Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-31/2021 26.05.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə “İddiaçı ASC” arasında bağlanmış 1037 saylı kredit müqaviləsi üzrə 200000 manat əsas, 76663 manat 56 qəpik faiz, 29244 manat 52 qəpik cərimə, 26724 manat 36 qəpik kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 449.1-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 332602 manat 44 qəpik məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 18.07.2012-ci il tarixli, 1038 saylı kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə, illik faiz 7% ödənilmək heyvandarlıq məqsədi ilə şərtilə 200000 manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin 3.4.1-ci maddəsinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda borclunun banka ödənilməmiş pul borcu 200000 manat əsas, 76663 manat 56 qəpik faiz, 29244 manat 52 qəpik cərimə, 26724 manat 36 qəpik kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 449.1-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 332602 manat 44 qəpik məbləğində borcu mövcuddur. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, faiz borcunun hesablanması ilə bağlı 22.04.2021-ci il tarixli ekspert rəyi ilə razıdılar. Faiz borcunun həmin rəydə müəyyən edilmiş məbləğdə təmin edilməsinə etiraz etmirlər. 26724 manat 36 qəpik isə əldən çıxmış fayda kimi zərər olaraq kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin qərarına əsasən tələb olunur. Ona görə də, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC-nin cənub filialının müdiri X1 ilə Cavabdeh arasında bağlanmış 18.07.2012-ci il tarixli 1037 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 60 ay müddətinə, illik 7 faiz ödəmək şərtilə 200000 manat məbləğində kredit verilmişdir. 13.03.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 05.03.2020-ci il tarixə 200000 manat məbləğində əsas borc, 76633 manat 06 qəpik faiz borcu, 29244 manat 52 qəpik cərimə və kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcunun 26724 manat 36 qəpik olması qeyd edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 25 fevral 2021-ci il tarixli qərardadı ilə Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 aprel 2021-ci il tarixli, 9/1680 nömrəli rəyinə əsasən Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 18.07.2012-ci il tarixli 1037 №-li kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh 17.07.2017-ci il tarixədək (müqavilənin bitmə tarixi) banka olan borcu 269050 manat məbləğində müəyyən olunmuşdur. Əsas borcu üzrə-200000 manat, faiz borcu üzrə-69050 manat. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-dən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Xəbərdarlıq məktubundan görünür ki, Ləğv prosesində olan İddiaçı ASC cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 200000 manat əsas borc, 69050 manat faiz borcu, 10000 manat cərimə borcu olmaqla, cəmi 279050 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. 200 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, mötəbərliyi şübhə doğurmayan məhkəmə-mühasibatlıq ekspertizasının 22 aprel 2021-ci il tarixli rəyinə əsasən Cavabdeh kredit müqaviləsi üzrə faiz borcu 69050 manat məbləğində müəyyən olunduğundan, iddia tələbinin faiz borcuna dair qalan hissəsi təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, bank dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 10000 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Bundan başqa, məhkəmə hesab edir ki, iddia tələbi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müvafiq qərarına istinadən irəli sürülmüş kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 26724 manat 36 qəpik məbləğində faiz borcu hissəsində təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Tərəflər arasında imzalanmış 18.07.2012-ci il tarixli 1037 saylı kredit müqaviləsinin 18.07.2017-ci il tarixədək bağlandığı və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 iyul 2016-cı il tarixli qərarı ilə İddiaçı ASC-nin məcburi ləğv edildiyi işin mübahisəsiz hallarına aiddir. Belə olan halda məhkəmə hesab edir ki, 2016-cı ildən ləğv prosesində olan kreditorun müqavilə müddəti bitdiyi 18.07.2017-ci il tarixdən sonra borcludan zərərin ödənilməsini tələb etmək iddiası təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 200000 manat əsas borc, 69050 manat faiz borcu, 10000 manat cərimə borcu olmaqla, cəmi 279050 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. 200 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-31/2021
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-31/2021
26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver