Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-300/2021 15.12.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əhməd Nicat Ramiz oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh "xxxx" Firmasının nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, "xxxx" Firmasına və Nümayəndə2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank "xxxx" ASC kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, əmlakın açıq hərracda satılması və əmlakın boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" FİRMASİ arasında bağlanmış 18.11.2019-cu il tarixli ВKN-00014-06/19A saylı əsas kredit müqaviləsinin, 20.11.2019-cu il tarixli BKN – A0014-06/19A saylı əlavə kredit müqaviləsinin, 22.11.2019-cu il tarixli ВKX-00014-06/19A saylı əlavə kredit xətti müqaviləsinin və 24.06.2020-ci il tarixli RPZ-B0014-06/19A saylı əlavə kredit müqaviləsinin ləğv edilməsi, RPZ-B0014-06/19A saylı əlavə kredit müqaviləsindən irəli gələn 03.12.2020-ci il tarixinə olan 257430 manat əsas borc, 19207 manat 12 qəpik faiz məbləği, ümumilikdə 276637 manat 12 manat məbləğində borcun və ВKX-00014-06/19A saylı əlavə kredit xətti müqaviləsindən irəli gələn 16.12.2020-ci il tarixinə olan 49500 manat əsas borc, 6848 manat 99 qəpik faiz məbləği, ümumilikdə 56348 manat 99 qəpik məbləğində borcun iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının, həmçinin 50 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun cavabdeh "xxxx" Firmasından iddiaçının xeyrinə tutulması, iddiaçı Bank "xxxx"ASC ilə cavabdeh "xxxx" Firması arasında bağlanmış 18.11.2019-cu il tarixli BKMG-00014- 06/19A saylı ipoteka müqaviləsi əsasında mülkiyyət hüququ ilə Nümayəndə2 məxsus olar ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 273.3 kv.m olan mənzilə tutmanın yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və ipoteka ilə təmin edilmiş kredit borcunun həmin ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdeh "xxxx" Firmasından tutulması və cavabdehin ipotekaya qoyduğu əmlaka tutmanın yönəldilməsi ilə bağlı həmin mənzildə qeydiyyatda olan Cavabdeh1 mənzildən istifadə hüququna xitam verilməsinə və mənzilin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ASC ilə cavabdeh "xxxx" Firması arasında 18.11.2019-cu il tarixli BKN-00014-06/19A saylı Əsas kredit müqaviləsi bağlanmışdır və bank tərəfindən cavabdehə 60 ay müddətinə, 18.11.2024-ci il tarixinədək əlavə müqavilələr bağlamaqla 310000 manat məbləğində kredit limiti çərçivəsində kredit verilə biləcəyi razılaşdırılmışdır. Kreditin təminatı qismində cavabdeh "xxxx" Firması 18.11.2019-cu il tarixdə Bank "xxxx" ASC ilə BKMG-00014-06/19A saylı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ ilə Nümayəndə2 məxsus olan ünvan 2 ünvanında yerləşən mənzili ipotekaya qoymuşdur. İddiaçı Bank "xxxx" ASC ilə cavabdeh "xxxx" Firması arasında bağlanmış 20.11.2019-cu il tarixli BKN-A0014-06/19A saylı əlavə kredit müqaviləsinə əsasən, biznes məqsədi ilə bank tərəfindən cavabdehə 48 ay müddətinə illik 17 faiz ödəmək şərti ilə 260000 manat məbləğində kredit verilmişdir. İddiaçı Bank "xxxx" ASC ilə "xxxx" Firması arasında bağlanmış 22.11.2019-cu il tarixli BKX-00014-06/19A saylı Əlavə kredit xətti müqaviləsinə əsasən, biznes məqsədi ilə bank tərəfindən cavabdehə 50000 manat ümumi məbləğində illik 17 faiz ödəmək şərti ilə 36 ay müddətinə 22.11.2022-ci il tarixədək bərpa olunan kredit xətti açılmış və kredit xətti çərçivəsində tam şəkildə və ya hissə-hissə kredit cavabdehin mülkiyyətinə verilmişdir, cavabdeh isə həmin kreditdən biznes məqsədi ilə istifadə etməyi və krediti 22 noyabr 2022-ci il tarixinədək faiz ilə birlikdə Bank "xxxx" ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı Bank "xxxx" ASC ilə "xxxx" Firması arasında bağlanmış 24.06.2020ci il tarixli RPZ-B0014-06/19A saylı əlavə kredit müqaviləsinə əsasən, biznes məqsədi ilə bank tərəfindən cavabdehə 257430 manat məbləğində krediti illik 17 faiz ödəmək şərti ilə 52 ay müddətinə cavabdehin mülkiyyətinə vermiş, cavabdeh isə həmin kreditdən 20.11.2019-cu il tarixli BKN-A0014-06/19A saylı kreditin tam bağlanması məqsədi ilə istifadə etməyi və onu 6 ay güzəşt müddəti daxil olmaqla 24.10.2024-cü il tarixinədək faizi ilə birlikdə Bank "xxxx" ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Əlavə kredit xətti müqaviləsinin 5-ci bəndinə əsasən kreditin təminatı qismində 18.11.2019-cu il tarixdə Bank "xxxx" ASC ilə BKMG-00014-06/19A nömrəli ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş ünvan 2 ünvanında yerləşən əmlak ilə təmin olunmuşdur. Cavabdeh "xxxx" Firması kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək 210 gün gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlə arasında olan kredit müqaviləsinin 4.2-ci və ipoteka müqaviləsinin 5.2-ci bəndlərinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin RPZ-B0014-06/20A saylı kredit müqaviləsi üzrə 03.12.2020-ci il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 257430 manat, faiz borcu 19207 manat 12 qəpik cəmi 276637 manat 12 qəpik və BKX-00014-06/19A saylı kredit müqaviləsi üzrə cavabdehin 16.12.2020-ci il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 49500 manat, faiz borcu 6848 manat qəpik, cəmi 56348 manat 99 qəpik təşkil edir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, borcla bağlı maliyyə arayışı var, borca dəyişiklik olunmamışdır. Borcdan heç bir ödəniş edilməmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh "xxxx" Firmasının nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddianı əsassız hesab edir. Borc çox hesablanmışdır. İddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Nümayəndə2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1 və Nümayəndə2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdeh "xxxx" Firmasının nümayəndəsinin izahatlarını dinləyib və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 18 noyabr 2019-cu il tarixli BKN-00014-06/19A saylı əsas kredit müqaviləsindən görünür ki, Bank "xxxx" ASC tərəfindən "xxxx" Firmasına 60 ay müddətinə, 18.11.2024-ci il tarixinədək əlavə müqavilələr bağlamaqla 310000 manat məbləğindək kredit xətti açılmışdır. İş materiallarında olan 20 noyabr 2019-cu il tarixli BKN-A0014-06/19A saylı əlavə kredit müqaviləsindən görünür ki, Bank "xxxx" ASC tərəfindən "xxxx" Firmasına 48 ay müddətinə, illik 17% olmaqla 260000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 22 noyabr 2019-cu il tarixli BKX-00014-06/19A saylı əlavə kredit müqaviləsindən görünür ki, Bank "xxxx" ASC tərəfindən "xxxx" Firmasına 36 ay müddətinə, illik 17% olmaqla 50000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 24 iyun 2020-ci il tarixli RPZ-B0014-06/19A saylı əlavə kredit müqaviləsindən görünür ki, Bank "xxxx" ASC tərəfindən "xxxx" Firmasına 52 ay müddətinə, illik 17% olmaqla 257430 manat məbləğində kredit verilmişdir. Maliyyə arayışından görünür ki, "xxxx" Firmasının 22 noyabr 2019-cu il tarixli BKX- 00014-06/19A saylı əlavə kredit müqaviləsi üzrə 16.12.2020-ci il tarixə 49500 manat əsas borcu, 6848 manat 99 qəpik faiz borcu, cəmi 56348 manat 99 qəpik məbləğində borcun olması göstərilmişdir. Maliyyə arayışından görünür ki, "xxxx" Firmasının 24 iyun 2020-ci il tarixli RPZ- B0014-06/19A saylı əlavə kredit müqaviləsi üzrə 03.12.2020-ci il tarixə 257430 manat əsas borcu, 19207 manat 12 qəpik faiz borcu, cəmi 276637 manat 12 qəpik məbləğində borcun olması göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, cavabdeh "xxxx" Firması iddiaçıdan kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 18 noyabr 2019-cu il tarixli 00014-06/19A saylı ipoteka müqaviləsindən görünür ki, cavabdeh "xxxx" Firmasının kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə digər cavabdeh Nümayəndə2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 273.3 kv.m olan mənzili banka ipotekaya qoymuşdur. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 273.3 kv.m olan mənzilin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. "xxxx" MMC-in 28.10.2021-ci il tarixli 371/BTB/21 nömrəli rəyindən görünür ki, cavabdeh Nümayəndə2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 273.3 kv.m olan mənzilin real dəyəri 750000 manat, likvid qiyməti 680000 manat təşkil edir. Tədqiqatın dəyəri 300 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Pretenziya məktubundan görünür ki, Bank "xxxx" ASC cavabdehlərə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan yaşayış evinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, "xxxx" Firması icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka saxlayan Bank "xxxx" ASC ipoteka ilə yüklü edilmiş mənzili açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Bank "xxxx" ASC ilə cavabdeh "xxxx" Firması arasında bağlanmış 18.11.2019-cu il tarixli ВKN-00014-06/19A saylı əsas kredit müqaviləsi, 20.11.2019-cu il tarixli BKN – A0014-06/19A saylı əlavə kredit müqaviləsi, 22.11.2019-cu il tarixli ВKX-00014-06/19A saylı əlavə kredit xətti müqaviləsi və 24.06.2020-ci il tarixli RPZ-B0014-06/19A saylı əlavə kredit müqaviləsi ləğv edilməlidir. 24.06.2020-ci il tarixli RPZ-B0014-06/19A saylı əlavə kredit müqaviləsi üzrə 257430 manat əsas borc, 19207 manat 12 qəpik faiz borcu, cəmi 276637 manat 12 qəpik məbləğində borc və 22.11.2019-cu il tarixli ВKX-00014-06/19A saylı əlavə kredit xətti müqaviləsi üzrə 49500 manat əsas borc, 6848 manat 99 qəpik faiz borcu, cəmi 56348 manat 99 qəpik məbləğində borc olmaqla, ümumilikdə 332986 manat 11 qəpik məbləğində borc, 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı, həmçinin 50 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsum cavabdeh "xxxx" Firmasından iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Tələb üzrə tutma cavabdeh Nümayəndə2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 40 ünvanında yerləşən 90 saylı mənzilə yönəldilməlidir. Həmin mənzil açıq hərracdan satılmalıdır. Mənzilin ilkin satış qiyməti 680000 manat həddində müəyyən edilməlidir. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçı Bank "xxxx" ASC-yə ödənilməlidir. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ cavabdeh Nümayəndə2 qaytarılmalıdır. Mənzilin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği cavabdeh "xxxx" Firmasından tutularaq iddiaçı Bank "xxxx" ASC-yə ödənilməlidir. Açıq hərrac keçirildikdən 1 ay sonra mənzil boşaldılmalıdır. Nümayəndə2 300 manat məbləğində qiymətləndirmə haqqı tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, Cavabdeh1 mənzildən istifadə hüququna xitam verilməsi barədə iddia tələbi hazırki mərhələdə təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bank "xxxx" ASC ilə cavabdeh "xxxx" Firması arasında bağlanmış 18.11.2019-cu il tarixli ВKN-00014-06/19A saylı əsas kredit müqaviləsi, 20.11.2019-cu il tarixli BKN – A0014-06/19A saylı əlavə kredit müqaviləsi, 22.11.2019-cu il tarixli ВKX-00014-06/19A saylı əlavə kredit xətti müqaviləsi və 24.06.2020-ci il tarixli RPZ-B0014-06/19A saylı əlavə kredit müqaviləsi ləğv edilsin. 24.06.2020-ci il tarixli RPZ-B0014-06/19A saylı əlavə kredit müqaviləsi üzrə 257430 manat əsas borc, 19207 manat 12 qəpik faiz borcu, cəmi 276637 manat 12 qəpik məbləğində borc və 22.11.2019-cu il tarixli ВKX-00014-06/19A saylı əlavə kredit xətti müqaviləsi üzrə 49500 manat əsas borc, 6848 manat 99 qəpik faiz borcu, cəmi 56348 manat 99 qəpik məbləğində borc olmaqla, ümumilikdə 332986 manat 11 qəpik məbləğində borc, 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı, həmçinin 50 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsum cavabdeh "xxxx" Firmasından iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Tələb üzrə tutma cavabdeh Nümayəndə2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 40 ünvanında yerləşən 90 saylı mənzilə yönəldilsin. Həmin mənzil açıq hərracdan satılsın. Mənzilin ilkin satış qiyməti 680000 manat həddində müəyyən edilsin. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçı Bank "xxxx" ASC-yə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ cavabdeh Nümayəndə2 qaytarılsın. Mənzilin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği cavabdeh "xxxx" Firmasından tutularaq iddiaçı Bank "xxxx" ASC-yə ödənilsin. Açıq hərrac keçirildikdən 1 ay sonra mənzil boşaldılsın. Nümayəndə2 300 manat məbləğində qiymətləndirmə haqqı tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-300/2021
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-300/2021
15.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver