Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-2827/2025 05.03.2026 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilədən irəli gələn 95650 (doxsan beş min altı yüz əlli) manat, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq borcun gecikdirilməsinə görə hesablanmış illik 5 faizin, 377 manat dövlət rüsumunun və hüquqi yardım üçün çəkilmiş xərcə görə 320 manat pulun alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıya məxsus «Bərdə Electronics» mağazasından mütamadi olaraq məişət elektronika əşyaları götürüb satmış və pulunu vermişdir. Cavabdehlə iddiaçı arasında yaranmış ticarət etimadı və sahibkarlıq inamı əsasında sonuncu tərəfindən cavabdehə dəfələrlə elektronik məişət avadanlıqları verilmişdir. Cavabdehlə aralarında yaranmış işgüzar adətlərdən irəli gələn etimad və etibarlılıqdan istifadə edərək sonuncu dəfə 2024-cü ilin 10 may tarixli kredit müqaviləsi ilə iddiaçıya məxsus «Bərdə Electronics» mazasından 89 adda ümumi pul məbləği 106740 manat olan məişət avadanlıqları götürülmüşdür. Aralarında olan yazılı kredit müqaviləsinə əsasən cavabdeh götürdüyü məişət avadanlıqlarının kredit ödənişini xx.xx.2025-ci il tarixdə tamamı ilə ödəyib başa çatdırmalı idi. Ancaq təəssüf ki, cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi vicdanla icra etməmiş və ödəməli olduğu 95650 manatı bu günə qədər ödəməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı cavabdehlə olan əlaqələrindən dolayı, borcunu ödəmək üçün mümkün olan dialoq imkanlarından istifadə etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə xx.xx.2024-cü il tarixli kredit müqaviləsindən irəli gələn 95650 (doxsan beş min altı yüz əlli) manat məbləğində pulun, 377 manat dövlət rüsumun və 320 manat hüquqi yardıma görə ödənilmiş xidmət haqqının onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh tərəfindən sonuncu ödəniş 2024-cü ilin may ayında olub. Həmin dövrdən sonra hər hansı ödəniş edilməmişdir. Cavabdeh özü də etiraf edir ki, müqavilədə olan imza ona məxsusdur. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh məhkəmə iclasında izahatında bildirmişdir ki, o nə Amid müəllimi, nə də onun qardaşı Rəşad müəllimi tanımır. Malları Sərxan adlı şəxsdən almışdır. Ödənişləri də ona etmişdir. Həm nağd qaydada, həm də birkart vasitəsilə ödənişlər etmişdir. Mağazadan götürdüyü 38 malın qiyməti 50000 manat deyil. İddiaçıya 70000 manat məbləğində ödəniş etmişdir. Müqaviləyə imza etsə də onun mahiyyətini başa düşməmişdir. İndi ona aydın olur ki, həmin müqavilədə qeyd olunan onun borcudur. Eyni zamanda videogörüntüyə də etiraz etdiyini bildirmişdir. Məhkəmənin 08.1.2026-cı il tarixli iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, mağaza atasına məxsus olmuşdur. Lakin atası yaşlı olduğu üçün mağazanı qardaşının adına rəsmiləşdirmişlər. Özü faktiki olaraq dövlət qulluğunda çalışdığından mağazanın fəaliyyəti ilə çox məşğul ola bilməmişdir. Amma imkan olduqca mağazanın vəziyyəti barədə məlumat üçün mağazaya gedib-gəlmişdir. 2023-cü ilin sentyabr ayından başlayaraq Sevinc xanım onların mağazasından mal almağa başlamışdır. Əvvəllər götürdüyü malların həm ilkin ödənişi, həm də aylıq ödənişlərini zamanında etmişdir. Sevinc xanım aldığı malların dəyərini vaxtı-vaxtında ödəmişdir. 2024-ccü ilin aprel-may ayları ərzində mağazadan 100000 (bir yüz min) manatlıq mal götürmüşdür. May ayının 1dən 10-na qədər 20 ədəd böyük məişət texnikası götürmüşdür. Daha sonra 3 mal geri qaytarılmışdır. Qaytarılma səbəbi o olmuşdur ki, Sevinc xanım mağazadan götürdüyü “Quicks” firmasına məxsus kondisionerləri daha ucuz qiymətə Goranda olan mağazalardan birinə satmışdır. Həmin firmanın nümayəndəsi ona zəng edərək firmalarına məxsus kondisionerin Goranda daha ucuz qiymətə satılması barədə məlumat vermişdir. O isə Sevinc xanıma həmin məhsulların geri qaytarılmasını xahiş etmişdir. Sevinc xanım həmin 3 məhsulu mağazaya geri qaytarmışdır. Sevinc xanım daha sonra bildirdi ki, nə qədər borcu varsa ödəyəcəkdir. Sadəcə bir az vaxt verilməsini xahiş etdi. Axırda razılaşıblar ki, borcla bağlı ödəniş cədvəli tərtib olunsun. Aralarında cədvəl tərtib olunmuş və cavabdeh tərəfindən həmin ödəniş cədvəli imzalanmışdır. Cavabdeh orada qeyd olunan məbləğlə razılaşmış və ödəniş edəcəyini bildirmişdir. Lakin sonradan heç bir ödəniş edə bilməmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, iddiaçıya məxsus mağazada rəsmi olaraq işləmir. İddiaçı ilə qohum olduqlarından sadəcə bəzi işlərdə ona kömək edir. Cavabdehi tanıyır, İddiaçı cavabdehə mal verirdi. Nə qədər mal göndərildiyini bilmir. Malları o, cavabdehə çatdırırdı. Ödənişləri ona etmirdi, Amid müəllimin özünə edirdi. O yalnız ödənişlə bağlı xatırlatmaları edirdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilmiş, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: ödəmə müqaviləsi, alğı-satqı müqaviləsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı 89 adda, ümumi dəyəri 106740 manat olan elektronik məişət əşyalarını nisyə olaraq hissə-hissə ödənilməsi şərti ilə Cavabdeh satmışdır. Tərəflər arasında olan münasibət kredit müqaviləsi kimi rəsmiləşdirilsə də, əslində tərəflər arasında olan mübahisə şifahi nisyə alğı-satqı münasibətlərindən yaranan mübahisədir. Ona görə də hazırki iddianın maddi hüquqi əsasını Mülki Məcəllənin 600 və 601-ci maddələri təşkil edir. 10 may 2024-cü il tarixdə İddiaçı və Cavabdeh tərəfindən tərtib edilmiş və imzalanmış ödəmə müqaviləsi və kredit müqaviləsi adlandırılan sənədlərdən göründüyü kimi İddiaçı 89 adda ümumi dəyəri 106740 manat olan elektronik məişət əşyalarını nisyə olaraq hissə-hissə ödənilməsi şərti ilə Cavabdeh satmış, cavabdeh isə aldığı malların dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirərərək malları cavabdehə vermiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək aldığı malların dəyərini tam şəkildə iddiaçıya ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 95650 manat məbləğində borcu qalmışdır. Ona görə də həmin borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş və tərəflərin iştirakı ilə tədqiq edilmiş video yazıdan görünür ki, Cavabdeh cədvəldə qeyd olunan malları aldığını və onun iddiaçıya 95650 manat borcunun olduğunu bildirmişdir. Cavabdeh məhkəmə iclasında vermiş olduğu izahatlarında iddiaçıya olan borcunun ərizədə qeyd olunandan xeyli aşağı olduğunu və eyni zamanda iddiaçıya 70000 manat pul ödədiyini bildirmişdir. Lakin cavabdeh həmin bildirdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda cavabdeh öz izahatlarında 10 may 2024-cü il tarixdə tərtib edilmiş ödəmə müqaviləsi və kredit müqaviləsi adlı sənədləri imzalasa da, onların mahiyyətini başa düşmədiyini və video yazıda olanlara həqiqəti əks etdirmədiyini bildirsə də, məhkəmə hesab edir ki, qeyd olunan hallar cavabdeh tərəfindən öhdəliyin icrasından boyun qaçırmaq məqsədi daşıyır. Məhkəmə cavabdehin öz izahatlarında qeyd etdiyi halları əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 320 manat məbləğində pul vəkil haqqı olaraq ödənilmişdir. İddiaçı isə 320 manat məbləğində vəkilə ödənilmiş xidmət haqqının tutulmasını xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hüquqi yardım üçün vəkilə ödənilmiş 320 manat xidmət haqqı da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 377 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia tələbi təmin edildiyindən 377 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 95650 manat məbləğində pul, 377 manat dövlət rüsumu və hüquqi yardım üçün ödənilmiş 320 manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №e-2-2(115)-2827/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-2827/2025
05.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver