Məhkəmə qərarları › İş №e-2-2(115)-280/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-280/2023

24.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki dövriyyənin iştirakçıları arasında hesablaşmalar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-280/2023 24.05.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə 17108,32 manat pul vəsaitinin və ödənilmiş 200 manat mediasiya xərcinin, ümumilikdə 17308,32 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə "xxxx" MMC ilə "X4" MMC arasında “Mehmanxana xidmətlərinin göstərilməsinə dair” müqavilə bağlanılmışdır. "xxxx" MMC xx.xx.2019-cu il tarixdən İddiaçı MMC olaraq fəaliyyətini davam etdirməkdədir. Müqavilənin 1.1-ci bəndinə əsasən, Sifarişçi müqavilədə nəzərdə tutulmuş qaydada və şərtlər daxilində qonaqlarının "xxxx" MMC-nin mehmanxanalarında yerləşdirilməsi və onlara mehmanxana xidmətləri göstərilməsi barədə sifariş verir, İcraçı isə Sifarişçinin verdiyi sifariş əsasında müştəriləri yerləşdirməyi və onlara mehmanxana xidmətləri göstərməyi öhdəsinə götürür. Xidmətin dəyərinin Müştəri və ya Sifarişçi tərəfindən ödənilməsi sifarişdən öncə Sifarişçi və İcraçı arasında razılaşdırılır. Həmin müqavilənin 3.7-ci bəndinə görə, müştəri çıxdıqdan sonra İcraçı Sifarişçiyə ödəniş üçün son hesabı verir və buna əsasən tərəflər arasında sonrakı qarşılıqlı hesablaşma aparılır. Müqavilənin tələblərinə uyğun olaraq İcraçı Sifarişçiyə göstərilmiş 29639,76 manat məbləğində mehmanxana xidmətlərinin dəyərini özündə əks etdirən 32 ədəd elektron qaimə göndərmişdir. Sifarişçi tərəfindən 29639,76 manat məbləğində mehmanxana xidmətlərinin dəyərindən yalnız 12531,44 manat məbləğində pul vəsaiti İcraçıya ödənilmişdir. Müqaviləyə əsasən, göstərilmiş mehmanxana xidmətlərinin 17108,32 manat məbləği isə Sifarişçi tərəfindən ödənilməmişdir. Sifarişçi tərəfindən göstərilmiş mehmanxana xidmətlərini tam qəbul etmiş İcraçı müqavilənin 3.8-ci bəndinin tələblərini pozmuş və bununla da müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam icra etməmişdir. Sifarişçinin İcraçı qarşısında icra edilməmiş hər hansı bir öhdəliyi yoxdur. Sifarişçi tərəfindən müqavilə üzrə bütün müəyyən edilmiş şərtlər və öhdəliklər yerinə yetirilmişdir. Bu günədək İcraçı tərəfindən göstərilmiş mehmanxana xidmətlərinin dəyərindən 17108,32 manat məbləğ cavabdeh tərəfindən ödənilməmişdir. Cavabdeh MMC-nin nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətinin tətbiq edilərək iş üzrə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, "xxxx" MMC ilə “X4" MMC arasında müqavilə bağlanılmış, "xxxx" MMC adı 2019-cu ilin sentyabr ayından sonra dəyişərək "xxxx" MMC olmuşdur. Tərəflərindən xidmətlər göstərildikdən sonra qaimələr icra edilməsi üçün cavabdehə göndərilmişdir. Göstərilən xidmətlər əsasında 32 ədəd qaimə verilmişdir ki, bunun da dəyəri 29639,76 manatdır. Həmin qaimələrdən 12531,44 manatı cavbadeh tərəfindən ödənilmiş, 17108,32 manat isə ödənilməmişdir. Ödənilməyən qaimələr də cavabdehə təqdim edilmişdir. Hazırda cavabdehdən 17308 manat pul tələb olunur ki, həmin məbləğə mediasiya xərci də daxildir. Odur ki, 200 manat da mediasiya xərci də daxil olmaqla 17308,32 manat pulun cavabdeh "X4" MMC-dən tutularaq iddiaçı "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin 16 may 2023-cü il tarixli məhkəmə iclasında iştirak edən "X4" MMC-nin nümayəndəsi Vəkil iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, tərəflər arasında müqavilənin bağlanmasını təsdiq edirlər, lakin iddia ərizəsində göstərilən rəqəmlər iddiaçının öz mənafeyinə uyğun olaraq qeyd etdiyi rəqəmlərdir. Müqavilənin mahiyyətindən görünür ki, xidmət mehmanxada müştərilərin qəbul edilməsi və xidmət göstərilməsi ilə bağlıdır. Qiymət müştəriyə görə hesablanır. Müqavilənin 3-cü bəndinə əsasən qiymətlər qarşılıqlı razılaşma əsasında müəyyən olunmalı olduğu halda verilən qaimələr razılaşma olmadan verilmişdir. Həmin qaimələr sistem tərəfindən avtomatik olaraq təsdiq edilmişdir, tərəf onu təsdiq etməmişdir. Cavabdehin şəriklərindən olan Elgün Hilali mübahisənin həllini arzulasa da iddiada göstərilən rəqəmlərlə razı deyildir. İddiaçı bununla bağlı əvvəllər polis orqanına müraciət etmişdir, Elgün Hilali polis orqanında da rəqəmlərlə razı olmadığını bildirmişdir. Ona görə də bugünki günədək tərəflər arasında mübahisə gedir. Cavabdeh qaimələrdəki rəqəmlərin dürüst olmadığını bildirir. Belə olmadığı halda 2022-ci ilin dekabrında deyil, bundan əvvəl iddiaçı məhkəməyə müraciət edərdi. Ona görə də iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh "X4" MMC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə cavabdeh "X4" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan "xxxx" MMC ilə “X4" MMC arasında bağlanmış 01 fevral 2019-cu il tarixli “Mehmanxana xidmətlərinin göstərilməsinə dair” müqavilədən görünür ki, müqavilənin 1.1-ci bəndinə əsasən Sifarişçi müqavilədə nəzərdə tutulmuş qaydada və şərtlər daxilində qonaqlarının "xxxx" MMC-nin mehmanxanalarında yerləşdirilməsi və onlara mehmanxana xidmətləri göstərilməsi barədə sifariş verir, İcraçı isə Sifarişçinin verdiyi sifariş əsasında müştəriləri yerləşdirməyi və onlara mehmanxana xidmətləri göstərməyi öhdəsinə götürmüş, xidmətin dəyərinin Müştəri və ya Sifarişçi tərəfindən ödənilməsi sifarişdən öncə Sifarişçi və İcraçı arasında razılaşdırılması müəyyən edilmişdir. Həmçinin müqavilənin 3.7-ci bəndinə əsasən, Müştəri çıxdıqdan sonra İcraçı Sifarişçiyə ödəniş üçün son hesabı verir və buna əsasən tərəflər arasında sonrakı qarşılıqlı hesablaşma aparılır, 3.8-ci bəndinə əsasən isə İcraçının təqdim etdiyi hesabın ödənişi 1.1-ci bəndə uyğun olaraq Müştəri və ya Sifarişçi tərəfindən onu aldığı gündən 15 bank günü ərzində manatla həyata keçirilməsi nəzərdə tutulmuşdur. Müqavilə 31 dekabr 2019-cu il tarixədək qüvvədə olmuşdur. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 078017 nömrəli elektron qaiməyə əsasən 3670 manat, xx.xx.2018-ci il tarixli 339721 nömrəli elektron qaiməyə əsasən 450 manat, xx.xx.2018-ci il tarixli 739067 nömrəli elektron qaiməyə əsasən 4220 manat, xx.xx.2018-ci il tarixli 643835 nömrəli elektron qaiməyə əsasən 2090 manat, xx.xx.2018-ci il tarixli 050413 nömrəli elektron qaiməyə əsasən 6206 manat, xx.xx.2018-ci il tarixli 239843 nömrəli elektron qaiməyə əsasən 6310 manat, xx.xx.2018-ci il tarixli 624731 nömrəli elektron qaiməyə əsasən 2255 manat, xx.xx.2018-ci il tarixli 928793 nömrəli elektron qaiməyə əsasən 3130 manat, xx.xx.2018-ci il tarixli 456367 nömrəli elektron qaiməyə əsasən 2000 manat, xx.xx.2019-cu il tarixli 055700 nömrəli elektron qaiməyə əsasən 500 manat, xx.xx.2019-cu il tarixli 055741 nömrəli elektron qaiməyə əsasən 340,01 manat, xx.xx.2019-cu il tarixli 360717 nömrəli elektron qaiməyə əsasən 2000 manat, xx.xx.2019-cu il tarixli 864947 nömrəli elektron qaiməyə əsasən 400,39 manat, xx.xx.2019-cu il tarixli 538648 nömrəli elektron qaiməyə əsasən 313 manat, xx.xx.2019-cu il tarixli 035847 nömrəli elektron qaiməyə əsasən 3000 manat, xx.xx.2019-cu il tarixli 055408 nömrəli elektron qaiməyə əsasən 1425,24 manat, xx.xx.2019-cu il tarixli 053780 nömrəli elektron qaiməyə əsasən 671,20 manat, xx.xx.2019-cu il tarixli 054218 nömrəli elektron qaiməyə əsasən 673,32 manat, xx.xx.2019-cu il tarixli 582380 nömrəli elektron qaiməyə əsasən 413,72 manat, xx.xx.2019-cu il tarixli 582436 nömrəli elektron qaiməyə əsasən 309 manat, xx.xx.2019-cu il tarixli 782268 nömrəli elektron qaiməyə əsasən 359 manat, xx.xx.2019-cu il tarixli 888130 nömrəli elektron qaiməyə əsasən 148,92 manat, xx.xx.2019-cu il tarixli 887932 nömrəli elektron qaiməyə əsasən 376,72 manat, xx.xx.2019-cu il tarixli 738481 nömrəli elektron qaiməyə əsasən 3219,84 manat, xx.xx.2019-cu il tarixli 740517 nömrəli elektron qaiməyə əsasən 6135,36 manat, xx.xx.2019cu il tarixli 089353 nömrəli elektron qaiməyə əsasən 3000 manat, xx.xx.2019-cu il tarixli 316727 nömrəli elektron qaiməyə əsasən 182,20 manat, xx.xx.2019-cu il tarixli 715461 nömrəli elektron qaiməyə əsasən 160 manat, xx.xx.2019-cu il tarixli 324776 nömrəli elektron qaiməyə əsasən 574,20 manat, xx.xx.2020-ci il tarixli 662268 nömrəli elektron qaiməyə əsasən 525,64 manat, xx.xx.2020-ci il tarixli 736505 nömrəli elektron qaiməyə əsasən 442 manat, xx.xx.2020-ci il tarixli 901574 nömrəli elektron qaiməyə əsasən isə 4470 manat dəyərində xidmətlərin göstərliməsinə dair qaimələr İddiaçı MMC tərəfindən "X4" MMC-yə ötürülmüşdür. İş materiallarında olan xx.xx.2019-xx.xx.2019-cu il və xx.xx.2020-xx.xx.2020-ci tarixli şəxsi hesabdan çıxarışdan görünür ki, "X4" MMC bank vasitəsilə İddiaçı MMC-yə 12531,44 manat məbləğində pul köçürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il-xx.xx.2020-ci il tarixli şəxsi hesabdan çıxarışdan görünür ki, "X4" MMC tərəfindən İddiaçı MMC-nə sonuncu ödəniş xx.xx.2020-ci il tarixində 481,82 manat məbləğində icra edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə qeyd edir ki, "xxxx" MMC ilə “X4" MMC arasında 01 fevral 2019-cu il tarixdə müqavilə bağlanmış, müqaviləyə əsasən Sifarişçi müqavilədə nəzərdə tutulmuş qaydada və şərtlər daxilində qonaqlarının "xxxx" MMC-nin mehmanxanalarında yerləşdirilməsi və onlara mehmanxana xidmətləri göstərilməsi barədə sifariş verməyi, İcraçı isə Sifarişçinin verdiyi sifariş əsasında müştəriləri yerləşdirməyi və onlara mehmanxana xidmətləri göstərməyi öhdəsinə götürmüş, xidmətin dəyərinin müştəri və ya Sifarişçi tərəfindən ödənilməsi sifarişdən öncə Sifarişçi və İcraçı arasında razılaşdırılması müəyyən edilmişdir. Həmçinin tərəflər müştəri çıxdıqdan sonra İcraçı Sifarişçiyə ödəniş üçün son hesabı verməsi və buna əsasən tərəflər arasında sonrakı qarşılıqlı hesablaşma aparılması, İcraçının təqdim etdiyi hesabın ödənişinin müştəri və ya Sifarişçi tərəfindən onu aldığı gündən 15 bank günü ərzində manatla həyata keçirilməsi barədə razılaşmışlar. Müqavilənin müddəti 31 dekabr 2019-cu il tarixədək müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış xidmət müqaviləsi üzrə İcraçı İddiaçı MMC üzərinə götürdüyü öhdəlikləri icra etmiş, xidmətlərin göstərilməsinə dair Sifarişçi “X4" MMC-yə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək elektron qaimələr göndərilmiş və sonuncu tərəfindən elektron qaimələr təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-xx.xx.2019-cu il və xx.xx.2020-xx.xx.2020-ci tarixi əhatə edən bank hesablarından çıxarışdan görünür ki, İddiaçı MMC X4" MMC-yə 23 ədəd elektron qaimə göndərmiş, bir qaimə üzrə (xx.xx.2020-ci il tarixli 901574 nömrəli) ödəniş qismən həyata keçirilmiş, yəni 4470 manatdan 1536 manat ödənilmiş, 11 ədəd qaimə (xx.xx.2019-cu il tarixli 055408 nömrəli elektron qaiməyə əsasən 1425,24 manat, xx.xx.2019cu il tarixli 053780 nömrəli elektron qaiməyə əsasən 671,20 manat, xx.xx.2019-cu il tarixli 054218 nömrəli elektron qaiməyə əsasən 673,32 manat, xx.xx.2019-cu il tarixli 582380 nömrəli elektron qaiməyə əsasən 413,72 manat, xx.xx.2019-cu il tarixli 582436 nömrəli elektron qaiməyə əsasən 309 manat, xx.xx.2019-cu il tarixli 782268 nömrəli elektron qaiməyə əsasən 359 manat, xx.xx.2019-cu il tarixli 888130 nömrəli elektron qaiməyə əsasən 148,92 manat, xx.xx.2019-cu il tarixli 887932 nömrəli elektron qaiməyə əsasən 376,72 manat, xx.xx.2019-cu il tarixli 738481 nömrəli elektron qaiməyə əsasən 3219,84 manat, xx.xx.2019-cu il tarixli 740517 nömrəli elektron qaiməyə əsasən 6135,36 manat, xx.xx.2020ci il tarixli 736505 nömrəli elektron qaiməyə əsasən 442 manat) üzrə ödəniş edilməmiş, digər 11 qaimə üzrə ödənişlər həyata keçirilmişdir. Məhkəmə qeyd edir ki, “X4" MMC üzərinə götürdüyü öhdəliyi tam olaraq yerinə yetirməmiş və onun iddiaçıya 17108,32 manat borcu qalmışdır. Ona görə də cavabdehdən 17108,32 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin cavabdeh tərəfindən verilən iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasbət bildirirək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 379.4-cü maddəsinə əsasən müddətin dayandırılmasına əsas vermiş halın sona çatdığı gündən müddətin axımı davam edir. Müddətin qalan hissəsi altı aya qədər uzadılır, iddia müddəti altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddətinə qədər uzadılır. Həmin Məcəllənin 379.4-1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Həmin Qanunun 32.4.2-ci maddəsinə əsasən bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir. İş materiallarından da göründüyü kimi, tərəflər arasında müavilə 01 fevral 2019-cu il tarixdə bağlanılmış, xidmətlərin göstərilməsinə dair qaimə xx.xx.2019-cu il tarixədən başlayaraq xx.xx.2020-ci il daxil olmaqla ötürülmüşdür. İddiaçı müqavilə üzrə ən son qaiməni xx.xx.2020-ci il tarixdə göndərmiş, cavabdeh isə ödənişi xx.xx.2020-ci il tarixində etmişdir. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə mediasiya prosesinin tətbiqi ilə bağlı təklif göndərmiş, mediator tərəfindən xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi ilə bağlı arayış verilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir ki, qanunla müəyyən edilmiş 3 illik müddəti ötürməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan Gəncə 1 saylı mediasiya təşkilatı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmiş, iddiaçının nümayəndəsi tərəfindən 200 manat məbləğində mediasiya xərci ödənildiyi qeyd edilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 200 manat mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumu ödəməkdən azad edilmiş, ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 141 manat 32 qəpik dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli mehmanxana xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən Cavabdehndən 17108 (on yeddi min yüz səkkiz) manat 32 (otuz iki) qəpik pul və 200 (iki yüz) manat mediasiya xərci tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdehndən 141 (bir yüz qırx bir) manat 32 (otuz iki) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar