Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-288/2021 01.06.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı borcun silinməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı məhkəməyə müraciət edərək cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdeh “xxxx” ASC-nin Qərb regional enerji təchizatı və satışı idarəsinin elektrik sərfiyyatı üçün tələb etdiyi 1944 manat borcun abonent hesabından silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Şəmkir rayonu, Aşağı Seyfəli kəndində ticarət obyekti vardır, 2020-ci ilin aprel-may aylarında həmin obyektə quraşdırılmış sayğacda nasazlıqla bağlı qaynar xəttə müraciət edilmiş, lakin sayğacda olan problem aradan qaldırılmamışdır.14 iyun 2020-ci il tarixdə işıq sərfiyyatı üçün 408,29 manat borc hesablanmış, daha sonra 17 iyun 2020-ci il tarixdə sayğacda qızma olduğu aşkar edilmiş, sahə rəisinə bildirilmiş, həmin gün cavabdeh orqanın işçiləri sayğaca baxış keçirmiş, akt tərtib edilmiş, sayğacın dəyişdirilməli olduğu qeyd edilmişdir. İstifadə edilən enerji göstəriciləri qeyd edilmişdir. 25 iyun 2020-ci il tarixdə sayğac dəyişdirilmiş, həmin vaxt sayğacın göstəriciləri yenidən yazılmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin olunmasını xahiş etmişdir. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək iddia tələbini əsassız olduğundan qəbul etmədiklərini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 17 iyun 2020-ci il tarixli, 034725 nömrəli aktın surətindən görünür ki, Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yerləşən İddiaçı məxsus ticarət obyektinə quraşdırılmış elektrik sayğacına baxış keçirilmiş, aktda “sayğacın C fazasının sıxacları ərimiş, enerji itkisi yoxdur, sayğacın dəyişdirilməsi vacibdir, sayğac istifadə edilən enerjini qeyd olunmuşdur” əks olunmuşdur. “xxxx” ASC-nin Qərb Regional enerji Təchizatı və Satışı İdarəsinin 16 sentyabr 2020ci il tarixli, 1-M-686/255 nömrəli məktubundan görünür ki, iddiaçıya məxsus sayğac 08.07.2020-ci il tarixdə laboratoriya şəraitində köhnə sayğaca baxış keçirilərkən sayğacın 0 xəttinin sıxacları qeyri-simmetrik yükləmədən yanaraq sayğac sıradan çıxdığı, sayğacın istismara yararsız vəziyyətdə olması barədə 188974 saylı rəy protokolu tərtib edildiyi, rəy protokolunda sayğacın xəta ilə işləməsi barədə heç bir sümlə olmadığı üçün debitor borcun azalmasına kifayət qədər səbəb olmadığı qeyd olunmuşdur. Abunə haqqında ödəniş cədvəlinin surətindən görünür ki, abunəçi İddiaçı hesabına 29 iyun 2020-ci il tarixə 1944,09 manat borc qeyd edilmişdir. Sənədlərdən göründüyü kimi mübahisəli borc elektrik enerjisinin sayğac üzrə yaranan sərfiyyatından olan borc məbləği deyildir. Bu məbləğ yanaraq istismara yararsız hala düşmüş sayğacın sərfiyyatının təqribi hesabı üzrə müəyyən olunmuşdur. Belə bir hesablama həmin itkinin istehlakçının təqsiri nəticəsində baş verdiyi hallarda aparılır. Yəni, sayğacdakı nasazlığın baş vermə səbəblərinin kökündə istehlakçının təqsininin olması sübutlarla təsdiqini tapmalıdır. Belə ki, “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.17-ci bəndinə görə istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihaz-larından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Məhkəmə qeyd edir ki, enerji itkisinin əvəzinin ödənilməsi ilə bağlı məsələlərdə ilk öncə itkinin mövcudluğu və həmin itkinin onun yaranmasına səbəb olan şəxsə aid edilməsi araşdırma predmeti olmalıdır. Enerji itkisinə görə əlavə hesablama, öz qanunazidd davranışı ilə itkinin yaranmasına səbəb olmuş şəxsə, yaxud şəxslərə aid edilir. Çünki baş vermiş zədələnmənin əsasında istehlakçının təqsirli hərəkəti və ya hərəkətsizliyi dayandığı halda, o, enerjinin əvəzini ödəmək öhdəliyini daşıyır. Güman və yaxud ehtimal edilən hadisə və hərəkətlər məsuliyyətin yaranması ilə nəticələnmir. Sübut hüququnun prinsiplərinə görə iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin hallarından göründüyü kimi abonentə məxsus sayğac tamamilə yanaraq tam yararsız hala düşmüşdür. “xxxx” ASC tərəfindən sayğacın yanma səbəbləri müəyyən olunmamış, bu hadisənin abonentin təqsiri üzündən və ya başqa səbəblərdən baş verməsi halı aşkar olunmamışdır. İş üzrə sənədlərdən göründüyü kimi sayğacda baş vermiş nasazlıq abonentin təqsirindən baş verməmişdir və enerji itkisi olmamışdır. Belə olduğu halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.16-ci bəndinində göstərilən qaydalara uyğun tədbir görülməli idi. Həmin maddədə göstərilir ki, istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Abunə haqqında sənəddən göründüyü kimi 21.05.2020-ci il tarixə abonent 60514 kv.t enerji istifadə etmişdir, 24.06.2020-ci il tarixə bu rəqəm 63085 olmuşdur. Yaranmış fərq 2571 kv.t məbləğ 231 manat. Göründüyü kimi 24 gün ərzində 231 manatlıq enerji sərf etmişdir. 29.06.2020-ci il tarixə isə 84686 kvt 21601 kvt fərq 1944 manat pul hesablanmışdır. Göründüyü kimi sayğac normal işlədiyi vaxt 24 gün ərzində 231 manat hesablamışdır. Lakin enerjitəchizatı müəssisəsi 24.06.2020-ci il tarixdən 29.06.2020-ci il tarixə qədər olan 15 günə görə abonentə 1944 manat borc hesablamışdır. Məhkəmə hesab edir ki, həmin məbləğ kiçik sahibkarın fəaliyyətini çətinləşdirəcək dərəcədə ağırdır. Həmçinin reallıqdan uzaq və ədalətsizdir. Nəzərə alsaq ki, abonent 24 günə 231 manatlıq enerji sərf etmişdir. Bu isə gündəlik 9.6 manat, yəni 24.06.2020-ci il tarixdən 29.06.2020-ci il tarixə qədər olan 15 günə görə isə 144 manatın təşkil edir. Məhkəmə 1944 manat borcun 144 manatdan artıq hissəsinin, yəni, 1800 manat artıq hesablamanı yuxarıda göstərilən qaydaların tələbinə uyğun saymır. Azərbaycan Respublikası Mülki Məcəlləsiniin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. “Elektroenergetika haqqında” 03 aprel 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə əsasən, enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə qaydaları”nın 1.2-ci bəndinə əsasən, Bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların: 5.1-ci bəndinə əsasən, dövlət elektroenergetika müəssisəsilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında, abonent ilə subabonent arasında elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə cavabdehlik sərhədi bu qurğuların balans mənsubiyyətilə müəyyənləşdirilir və elektrik enerjisinin alqı-satqı müqaviləsinə əlavə edilən elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktında qeyd olunur; 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. 7.13-cü bəndinə əsasən hesablaşma elektrik sayğacları elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadığı hallarda, sərhəddən elektrik sayğacının quraşdırıldığı yerə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat), şəbəkənin göstərilən hissəsi balansında olan təşkilatın hesabına aid edilir. 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 36.9-cu maddəsinə əsasən, istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh “xxxx” ASC tərəfindən hesablanmış 1800 manat borc İddiaçı hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kolegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-288/2021
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-288/2021
01.06.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver