Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-302/2025 18.03.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında, baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 53000 manat borc pul vəsaitinin və ödənilmiş 249 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında dostluq münasibətləri olmuşdur. Hazırda da həmin münasibət mövcuddur. Cavabdeh iş qurmaq, şəxsi biznesini inkişaf etdirmək üçün xx.xx.2023-cü il tarixində İddiaçı qısa müddət ərzində qaytarmaq şərti ilə 83000 manat məbləğində pul vəsaitini borc almışdır. Cavabdeh tərəfindən borc məbləğindən müxtəlif vaxtlarda hissə-hissə olmaqla 30000 manat məbləğində pul vəsaiti qaytarılmışdır. Hazırda Cavabdeh İddiaçı 53000 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında olan borc münasibətləri razılaşma protokolu ilə özlərinin imzası ilə təsdiq edilmişdir. Həmin yazılı etirafdan görünür ki, Cavabdeh İddiaçı 83000 manat məbləğində borc aldığını, həmin məbləğdən 30000 manat qaytardığını, işləri yolunda getmədiyi üçün qalıq məbləği qaytara bilmədiyini, hazırda İddiaçı 53000 manat borcu olduğunu etiraf etmiş, borc məbləğini xx.xx.2024-cü il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin Cavabdeh tərəfindən şəxsən öz əlyazması ilə qəbz yazılmışdır. Həmin qəbzdən görünür ki, Cavabdeh İddiaçı 83000 manat məbləğində borc aldığını, həmin məbləğdən 30000 manat qaytardığını, işləri yolunda getmədiyi üçün qalıq məbləği qaytara bilmədiyini, hazırda İddiaçı 53000 manat borcu olduğunu yazılı şəkildə bildirmiş, borc məbləğini xx.xx.2024-cü il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. Borc məbləğini göstərilən tarixdə qaytarmadığı halda qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşımağa hazır olduğunu bəyan etmişdir. Borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət olunmasına baxmayaraq hazırki vaxtadək borc məbləği ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, o, uzun müddətdir ki, iddiaçı ilə iş görür. O, “Vasmoy bazarı” adlanan yerdə işləmişdir. İddiaçı ondan ƏDV ödəyicisi olan bir şirkət tapmağını xahiş etmişdir ki, iddiaçı hansısa şirkətə mal satanda iddiaçıya ödənilməli olan pul onun tapdığı şirkətə köçürülsün, daha sonra iddiaçı pulunu onun tapdığı şirkətdən alsın, o da arada olan ƏDV məbləğinin 10-15 faizini özünə götürsün. İndiyə kimi onlar 400000-500000 manatlıq iş görmüşlər. 53200 manat onun iddiaçıya olan öz borcudur, həmin pulu o, iddiaçıdan əlbəəl borc almış, yəni gördükləri işlə əlaqədar ona borcu olmamışdır. Onun iddiaçıya 53000 manat borcu vardır. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli razılaşma protokolundan görünür ki, Cavabdeh iş qurmaq üçün xx.xx.2023-cü il tarixdə İddiaçı 83000 (səksən üç) min manat məbləğində borc aldığını etiraf edir. Hər iki tərəf təsdiq edir ki, hissə-hissə olmaqla Cavabdeh borc məbləğindən 30000 (otuz min) manat məbləğində pul vəsaitini qaytarmışdır. Cavabdeh etiraf edir ki, hazırda İddiaçı 53000 (əlli üç min) manat məbləğində borcu qalmışdır. Cavabdeh İddiaçı Malik oğluna olan qalıq borcunu, yəni 53000 (əlli üç min) manat məbləğində pul vəsaitini xx.xx.2024-cü il tarixədək tam şəkildə qaytarmağı öhdəsinə götürür. Cavabdeh borc məbləğini göstərilən tarixdə qaytarmayacağı halda qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacağına hazır olduğunu bəyan edir. Tərəflər razılaşır ki, göstərilən borc məbləği (53000 (əlli üç min) manat) tam şəkildə ödənildikdən sonra razılaşma protokolu ləğv ediləcəkdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 83000 (səksən üç min) manat məbləğində borc aldığını, həmin məbləğdən 30000 (otuz min) manat qaytardığını, işləri yolunda getmədiyi üçün qalıq məbləği qaytara bilmədiyini, hazırda İddiaçı 53000 (əlli üç min) manat borcu olduğunu yazılı şəkildə bildirmiş, borc məbləğini xx.xx.2024-cü il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. Borc məbləğini göstərilən tarixdə qaytarmadığı halda qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşımağa hazır olduğunu bəyan etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mövcud borc barəsində yazılı etirafdan görünür ki, Cavabdeh hazırda İddiaçı 53000 (əlli üç min) manat məbləğində borcu olduğunu etiraf etmiş, xx.xx.2024-cü il tarixədək tam şəkildə qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Məhkəmə qeyd edir ki, Cavabdeh İddiaçı 83000 manat məbləğində pul vəsaitini borc almış, borc məbləğindən 30000 manatını qaytarmış, 53000 manat məbləğində borcu qalmış və həmin borc məbləğini etiraf etsə də qaytarmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehə vermiş olduğu borc məbləğinin qaytarılmayan hissəsini cavabdehdən tələb etməkdə haqlıdır. Odur ki, 53000 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı iddia ərizəsini məhkəməyə verilməsi üçün 249 manat dövlət rüsumu ödəmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 249 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 53000 (əlli üç min) manat pul, ödənilmiş 249 (iki yüz qırx doqquz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-302/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-302/2025
18.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver