Məhkəmə qərarları › İş №e-2-2(115)-28/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-28/2024

11.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-28/2024 11.09.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 025R**********1 saylı kredit razılaşması və ona əlavə bağlanmış sazişlərin ləğv edilməsi, cavabdеhlər Cavabdeh1, X3, Cavabdeh2 müştərək qaydada iddiaçının хеyrinə krеdit razılaşması üzrə 41943,75 manat krеdit bоrcu, 6793,06 manat faiz bоrcu və 14087,18 manat cərimə borcu olmaqla, ümumilikdə 62823,99 manat bоrcun, 400 manat mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tələbin X4 mülkiyyətində olan Yevlax şəhəri, S.Əsgərova küçəsində 0.0496 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan ümumi sahəsi 290.50 kv.m olan 57 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması, borcun əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracdan əldə olunmuş vəsaitin borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutulması, tutma yönəldikdən və əmlak satıldıqdan 1 ay sonra X4 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 025R********** saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə ******* manat krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 025R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50000 manat krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2021-ci il tarixli 025R**********S saylı, xx.xx.2021-ci il tarixli 025R**********SA saylı, xx.xx.2021-ci il tarixli 025R**********SB saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 krеdit razılaşmasının tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2022-ci il tarixdən banka qaytarmamışdır. Krеdit bоrcundan 8056,25 manat ödəmiş, onun 41943,75 manat kredit borcu qalmışdır. Kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 295 gün üçün hesablanmış faiz borcu 6793,06 manat və cərimə 14087,18 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər X8 və Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliyinin icrasını təmin etmək məqsədi ilə ipoteka qoyan və zamin X8 və Bank arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 025M**********01 nömrəli ipoteka müqaviləsi əsasında ona məxsus Yevlax şəhəri, S.Əsgərova küçəsində xüsusi mülkiyyətdə olan 0.0496 ha torpaq sahəsi və həmin torpaq sahəsində xüsusi mülkiyyətdə olan 57 nömrəli fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş və qeydiyyata alınmışdır. İş materiallarında olan AZ-İİ 400259 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 22 fevral 2024-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Yexlax şəhəri İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanda hal-hazırda Cavabdeh1 və Cavabdeh3 yaşayır. İş materiallarında olan 16 may 2008-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh3 xx.xx.2008-ci il tarixdə doğulmuş, atası Cavabdeh1, anası X5r. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı QSC-nin Cavabdeh1, Cavabdeh2, X6 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə cavabdeh X8 hüquqi varisi olaraq Cavabdeh3 ilə əvəz edilmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 025R**********1 saylı kredit razılaşması və ona əlavə bağlanmış sazişlərin ləğv edilməsi, cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının хеyrinə krеdit razılaşması üzrə 41943,75 manat krеdit bоrcu, 6793,06 manat faiz bоrcu və 14087,18 manat cərimə borcu olmaqla, ümumilikdə 62823,99 manat bоrcun, 400 manat mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tələbin X4 mülkiyyətində olan Yevlax şəhəri, S.Əsgərova küçəsində 0.0496 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan ümumi sahəsi 290.50 kv.m olan 57 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və borcun ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 iddia tələbini müdafiə edərək həmin məzmunda izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 025R********** saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə ******* manat krеdit хətti açılmışdır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 025R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50000 manat krеdit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan sazişlərdən görünür ki, xx.xx.2021-ci il tarixli 025R**********S saylı, xx.xx.2021-ci il tarixli 025R**********SA saylı, xx.xx.2021-ci il tarixli 025R**********SB saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişikliklər edilmişdir. İş materiallarında olan 31 oktyabr 2019-cu il tarixli 025S**********02, 31 oktyabr 2019-cu il tarixli 025S**********01 nömrəli zaminlik müqavilələrindən görünür ki, X8 və Cavabdeh2 uzunmüddətli kredit müqaviləsinə əsasən borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. İş materiallarında olan 31 oktyabr 2019-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, X8 uzunmüddətli kredit müqaviləsi üzrə borcalanın bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə mülkiyyətində olan Yevlax şəhəri, S.Əsgərova küçəsində olan 0,0496 ha torpaq sahəsi və həmin torpaq sahəsində xüsusi mülkiyyətdə yerləşən ümumi sahəsi 290,50 m2 olan 57 nömrəli fərdi yaşayış evini ipoteka ilə yüklü etdirmişdir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 40000 manat məbləğində müəyyənləşdirilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Yevlax şəhəri, S.Əsgərova küçəsində yerləşən 57 nömrəli fərdi yaşayış evinə X4 mülkiyyət hüququ qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Yevlax şəhəri, S.Əsgərova küçəsi 57 nömrəli fərdi yaşayış evininin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktublarından görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan arayışda qeyd edilmişdir ki, Cavabdeh1 025R********** saylı krеdit razılaşması üzrə xx.xx.2022-ci il tarixə 41943,75 manat krеdit bоrcu, 6793,06 manat faiz bоrcu və 14087,18 manat cərimə borcu olmaqla, cəmi 62823,99 manat bоrcu vardır. İş materiallarında olan "xxxx" MMC-nin 06 oktyabr 2023-cü il tarixli 02-149/23 saylı qiymətləndirmə rəyindən görünür ki, cavabdeh X4 mülkiyyətində olan Yevlax şəhəri, S.Əsgərova küçəsində xüsusi mülkiyyətdə olan 0.0496 ha torpaq sahəsi və həmin torpaq sahəsində xüsusi mülkiyyətdə olan 57 nömrəli fərdi yaşayış evinin bazar dəyərinin 58000 manat, likvid dəyərinin 49000 manat təşkil etməsi müəyyən edilmişdir. Tədqiqatın dəyəri isə 300 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 may 2024-cü il tarixli 3-16-16/2-10/9296-9/9519 nömrəli rəyindən görünür ki, cavabdeh X4 mülkiyyətində olan Yevlax şəhəri, S.Əsgərova küçəsində xüsusi mülkiyyətdə olan 0.0496 ha torpaq sahəsi və həmin torpaq sahəsində xüsusi mülkiyyətdə olan 57 nömrəli fərdi yaşayış evinin bazar dəyərinin 122000 manat, likvid dəyərinin 109800 manat təşkil etməsi müəyyən edilmişdir. Tədqiqatın dəyəri isə 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, Cavabdeh1 ilə "xxxx" QSC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə ******* manat krеdit хətti açılmışdır. Cavabdeh1 ilə "xxxx" QSC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış krеdit razılaşmasına əsasən 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50000 manat krеdit verilməsi nəzərdə tutulmuşdur. Kredit razılaşmasına və ödəniş planına xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə dəyişiklik edilmişdir. İddiaçı kredit razılaşması ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, cavabdeh isə kredit razılaşması ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəllərini pozmuşdur. İddiaçı iddia tələbində krеdit razılaşması üzrə 41943,75 manat krеdit bоrcu, 6793,06 manat faiz bоrcu, 14087,18 manat cərimənin tutulmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddia təlbindəki əsas kredit borcunu tələb etməkdə haqlıdır. Faiz borcunun tutulması ilə bağlı isə məhkəmə qeyd edir ki, Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. İş materiallarından görünür ki, iddiaçı əsas borc məbləğinin, habelə faiz borcunun və cərimənin ödənilməsi ilə bağlı iradə ifadəsini cavabdehlərə xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda ifadə etmişdir. Həmin xəbərdarlıq məktubunda krеdit razılaşması üzrə faiz borcunun 3702,96 manat təşkil etməsi qeyd edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, xəbərdarlıq məktubunda göstərilən 3702,96 manat məbləğində faiz borcunun tutulması qanuni və əsaslıdır. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, krеdit razılaşması üzrə 14087,18 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə azaldılaraq 1000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə eyni zamanda digər Cavabdeh2 oğlunun mülki məsuliyyətini araşdıraraq hesab edir ki, o uzunmüddətli kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən kredit məbləğinin, həmin məbləğə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit razılaşması üzrə iddiaçıya olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh1 zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən Cavabdeh2 onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyır. Odur ki, kredit razılaşması üzrə 41943 manat 75 qəpik əsas borc, 3702 manat 96 qəpik faiz borcu və 1000 manat cərimə borcu olmaqla, cəmi 46646 manat 71 qəpik kredit borcu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə bildirir ki, iddiaçı əsas borc məbləğinin, habelə faiz borcunun və cərimənin ödənilməsi ilə bağlı iradə ifadəsini cavabdehlərə xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda ifadə etmişdir. Həmin xəbərdarlıq məktubunun cavabdehlərə çatdığı vaxtdan kredit razılaşmasına və sazişlərinə xitam verildiyindən iddia tələbinin xx.xx.2019-cu il tarixli 025R********** saylı krеdit razılaşmasının, xx.xx.2021-ci il tarixli 025R**********S saylı sazişin, xx.xx.2021-ci il tarixli 025R**********SA və xx.xx.2021-ci il tarixli 025R**********SB saylı sazişin ləğv edilməsi ilə bağlı hissəsi təmin edilə bilməz. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1 maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. İş materiallarında olan bildiriş məktubundan görünür ki, iddiaçı cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, tələb üzrə tutma Yevlax şəhəri, S.Əsgərova küçəsində yerləşən 0.0496 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan 57 nömrəli fərdi yaşayış evinə yönəldilməli, həmin fərdi yaşayış evi açıq hərracdan satılmalı, fərdi yaşayış evinin ilkin satış qiyməti 109800 manat həddində müəyyən edilməli, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçıya ödənilməli, fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh3 qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan Şəki 1 saylı Mediasiya təşkilatı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmiş, iddiaçının nümayəndəsi tərəfindən 400 manat məbləğində mediasiya xərci ödənildiyi qeyd edilmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, iddiaçı tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ödəmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 400 manat mediasiya xərci, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı da cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumunun müəyyən hissəsini ödəməkdən azad edilmiş, ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 229,94 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 300 manat ekspertiza xərci cavabdehlərdən müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Həmçinin məhkəmə tikinti-texniki və məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsi ilə bağlı 100 manat ekspertiza xərci cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 31 oktyabr 2019cu il tarixli 025R********** saylı kredit razılaşması üzrə 41943 manat 75 qəpik əsas borc, 3702 manat 96 qəpik faiz borcu və 1000 manat cərimə borcu olmaqla, cəmi 46646 (qırx altı min altı yüz qırx altı) manat 71 (yetmiş bir) qəpik kredit borcu, 400 (dörd yüz) manat ödənilmiş mediasiya xərci, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb üzrə tutma Yevlax şəhəri, S.Əsgərova küçəsində 0.0496 ha torpaq sahəsi və həmin torpaq sahəsində xüsusi mülkiyyətdə olan 57 nömrəli fərdi yaşayış evinə yönəldilsin. Həmin torpaq sahəsi və fərdi yaşayış evi açıq hərracdan satılsın və əmlakın ilkin satış qiyməti 109800 (yüz doqquz min səkkiz yüz) manat həddində müəyyən edilsin. Açıq hərrac keçirildikdən və əmlak satıldıqdan sonra sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Əmlakın satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh3 qaytarılsın. İş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 300 (üç yüz) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına ("xxxx" ASC-nin Qara Qarayev filialı, kod: 200145, VÖEN: **********, SWİFT kod:AİİBAZ2X, M/h: AZ37NABZ********************, VÖEN: **********, hesab: AZ90AİİB********************) ödənilsin. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 229 (iki yüz iyirmi doqquz) manat 94 (doxsan dörd) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar