Məhkəmə qərarları › İş №e-2-2(115)-289/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-289/2023

20.04.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-289/2023 20.04.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1 və Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ASC-nin nümayəndələri tərəfindən qanunsuz hesablanmış 3540 manat məbləğində cərimənin silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bərdə şəhəri Koroğlu küçəsində tam qanuni əsaslarla avtomaşınların yuma məntəqəsində sahibkarlıq fəaliyyəti göstərir. Sözügedən qeyriyaşayış binası onun mülkiyyətindədir. 2022-ci ilin oktyabr ayında Cavabdeh ASC-nin əməkdaşları əvvəlcədən heç bir yazılı və ya şifahi xəbərdarlıq etmədən onun obyektinə gələrək obyektin su təchizatını dayandırmışlar. Sonradan ona məlum olmuşdur ki, guya ona illər əvvəl 3540 manat cərimə borcu yazılmış və bu barədə abonent saldosu verilmişdir. Sərf olunmuş suyun dəyəri isə sayğacın sərfiyyat göstəricisinə uyğun olaraq vaxtlı-vaxtında ödənilmişdir. Obyektə baxış keçirilən zaman hər hansı kənar müdaxilənin olmaması və ya kənar su çəkilişi olmamasına baxmayaraq cavabdeh təşkilatın əməkdaşları qərəzli olaraq ona cərimə hesablamışlar. Ona görə də cavabdeh təşkilatın ondan 3540 manat məbləğində pul vəsaitinin tələb etməsi, hüquqlarının pozulmasına və nəticə etibarı ilə sahibkarlığın normal gedişatına mənfi təsir göstərə bilər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, 2018-ci ilin əvvəllərində "xxxx" ASC-dən onun avtoyuma məntəqəsinə yoxlama gəlmiş, su xəttlərini yoxlayaraq ona sayğacdan kənar xəttinin olması bildirilmişdir. Su sayğacı onun avtoyuma məntəqəsinin girişində quraşdırılmışdır. O isə əməkdaşlara belə bir xəttin mövcud olmadığını və yoxlama aparmalarını bildirmişdir. Yoxlama aparılmış, ancaq heç nə aşkar edilməmişdir. Daha sonra aylıq yazılan borcu ödəmək istəyərkən əlavə 3492 manat borc yazıldığını görmüşdür. Bununla bağlı su idarəsinə müraciət etmiş və ona obyektdən kənar xətt olduğu üçün akt tərtib edildiyini və əlavə yazılan borcun ona görə yazıldığını bildirmişlər. Ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbinə etiraz edərək izahatında göstərdi ki, iddiaçının obyektinə 2016-cı ildə su sayğacı quraşdırılmışdır. Həmin sayğac 2018-ci ilin yanvar ayında sökülmüşdür. Həmin sayğacın niyə söküldüyünü bilmir, lakin mart ayında yeni sayğac quraşdırılmışdır. İddiaçıya məxsus avtoyuma məntəqəsində sayğacdan kənar su xətti aşkar edilmiş, bu barədə akt tərtib edilmişdir. İddiaçının avtoyuma məntəqəsinə sayğacdan kənar su xəttinin çəkilməsinin aşkar olunması audio-video yazı ilə təsdiq edilir. Su sərfiyyatının hesablanması qaydalarına əsasən illik hesabat çıxarılmış və hesabat cərimə aktına əsasən verilmişdir. Həmin cərimə məbləğindən heç bir ödəniş edilməmişdir, sadəcə aylıq ödənişlər həyata keçirilmişdir. Cərimənin ödənilməsi ilə bağlı isə tərəflərindən məhkəməyə müraciət olunmamışdır. Ona görə də iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 27 noyabr 2017-ci il tarixli 09233 MXD nömrəli inventar aktından görünür ki, avtoyuma məntəqəsinə 22 noyabr 2017-ci il tarixdə baxış keçirilmiş, baxış zamanı avtoyuma məntəqəsində sayğacdan kənar d=25mm xətt vasitəsilə sudan qeyri-qanuni istifadə edilməsi aşkar edilmişdir. Obyektin su təchizatı və əlavə xətti dayandırılmışdır. İş materiallarında olan qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatından görünür ki, itirilmiş su həcmi 3492 m3, dəyəri isə 3492 manat müəyyən edilmişdir. İş materillarına əlavə edilmiş abonent haqqında məlumat cədvəlindən görünür ki, İddiaçı xx.xx.2018-ci ilə qalıq olaraq 3492 manat cərimə qeyd edilmiş və həmin məbləğ 2019-cu ildən 2022-ci il tarixdək qalıq olaraq göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən seriya RX0427706 saylı çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsinə görə sahibkarlıq sahəsində aparılan yoxlama yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. (“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1 və 3.2-ci maddələri) Həmin Qanunun 4.2.1-ci maddəsinə görə yoxlamalar qanunçuluq, ədalətlilik, obyektivlik, aşkarlıq və hesabatlılıq kimi prinsiplərlə aparılmalıdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 26cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Sadalanan qanunvericilik normalarını əsas tutan məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılmış yoxlama yuxarıda sadalanan qanunların tələblərinə ziddi olmuşdur. Ona görə də aparılmış yoxlama hər hansı hüquqi nəticə yaratmamışdır. Belə akt əsasında qeyriqanuni istifadə nəticəsində itirilmiş su hesabatına əsasən hesablanmış 3492 manat məbləğində borcun silinməsi qanuni və əsaslıdır. Ona görə də iddia qismən təmin edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində 3540 manat cərimənin silinməsini xahiş etsə də iş materiallarında olan avtoyuma məntəqəsində tərtib edilmiş akt, onun əsasında tərtib edilmiş hesabat və abonent haqqında cədvəldən görünür ki, hesablanmış məbləğ 3492 manatdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.. Məhkəmə qeyd edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad edilmiş, ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 54 manat 92 qəpik dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 3492 (üç min dörd yüz doxsan iki) manat məbləğində borc İddiaçı 370133 nömrəli kodu olan abonent hesabından silinsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 54 (əlli dörd) manat 92 (doxsan iki) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar