə qərarları › İş №e-2-2(115)-28/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-28/2022

01.02.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-28/2022 01.02.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2, cavabdehin nümayəndəsi X10 iştirakları ilə İddiaçı cavabdeh “Azəriqaz “İstehsalat Birliyinə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən iddiaçının istifadəsində olan istixanaya qaz verilişinin dayandırılması səbəbindən vurulmuş ziyan olaraq 442 927 manat pulun tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,iddiaçının istifadəsində olan istilikxananın qaz təminatının dayandırılması nəticəsində yetişmək üzrə olan 200 000 ton məhsul məhv olmuş, bunun qarşısını almaq üçün cavabdeh orqana müraciət etsə də heç bir nəticəsi olmamışdır. Beləliklə 2021-ci ilin yanvar-fevral aylarında orta hesabla bazar qiyməti 1 manat olan olan 200 000 manatlıq məhsul cavabdehin qanuna zidd fəaliyyəti nəticəsində məhv olmuşdur. Yetişdirilmiş pomidor məhsulunun 5 aydan artıq müddətə əkilməsi, becərilməsi, aqrotexniki qulluq edilməsinə görə xərclər çəkilmişdir. Belə ki toxumun alınmasına görə 14 773 manat, şitil 7400 manat, elektrik enerjisinin istehlakına görə 6500 manat, qaz istehlakına görə 59 099 manat, kokobit 52 000 manat, salafanın yuyulması 1000 manat, gübrə 60 500 manat, aqronom üçün əmək haqqı 8500 manat olmuşdur. Beləliklə cavabdehin təqsiri üzündən vurulmuş maddi ziyanın məbləği mülkiyyətində olan istixanada yetişdirilmiş pomidor məhsulunun yetişdirilməsi üçün çəkilmiş xərc cəmi 242 927 manat və məhv edilmiş pomidor məhsulun dəyəri ilə birlikdə 442 927 manat təşkil edir. İddiaçının nümayəndəsi və vəkili X6 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, “Qazdan istifadə qaydaları”na əsasən bildiriş xəbərdarlıq verildikdən 1 ay sonda abonentə verilən qaz təminatı dayandırıla bilər, lakin Cavabdeh tərəfindən həmin müddət gözlənilmədən qaz təminatı dayandırılmışdır. Nəticədə istixanada olan məhsullar xarab olmuş iddiaçıya 442 927 manat zərər dəymişdir. Odur ki, iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X16 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında razılaşma protokolu imzalanmış, qaz təchizatı iddiaçıya bildiriş təqdim edilərək, “Qazdan istifadə Qaydaları”na uyğun olaraq dayandırılmışdır.Ona görə də cavabdeh bu işdə heç bir məsuliyyət daşımır. İddia tələbinin rədd olunmasını xahiş etmişdir. İş üzrə şahid qismində cəlb olunmuş X13 20 may 2021-ci il tarixli məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, ödənişlər vaxtlı-vaxtında edilmədiyi üçün təbii qaz verilişi dayandırılmışdır, bununla bağlı bildiriş təqdim edilmişdir, ancaq bildirişin təqdim edilməsi vaxtı yadında deyildir. Lakin abonent tərəfindən qəbul edilmişdir. İş üzrə şahid qismində cəlb olunmuş X3 09 sentyabr 2021-ci il tarixli məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, istixanada mühasib vəzifəsində işləyir, borca görə qazın verilişi dayandığına görə istixanada olan məhsulla məhv olunmuşdur. İş üzrə şahid qismində cəlb olunmuş X8 09 sentyabr 2021-ci il tarixli məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, istixanada santexnik kimi çalışır, qazın verilişi dayandırılmdığına görə istixanada olan məhsullar məhv olmuş, qazın dayandırılmasının səbəbi barədə məlumatı yoxdur. İş üzrə şahid qismində cəlb olunmuş Biçenko Alina 09 sentyabr 2021-ci il tarixli məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, istixanada istiliyin verilməsi üzrə cavabdeh şəxsdir, borca görə qazın verilişi dayandığına görə istixanada olan məhsullar məhv olmuş, nə qədər borcun olduğunu bilmir. İş üzrə şahid qismində cəlb olunmuş X11 09 sentyabr 2021-ci il tarixli məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, istixanada fəhlə kimi çalışır, qazın verilişi dayandığına görə istixanada olan məhsullar məhv olmuş, ondan sonra ştillərin hamısı təmizləndi və orada xiyar ştilləri əkildi, sonradan qazın verilişi bərpa olunmadı. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: 21 dekabr 2018-ci il tarixli GA-671 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqavilədən görünür ki, Paylayıcı müqavilə şərtlərinə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəməyi öhdəsinə götürmüşdür. 10 fevral 2021-ci il tarixli aktın surətindən görünür ki, mütəxəssislərin İddiaçı məxsus Şəmkir rayonu, Qapanlı kəndində yerləşən istixanasına keçirilmiş baxışı nəticəsində sonuncunun təqribi 200 tona yaxın məhsulunun itkiyə getməsi qeyd olunmuşdur. Şəmkir RİHB Qapanlı kənd İƏD üzrə nümayəndəliyinin 23 fevral 2021-ci il tarixli 08 nömrəli məktubunda və Şəmkir rayon Qapanlı bələdiyyəsinin 23 fevral 2021-ci il tarixli 13 nömrəli məktubunda 2021-ci ilin fevral ayında istixanalarda pomidor məhsulunun 1 kiloqram qiymətinin 1,80-2 manat olması qeyd olunmuşdur. 05 fevral 2021-ci il tarixli aktda qeyd olunmuşdur ki, iddiaçıya məxsus istixanaya baxış keçirilərkən 50103 ədəd pomidor ştili müəyyən olunmuş, aparılan hesablamalar zamanı istixanada 220 ton məhsul olduğu qeyd olunmuşdur. 19 oktyabr 2020-ci il tarixli razılaşma protokolunda abonent İddiaçı təbiiqazdan istifadəyə görə Cavabdeh İB-nə 60 922,80 manat borcu olması, həmin borcdan 36488 manatının ödənildiyi, 2020-ci ilin 10 noyabrınadək 12 217,40 manat, dekabrın 01-dək isə 12 217,40 manatın ödənilməsinin öhdəsinə götürdüyü qeyd olunmuşdur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA ******* seriya və nömrəli çıxarışın surətindən görünür ki, Şəmkir rayonu, Qapanlı kəndində 3,1402 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi X7 mülkiyyətindədir və iş materiallarında olan etibarnamənin surətindən görünür ki, X1 Məhərrəm Musa oğluna əmlakın üzərinə sərəncam verilməsi ilə bağlı etibarnamə vermişdir. “Qaz təminatının dayandırılması haqqında” ******* nömrəli 04 fevral 2021-ci il tarixli aktın surətindən görünür ki, fiziki şəxs İddiaçı məxsus istixanaya qazın verilişi qaz sayğacı 04 fevral 2021-ci il tarixdə dayandırılmışdır. İş üzrə təyin edilmiş məhkəmə xətşünaslıq ekspertizasının nəticəsi olaaq təqdim edilən ekspert rəyində qeyd olunmuşdur ki, 18 yanvar 2021-ci il tarixli ******* nömrəli bildiriş-xəbərdarlığın aşağı hissəsində “İddiaçı” yazılarının qarşısında olan imza İddiaçı tərəfindən icra olunmuşdur. İş üzrə təyin edilmiş məhkəmə ekspertizasının nəticəsi olaraq təqdim edilən ekspert rəyində qeyd olunur ki, Şəmkir rayonu, Qapanlı kəndində İddiaçı məxsus müasir tipli istixanada aqrotexniki qaydalara riayət etməklə Pink Chempion növü üzrə 200,7 ton və daha artıq pomidor yetişdirmək mümkündür, 2021-ci ilin mart-aprel aylarında pomidorun bazar qiyməti orta hesabla 1 kiloqram 1,2 manat təşkil etmişdir. Məhkəmə qeyd edir ki, zərər, öz qanunazidd davranışı ilə onun yaranmasına səbəb olmuş şəxsə, yaxud şəxslərə aid edilir. Buna görə də şəxsin fəaliyyəti ilə zərərin yaranması arasında səbəbli əlaqə mövcud olmalıdır. Çünki zərərin yaranmasının əsasında bir şəxsin başqasının mülkiyyət hüquqlarının pozulmasına yönələn təqsirli hərəkəti və ya hərəkətsizliyi dayandığı halda, təqsiri olan şəxs həmin zərərin əvəzini ödəmək öhdəliyini daşıyır. “Azəriqaz “X5 X19 İdarəsinin İddiaçı təqdim etdiyi ******* nömrəli bildirişxəbərdarlığın məzmunundan görünür ki, abonentin 01.12.2020-ci il tarixə qədər hesablanmış 31.038.80 manat borcunu 3 gün ərzində ödəməsi ondan tələb olunmuşdur. Həmin bildiriş-xəbərdarlıq 18 yanvar 2021-ci il tarixdə İddiaçı imza etdirilməklə ona təqdim olunmuşdur. Həmin bildiriş vasitəsilə M,Musayevin diqqətinə çatdırılmışdır ki, göstərilən borc ödənilmədiyi halda təbii qazın verilişini “Qazdan istifadə Qaydaları” nın 6.1.4-ci bəndinə əsasən dayandırılacaqdır. “Qazdan istifadə Qaydaları” nın 6.1.4-ci bəndində isə göstərilir ki, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə qazın verilməsini dayandıra bilər. Qaydaların tələbindən göründüyü kimi cavabdeh qazın verilişinini 18 fevral 2021-ci il tarixdən sonra dayandıra bilərdi. Lakin cavabdeh mövcud Qaydanın tələblərini pozaraq bildiriş-xəbərdarlıq verildiyi gündən başlayan bir ay müddətin keçməsini gözləmədən 04 fevral 2021-ci il tarixdə istixanaya verilən təbii qazın verilişini dayandırılmışdır. İşin hallarından göründüyü kimi cavabdehin təbii qazın verilişini dayandırmaq hüququ 18 fevral tarixindən sonra yarana bilərdi, ancaq 04 fevral tarixində onun belə bir hüququ olmamışdır. İddiçı həmin bildiriş-xəbərdarlığın məzmununa ümid edərək mövcud borcu bir aylıq müddətin son günündə də ödəməyi planlaşdıra bilərdi. Lakin cavabdehin hərəkəti nəticəsində vəziyyət dəyişmiş və bu mümkün olmamışdır. Qeyd olunanlara əsasən cavabdehin hərəkəti hüquqazidd sayılır. Həmçinin, qeyd edilən qaydalarda söhbət qazın sayğacla müəyyənləşdirilən hesabından gedir. Hazırkı iş üzrə də abonentin saldosundan məlum olur ki, onun borcu sayğacla müəyyənləşdirilən olmuşdur. Bu hal bir daha müəyyən edir ki, bir aylıq müddət gözlənilməli idi. Göründüyü kimi qanunazidd əməl mövcuddur. Məhkəmə onu da qeyd edir ki, “Qazdan istifadə Qaydaları” nın 6.1.4-ci bəndinin tələbində qazın verilişinin dayandırılması heç də məcburi şərt kimi nəzərdə tutulmamışdır. Bu norma dispozitiv xarakter daşımaqla tərəfə şəraitə uyğun davranmaq imkanını verir. Qazın verilişinin dayandırılması borcun ödənilməsi üçün görülə bilən təsir tədbiridir. Tədbir o halda uğurlu sayılır ki, onun həyata keçirilməsi zamanı yaranan mənfi nəticə müsbət nəticəni üstələməsin. Hazırkı iş üzrə cavabdehin gördüyü tədbirin nəticəsi faydalı deyil, zərərli olmuşdur. Belə ki, sahibkarın 200.000 manatlıq məhsulu zay olmuş və bu səbəbdən də o, gəlir əldə edə bilməmişdir. 2021-ci lin fevral ayında qazın verilişinin dayandırılması 31.038 manat borca görə olduğu halda, abonentin saldosundan göründüyü kimi dayanmadan sonra da ödəniş olmamış, borc məbləği daha da artaraq həmin ilin avqust ayına 74.431 manat olmuşdur. Göründüyü kimi cavabdehin həyata keçirdiyi tədbir şəraitə və zamanına uyğun olmadığından, tədbirin nəticəsi iddiaçıya münasibətdə zərərli olmuş, onun vəziyyətini daha da ağırlaşdırmşdır. Belə ki, sahibkar məsulu yetişdirib sata biləcəyi halda “Azəriqaz “İstehsalat Birliyinə olan borcunu ödəmək üçün yetərli pul vəsati əldə etmiş olardı. Lakin cavabdehin gördüyü tədbir bunun qarşısını almış, nəticədə 31.038 manat borc yenə də ödənilmədən qalmış, həmçinin iddiaçını əlavə zərərə məruz qoymuşdur. Qazın verilişinin dayandırılması nəticə etbarilə sahibkara münasibətdə zərərli, “Azəriqaz “İstehsalat Birliyinə münasibətdə isə səmərəsiz olmuşdur. Məhkəmə qanunazidd hərəkət ilə zərərin yaranması arasında səbəbli əlaqə üzrə onu qeyd edir ki, sübuta ehtiyacı olmayan haldır ki, qış mövsümündə tərəvəz yalnız və yalnız istixana şəraitində yetişə bilər. Hazırkı iş üzrə iddiaçıya məxsus istixanada da isti temeraturun yaranmasına təbii qazla işləyən sobaların işləməsi vasitəsilə nail olunmuşdur. Bir halda ki, məhsulun yetişməsi üçün normal hava şəraiti təbii qazın verilişindən asılı olmuşdur, deməli təbii qazın verilişi dayandırılacağı halda bu hava şəraiti soyumağa doğru kəskin dərəcədə pisləşir. Belə olan vəziyyətdə istixanada olan tərəvəzlərin məhv olması halı mütləqdir və qaçılmazdır. Zay olmuş məhsulun həcmi və dəyəri iş üzrə sübutlarla öz təsdiqini tapmışdır. İddiaçıya məxsus istixanada becərilmiş məhsulun məhv olması ilə cavabdeh müəssisənin qazın dayandırılması arasında birbaşa səbəbli əlaqə mövcuddur. Odur ki, məhkəmə iddia tələbini məhsulun zay olmasına görə tələb olunan 200.000 manat hissəsini əsaslı sayır. Məhkəmə iddia tələbinin təmin edilməli olmayan hissəsini onunla əsaslandırır ki, tələbin məzmunundan göründüyü kimi ziyan məbləğinin bir hissəsi məhsulun yetişdirilməsinə çəkilən xərclərdən, 200.000 manat hissəsi də yararsız vəziyyətə düşmüş məhsulun belə vəziyyətə düşmədiyi halda olan bazar dəyəridir. Deməli, təbii qazın verilişinin dayandırılmayacağı halda da belə, iddiaçı məhsulun becərilməsi üçün çəkdiyi xərclər və gördüyü işlər müqabilində həmin məhsulu bazarda satacağı halda 200.000 gəlir əldə edə bilərdi. O, bu gəlirindən məhrum olmuşdur. Məhsulun becərilməsinə çəkilən xərclər gözlənilən gəlirin əldə olunması hesabına əvəzlənir. Cavabdeh iddiaçıya 200.000 manat ödəyəci halda iddiaçının gözlədiyi, lakin əldə edə bilmədiyi əldən çıxmış olan məbləğ bərpa olunmuş və tamamlanmış sayılır. Odur ki, iddiaçı məhsulun yetişdirilməsi üçün çəkmiş olduğu xərcləri cavabdehdən tələb etməkdə haqlı olmamışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd olunur ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 13-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. 16-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 124.3-cü maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehndən 200.000 (iki yüz min) manat vəsait tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə 138 (yüz otuz səkkiz) manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi, X4, büdcə təsnifat kodu 142595, büdcə səviyyə kodu 3, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT kod CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesaba ödənilsin. İş üzrə 300 (üç yüz) manat ekspertiza xərci 200 (iki yüz) manat hissədə Cavabdehndən, 100 (yüz) manat hissədə İddiaçı tutularaq „Məhkəmə Ekspertiza Xidmətləri“ MMC, „Kapitalbank“ ASCnin Qara Qarayev filialı, kod 200145, VÖEN **********, SWİFT kod AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944,VÖEN:**********,hesab:AZ90AİİB******************** saylı hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Kənan Vəliyev əsli ilə düzdür

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar